Azərbaycan mühacirət mətbuatında
Nigar Rəfibəyli yaradıcılığı
Azərbaycan mühacirət mətbuatı
haqqında yazılar çap olunan, şeirləri nəşr
edilən şairlərdən
biri də Xalq şairi Nigar Rəfibəyli idi.
Məşhur Rəfibəylilər nəslindən olan Nigar xanımın ailəsinin və özünün təqib olunması haqqında məlumatlara mühacirət
mətbuatında ilk dəfə
olaraq "Bildiriş"
qəzetində rast gəlirik (bax: "Bildiriş" qəzeti,
İstanbul,1931-ci il, ¹27).
Qeyd edək ki, bu qəzet M.Ə.Rəsulzadənin
ümumi rəhbərliyi
və Abbasqulu Kazımzadənin baş redaktorluğu ilə Türkiyənin İstanbul şəhərində
nəşr edilirdi. Həftəlik nəşr
edilən bu qəzet Yaxın və Uzaq Şərqdə,
türk dünyasında
cərəyan edən
hadisələr haqqında
məlumatlar yayırdı.
Qəzetin ilk baş yazısında isə qeyd olunurdu: "Bildiriş" Azərbaycan,
Türküstan, İdıl-Ural,
Şimali-Qafqaziya, Krım,
Gürcüstan və
Ukraynada cərəyan
edən hadisələri
bildirməklə bərabər,
Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai həyat səhifələrini göstərən
hadisələr haqqında
da oxucularını məlumatlandıracaqdır"
(bax: "Bildiriş",
1930, ¹1). "Bildiriş" qəzetinin 1931-ci ildə
27-ci sayında, birinci
səhifədə "Şimaldan
günəşin doğmasını
bəkləyənlər" (gözləyənlər - N.Y.) adlı
bir yazı çap olunub. Məqalədə bildirilir
ki, bolşevik Əliheydər
Qarayev Bakıda çap olunan "Kommunist" qəzetindəki
bir məqaləsində
Milli Hökumət dövründə
Gəncə valisi olmuş doktor Xudadat bəy Rəfibəylinin həyat
yoldaşının evi
axtarılarkən oradan
qızı Nigar xanımın 1928-ci ildə
iyun ayında yazdığı bir şeir tapılmışdı.
Şeir belə adlanır: "Şimaldan
günəşin doğmasını
gözləyənlər". Şeirdə deyilir: "Başında şimal rüzgarları əsən
"şair", sən
İsa şəklini Lenin şəkli
ilə əvəz edib, bizi rus
mujiki ruhunda tərbiyə edir, ona baş əyməyə
məcbur edirsən.
Lakin bunu bil ki, şimaldan günəş
doğmamış və
doğmayacaqdır. Şimal
Şərqin qanını
içəndir. Sənin
al bayrağın Şərqin
qanına boyanmışdır.
Qızıl bayraq altında "İnternasional"
bağırırsan. Fəqət
mənim daha hüquqlarım var. Şərq
daha inləməkdədir.
Oradan zəncir səsləri gəlir. Bu səsi eşidənlər
anlayırlar ki, heç
bir zaman şimaldan günəş doğmamış,
heç bir zaman günəş doğmayacaqdır.
Günəş şimaldan
deyil, daima olduğu kimi, Şərqdən doğacaqdır!"
(bax: "Bildiriş", 1931, ¹27).
"Bildiriş" yazırdı
ki, bu şeirinə görə Əliheydər
Qarayev Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi olan Nigar Rəfibəylinin bütün işlərdən
uzaqlaşdırılmasını tələb etmişdi.
Kommunist
rejiminin alovlu təbliğatçısı olan,
sonradan - 1937-ci ildə
elə həmin sistemin əli ilə amansızcasına qətlə yetirilən Ə.Qarayev 1930-cu ilin 18 sentyabrında "Kommunist"
qəzetində N.Rəfibəylini
tənqid edən
"Cənab Cavad bəy və onun bacısı qızı" məqaləsində
yazmışdı: "Müsavatçı
mülkədarın qızı
öz ulularının
işini durmadan davam etdirir" (bax: N.Yaqublu, "Müsavat Partiyasının
tarixi". B., 1997, səh.
165).
O zamanın proletar şairlərindən biri isə N.Rəfibəyliyə
belə cavab yazmışdı:
"Bağlamışsan ümidini
Şərqdən doğan
Günəşə,
Fəqət sənin duymadığın
bir Günəş
var, ey Nigar"
Biz Günəşiz, Günəş
biz,
O gündən başlayar mübarizəmiz!"
Başqa
bir şair isə bu misraları
yazmışdı:
"Sən atanın yolunu izləyirsən, deyilmi?
Sən Müsavat dövrünü
gözləyirsən, deyilmi?"
Təbiidir ki, N.Rəfibəylinin
atasının yolunun Azərbaycan tarixinin şanlı dövrü olan Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920-ci illər) zamanı
olduğunu çoxları
bilirdi. Bolşeviklərin
1920-ci ilin aprelin 28-də
işğal etdikləri
"o Azərbaycan"dan isə
heç bir əlamət qalmadığını
Rəfibəylilər ailəsində
böyümüş Nigar
xanım daha yaxşı bilirdi. Çünki bolşevik işğalından sonra bu rejimin Gəncədə
ilk qurbanı Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə həmin
bölgənin qubernatoru
olan atası Xudadat bəy Rəfibəyli olmuşdu.
Qeyd edək ki, 1920-ci il mayın
ortalarından Gəncədə
vəziyyət kəskinləşmiş
və Qızıl Ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti
gərginləşdirən, Gəncə üsyanının
başlamasına səbəb
olan amillərdən biri də Xudadat
bəyin bolşeviklər
tərəfindən güllələnməsi
idi. X.Rəfibəylinin
istintaq işini burada ermənilər aparmışdı. Bu hadisədən
bir neçə gün sonra, mayın 25-dən 26-na keçən
gecə üsyan başlamışdı. Gəncə
üsyanına başçılıq
edən, Azərbaycan
milli ordusunun keçmiş
3-cü piyada Gəncə
polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında sovet
"KQB"-sinin göndərdiyi
bir xanım tərəfindən Almaniyada
zəhərlənib öldürülən
(bax: N.Yaqublu
"Azərbaycan legionerləri".
B., 2002-ci il) məşhur albay
Cahangir Kazımoğlu
da xatirələrində üsyanın
başlanmasında X.Rəfibəylinin güllələnməsinin
təsirli səbəb
olduğunu göstərirdi
(bax: "Azərbaycan"
qəzeti, 1993 ¹123-124).
Belə
bir hadisədən sonra N.Rəfibəylinin
sovet hökumətinə
nifrəti, şübhəsiz
ki, özünü büruzə
verməyə bilməzdi.
O, bütün imkanları
daxilində bu quruluşun əleyhinə
mübarizəsini davam
etdirirdi. O dövrdə
gənclər arasında
antisovet ruhlu ədəbiyyatlar yayılmasında
N.Rəfibəyli böyük fəallıq
göstərirdi. Müsavat
Partiyasının yaratdığı
"Gənc Azər"
təşkilatının fəal
üzvlərindən biri
də N.Rəfibəyli
idi.
İstintaq materiallarına diqqət
yetirək: "Bir dəfə
şagird Nigar Rəfibəyova mənə
türk doktor Rza Nuribəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdır
ki, Azərbaycan müstəqil
olsa da, lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi
vəziyyətindədir" (bax: "Gənc Azər" istintaq materialları üzrə,
B., 1993).
N.Rəfibəylinin fəal
üzvü olduğu
"Gənc Azər"
təşkilatı Almaz
İldırımın "Leninə" şeirini (şeirdə Lenin sovet imperiyasının ideoloqu kimi təsvir edilib), türk yazıçısı Ömər
Seyfəddinin "Bomba"
hekayəsini (hekayə
mahiyyət və xaraktercə əksinqilabi idi) məktəblərdə
yayıb təbliğ
edirdilər.
Sonrakı illərdə də
Azərbaycan mühacirət
mətbuatında N.Rəfibəylinin müxtəlif
şeirlərinə rast
gəlmək mümkündür.
Bu həm də məntiqi əsası olan bir proses idi. Azərbaycan mühacirət mətbuatını
yaşadanlar milli istiqlal
mübarizəsinin həm
də daşıyıcıları
idi. Və bu mətbuat orqanlarında onlar sovet rejimindən hansı formadasa narazılıq hiss etdirən
nümunələri daha
çox dərc edirdilər.
N.Rəfibəylinin Türkiyənin
Ankara şəhərində əsası 1952-ci ildə
M.Ə.Rəsulzadə tərəfindən
qoyulan "Azərbaycan"
jurnalında da şeirləri
çap edilirdi (bax: "Azərbaycan" jurnalı, Ankara, 1979, ¹231, s. 230).
Onun bu jurnalda nəşr
edilən "Buludlar"
şeirinə diqqət
yetirək:
Uzaq ölkələrə, iraq
ellərə,
Axışan buludlar, axan buludlar!
Bir ilıq nəvaziş umarkən sizdən,
Könlümü həsrətlə yaxan
buludlar!
Solan çiçəkləri siz
öpərsiniz,
Siz ey köksünüzdə
örpək buludlar!
Yanan səhralara su səpərsiniz,
Ey atlas buludlar, ipək buludlar!
Yəqin ki, adi görünən bu şer və
misraları sovet
"KQB" maşınının 1930-cu
illərdəki kimi,
"çarxları" arasında
sıxsaq, belə məna alınacaq: "Uzaq ölkələrə,
iraq ellərə üz tutmaq. Deməli, mövcud quruluşdan narazılıq!.." Və yaxud şeirdə işlədilən "Yanan
səhralara su səpilməsi" daha çox siyasi çalarlar verməkdə
idi və s.
Razılaşaq ki, sovet quruluşunun
əleyhinə yazmağı
qarşısına məqsəd
qoymuş "Azərbaycan"
jurnalı adi şeirləri öz səhifələrində çap
etmirdi.
N.Rəfibəylinin "Azərbaycan"
jurnalında nəşr
edilən "İnsan
hərarəti" şeirində
də maraqlı məqamlar vardır (bax: "Azərbaycan" jurnalı. Ankara, 1981, ¹ 237, s.20). Şeirdə şairə öz vətəninin nə qırmızı bayraqlarını", nə
də "sovet təntənəsini" qabardır.
Sadəcə, belə deyir:
Dost dilində əzbər olan,
Yurdum, şöhrətim mənim.
Nizami ünvanlı, Füzuli imzalı
Millətim mənim.
Göründüyü kimi, Sovetlər Birliyi dövründə yazıb-yaratmış
şair və yazıçılarımızın, o cümlədən xalq şairi N.Rəfibəylinin
yaradıcılığına yeni dəyərlərdən və
obyektivcəsinə yanaşmağın,
tədqiq etməyin zamanı çoxdan gəlib çatmışdır.
Nəsiman Yaqublu
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.3.