Görkəmli söz ustadı anıldı

 

 AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisi 21 oktyabr 2023-cü il tarixdə Xalq şairi Məmməd Arazın (14.10.1933- 01.12.2004)  90 illik yubileyi ilə əlaqədar "Dünya sənin, dünya mənim..." adlı tədbir keçirtdi.

 Tədbiri giriş sözü ilə Bölmənin sədri,yazıçı-publisist Qafar Cəfərli açdı. O,   Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair, tərcüməçi, publisist  Məmməd Arazın 90 illik yubileyinin bölmə tərəfindən qeyd olunmasının vacibliyini vurğuladı. Bildirdi ki, M.Araz  Azərbaycan ədəbiyyatında çoxcəhətli və  zəngin ədəbi irsə,sənətkarlıq qüdrətinə, bəşəri ideyalarla yanaşı insanlara,  xalqına, Vətəninə sonsuz sevgi aşılayan dərin məzmunlu,milli mündəricəli möhtəşəm sənəti olan məhəbbət,təbiət,istiqlal şairi olmaqla görkəmli söz ustadıdır.

 Qafar Cəfərli çıxışında qeyd etdi ki, hələ Azərbaycan Pedaqoji İnstitutunda təhsil alarkən görkəmli yazıçı İsmayıl Şıxlının  rəhbərlik etdiyi ədəbi dərnəyin fəal üzvü olan M.Arazın ilk mətbuu əsəri 1952-ci ildə  çap olunan “Yanın, işıqlarım” adlı şeiri  olub. Ali təhsilini bitirib kənd müəllimi, dövlət işində çalışan M.Araz  1959-1961-ci illərdə  Moskvada  SSRİ Yazıçılar İttifaqının nəzdində olan  Ali ədəbiyyat kursunu  bitirdikdən sonra ömrünün sonuna kimi müxtəlif mətbu orqanlarda, AYİ-də də çalışmaqla  həyatını  bütövlükdə sözə, sənətə həsr edib.

 İstiqlalordenli (1995) şairin adına Bakı şəhərində  küçə, “Məmməd Araz” ədəbi  mükafatı təsis edilib.

 Qafar Cəfərli minnətdarlıq hissi ilə qeyd etdi ki, böyük şairin cənub zonasına, xüsusən “cənub mirvarisi” Lənkəranla sıx əlaqələri olub, bir neçə dəfə tədbirlərdə iştirak etmək   dostları ilə görüşmək üçün Lənkəranı ziyarət edib.

 Tədbirdə  M.Arazın yaradıcılığı ilə bağlı gənc şair, filoloq Ziya Dilsuz geniş məlumat verdi.  Z. Dilsuz məruzəsində  şairin  yaradıcılığını müxtəlif prizmalardan təhlil edərək onun ədəbiyyatımızda özünə əbədiyaşarlıq qazandığını bildirdi.

 Sonra söz digər iştikçılara verildi. Bölmənin ədəbi məsləhətçisi, şair Ağamir Cavad öz çıxışında şairin mövzu müxtəlifliyinin genişliyindən söz açaraq onun siyasi lirikasından daha çox danışdı, onun poeziyasının gənclərin ictimai-siyasi şüurunun formalaşmasında misilsiz rolu olduğunu bildirdi. İxtisasca ekoloq olan şair-publisist Bəxtyar Hüseynov isə çıxışında şairin təbiət şeirlərindən söz açdı. Onun vətənpərvərliyi ilə təbiət sevgisi arasındakı vəhdətdən, bağlılıqdan danışdı. Şair Əhməd Haqsevər bütün deyilənlərlə yanaşı onun yüksək poetikasının Azərbaycan xalq şeirinin qoşma və gəraylı janrlarına yeni bir nəfəs gətirdiyini bildirdi. Yazıçılar Səyavuş Süleymanlı və Əzizağa Cahangirov, şairlərdən Məmməd Əvəzoğlu şairlə görüşlərindən danışıb, xatirəsini yad etdilər. M.Əvəzoğlu ona həsr etdiyi şeirini oxudu. Şairlərdən Ziyafət Yəhya, Xudaverdi Cavadov, Salman Məmmədoğlu, Əliməmməd Ağazadə, Əlizadə Əsədov, Əyyub Türkay və Qulaməli Hüseynov şairin yaradıcılığının müxtəlif məqamlarına toxundular, onun vətənpərvərlik lirikasının II Qarabağ müharibəsində qazandığınız qələbədə payı olduğunu təsdiq edərək Azərbaycan gənclərinin vətənpərvər böyüməsində onun yaradıcılığının xüsusi rolu olduğunu qeyd etdilər.

 Şairlərdən Nəriman Azəri şairin "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeirinin talış dilinə etdiyi tərcüməsini, Ağamir Cavad, Ziya Dilsuz, Əliməmməd Ağazadə, Salman Məmmədoğlu və Əyyub Türkay isə şairin şeirlərinə yazdıqları nəzirələrini oxudular. Rayonun tanınmış mədəniyyət işçisi və qiraət ustası Cəfər Fətullayev şairin şeirlərindən hazırladığı kompozisiyanı ifa etdi. Tədbirdə, həmçinin, şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.

  Sonda AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli tədbirə yekun vuraraq Məmməd Arazın Azərbaycan ədəbiyyatı tarixində əbədi bir iz qoyduğunu bildirdi. Qeyd etdi ki, tədbirin adında  böyük şairin məşhur şeirindən  götürülən  cümlənin sonundakı “dünya heç kimin” sözləri bilərəkdən qeyd olunmayıb. Məqsəd Azərbaycan durduqca  BÖYÜK  M.Araz olacağı təqdirdə dünyanın da məhz ömrünü, həyatını  xalqına,Vətəninə, sözə, sənətə qurban verən M.Araz kimilərin olduğunu təsdiq etməkdir.

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.19.