Sem və Semixa
Hekayə
I
Adətən, dağlar öz
əzəməti ilə
təkəbbürlü, qürurlu,
əlçatmaz görünür,
amma bu dəfə
mehriban və mərhəmətli təsir
bağışlayırdı. Parlaq günəş şüaları qızı
yandırmır, əksinə,
xəfif nəvazişlə
onu öz hərarətinə bürüyür,
ruhuna hüzur bəxş edirdi. Bir anlıq kainatın tam mərkəzinə düşdüyünü
güman etdi, sanki xoş rayihəli təbiət onu öz zərif
ağuşuna alıb,
həzin melodiya kimi layla çalırdı.
Lakin qeyri-adi xoşbəxtlikdən
rahatlıq tapa bilmir, ürəyi şiddətlə
döyünür, sanki
sinəsini yarıb çıxmaq istəyirdi.
Ürəyinə dolan
hisslər dağların
döşündən axan
dəli sellər kimi bütünlüklə
ruhuna yayılırdı.
Baş verənlərə
inana bilmirdi, hər şey ağlagəlməz, doyumsuz,
şirin yuxu kimiydi və bu yuxudan oyanıb,
reallığa qayıtmaq
istəmirdi. Amma əgər
bütün hadisələr,
sadəcə, onun özünə aid idisə,
əgər deyilən
şirin sözləri
öz qulaqları ilə eşitmişdisə,
o sözlərin hərarəti
hələ də, onu tərk etməmişdisə,
bütün bunlara necə inanmaya bilərdi?! Oğlanın ürəyindən sıyrılan
sehrli kəlmələr
əsrarəngiz əks-səda
kimi, onun varlığını sarmış,
bütün vücuduna
təsir edib, ruhunu göylərə qaldırmışdı. Buna da inanmayacaqdısa, bəs hansı sevgi etirafını könlünə
yaxın buraxa bilərdi?
Belə
şey ilk dəfə
başına gəlirdi,
heç xəyalında
belə bu cür hisslər keçirməmişdi, yaşadığı
çaşqınlıq təbii
idi, yaşadıqlarının
izaholunmaz xoşbəxtliyini
heç vaxt ağlına gətirə
bilməzdi. İndi ruhuna
dolan hissləri bir vaxtlar çılğın
sevgi romanlarını
oxuyandan sonra keçirər, xəyalən,
özünü həmin
o gözəl roman qəhrəmanlarının
yerində təsəvvür
edər, vücuduna dolan hərarət getdikcə dəli titrəyişlə əvəz
olunardı. Amma ilk dəfə
idi, özünü indiki kimi hiss edirdi. Axı bu vaxta qədər
özü belə xoşbəxtlik hiss etməyibsə,
onun nə günahı var? Demək,
taleyi belə gətirib. Kimsə iynə ucu boyda
xoşbəxtlik arzulayır,
amma bu ona
çox gec nəsib olur. Olsun, qoy lap gec olsun, təki
olsun. Bəs belə bir şey
heç vaxt olmasaydı, onda necə? Axı həyatda bu xoşbəxtliyin bal kimi şirin dadını bilməyənlər
də az deyil.
Düşüncələrin yumşaq əsarətinə düşən,
xəyalların şirinliyindən
məst olan qız özünü, hansısa, fantastik aləmdə, gerçəklə
yuxunun qanadları arasında hiss edirdi. Adətən, yaşadığı
darıxdırıcı, soyuq
təsir bağışlayan
otaq bu gün
ona son dərəcə
rahat, doğma, işıqla ruh oxşayan musiqi ilə dolu görünürdü.
Ona sevinc bəxş edən bu əsrarəngiz
musiqi qızın ürəyinin içindən
yayılırdı...
Anasının tez-tez nəsihətlə
söylədiyi sözləri
xatırladı: "Mənim
balam, öz qızlıq ismətini qoru, özünə fikir ver, təkəbbürlü
olma. Yolunu azmış qız gec-tez bədbəxt olacaq, amma təmiz
qız əvvəl-axır
özünə layiqli
qismət tapacaq". Ciddi qaydalara itaət edərək tərbiyə almış,
anasının sözündən
çıxmaq heç
vaxt ağlına gəlməmişdi. Yaxşı,
axırı nə oldu? Gör, bir neçə ildir zindandaymış kimi, hər şeydən təcrid olunub. Diqqətçəkən
yaraşıqlı oğlanlar
bir yana qalsın, axı heç üz-gözündən
cin hürkənlər
də gözünün
ucu ilə ona baxmayıblar. O da dəmir qəfəsə salınmış quşcığaz
kimi alaqaranlıq otağına qapanaraq öz yeknəsək həyatından keçən
günləri saya-saya
qalıb.
Amma yaxşı deyiblər:
...gec olsun, güc olsun. Əgər, nədəsə,
işlərin alınmırsa,
ümid qığılcımları
içindəcə sönürsə,
kimdən küsə bilərsən? Əgər
xəyali xoşbəxtlik
quşunu tutmaq ümidi ilə özün öz taleyini çətinə salırsansa, inciməyə
haqqın varmı? Axı heç kəs "bu işi belə gör, o işi elə gör" deyərək onu saxlamayıb, arxasınca çığırıb səslənməyib!
Kimsə onu zorla şəhərə köçürməyib. Kimsə
onu doğma aulu tərk edib, gözəl həyat axtarışı
üçün başqa
diyarlara üz tutmağa məcbur etməyib. Hər şeyin günahkarı o özüdür.
Şəhərə getdikdən sonra hər şeyin öz-özünə
yoluna düşəcəyinə,
indiki deyimlə "yağ kimi gedəcəyinə"
sadəlövhlüklə ümid
edir, bütün arzularının gerçəkləşəcəyinə
inanırdı...
...Budur, artıq Saparqulun böyük şəhərdə yaşamağından
altı il keçib. Burada ayaqüstə dayanmağı üçün
xeyli səy göstərmişdi. Demək
olar, xəyal etdiyi arzularının çoxu uğurla həyata keçmişdi.
Təhsilini uğurla başa çatdırmış,
bunu təsdiq edən diplomu almış, ixtisası üzrə işə başlamışdı. Yataqxanada
olsa da, öz otağı var idi. Bəlkə də bütün bunlar bəs etməliydi ona. Amma sonradan... ruhunun dərinliyindən baş qaldıran duyğular zaman-zaman üzə
çıxıb, onu
narahat edirdi. "Təklik, sadəcə, Allaha aiddir", - anası bu sözləri
deməyi xoşlayırdı.
"Qu quşları cüt
olanda daha gözəl görünürlər",
- bunu da anası deyərdi, özü də tez-tez.
"Eee, bu şirin
sözlərin nə faydası var axı? Həyatda məsləhət
verməkdən asan heç nə yoxdur. Kim güclüdür,
kim dözümlüdür,
qoy istəyinə nail
olmağa çalışsın.
Amma həmişə belə
alınmır. Axı
hər şey adamın özündən
asılı olmur. Arzulamaq hələ nail olmaq deyil", - qız kədərlə düşünürdü.
"Bəlkə də adamlar "öz ikinci yarısını tapmaq ümidi ilə qarşısına
ilk çıxan birinin
boynuna sarılmaqdansa,
tək yaşamaq yaxşıdır" deyəndə
düz fikirləşirlər.
Bundan başqa, utanc hissi, əxlaq
anlayışı da var axı.
Bundan da yan qaçmaq olmaz, çünki vicdanına qarşı çıxa bilməzsən, - Saparqul düşünürdü. - Əgər
oğlanlardan kimsə
mənə gözünün
ucu ilə baxmırsa, bəlkə özüm uğursuz adamam, bəlkə onların arasında mənə tay olacaq biri yoxdur?
Görəsən, Allah qarşısında
günahım nədir,
niyə məndən üz çevirib? Doğrudanmı, sevmək,
sevilmək kimi ülvi hisslər qismətimə yazılmayıb?"
Əgər gündüzlər işdə
ürəyini sıxan
fikirlərdən qurtulub,
başını qatırdısa,
bütün bu illər ərzində xəyalını etdiyi adamla qarşılaşana
qədər axşamlar,
gecələr otağının
soyuq divarları arasında ruhu sıxılır, hissləri
ilə baş-başa
qalır, özünə
yer tapa bilmirdi.
Bir gün şıq geyimli, qarayanız, səliqəli bığları
olan oğlan özü ona yaxınlaşdı, mənasız
sözlərə vaxt
sərf etmədən
onun gözlərinin içinə baxıb dedi: "Sizdən xoşum gəlir!" Bu gözlənilməz sözlərdən
təəccüblənən Saparqulun başı hərləndi. Axır ki,
taleyinin adamı ilə qarşılaşdığını
düşündü. Və...
özünü bu yaraşıqlı, qətiyyətli
kişinin səmimiyyətinə
təslim etdi.
Toy günü yetişdi.
Bu gözəl gün onun həyəcanla çırpınan, sevdalı
ürəyini xoşbəxtlik
duyğusunun təsirindən
param-parça etməyə
bilərdimi?! Əlbəttə,
gözlənilməz xoşbəxtliyin
xoş duyğuları,
təkcə onun ürəyini yox, bütün varlığını
uçundururdu. Nəhayət,
illərlə arzuladığı
an gerçəkləşirdi. Sabah - toydur. O, ərə gedir. Sonra... Əlbəttə,
sonra nağıl başlayacaq. Əsl nağıl...
II
Seçdiyi oğlanın adı
Satımsay idi, amma bu, Saparqulun
ürəyincə deyildi,
buna görə əzab
çəkirdi: "Bizim
qazaxlar maraqlı millətdir, çox qəribə adlar fikirləşirlər! Qədimi
adlar. Müasirliyə
uyğun gəlmir. Elə bil arxivdən
tapırlar". Satımsayın
atası bunu belə izah etmişdi: "Qədimdə
bizim ululardan birinin adı belə olub. Sənin adını onun şərəfinə
qoymuşuq, arzu eləmişik ki, sən də onun kimi
qoçaq olasan, xalq arasında hörmətli olasan, igid olasan".
- Onun igid olmağından
mənə nə? - Satımsay hirsləndi. - Məsələ adda deyil.
Hər kəsin adı xasiyyəti ilə uyğun gəlsəydi, nə vardı ki... Yox-yox, xoşum gəlmir bu addan. Satımsay
ha... Elə bil yer adıdır, aul adıdır... Belə olmaz! Nəsə, bundan sonra hamı
mənə Sem desin. Mən - Seməm!.. - Satımsay qətiyyətlə bildirdi.
Beləliklə, indi hamı onun sevimli ərini
"Sem" adlandırır. Üstəlik, təkcə
dostları, tanışları,
yaxınları yox, doğma atası da elə deyir.
Saparqul nə vaxtsa, miskin, qaramat auldan baş götürüb şəhərə üz
tutanda taleyini bığlı, gənc, yaraşıqlı oğlanla
bağlayacağını, onun adaxlısı olacağını ağlına
gətirə bilməzdi.
"Qismətdən artıq
yemək olmaz" deyirlər: gec də olsa o, öz qisməti ilə qarşılaşdı.
Bir-birini bəyəndilər,
könül bağladılar,
ən məhrəm hisslərini bölüşdülər.
Doğrudur, Sem söhbətcil
deyildi, çox danışmağı sevmirdi.
Ona görə də söhbətləri uzun çəkmədi. O vaxt
Sem uzun-uzadı fikirləşmədən
soruşdu: "Mənə
ərə gələrsən?"
Əslində, Saparqul
ürəyinin dərinliyində
bu günü çoxdan gözləyirdi,
amma qəfil sualdan, az qala,
huşunu itirəcəkdi.
Elə bil, dili boğazında ilişib qaldı, ağzını açıb
bircə kəlmə deyə bilmədi, sadəcə, yanaqları qızardı, razılıq
əlaməti kimi başını tərpədə
bildi.
Bəydadaşın valideynləri təmtəraqlı toy etdilər.
Çünki oğlanın
atası şəhərin
adlı-sanlı adamlarından
sayılırdı. Ailə
bolluq içində yaşayırdı. Gənclər
üçün də
xəsislik etmədilər.
İmkanlı ata sevimli oğluna mənzil və minik avtomobili hədiyyə etdi. Üstəlik, xudmani mənzil əla mebellə, məişət
üçün lazım
olan digər əşyalarla təmin olundu ki, bunları sadalamaq artıqdır. Saparqul, sanki hansısa, sehrli qüvvənin əli ilə bir anda
miskin yataqxana otağından
nağıllar səltənətinə
düşmüş, gerçəklə
yuxu arasında çaşqınlıq içində
qalmışdı.
Doğrudur, o, aulda doğulmuş,
orada böyümüşdü,
hər halda şəhər həyatı
ilə də tanış olmağa da macal tapmışdı, amma özü üçün bu cür təmtəraqlı
həyatı ağlına
gətirə bilməzdi.
Əslində, burada təəccüblənəcək qeyri-adi heç nə yox idi.
Həyatda çox cüzi şeylərlə
kifayətlənən, taleyinə
düşən payla özünü xoşbəxt
hesab edən adamlar var, bir də sərvət içində üzən,
taleyin ağlagəlməz
var-dövlətindən pay alan, təmtəraqlı həyat yaşayanlar var və onlar da bunun fərqinə varmadan ömürlərinin
sonuna qədər yaşayırlar. Saparqul gözləmədiyi halda,
özünü belə
bir gözəl həyatın içində
görmüşdü. Sanki lotereya biletinə milyonluq uduş düşmüşdü. Amma səbirlə
bu möhtəşəm
qisməti gözləməsəydi,
çaşqınlıq içində
qalıb, bir gün bəxtin onun da üzünə güləcəyinə ümid
etməsəydi, belə
bir ölçüyəgəlməz
səadət ona nəsib olardımı? - Çətin. Ancaq əzablara qatlaşdı,
iztirablara dözdü
və... sonunda bəxti gətirdi, taleyi üzünə güldü. Axı məsələ var-dövlətdə
deyil. Əsas odur ki, həyatda sevdiyin insanla qarşılaşa biləsən.
Adı Satımsay olur, Sem olur, nə olur-olsun. Onun üçün adın heç bir əhəmiyyəti yoxdur.
Gənc
cütlük evliliyin
ilk günlərində ortaya
çıxan bütün
problemləri tərəddüdsüz
və tez, həm də anlayışla, heç bir incikliyə zəmin yaratmadan yoluna qoya bildi.
Xoşbəxtlik nəşəsi
ilə dolan gənc qadın Semin bütün fikirləri ilə qeyd-şərtsiz razılaşır, onun bütün istəklərini
yerinə yetirirdi. Hər halda, Sem şəhərdə böyümüşdü,
yaxşı təhsil
almışdı, yüksək
mədəniyyət sahibi
idi. Onun insanlarla münasibətinə,
sadəcə, qibtə
etmək olardı. O, böyüklə böyük,
kiçiklə kiçik
kimi rəftar edə bilirdi. Hər kəsin ürəyinə yol tapırdı. Atasının
yaxın dostları arasında sərbəst idi. İntellektli, hərtərəfli savadlı,
tanınmış insanlarla
əhatə olunmuş
bu dostlar Semin ağlına, savadına, dünyagörüşünə güvəndiklərini, onun
gələcəyinə böyük
ümid bəslədiklərini
heç vaxt gizlətmirdilər. İndi atasının
dostları oğlanın
doğru seçim etdiyini söyləyir, özünə layiqli həyat yoldaşı tapdığını bəyan
edirdilər. Üstəlik,
qıza "Saparqul"
yox, məmnuniyyətlə
"Semixa" deyirdilər.
Semixanın yeni ailəyə
alışacağına, onun
ənənələrini davam
etdirəcəyinə qətiyyətlə
ümid bəsləyirdilər.
Əslində, onların
nə fikirdə olmaqları, nə deməkləri qızı
az maraqlandırırdı.
Lakin haqqında deyilən
bu cür xoş sözləri könül xoşluğu
ilə qəbul edir, diqqət mərkəzində olmaq onu sevindirirdi.
Sem kənardan ciddi, təmkinli, həssas, nəzakətli oğlan təsiri bağışlayırdı.
Onun davranışı
qüsursuz idi. Ərinin bu xüsusiyyətlərini görən
Semixa keçmişin
qalığı olan
"qazaxpərəstlik" ənənələrindən uzaqlaşmağa,
"müasir" və
ərinə layiqli həyat yoldaşı olmağa qərar verdi. Tədricən yerişini dəyişdi, şəhərli yaşıdları
kimi sərbəst və ədalı görünməyə çalışdı,
qazaxca danışmağına
baxmayaraq lüğətinə
rus sözləri əlavə etdi. Semixa bununla müasir olacağını,
müasir gənclərdən
geri qalmayacağını
güman edirdi. Onun bu çevrilişi,
yeni ədaları, qarışıq
nitqi Semin də xoşuna gəlməyə
başladı.
"Əlbəttə, bütün
iddiaları, yalançı
abır-həyanı bir
kənara atmalıyıq.
Ciddiyyət, kobudluq, susqunluq - bütün bunlar eyni şeylərdir,
onlara ehtiyac yoxdur. Ciddi və
mədəni olmaqla, həm də öz qətiyyətini formalaşdıra, öz ləyaqətini qoruya bilərsən", - Sem tez-tez
belə deyirdi.
Təzə gəlin, ilk vaxtlar
deyilənlərə bir
o qədər də fikir vermirdi, sonra yavaş-yavaş düşünməyə başladı.
Doğrudan ha, auldakı
ciddiyyət burada kimə lazımdır? Şəhərdə kimdir
buna dəyər verən,
kimdir bunu başa düşən? Əksinə, adamın nə qədər ciddi olduğunu görsələr, ətrafdakılar
bundan bir o qədər sui-istifadə
edərlər. Bir soruşan
lazımdır, sən
nəyi gözləyirsən?
Onun indi "yarımhippi" kimi tanınan, dar şalvar, qısa ətək geyən qızlardan nəyi əskikdir? O da onlar kimi ola bilər. Sonra görərik, kim kimdən üstündür!
Əgər bütün
bunlar Semin ürəyincədirsə,
əgər əri bunu doğru hesab edirsə, tərəddüdə ehtiyac
varmı?
- Təki sənin xoşuna gəlsin. Sən necə istəyirsən, özümü
elə apararam,- itaətlə Semə dedi.
Amma həyat yoldaşı hər gün özündən təzə
bir şey icad edirdi, üstəlik,
ona tamamilə yad olan şeylər və bu, qızın
ürəyinə qorxu
toxumları səpirdi.
Ən çox da gecələr, yataqda... Budur, bir gecə
əvvəl də onunla ağlagəlməz şeylər etmək istəmişdi. Xaricdə
yaşayan gənclərin
vərdişlərindən danışıb, onu utandırmışdı. Semixa
özünü narahat
hiss etmiş, susqunluqla
keçinməyə çalışmış,
amma bu da işə yaramamışdı.
Əri:
- Axı nə bilirsən, seks nədir? - deyərək, birbaşa hücuma keçmişdi.
- ?!
- Niyə susursan? Ər-arvad arasında sirr olmamalıdır. Ürəyindən keçənləri
döşə, gəlsin.
Ərlə-arvad - qoşa
qanad! Sirrini paylaş mənimlə.
- Nə deyim axı?.. Bilmirəm, nə soruşursan? - Semixa tərəddüd etmişdi.
- Bax, məsəl üçün... De görüm,
seks haqqında nə bilirsən? Bəlkə sənin bildiyini mən bilmirəm?
- Yox-yox, - Semixa heyrətlənmişdi. - Sən
mənim müəllimimsən.
Hər şeyi sən öyrədirsən
mənə. Əslinə
qalsa... mən... bu barədə heç nə bilmirəm, - utana-utana demişdi.
Belədə Sem çox qəzəblənmişdi.
Sözlərinin ərinə
belə təsir edəcəyini Semixa ağlına gətirməmişdi.
- Sən... Sən məni ələ salmısan? Yüz il qala, bu barədə
heç nə bilmədiyinə inanmaram. Belə şeylər haqqında müasir qızlar oğlanlardan çox bilirlər. Yeri gəlmişkən... səninlə ilk gecəmizdə
hər şeyi başa düşdüm. Demək, mənə qədər heç kəslə olmamısan. Demək...
Bakirəliyini qoruduğu üçün
ərinin ona istehza etdiyini anlayan Semixa qəribə narahatlıq hissi keçirdi.
- Nə olub? Mənim
sənin qarşında
nə günahım
var? Nəyə görə
məni alçaldırsan?
- titrək səsli, göz yaşlarına boğulan Semixa pıçıltı ilə
dedi.
Amma ərinin qəzəbi sönmədi, köhnə
fikirli arvadına nəsihət verməyə
davam etdi.
- İndi
tamam başqa zəmanədir, - bildirdi.
- Öz təmizliyi ilə fəxr etmək, başqa heç kəslə olmamaq - həm gülüncdür, həm
də sadəlövhlükdür.
Bilmək istəyirsənsə,
qoy deyim, bununla heç kəsin rəğbətini
qazana bilməzsən...
Əgər bu illər ərzində məndən başqa, kiminləsə, olmadığını
eşitsələr, sənə
gülərlər. Nəsə,
bu barədə bəsdir. Qoy hər şey öz aramızda qalsın...
Semixa sarsılmış, alnı
tər puçurları
ilə örtülmüşdü.
"Bəlkə ağlımı
itirmişəm? Maraqlıdır,
gəncliyim hansı dövrə düşüb,
görəsən?!" - ümidsizliklə
fikirləşmişdi. - Məgər
mənim müasirlərim
Sem kimilər deyil? Axı onların adi qəbul etdiklərini, heç bir peşimanlıq hissi, vicdan əzabı
duymadıqlarını mən
niyə başa düşə bilmirəm?
Bəlkə mən həyatdan geri qalmışam?.."
Qarışıq fikirlər beynini
dumanlandırmışdı. Onun gənc, amma təcrübəli əri nəyə eyham vururdu? "Axı nə bilirsən, seks nədir?" Axı mən nəyi bilməliyəm? Hə, bilirəm, qadınla kişi bir-birini sevir, könül bağlayır, sonra da ailə qururlar. Sonra da... yataq. Nəsə, bu barədə bəsdir. İntim məsələləri bu
qədər qabartmağa
ehtiyac varmı? Gələcək həyat
barədə düşünüb
söhbər etsələr,
daha yaxşı olar. Həyata təzə nəsillər
gəlir, yaşamağı
öyrənmək, sevgi
ilə, dünya ilə qarşılıqlı
şəraitdə yaşamaq
lazımdır... Ailə
içində ərlə
arvad məhz bu barədə danışmalıdır. Yeri
gəldi-gəlmədi, müqəddəs
hissləri təhqir etmək olarmı?.. Of, bu dünya
çox qəribə,
gözqamaşdırıcı, ziddiyyətlidir!
O gecə öz sevimli ərini tanıya bilmirdi. Gündəlik həyatda həmişə nəzakətli,
qayğıkeş, mehriban
olurdu. Amma gecələr
oyun çıxarırdı!.. Olsun, əgər
sadəcə, arvadının
yanında, sevimlisinin yanında özünü
belə aparırdısa,
buna dözmək olardı.
Bəs nədən ehtiyat edirdi? Demək, dostları bilsələr ki, arvadı
ərə gedənə
qədər heç kəslə yatmayıb, başqaları ilə gəzib-tozmayıb, onu ələ salıb gülərlər. Ah, dəhşətdir!
Axı burada utanılası, gülməli
nə var? Nəyə
güləcəklər? Hünərləri
çatır, gülsünlər...
Ani qəzəb bütün bədənini sarsıtdı,
vücudu titrədi. Semixa özünü ələ ala bilmirdi, qan sürətlə başına vurur, gənc qadın həyəcandan özünə
yer tapmırdı.
III
- Semixa!
- M-m-m...
- Semixa, - əri əl çəkmək fikrində deyildi. - Bəsdir də, oyan! Dur!
- Nə olub? Bazar günüdür. Hara tələsirsən?!
- Gedək dağlara, bağa, - Sem sevinclə dedi. - Dünən yoldaşlarımla danışıb
razılaşmışıq. Təmiz havaya gedirik, üç ailə bir yerdə.
Bax, buna deyərlər,
əsl dincəlmək...
- Of,
Sem... Niyə qabaqcadan
mənə xəbərdarlıq
eləməmisən? Dünəndən
lazım olan tədarükü görərdim,
yemək-zad hazırlayardım.
- Yaxşı görək,
- Sem üz-gözünü turşutdu, - artıq əziyyət kimə lazımdır? Onlar özləri hər şeyi hazırlayıblar.
Dağda kabab çəkərik.
Araq, şərab, pivə... Yaxşı dincələrik, əylənərik...
Semixa ərini qucaqladı, onu oxşadı, hərarətlə öpdü.
Ehtiraslanan Sem onun incə belindən yapışıb, özünə
sıxdı.
İkisi
də tələsik yol hazırlığına
başladı. Lazım
olan şeyləri çantalara yığmağa
macal tapmamış, aşağıdan gələn
maşınların siqnal
səsi eşidildi.
Üç maşınla yola
düşdülər. Hər
ailə - öz şəxsi maşınında.
Semin yaxın dostları - Jeter və Abil idi.
Əlbəttə, Jeter artıq
çoxdan idi, özünə Con adı
götürmüşdü, Abilə isə Aşot deyirdilər. Conun yanında İlisin söyüd kimi, şux, Aşotun yanında isə - Engelisinanın qıvraq bədəni naz satırdı. Semixanı onların əsl adı maraqlandırmırdı.
Dağ yolları ilə şığıyan, ilan
kimi qıvrılan aşırımları ötən
maşınlar, nəhayət,
ikimərtəbəli kottecə
çatdılar. Bu bağ
evini - gözdən-qulaqdan
uzaq, "boz ev" adı ilə tanınan kotteci Semin atası tikdirmişdi. İmarətə
söz ola bilməzdi.
Qapılar, çərçivələr,
döşəmələr bahalı ağacdan idi. Bu möhtəşəm
imarətə xərclənən
pulları düşünən
Semixanın gözləri
qaraldı. Əlbəttə,
filan qədər qiyməti olmalıydı bu bağ evinin!
Ən əsası - indi bu möhtəşəm
tikilinin sahibi Sem idi.
- İgidlər! - ehtirsalanmış
İlislə Engelsina çığırdı. - Bəlkə
bu gözəl, büllur kimi saf dağ havasına
sağ-salamat gəlib
çatmağımızın şərəfinə adama
bir qədəh içək?
- Bravo! Əla fikirdi! - kişilər təklifə
həvəslə razılıq
verdilər, sonra şüşələri açıb,
qədəhləri doldurdular.
- İçək!
- Ancaq bir şərtlə!
Hamısını axıra
qədər içirik!
Hər kəsin qarşısında
quqqulu kimi görünmək istəməyən
Semixa stəkanı başına çəkdi.
Zəhər kimi acı bir şey!
Əlbəttə, əvvələr
də tünd spirtli içki içməli olmuşdu, amma bir dəfəyə
bu qədər - ilk dəfə idi. Belə də içmək olar... dəhşətdir! Semixa ürəyində fikirləşdi:
ər arvadına bu qədər sərbəstlik verirsə,
sabah o əməlli-başlı
əyyaş olar, adamlıqdan çıxar.
Elə olmayacağına
kim zəmanət verə bilər? Yaxşı, qoy bu gün filosofluğum
özümə qalsın,
axı dağa təmiz hava almaq, dincəlmək üçün gəlmişik.
Üstəlik, Semin ən
yaxın dostları yanımızdadır. Onlarla
xoş davranmasam, yəqin Semin xətrinə
dəyər. Bizim bağımızdır axı.
Demək, bu adamlar da - bizim qonaqlarımızdır. Qoy
hər şey cəhənnəm olsun! Yeyib-içəcəyik, şənlənəcəyik,
çalıb-oxuyacağıq. Beş günlük həyatdır... Təki hər şey Semin ürəyincə olsun.
Süfrəni təbiətin qoynunda
açdılar. Toplaşanlar
zarafatlaşır, deyib-gülür,
oxuyur, məzəli əhvalatlar danışırdılar.
Əyləncə xeyli
uzun çəkdi. Spirtli içki çox olduğundan, az sonra qızlar
da, oğlanlar da sərxoş
oldular. Ondan sonra baş verənləri isə Semixa heç cür anlaya bilmirdi.
Növbəti sağlıq deyiləndə
o, xəlvətcə qədəhini
kənara qoydu. Onun bu sadəlövh
bicliyi İlisin gözündən yayınmadı
və bu, onu qəzəbləndirdi.
- Belə oldu, Sem! Sən arvadına güzəşt eləyirsən,
onu qorumaq istəyirsən, bizi isə içirdirsən, az qala, qədəhləri
ağzımıza dürtürsən.
Maraqlıdır, sənin
Semixanın nəyi bizdən artıqdır? -
Qadınlar dilləri dolaşa-dolaşa hay-küy
saldılar.
Bunu eşidən Sem soyuq, nifrət dolu baxışlarını arvadına
zillədi.
- Bu nə hərəkətdir?
Məni biabır eləmək üçün
gəlmisən, bura? -
Dişlərini qıcayaraq
mızıldandı. Semin sifəti
sərtləşdi, baxışları
qəzəb saçdı.
Semixa narahat oldu.
- Niyə belə deyirsən? Sənə bağlanmışam, səni
sevirəm və sənə görə narahat oluram. Amma nədənsə, bu gün ürəyim sözümə baxmır,
spirtli içki qəbul eləmək istəmir, - utanaraq kəkələdi, küskünlükdən
ruhu titrədi.
- İstəyər! İstəməsə,
məcbur eləyərik!
- Oğlanlar yerlərində
yırğalanmağa, səslərini
qaldırıb hay-küy
salmağa başladılar.
Arvadları da onlara qoşuldu, lovğalıqla
israr etdilər. Semixa çıxılmaz vəziyyətdə qaldığını
başa düşdü,
qədəhi əlində
möhkəm sıxıb
içkini axıra qədər başına çəkdi.
- Hə, bu başqa
məsələ! - İlislə
Engelsina razılıqla
əl çaldılar.
Amma bu hələ heç nə idi. Ardınca təcrübəsiz Semixa üçün ağlagəlməz
macəra baş verdi. Çılğınlaşmış
Con birdən süfrə
arxasında oturan qadınların hamısını
öpmək istədiyini
bildirdi. Semixa Conun arvadı İlisin buna necə reaksiya verəcəyini bilmək üçün
ani olaraq ona nəzər yetirdi. Semixaya nə qədər təəccüblü
görünsə də,
deyəsən, İlis
bu təklifdən son dərəcə məmnun
qalmışdı.
- Hə, əzizim, ürəyindən keçirsə,
öp! - Qadın məmnunluqla gülüb,
ərini ürəkləndirdi.
Bundan həvəslənən
Con yerindən qalxıb,
Engelsinanı möhkəmcə
özünə sıxdı,
qadının dodaqlarını
ehtirasla öpdü. Gözəlçə qətiyyən
buna qarşı çıxmadı,
heç narahat da olmadı. Sonra Con məmnunluqla
gözlərini Semixaya
dikdi. Semixa qorxa-qorxa, həyəcanla ərinə baxdı. Amma
Sem onun hayında deyildi. İlisə sığınıb, qızın
qulağına nəsə
pıçıldayırdı. Semixanın mənasız müqavimətinə məhəl
qoymayan Con qızın
zərif boynundan yapışıb, güclü
qolları ilə onu özünə tərəf çəkdi,
üzünü çevirib,
bircə anın içində selikli ağzını onun moruq rəngli dodaqlarına yaxınlaşdırdı.
Semixa bu həyasızlıqdan sarsıldı. Buna heç
cür haqq qazandırmaq olmazdı. Birdən içib sərxoş olan Con bütün ədəb-ərkanı
unudub, daha da irəli getsə, necə olar?
Gözlərini süfrə arxasında
oturanlara dikən Aşot əllərini yellədərək, yerindən
sıçradı.
- Kişilər! - ucadan dedi. - Məncə, bir-birimizdən nəsə
gizlətməyin, utanmağın,
çəkinməyin, ehtiyat
eləməyin yeri yoxdur. Görün, nə deyirəm, çox əla, orijinal, ağıllı təklifim var. Gəlin, bir müddət arvadlarımızı dəyişək.
Necə fikirləşirsiz?
Zənnimcə, xanımlarımız
bu cür maraqlı təklifə qarşı çıxmaz,
başqası ilə ehtiraslı, şirin anlar yaşamaqdan boyun qaçırmazlar, - Aşot şəhvət hissi ilə mırıldadı.
Eşitdiklərindən Semixanın nəfəsi kəsildi, bədənindən üşütmə
keçdi. "Görəsən,
bu axmaq zarafat edir, yoxsa,
belə abırsız
təklifi verməkdə
ciddidir? Axı bu əsl azğınlıqdır".
Amma sən demə, belə düşünən
təkcə o imiş:
İlislə Engelsina ürəkdən qəh-qəhə
çəkdi, yanaqları
qızardı, gözləri
həvəslə parıldadı.
"Əgər ərlərimiz
belə istəyirlərsə,
əgər bu onların ürəyincədirsə,
biz onların istəyinə
qarşı çıxan
deyilik, necə məsləhət bilirsiz,
elə də eləyin", - nazlana-nazlana
bir-birinə baxıb,
razılıq verdilər.
Bayaqdan bəri səbrini basıb hər cür axmaqlıqlara dözən Semixa bu dəfə özünü ələ
ala bilmədi. Təhqir
olunmaq, qəzəb onun ruhunu titrətdi,
yerindən qalxıb, qəzəblə çığırdı:
- Bu nədir belə? Təriflədiyiniz azadlıq,
sərbəstlik budur?!
Qızlar, nə olub sizə?! Vicdanınız harda qaldı, ləyaqətiniz,
şərəfiniz necə
oldu? Məgər, siz namusunu qorumaq
üçün ölümü
seçən qazax qızlarından deyilsiz?..
- Niyə özündən çıxmısan? Qazax qızlarının o birilərindən
nəyi pisdir? - İlis mızıldandı.
- Hansı namusdan dəm vurursan? Geniş miqyasda düşünsək, dediyin
o namus bir çürük qoz da eləmir. İnsafla de, məgər biz fahişəyik?
Yox! Məgər biz xaricdəki gözəlçələr
kimi, xəlvətdə
seksual tələblərimizi
söndürüb ərlərimizə
buynuz çıxartdırırıq?.. Yox, əlbəttə,
yox! Bir də... məgər bu dəyişmək təklifi
bizim fikrimizdir? Kişilərimiz belə istəyir... Əgər bilmək istəyirsənsə,
bu, elə azad sevgidir. Bu, sevgiyə, hisslərə
yeni baxışdır... Bu, yeni dövrün tələbidir...
Başa düşmürsənsə,
heç olmasa sus!
- Bəsdir, sən Allah... bizə dərs keçib özünü
aydan arı, sudan duru göstərmə...
aul mədəniyyətini də
özünə saxla!
Əgər köhnə
fikirlərinlə həyatın
tələb elədiyi
yeni yanaşmalara uyğunlaşa
bilmirsənsə, dilini
dinməz yerinə qoy, səsini kəs, axmaqlıq eləmə, - Engelsina kinayə ilə dedi.
Adətən ağıllı, təmkinli
olan Sem nə ki var qəzəblənib özündən
çıxdı, az qala arvadına hücum edib onu parçalayacaqdı. Dodaqlarını kinayə
ilə büzən Aşot söhbətə müdaxilə etdi:
- Sem, təzə evlənməyə
hazırlaşanda sənə
dediklərimi xatırlayırsan?
O vaxt mənim fikirlərimlə razılaşmamışdın,
bildiyin kimi elədin. Bu da nəticəsi.
- Mən də onu dilə tutmağa
çalışmışdım, - qəzəblənmiş Con söylədi.
Özündən çıxmış
Sem qəzəbli baxışlarını
arvadına dikdi, yalnız Saparqulla özünün arasında
qalmalı olan sirri açıb tökdü:
- Eee, sizin heç
nədən xəbəriniz
yoxdur! Bunu sizdən gizlədirdim, sirr kimi saxlayırdım.
Təsəvvür eləyirsiz,
sən demə, mənə qədər bir oğlan bunun üzünə baxmayıb, buna meyil salmayıb. Bu yaşa çatana qədər heç kəslə olmayıb! Belə bir şeyi təsəvvür
eləmək olar?!
- Hə-ə-ə! - İlis
qəh-qəhə çəkdi.
- Demək, kişilər
bundan yan qaçıblar, heç kəs buna meyil salmayıb... Maraqlı məsələdir! Ah, yazıq
Sem... Bircə axmaq sən çıxmısan,
bu heç kəsə lazım olmayan qız uşağını seçmisən.
Öz cəzandır!
- Yox, inana bilmərəm!
Belə şey ola bilməz! Sem, zarafat eləyirsən? Əgər
dediklərin doğrudursa,
onda belə çıxır ki sənin
Semixan... əsl... ondandır... - deyən Engelsina uğunub getdi..
Artıq
burada qalmağını
mənasız bilən
Semixa cəld ayağa qalxdı, tez-tələsik hazırlaşıb,
yolu-izi bilmədən
başını götürüb
qaçdı. Ayaq saxlamaq, üzünü çevirib geridə saxladığı miskin, abırsız,
iyrənc, alçaq insancıqlara baxmaq belə istəmirdi.
IV
- Semixa, səncə, dünənki hərəkətinə
nə ad qoymaq olar?
- Əksinə, bu sualı mən sənə verməyə hazırlaşırdım...
- Niyə?! Mən sənin kimi, yonulmamış xassiyyət
nümayiş eləmədim.
Dostlarımın kefinə
soğan doğramadım,
gül kimi qonaqlığı onların
burnundan tökmədim.
Sənsə... dostlarıma
qarşı hörmətsizlik
elədin, mədəniyyətsizliyini
göstərdin.
- Mədəniyyətsizlik? Demək,
mən mədəniyyətsiz
oldum hə? Ha-ha-ha! Yoxsa, məni ələ salırsan? Demək, şərəfimi
alçaltmaqdan, namusuma
tüpürməkdən zövq
alırsan? Dəhşətdir!
Gör, bir nəyə çevrilmişik!
- "Gör bir nəyə
çevrilmişik" deməklə
nəyə eyham vurursan? Doğrudanmı, nəsə, qeyri-adi, ağlagəlməz bir şey baş verib? Məgər, dostlarla, tanışlarla öpüşmək günahdır?
Yaxşı, özün
bilərsən... arvadları
dəyişməyi təklif
eləyirsə... razılaşmırsan,
razılaşma... Ola bilsin,
belə şeylər sənə qeyri-təbii görünür, belə
şeylərə alışmamısan.
Amma onlar üçün
bütün bunlar - boş şeydir, burada qeyri-adi heç nə yoxdur. Yeri gəlmişkən,
indi əksəriyyət,
dostlarımız da daxil
olmaqla - belə düşünürlər. Ona görə də buna qarşı çıxa bilmirəm, geridə qalmış biri kimi qəbul olunmaq istəmirəm. Əks halda, məni başa düşməzlər, gülüş
hədəfinə çevrilərəm.
Sənsə, boş yerə özündən çıxdın, tərbiyəsizlik
elədin.
- Tərbiyəsizlik? Sən
nədən danışırsan?!
Məgər, bütün
qazaxlar, bütün insanlıq abır-həya
gözləməyi, əxlaq
normalarına riayət
eləməyi, tərbiyəli
olmağı eyni cür qəbul eləmirlər? Ümumiyyətlə,
heç bilirsən, insanlıq nədir, mənəviyyat nədir? Bütün bunların başında özünə
hörmət dayanır,
təmiz vicdan dayanır, ləyaqətini
qorumaq dayanır. Tüpürüm, sizin
yeni əxlaq normalarınıza.
Sizin ağlınızdan
keçənlər, sadəcə,
əxlaq pozğunluğundan,
mənəviyyatsızlıqdan, ifrat müasirlikdən başqa bir şey deyil.
- Hey-hey, bəsdir, ağzına gələni danşdın!
Özünü qürurlu
göstərdin, yetər.
Əvvəlcə, yadına
sal, gör, səni elə adlı-sanlı adamların
içinə soxan kimdir. Bir də axı, mən nə vaxta qədər
sənin qəbilə
adətlərinə göz
yummalıyam, geridə
qalmış aul təfəkkürünlə
barışmalıyam?!
- Mən insan tərbiyəsindən danışıram,
ünsiyyət mədəniyyətindən
danışıram, ələ
saldığın aul təfəkkürünün
bura nə dəxli var? Görürəm,
deyəsən, sadə
həqiqətləri sənə
anlatmağa gücüm
çatmır, məncə,
sizin kimilər belə şeyləri çətin başa düşərlər...
- Aha, belə çıxır
ki, bircə ağıllı
sənsən, bizsə,
axmağın, başdanxarabın
biriyiik. Demək, dostlarım da elədir. Onda danışmağımızın
mənası yoxdur. Yolun açıq olsun! Yəqin qapının yerini unutmamısan.
V
Semlə
Semixa ayrıldılar.
O yataqxanadakı əvvəlki
mənzilinə qayıtdı,
yaddaşına dəhşətli
yuxu kimi yazılan təhqir olunmuş sevgisini, uğursuz nikahını unutmağa çalışdı,
bütün diqqətini
işinə ayırdı,
əvvəlki vərdişlərini
bərpa edib, sarsıntılardan qurtulmağa
qərar verdi. İlk vaxtlar bunu bacara
bildi. Lakin günlər
keçdikcə ürəyi
sıxılmağa başladı.
Gecələr gördüyü
kabuslar onu narahat etdi, anlaşılmaz
depressiya tutmaları, narahatlıqlar üstünə
hücum çəkdi.
Belə anlarda, nədənsə, ürəyi
şiddətlə döyünür,
nəfəsi kəsilirdi:
"Məgər, köhnə
qazax, təzə qazax deyilən bir şey var? Yaxşı, əgər varsa, onları bir-birindən fərqləndirən
nədir? Əgər bugünkü qazax əcdadlarını, hətta
ata-anasını belə
danırsa, babalarının
adət-ənənəsindən üz çevirirsə, gələcəkdə bizi
nə gözləyir?
Qərbin həyat tərzinə aludə olub, onların istədiyi kimi yaşamağa başlasaq,
öz milli-mənəvi
keyfiyyətlərimizi danmaqla
axırımız necə
olacaq? Doğrudanmı,
illərin, əsrlərin
sınağından çıxmış
milli dəyərlərimiz artıq
mənasını itirib,
heç nəyə yaramır, doğrudanmı,
hər yerdə ləyaqətsizlik, prinsipsizlik
baş alıb gedir? Məgər, bununla barışmaq olar? Bu ki biabırçılıqdır!"
Belə
fikirlər Saparqulun beynini yorur, ona uzun, saysız-hesabsız
yuxusuz gecələr gətirirdi, elədə gözlərini yuma bilmir, sıxılır, narahatlıq keçirirdi,
qarışıq düşüncələri
özündən uzaqlaşdırmağa
gücü çatmırdı.
Görəsən, hələ
nə qədər belə əzab dolu, qaramat, mənəvi narahatlıq içində keçən
gecə yazılmışdı
onun taleyinə...
Artıq
Saparqul gecələr də, gündüzlər
də özünə
yer tapa bilmirdi. Üstəlik, bu hisslərdən qurtulmaq üçün nəsə,
bir çıxış
yolu görmürdü.
"Qoy, hər şey
cəhənnəm olsun!
Doğrudanmı, hər
şeyə görə
günahkar mənəm?
Axı niyə mən də onlar kimi doğma
torpağımda azad, qayğısız gəzə
bilmirəm, niyə özümü təhqir olunmuş, artıq biri hesab edirəm?
Qarışıq fikirlərdən özünə
yer tapmayan Saparqul qalxıb eyvana çıxdı.
Amma ürək sarsıdan, narahat fikirlər yenə əvvəlki kimi ona hücum
edirdi. "Ruha qurban verəndə - mal-heyvan kəsirlər, vicdan isə - ruhun qurbanıdır",
- axı əsrlər
boyu qazaxlar bu inanca əməl
ediblər. Doğrudanmı,
deyilənlərə itaətlə
əməl etməyim,
başıma yeritdikləri
hər sözə kor-koranə inanmağım
mənim günahımdır?
Bəlkə, iffətli
olmağı, namusumu qorumağı, ruhumu mələk kimi saf saxlamağı seçməkdə günah
iş tutmuşam?
Sinəsi
hansısa, anlaşılmaz,
kobud qüvvənin təsirindən sıxıldı,
nəfəsi daraldı,
ürəyi şiddətli
döyündü. Bulanıq,
zəhər kimi acı fikirlər tufandan əvvəl səmanı bürüyən
qara buludlara çevrilib gözlərinə
pərdə çəkdi.
Saparqul əvvəllər
ona dəstək olan, onu ayaqda
tutan gücün tükəndiyini anladı,
özünü balaca,
köməksiz, bəxbəxt,
həyatdan küskün,
ətraf aləmə marağını itirmiş,
xoşbəxtlikdən büsbütün
məhrum olmuş varlıq kimi hiss etdi.
Bu gərginliyə əsəbləri
tab gətirmədi. Qəhər
onu boğdu, içindən ürək
parçalayan fəryaq
qopdu, Saparqul sarsıntı içində:
"İlahi, - dedi, - sənin qarşında nə günahım var? Nəyə görə məni cəzalandırırsan? Niyə məni dalana dirəmisən? Çıxış yolu hardadır? Allahım, mənə rəhmin gəlsin, nə edəcəyimi söylə, mənə doğru yol göstər! Mən indi kiməm?.. Kimə lazımam?!" - özünü ələ ala bilməyən, hisslərini cilovlamağa çətinlik çəkən Saparqul hönkürüb ağlamağa başladı.
Hönkürtülərini kiminsə eşidəcəyindən narahat deyildi. Başını qaldırıb yuxarı baxdı, aylarla içinə dolan qəzəbi, sarsıntıları, ürəyindəki qədərsiz ağrıları, çiyinlərini əzən ağır yükü vulkan kimi püskürdü. Həyat öz quduz dişlərini amansızlıqla ona qıcamışdı.
Yaşamaq istəmirdi...
Joltay Jumat
Qazaxıstanlı yazıçı
Tərcümə etdi: Qi Or
EL
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.22-24.