Zəfərin mübarək, Vətən!

 

Allah cəmi şəhidlərimizə

rəhmət eləsin!

 

Xoş günlərdən soraq verir

Axşamın-səhərin, Vətən!

Düşmənlərə göz dağıdır

Hər təzə Zəfərin, Vətən!

İgid-ərən oğulların

Tapdayıb bəndi-bərəni,

Bir həmləylə sevindirdi

Xocalını, Əsgəranı,

Xocavəndi, Ağdərəni...

"Dəmir Yumruq"dan güc aldı

Qatlanmaz qanadın-qolun!

Qırdın paslı qıfılını

Xankəndiyə gedən yolun!

Qarşında tab gətirmədi

Zülmə sipər olan "barı".

Diz çöküb, aman dilədi

Səndən harsın dığaları...

Başın sağ olsun... yenə də

Haqq yolunda cəngə çıxıb,

Candan keçənlərin var!

Qanlı şəhid köynəyiylə

Ulu Tanrı Dərgahına

Vaxtsız köçənlərin var...

Qalibiyyət simvoludur

Üçrəngli bayrağın sənin!

Bütövləşən sərhədlərin

Sabahkı növrağın sənin!..

Türkün-türkə can borcu var,

yalqızsan, tək, Vətən!

Hünərindən soraq verən

Zəfərin Mübarək, Vətən!

 

Araz nəmli gözlərimdən axırmış...

 

Ürəyimdə sızıldayan dərd çayım,

Qismətindən hələ incik-pərt çayım,

Bakı-Təbriz qiyafəli mərd çayım,

Deyən varmı, doluxsunub heç nədən,

Göz-göz olan yaraları qövr edən?

Qəm-qüssəsi gör necə ağırmış -

Araz nəmli gözlərimdən axırmış!

 

Yaranışdan həm Sultandı, həm də Xan,

Bir düşməni gödənsökən, ev yıxan.

O birisi hürə-hürə vurnuxan,..

Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,

Qibləgahı Zəfər taclı Qarabağ...

İllər boyu bəxtinə qar yağırmış -

Araz nəmli gözlərimdən axırmış!

 

Xudafərin daş köynəkli dastanı,

Yağı bəlli, namərd aşkar, dost hanı?!.

Görən, varmı heç möhləti-amanı?

"Gülüstan"da şux qaməti bükülən,

"Türkmənçay"da gözünə mil çəkilən.

Xəmirini kimlər dərddən yoğurmuş?

Araz nəmli gözlərimdən axırmış!

 

Həsrət yükü hələ o tay-bu taylı,

Bəd taleyi sovqatlı, nə paylı...

Hayqırtısı hərdən cəngli-haraylı,

Gorum çatlar qisas qalsa sabaha...

Gülsə üzü, deyərəmmi heç daha,

Tanrı ona gəc nəzərlə baxırmış?

Araz nəmli gözlərimdən axırmış!..

 

Ürəyim tapdanmış

əkin yeridi...

 

Əzəldən su kimi safam-duruyam,

Ürəyim qəzəb, kin yeridi.

Bəlkə bir zərrə günəş nuruyam,

Şirin arzularım əkin yeridi.

 

Acı söz mürgülü iynəm-tikanım,

Yalana bəllidir təkcə, sərt üzüm.

Haqdan soraq verir hər gələn anım,

Dilimin ucunda söz düzüm-düzüm.

 

Əlimdən çıxanda bəzən dincliyim,

Heç kimi nahaqdan tapdamamışam.

yersiz hökmüm var, nə boş hay-küyüm,

Mərdlik nişanəli cəngəm-savaşam...

 

Söz odum, torpağım, havam, suyumdu,

Saflaşa biləndə niyyət etmişəm.

Ovcuma düşənlər tale payımdı,

Qəmə-qüssəyə biət etmişəm.

 

Kim kəsə bilər ki axı, yönümü?

Bəxtin sapandından atılan daşam.

Səyirdib yüyənsiz "söz köhləni"mi,

Şeirin "quluncunu" ovxalamışam...

 

Sevincim bəmdədir, nisgilim zildə,

Vücudum qəzəb, kin yeridi.

İllərlə sızladım bir qərib eldə,

Ürəyim tapdanmış əkin yeridi...

 

Mən əsgər babasıyam

 

Bir həftə qabaq hərbi xidmətə yola

saldığımız övladım İsmayıl Qafarlıya

 

Hər fikrin, düşüncən azaddır sənin,

Halallıq könlünün ritmi, havası.

Düz dörd il gücünə güc qatdı sənin,

Milli Aviasiya Akademiyası.

 

Məzun olan günü, - "əsgər getməsəm

Əlim heç vaxt işə yatmaz", - demişdin.

"Vətənə oğultək qulluq etməsəm

Bəxtim köməyimə çatmaz!", - demişdin...

 

Nədənsə, üstündən xətt çəkiləndə,

Hayqıra-hayqıra sədləri aşdın.

Heç kimdən çəkinib, durmadın gendə,

Buludtək kükrəyib, sel kimi daşdın.

 

Dedin, nə qorxaqam, nə də yarımcan,

Özüm-öz gücümdən yaxşı halıyam.

Qəlbim yurd eşqiylə döyünür hər an,

Vətənə borcumu qaytarmalıyam...

 

Səsinə-səs verdi anan, atan da,

Yenə alnıaçıq çıxdın sınaqdan.

Əsgərtək and içmək növbən çatanda,

Sənə xeyir-dua dilədik Haqdan!

 

Əyninə geydiyin əsgər libası,

Bəlkə özündən qabaq sevindi.

Həyatda gözünün ağı-qarası

Bacın görkəminlə fəxr edir indi...

 

Bilirəm, əzəldən gözün-könlün tox,

Nəfsin xıncımlanıb ayağın altda.

Övladım, mən bu gün təkcə şair yox,

Əsgər babasıyam, həm həyatda...

 

Nicat gözləyirik

 

Mən susuzluqdan

Dodaqları çatlayan

torpağam,

Sənsə, nakam sevgimizin

közərtisində

qovrulmuş bir xışma dən.

Bircə zərrə ümid işartısına

üzümüzü söykəyib

Nicat diləyirik

Həm bəxtdən,

həm taledən...

 

Bu yaz gözlədiyim

yaza oxşamır

 

Seldən, zəlzələdən soraq gətirir,

Bir topa qan hopmuş varaq gətirir.

Çox şeyi gözlərdən iraq gətirir -

Bu yaz gözlədiyim yaza oxşamır!

 

Göylərin qəzəbli şimşəyi - qamçı,

Vulkan məhşər odu, ildırım sancı.

Külək ipiqırıq, bulud yalançı -

Bu yaz gözlədiyim yaza oxşamır!

 

Dağ-dağa çırpılır, sürüşür yamac,

Torpaq tüstülənir, düşür qaçhaqaç.

Səkidə basabas, küçədə tıxac -

Bu yaz gözlədiyim yaza oxşamır!

 

Vaxt-vədə hoppanıb qaçır irəli,

Yeri barmağında fırladır dəli.

Tanrının daş altda qalıbdır əli -

Bu yaz gözlədiyim yaza oxşamır!

 

Daldada davakar, üzdə utancaq,

paslı iynədir, biz, nə cancaq.

Gəlişi mübarək, nədənsə, ancaq -

Bu yaz gözlədiyim yaza oxşamır!

 

Ölüm

 

Hər doğulanla dirilib,

Hər ölənlə ölən ölüm.

Ün yetməyən ucalıqdan

Gizli enib gələn ölüm.

Ürəyimiz tir-tir əsir,

Kimsə çəkəndə adını.

Təkcə Allah, bir yəqin

Ölənlər bilir dadını...

"Dirilik şərbəti"sənsə,

Niyə deyim ki acısan?!

Bəlkə sən elə ömrün

Axırıncı "borc dəftəri",

Doğru-dürüst sayğacısan...

 

Haqsızlıq görəndə

susan deyiləm...

 

Sığındım Tanrının mavi çətrinə,

Hər misram qarışdı çiçək ətrinə.

Acından ölsəm , "ənam" xətrinə

Kimisə öyəsi deyiləm, vallah!

 

Çoxları şahiddir... dar gündə belə,

Töhmət gətirmədim ağır bir elə.

Sonuncu ümidim dönsə , külə,

Dizimə döyəsi deyiləm, vallah!

 

Hələ yaşasam da, elə birtəhər,

Gücümə-güc qatır hər gələn səhər.

sözə-kəlməyə bükülən zəhər,

xəncər tiyəsi deyiləm, vallah!

 

Haqsızlıq ruhuma yaddır həyatda,

Bircə xoş kəlməmlə sağalar çat da...

Heç vaxt qalmamışam acı söz altda,

Dilimin yiyəsi deyiləm, vallah!

  

Ulu sənət məbədidir

tikdiyin...

 

Əziz dostum, görkəmli şair-publisist, nasir Əli Rza Xələfliyə

 

Dünyaya göz açdın Dağ Xələflidə,

Səni xəlq edənə əhsən, ay Dədə!

Gəzib-dolaşmadın heç vaxt, heç vədə

Sənətin tapdanmış qırağın, Qağa!

 

Sevdalı qəlblərdə sözdü əkdiyin,

Ulu sənət məbədiymiş tikdiyin.

Bədxahın, nadanın qəddin bükdüyün

Hər kəlmən paslanmaz "yarağın", Qağa!

 

Şeirin misra-misra gəldikcə dada

Qovuşdun ən halal şöhrətə-ada.

Həm könül mülkündə, həm "Kredo"da

Günəştək nur saçdı çırağın, Qağa!

 

Elə əzəl gündən addımın mətin,

Yol tapmaz qəlbinə qəzəb, nə kin...

Tanrı sovqatıdır şairlik təbin,

bir qələmin, varağın, Qağa!

 

Yurda əmanətsən Gordu Babadan,

Ruhun təzələnir söküləndə dan.

Sənət gülşənində ismin bir ünvan,

Gəlir hər tərəfdən sorağın, Qağa!

 

Mənim bu dünyadan

gözüm su içmir...

 

Allah, yaratdığın dünya budursa,

Bəs, niyə aləmə hökm eləyir şər?

Nemətin od, torpaq, hava, sudursa,

Daha istəyir, görəsən, bəşər?

 

Ya Sən xəlq etdiyin dünya bu deyil,

Ya da pozulubdu mizan-tərəzi.

Bilən yox, nədəndir artır ilbəil,

İnsanın-insana kini, qərəzi...

 

Sənin əvəzindən hökm edənə bax,

Məzluma əl uzat, yiyə dur, Allah!

Üst-üstə çəkilsin sinəsinə dağ

Kim ki varlığını unudur, Allah!

 

Rəhmin gəlməsəydi, gül balalara

Yerin "şah damarın" kəsib atardın.

Son qoyub biryolluq sərvətə-vara,

İnsanın nəfsindən ocaq çatardın!..

 

Bağışla... səbrini tarıma çəkdik,

Özün bezmisən cəngdən-savaşdan.

Toxumluq dən verdin... qan-qada "əkdik",

Barı, cəzamızı ver bəribaşdan...

 

Heç kim "arşınınla" öz boyun ölçmür,

Tanrım, yamanlığın amanını qır!

Mənim bu dünyadan gözüm su içmir,

Sən onu təzədən bir də yarat, qur!

 

Gözlərində üşüyürəm...

 

Gözlərimdən-gözlərinə

cığır salıb baxışlarım.

Gözlərinin işığını

içmək üçün

Kipriyindən tutub qalıb

baxışlarım.

Soyuqluğun qəhər kimi,

gecə-gündüz

gizli-gizli boğur məni.

Gözlərində üşüyürəm,

ürəyinə çağır məni...

 

İsmayıl Mərcanlı  İMANZADƏ

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.27.