İki evin eskizi
hangi eve
başımızı soktuysak...
yer yerinden oynadı
aşkımızdan...
Özdemir Asaf
Hər evin öz enerjisi,
ruhu var. Əşyalar,
xatirələr, yaxud qonşular bu enerjinin mənbəyidir. Heç kim öz evindən kənarda xoşbəxt
ola bilmir. Məşhur
filmimizdə deyildiyi kimi, hətta düşmənimə belə
yad evdə yaşamağı
arzulamıram.
Sahiblənmək hissi insanın ibtidai vərdişidir. Bütün ibtidai vərdişlər bizim uşaqlığımızdır. Ev, evi olmaq
- ilk insandan üzü
bəri bütün insanlar üçün vacib olub. Ev
sənin ailən deməkdir. Ev həm də sığınacaqdır - səni
düşmənlərdən qoruyan qala. İbtidai
dövrdə insanlar evi (mağara) müqəddəs hesab edib. Ora kənar şəxs girə bilməzmiş. Sonradan evimiz daha da böyüdü - onun adını şəhər
qoyduq. Doğulduğumuz,
boya-başa çatdığımız
şəhər bizim evimizə çevrildi.
Sonra isə o şəhər
də böyüdü,
vətən oldu. Evimiz böyüdükcə,
biz də boy atdıq.
Sonra gördük ki, evimizin
içindəki sakinlər
də artıb.
Mən birotaqlı evdə böyümüşəm. Bilmirəm,
birotaqlı evə ev demək olarmı?
Mənə elə gəlir ki, evsizlə birotaqlı evdə yaşayanlar eyni qapıya çıxır.
Ancaq o ev mənim üçün xatirələrimin məskənidir.
Nə vaxt ora getsəm, xatirələr canlanır
və mən get-gedə balacalaşmağa,
uşaqlaşmağa başlayıram.
O ev məni uşağa çevirir.
Ona görə də evlənəndən sonra
da o evdən uzaq düşə bilmirəm.
Tez-tez yolumu oradan salır, bəzi gecələr orada yatıram. Yuxularım da o evdə başqalaşır. Gözəl,
adamı həyat eşqi ilə dolduran yuxular görürəm. Dedim axı, o evdə uşaqlaşıram. Gözəl
yuxuları isə yalnız uşaqlar görür. Böyüklər
pis, qorxulu yuxular görür. Böyüklərin bəxtinə
ayda-ildə bir dəfə gözəl yuxu qismət olur. O da ki böyüklərin
uşağa çevrildiyi
anlarda. Yəni sözümün kəsəsi,
artıq iki evdə yaşayıram. Birinci ev uşaqlığımın,
keçmişimin, ikinci
ev isə bu günümün (həm də gələcəyimin) evidir.
Evləndikdən sonra yaşadığım
ev Hövsan qəsəbəsində, dəniz
kənarında yerləşir.
Ev iç-içə,
qatar formasındadır.
Üç otaq, həyət, eyvan, bir albalı ağacı, bir qızılgül, bir neçə də dibçək gülləri
- bu, evin bir cümləlik təsviri. Evin qonaq otağı açıq-narıncı, yataq
otağı qəhvəyi,
uşaq otağı isə ağ rəngdədir. Evdə böyük televizor, ventilyator, noutbuk, divan, stol və digər
əşyalar var. Bizdən
əvvəl kimsə yaşamayıb bu evdə. Ev sahibi
oğlu üçün
tikdiribmiş. Oğlu
isə adamyovuşmaz,
başı bəlalardan
uzaq olmayan adammış. Qanlı-qadalı
hadisəyə görə
həbs olunubmuş.
Ata da təcili şəkildə
evi satlığa qoyub.
Bizim bu evi almağımız,
sonradan onu təmir elətdirib normal hala gətirməyimiz də uzun söhbətdir.
Bircə onu deyim ki, evi tapanda
ona ev demək
olmazdı - sadəcə
dörd soyuq divar və həyət
var idi. Sonradan evə pilləkən qoydurduq. O pilləkənlə
evə çıxdıq.
Sonra ustalar bizi aldatdı. Pulu götürüb aradan çıxdılar. Pilləkənlə
göydən asılı
qalan evimiz eləcə o vəziyyətdə
bir xeyli vaxt qaldı. Axırı, köməkli
birtəhər onu xilas edə bildik. Az qala yumbalanıb yerə gələcəkdi. Nə
yaxşı ki birlik evimizi uçurtmadı. Yavaş-yavaş, ilmək-ilmək
evi hörə-hörə
bugünkü vəziyyətinə
gətirdik.
Artıq
dörd ildir "gələcəyimin evi"ndə
yaşayıram. Yazın
ilk günlərində evi
təmir də etdirdim, amma evin enerjisi sanki
döşəmələrin altında qalıb. Hissiz, duyğusuz, xatirəsiz ev göldə boş qalmış qayıq kimidir.
Bir gün təzə evdə gecə yarısı hövlnak oyandım. Pəncərədən
kimsə şüşəni
taqqıldadırdı. Qonaq
otağının işığını
yandırdım. Qapını
açıb naməlum
varlığa nəzər
yetirdim. Pəncərədəki
canlı, sən demə, pişik imiş. Təzə evimizdə enerjinin artması, evin nəfəsinin güclənməsi
üçün xatirələr
əskikdir. Xatirəsi
olan evlərin enerjisi daha güclü
olur. Niyəsə mənə elə gəlir ki, keçmişi
bir əsgər kimi qoruyan evlər
daha mükəmməl
olur. Düzdü, hamamı axıdır, döşəmə çökür,
divarlar nəm olur - ancaq xatirələrin
heç bir yerinin təmirə, bərpaya ehtiyacı yoxdur. Çünki xatirələr sınıq-sökük
olsa da, xatirədir. Onu təmir etmək məhvə bərabərdir. İndi xatirələrimin
evinə gedək, nə demək istədiyimi daha aydın hiss edəcəksiniz.
Birotaqlı evimizdən az-maz
söz açmışdım.
Bura yataqxanadır. Yataqxana
binası doqquzmərtəbəlidir.
Hər mərtəbədə
11 ailə yaşayır.
Əvvəllər bura
tələbələrin yataqxanası
olub. Birinci Qarabağ müharibəsindən
sonra isə onu qaçqınlara vermişdilər. O vaxt atama bu ev
həm də "gənc mütəxəssis"
kimi verilmişdi. Atam uzun illər
bu evdə üç uşaqla və anamla yaşadı.
Yataqxana
möhkəm sütunlar
üzərində ucalıb.
Ancaq get-gedə belini bükməkdədir.
Pillələr köhnə,
çirklidir. Hər tərəfdən zibil qoxusu gəlir. Üstəlik, kanalizasiya borusu binanın altından keçir. Həmin sahədə ağcaqanadlar şəhərciyi
var. Bu şəhərin sakinləri
yay, qış demədən
yataqxana binasına hücuma keçir, bizi "al-qana" boyayıb çıxıb
gedirdilər. Düzü,
əvvəllər məhəlləmizdə
nizam-intizam var idi. Məsələn, Rəna
xala yaratmışdı
bu nizamı. Yadımdadır, hər mərtəbədə siyahı
hazırlanırdı - həftənin
yeddi günü iş bölüşdürülürdü,
kim neçənci gün öz mərtəbəsini silib-süpürəcək,
zibilləri atacaq və s. Bu bölgü sayəsində yataqxana əməlli-başlı dirçəlmişdi,
hər yer par-par parıldayırdı. Rəna
xalanın liderliyində
qadınlar haradansa gözəl qoxuyan ağac ştilləri də gətirmişdilər.
Bizimlə bərabər
o ağaclar da böyüdü
və hər yerə gözəl qoxular saçdı. Lakin
biz getdik - köhnələr
yataqxanadan uzaq düşdü. O ağaclar
da getdi. Hər dəfə bura gələndə o ağacları
axtarıram. Tapa bilmirəm.
Bilmirəm, bəlkə
də, bu danışdığım da uşaqlığımda
gördüyüm gözəl
yuxulardan biri idi.
Uşaqlığımın şəhəridi
yataqxana binası. Dəhlizimiz uzun, darısqaldır. İnsanlar
bir-biri ilə elə qaynayıb-qarışırdılar
ki, deyərdin az qala qohum olacaqlar.
Amma biz qohumlardan da yaxın,
doğma idik. Yadımdadır, işıqlar
sönəndə qonşuların
birində mütləq
qaz balonu olardı. Hamı yeməyini o balonda bişirər, elə dəhlizin şam işığında yeməyimizi
bəh-bəhlə yeyərdik.
Yataqxana
binasının üçüncü
mərtəbəsində yaşayırdıq.
Bir otaq, içində
3 çarpayı. O çarpayılar
3 otağı əvəz
edir sanki. Eyvandan görünən uzun yol, sürətlə
şütüyən arabalar,
insan səsləri, səki boyu uzanan ağaclar... Evimizdə bir yazıçı yaşayıb.
Atam. İşdən evə gəlib öz dünyasında yaşayan adamın nağılı. Yayın
istisi, qışın
qarı demədən
tabut darlığındakı eyvanında yazıb-yaradan
yazıçının həyatı...
Evin enerjisi, ruhu atamın, anamın ruhu ilə qovuşub. Çox qəribədir
ki, yoldaşım da darıxanda
bura gəlir və özünü xoşbəxt hiss edir. Qəribədir, bura gələndə yazmaq eşqim təzələnir,
öləziyən hisslərim
yenilənir, həyəcanını
unutduğum həyat gözümdə canlanır...
Birotaqlı evimizin hər küncü xatirələrlə hörülüb.
İndi bu yazını
da həmin birotaqlı
evimizdən yazıram.
Sübh tezdəndir. Qəfil gurultu qopur. Elə bil yolun aşağısından
tank keçirdi və
o tankın lüləyi
düz bizim yataqxanaya tuşlanıb açılmışdı: "bammm..." Səs yazımı yarımçıq
qoyur.
Həyəcanla, qorxu ilə dəhlizdən gələn
səsə qulaq kəsilirəm. Yuxarı qonşuda dava-dalaş səsi aləmi götürüb. Yatanlar yerindən dik qalxır. İki dəqiqə sonra səslər kəsilir. Eyvandan közərən tənha işıq dirəkləri, uzaqda hürən küçə
itinin səsi sükutun davam etdiyini deyir.
Birotaqlı evimiz keçmişimin
ən işıqlı
məskənidir. Pəncərədən
baxmaq kifayət edir ki, o işıqlı günlərimi xatırlayım.
Evin atmosferi, adamı içinə çəkən enerjisi, mistik aurası məni canına hopdurur. Uşaq olanda pəncərədən
mavi dəniz görünür, axşamlar
ulduzlu göy üzündə uçan
naməlum obyekt axtarır, qışda lopa qarın yağmasına tamaşa edir, uşaqlara soğan atır, bir də anamın
səsi eşidilirdi:
"Evə gəlin, yemək hazırdı..."
Sonra o mavi dənizin qarşısını çəpərlədilər.
Bizim tək sevdiyimiz rəngi hasarladılar. Ondan sonra baxışımız
yuxarıya tuşlandı
- axı göy üzü də mavi idi. Sən
demə, bu təsəllini atam uydurubmuş - bizə deyirdi ki, dəniz indi göy üzünə
köçüb. Bu köçmək
söhbətinə inanırdıq.
Çünki özümüz
də uzaq bir şəhərdən köçüb gəlmişdik.
Harada barxana dolu maşın görsək,
gözlərimiz yaşla
dolardı. Onda köçməyi faciə
hesab edərdik. Biz elə bilərdik ki, hamı bir yerdə
yaşamalıdır. Bir evin
içində. Onda başa düşməzdik.
Nə bilərdik ki, sən demə, o boyda insan birotaqlı
evə sığa bilməz.
Birotaqlı evimizdə ilk dəfə
atamın hönkürtü
ilə ağlamasının
şahidi olmuşam.
İlk dəfə sevdiyim
qızı bu otaqda öpmüşəm.
İlk dəfə dostumu
döyəndən sonra
anamın qarğışına
tuş gəlmişəm.
Bu ev ilkləri yaşadığım ev olub.
Atam bir ara siqareti
tərgitmişdi. Bir gün
yayın cırcırama
istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni
qaldırmağa çalışırdı.
Yolun ortasına bazardan aldığımız
kartof, soğanlar səpələnmişdi. Anamın
yardımıyla, axsaya-axsaya
yolu keçdik. Evə gələ bildik. Dedim axı,
atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı.
Bloka çatanda qardaşım "Oğuzu
maşın vurdu"
deyəndə ildırım
vurmuşa dönüb,
tez-tələsik pillələri
qalxıb yanıma gəlmişdi. Saçıma
tumar çəkdiyi yadımdadır. Sonra qardaşıma
əsəbi-əsəbi "get papiros al" dediyini xatırlayıram. Həmin
siqareti birotaqlı evimizdə, pəncərədə,
gözləri dola-dola
çəkmişdi.
O qədər xatirələr
var ki... Hansını yazım,
bilmirəm. Balaca, kibrit boyda otağa
nələr sığışıbmış,
sən demə... Bir otaq deyəndə gözümün qabağında
sıralanır - zəlzələ,
qorxu, sevinc, xoşbəxtlik, göz yaşı, gülüş,
kabus.
Evimizi pəncərədən doğan
günəşin ətrafa
yaydığı parlaq
işıqla xatırlayıram.
Xatırlamağı unudanda
belə birotaqlı evə tələsirəm.
Tələsirəm ki, yaddaşımda
qabıq salmış
keçmişimi təzələyim...
Oğuz AYVAZ
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.26.