Poeziyanın taleyində rol oynayan üç şeir:

Tramvaydan görünən dünya

 

Nikolay Qumilyovun, Cemal Süreyanın və Qabilin şeirləri əsasında

 

Rus, türk və Azərbaycan poeziyasında tramvaylar çoxdur. Amma filoloji səfər üçün üç tramvay daha əlverişlidir. Akmeizmin yaradıcısı Nikolay Qumilyovun mistik aləmlərə uçan tramvayı, İkinci Yeni dalğasının ilk şeirini yazan Cemal Süreyanın Laləlidən dünyaya doğru gedən tramvayı və Qabilin parka gedən tramvayı.

Qumilyov "Azmış tramvay"ı 1921, Cemal Süreyaverçinka"nı 1956, Qabil isə "Tramvay parka gedir" şeirini 1962-ci ildə yazıb.

 

İlk şeir: Qumilyovun "Azmış tramvay"ı.

 

"Azmış Tramvay" ilk baxışda hallüsinasiya halında yazılmış mətn, yaxud yuxuda görülənlərin təsviridir. Onu fərqli rakurslardan təhlil etmək mümkündür; istər ədəbi-estetik, istər Rusiya tarixi, istər mistisizm aspektlərindən. "Azmış Tramvay" rus ədəbiyyatşünaslığında ən çox araşdırılmış, haqqında ayrıca tədqiqat əsərləri yazılmış, nəzəri baxımdan polemik rakursa ən çox cəlb edilən, təhlil və müzakirə edilən şeirlərdən biridir. Təbii ki, bu yazıda məlum araşdırmalara nəyisə əlavə etmək mümkün deyil. Şeir ilk baxışda konkret zamanda baş versə də, səyahət bütöv və parçalanmaz, sirli və mistik zamanda cərəyan edir. Qumilyov etiraf edirdi ki, sanki kimsə bu şeiri ona diktə etmiş və o da qırx dəqiqə ərzində "Azmış tramvayyazıb tamamlamışdı.

Şeirdə konsentrik dairələr cızılır, bir anda Neva, Nil və Sena çayları üzərindəki hər üç körpüdən keçilir. "Nildən də, Nevadan da, Senadan da adladıq,/Gurultuyla adlayıb keçdik hər üç körpüdən". Nevadan keçibsə, Rusiyadan, Senadan keçibsə, Fransadan, Nildən keçibsə, Afrikadan keçib. Deməli, sürət kosmoqonikdir. Amma məsələ təkcə üç qitənin bir anda bir şeirin məkanını oluşdurmasında deyil. Çünki sürət kosmoqonik olsa da, obraz demonik deyil. Rus tənqidçilərinə görə, burada hər üç körpüyə göndərmələr edilib. Qumilyovun bioqrafları şairin vətənindən - Nevanın sahilindən başlayan, Afrikaya və Parisə səfərlərini də dövriyyəyə qatırlar. Zahiri tərəflərini və strukturunu nəzərə almasaq, dünya poeziyasında Qumilyovun şeirini müqayisə edəcəyimiz oxşar ədəbi nümunə yoxdur... Hətta teoloji yanaşsaq, şeirdə Qumilyovun peyğəmbərlik əhvalı aydın şəkildə seziləcək (onun peyğəmbəranə ruhu hamıdan əvvəl həyat yoldaşı Anna Axmatovanın diqqətini cəlb etmişdi: "Qumilev - pogt ehe ne proçitannıy. Vizioner i prorok."). Qumilyov tramvayın şüşəsindən ötən il Beyrutda ölən qocanı görür. Qoca ona qınayıcı nəzərlə baxırdı: "Elə bu vaxt bir anlıq görünüb pəncərədən / Zəndlə baxdı bir adam vaqonun arxasınca. / Hə, tanıdım kim idi - Beyrutda bildir ölən / Dilənçi kökündəki həmin o miskin qoca". Qumilyov stansiyaların birində kələm yerinə insan kəllələri - ölü başlar satılan bazarı görür. Sallaq sifətli, qırmızı köynəkli cəllad onun da başını üzür. O, öz başını da kəsilmiş digər başların içərisində görür. Bu nədir? Belə çıxır ki, Nikolay Qumilyov öz taleyini yazıb? Axı elə şeirin dərc olunduğu il, o, həbs olunur və güllələnir. Bu, necə bir şairlikdir? Artur Rembo: "Kahin olmaq, kahinləşmək gərəkdir", - deyirdi. Bəlkə Qumilyov da kahinlik edib? "Şair bütün duyğuları uzun müddət idrakla qarışdıraraq, sistemsizləşdirərək kahinləşir" (A. Rembo). Görünən odur ki, sirli tramvaya atılıb gedən, üç çayın üzərindən keçən, kəsilmiş başı başqa kəsilmiş başlarla bir yerdə tərəvəz bazarında vitrinə qoyulan Qumilyovun özüdür. Qumilyov bütün ictimai rəzalətləri seyr edir və eyni zamanda, yuxarıda da qeyd etdiyim kimi, özünün də məhv ediləcəyini xəbər verirdi: "Kəlləm ən qıraqdakı qan bulaşıq qutuda / Bir az əvvəl kəsilmiş kəllələrə qarışır".

"Azmış tramvay" üçpəncərəli bir evin yanından keçir. Şairin nişanlısı Maşenka bu evdə yaşayırdı. O, Maşenkaya səslənir: "Sən burada mənim üçün xalı toxuyardın". İndi Maşenkanın səsi və bədəni yoxdur. Hardadır, bəlkə o, ölüb? Qumilyov pravoslav İsaak kilsəsində Maşenkanın ruhuna dua oxuyacaq. Maşenkanın yaşadığı üçpəncərəli ev Çarski Seloda Qumilyovun xanımı Anna Axmatovanın yaşadığı evdir. Şeirin təfsirçilərinə görə Maşenka Rusiyanı simvolizə edir. "Azmış tramvayn doğurduğu intibalar ona yanaşmada improvizə imkanlarını da genişləndirir. Şeirdə "ruhun Hindistanı"na da bilet təklif olunur və s. "Azmış tramvay" elə bir şeirdir ki, oradakı hər misranı, bəlkə də, hər sözü akmeistlər üçün ideal istinad nöqtəsi olan renessans kontekstində də şərh etmək olar. Bu baxımdan xatırlatmaq yerinə düşər ki, şeiri quruluşca Danteninlahi komediya"sı ilə qiyaslandıranlar da var. Tramvay sürücüsü "İlahi komediya"dakı Vergili ilə eyni funksiyanı daşıyır. Göründüyü kimi, müqayisə yersiz deyil... Mandelştamın dediyi kimi, zehn ilə mistikanın nəcib qarışığı və canlı müvazinəti olan aləmi duymaq qabiliyyəti renessans dövrünü akmeistlərə olduqca yaxınlaşdırırdı. Şeir bütövlükdə "renessans təfəkkürünün dahi dirijoru Dantenin" (Mandelştam) "İlahi komediya"sı ilə intertekstual bağlantı içərisində olduğunu soraq verir. "Azmış tramvayn pəncərəsindən görünən Rusiya da bir Veyl quyusu, bir cəhənnəm dərəsidir. Mətnlərarası əlaqələr, bir-birinin ardınca misradan-misraya dövriyyəyə qatılan fərqli estetikalar (sürrealizm, modernizm, son vaxtlar rus araşdırıcıları bura postmodernizmi də əlavə ediblər, ona magik şeir deyənlər də var) və s. Bütün bunlar Qumilyovun şeirini bənzərsiz etməkdədir. Şeir semantik baxımdan XX yüzilin əvvəllərindəki Rusiyanın milli kimliyini ifadə etmək gücündədir. Rusiyanın taleyinə yazılan "Azmış tramvay" elegiyası yüz ildir ki, bitib-tükənmir. Bitib-tükənməyən, həm də Qumilyovun xəyal gücüdür.

 

İkinci şeir: Cemal Süreyanınverçinka"sı.

 

verçinka"nın da coğrafi miqyası qlobaldır, Afrika da daxil olmaqla, ola bilsin ki, bütün dünyadır, zatən, şeirin ilk misralarında da bununla bağlı xatırlatdığım işarətlər var: "Laleliden dünyaya doğru giden bir tramvaydayız". Mərkəzi fiqur isə Üverçinkadır. Amma Cemal Süreya, həm də qadını ölkə adlandırmış, "üzünə sürgün olunduğu qadın"alkə" adlı şeir yazmışdı. Bu səbəbdənverçinka"dakı dünyanın da elə Üverçinkanın bədəni ola biləcəyi istisna deyil. Şeirdə təsvir olunan hər şey, bütün düşüncələr Üverçinkanın gözəlliyinə nisbətlə, yaxud onun fonunda izah olunur. Amma erotik duyğular estetika çərçivəsinin sınırlarını aşmır: "Böylece bir kere daha boynunlayız sayılı yerlerinden / En uzun boynun bu senin dayanmaya ya da umudu kesmemeye... / Birden nasıl oluyor sen yüreğimi elliyorsun / Ama nasıl oluyor sen yüreğimi eller ellemez / Sevişmek bir kere daha yürürlüğe giriyor..."

1956-cı ildə Laləlidən dünyaya yola düşən tramvayın 25 yaşlı sərnişini qısa müddətdə türk poeziyasında baxışlar sistemini, dəyərlər kultunu, paradiqmaları dəyişdi. Məsələ burasındadır ki, Cemal Süreyanın 1958-ci ildə nəşr olunmuş və "Üverçinka" adını verdiyi ilk şeirlər kitabı İkinci Yeni dalğasının başlanmasına və poeziyada yeni estetikaların dövriyyəyə qatılmasına səbəb oldu.

Sezai Karakoça görə, "Laleliden dünyaya gidən bir tramvaydayız" yeni şeiri özətləyən, xülasə edən bir misradır. Bu artıq klassik şairin yolçuluğuna bənzəmir. Klassik şair, azğın bir dəvətlə hardasa, torpağın sonuna gedər. Uçmaq, yerini dəyişmək, yox olub getmək, qaçıb dönməmək şərtilə. Orxan Vəli axımında isə insan yolçuluğa Laləlidən çıxar və bir tramvaya atılar. Amma mütləq Sirkəçiyə gedər. Yeni gerçəkçi axımda isə Laləlidən çıxar yolculuğa, tramvayla, amma dünyaya gedər. Mən-in ən kiçik davranışı belə böyük xəbər kimidir. Yaşama vardır və önəmlidir. Amma bir xəbər olaraq. Nəyin xəbəri? Bunu şair də bilməz".

Cemal Süreya Afrika da daxil olmaqla, bütün kara parçalarında, ərzin hər yerində həyat qaynağının ardınca, Karakoçun ifadəsiylə desəm, gerçək həyatın özünü cövhəriylə görməyə və onu tapmağa gedir.

Bu dünya ərazisini, yaxud dünyəvi əraziləri ən fərqli anlamlarda dəyərləndirmək mümkündür. Bunu əvvəllər də yazmışdım, yuxarıda da xatırlatdım, kimə görəsə bu mübhəm ərazi Üvercinkanın bədənidir, kiminçünsə, həm də Afrika qitəsidir və s. Mehmet Kaplan bu şeirdə, nədənsə, beynəlmiləl marksizmlə cinsəl istəkləri bir arada görür. Hətta bu şəkildə olmuş olsa belə, əsas məsələ 25 yaşlı Cemal Süreyanın şeirində siyasətlə lirikanın, fəlsəfə ilə estetikanın bir şeirin nüvəsində bir araya gətirilib, bir məhlulda qarışdırılmasındadır. "Üverçinka"da ekspressionist və sürreal estetika bir mətndə bütövləşib.

Cemal Süreya uzun boyunlu, gözəl qadına - dünyaya doğru gedir.

Üverçinka güverçin sözündən g hərfini atmaqla Süreyanın yaratdığı yeni addır. Amma məsələnin ilgiçəkən tərəfi adın Üverçin deyil, Üverçinka olmasıdır. Uzun müddət üverçin-dən sonra kanat kəlməsinin ilk hecasının sona gətiriliməsi ilə yaradıldığını təxmin ediblər. Ataol Bəhramoğlu isə Üverçinin ardına rus dilində qadın adlarına əlavə olunan ka sevimliləşdirmə, əzizləmə şəkilçisinin artırılmasını da diqqətə alır. Məsələ də Üverçinin sonundakı ka şəkilçisində, yəni Üverçinkadadır. Bu məqamda diqqətimi Qumilyovun şeirində Maşa-nın Maşenka şəklində təqdim olunması cəlb edir: Maşenka - Üverçinka...

25 yaşlı Cemal Süreyanı bu şeiri yazmağa vadar edən səbəb poeziyanın, indiki halda İkinci Yeninin estetik düzənini yaratmaqdır. Burada hadisə şeirin strukturunda, qurğusunda, gözlənilməz sözlərində baş verir. Erotizm estetizm səviyyəsində ifadə olunur.

Burada, həm də siyasətə eyhamlar var. "Eyham" deyirəm, çünki İkinci Yeninin dilini mübhəmləşdirən, onu daha çox qapalı edən Cemal Süreyanın şeirlərində gerçəyi metafizikadan ayırd etmək çox çətindir, məsələn, ayırmaq olmur, Üverçinka qələbəlik küçələrdə hürriyyət şərqisinimi oxuyur, yoxsa, Cemal Süreya onun qələbəlik küçədə hürr və azad davrana bilməsinimi cəsarət adlandırır? "Burda senin cesaretinden laf açmanın tam da sırası / Kalabalık caddelerde hürlüğün şarkısına katılırkenki".

Bəlkə indi yazdıqlarım müəyyən dərəcədə anlamsız səslənəcək. Amma Cemal Süreyanın tramvayı estetik baxımdan mənə Qumilyovun tramvayını xatırladır. Çox yaxındırlar. Qumilyovun tramvayı Afrika qitəsindəki ən böyük çayın - Nilin üzərindən keçir. Cemal Süreya da şeirində Afrika qitəsinə aksent edir. Təbii ki, hər iki şeirdə hədəf başqadır. Qumilyovun Nili mistik anlam daşıyır. Cemal Süreyada Afrika bir coğrafiyada deyil, bir qadın bədənində assosiasiya verir: "Ama nasıl oluyor sen yüreğimi eller ellemez / Sevişmek bir kere daha yürürlüğe giriyor / Bütün kara parçalarında / Afrika dahil" yaxud "Her telinin içinde ayrı bir kalp çarpıyor / Bütün kara parçaları için / Afrika dahil", yaxud "Birçok çiçek adları gibi güzel / En tanınmış kırmızılarla açan / Bütün kara parçalarında / Afrika dahil" və s. Amma türk ədəbiyyatşünaslığındaverçinka"nı toplumsal şeir olaraq incələyənlər də var. Bunu Cemal Süreyanın özü də etiraf etmişdi: "Toplumsal ya da toplumçu bir yön var benim şiirlerimde. Ama doğrudan deyil de dolaylı olarak. Bunuvercinka" gibi şiirlerimde daha belirgin olarak göreceksiniz". Şeirlə bağlı şairin özüylə mübahisə etmək yaramaz. Cemal Süreya çoxqatlı şeir yazır. Bu şeiri bütün yönlərdən təhlil etmək mümkündür. Sosialdırsa, sosialdır, Qadın bədənidirsə, qadın bədənidir, Afrikadırsa, Afrikadır, erotizmdirsə, erotizmdir, yaxud əksinə, estetikadırsa, estetikadır...

 

Üçüncü şeir: Qabil "Tramvay parka gedir".

 

Qabilin "Tramvay parka gedir" şeiri XX yüzil Azərbaycan poeziyasının iqlimini dəyişən şeirlərdəndir.

Şeir 1962-ci ildə yazılıb. Onda hələ tramvay Bakının rəmzlərindən biriydi, konduktorla sürücünün - Baləli və Münəvvərin gecə saat 1 radələrində parka gedən tramvaydakı söhbətləri, əslində, sovet cəmiyyəti barədə fərqli suallar və intibalar yaradırdı. Bu şeir yazılanda artıq üç il idi ki, kommunistlərin XXI qurultayı SSRİ-də sosializmin tam və qəti qələbəsini bəyan etmişdi. Amma Qabilin təsvir etdiyi tramvay cəmiyyətin güzgüsüydü. Konduktor və sürücü gün ərzində tramvayda gördüklərini müzakirə edirdilər. Sərnişinlərdən kimisi üçqəpiklik bilet almaq üçün gözünü də qırpmadan konduktora 10 manat uzadır, kimisi də, cibində bilet almağa üç qəpiyi olmadığından dayanacaqları keçsə də, tramvaydan düşmürdü. Hətta relsin üstündə "bir sərxoş durur dünyanın ağasıtək... - Xox... qorxub qaçacağam, kişidir bassın görək" - deyir. Şeirin sonunda belə bir epizod var: "Maaş günüdür səhər. / Ağlayan bir uşağı konfet ovundurantək / Böyük də pul alanda hər ağrını unudur".

1960-cı illərdə "Tramvay parka gedir" irəli sürülən məsələləri cəmiyyət və insan münasibətləri baxımından nikbin boyalarla həll etmədiyi üçün çox tənqid olundu. Amma Qabil bunu bilərəkdən etmişdi. Gecə saat 1-də parka gedən tramvayda əməyin romantikası ilə tramvay sürən Baləlinin və konduktor Münəvvərin ağır həyat şəraitini qarşılaşdırmışdı. Qabil bu şeiri ilə SSRİ-yə meydan oxuyurdu. "Tamvay parka gedir"i, həm də Azərbaycan poeziyasının cəsarət əyarı kimi dəyərləndirmək mümkündür. Hətta Qabilin bir az da irəli gedib, Baləli və Münəvvərin çalışdığı tramvayın böyrünə "Komsomola hədiyyə" sözlərinin yazıldığını da xüsusən qabartması xeyli cazibədar idi. Qabiln Baləli və Münəvərin dilindən ironiya qarışıq kinayə ilə "Komsomola hədiyyə!" böyük şan-şöhrətdir ey!" yaxud "Bu vaqonla işləmək səadətdir, səadət", - deyə xatırlatması, özü də məhz bu məqamda Baləlinin də, Münəvvərin səsinə ironik çalar qatması o dövr poeziyamız üçün qeyri-adi hadisəydi. Bir də önəmli olan bu idi ki, şeirdəki səadət duyğusu absurd içərikliydi: "Hər vaqonun böyrünə yazılmayır belə şey".

Hələ üstəlik, bir dövrənin ətrafında dolanan tramvaydakılara üfüqləri aşmağa qol-qanad gərək olsa da, onlar kənara çıxa, uzağa gedə bilməzdilər. Sosializm kazarması sakinləriinin həyat tərzi beləydi...

İndi Bakıda tramvay yoxdur. Amma tramvay xətləri sökülməzdən qırx il əvvəl Qabil bunu tramvay sürücüsünün dilindən öz poetik bəsirətinə güvənərək belə xəbər vermişdi: "Gün gələcək bizi də yığacaqlar bir yerə, / Deyəcəklər: yaraşmır tramvay bu şəhərə. / ...- Sürücülər, sizinlə qurtardıq, - deyəcəklər. / - Relslərin hamısını çıxardıq, - deyəcəklər".

O gün gəldi, relslər söküldü... Amma Bakının əfsanəvi simvollarından biri olan tramvay Qabilin "Tramvay parka gedir" şeiri ilə yenə də Bakının küçələrini dolaşmaqdadır.

"Tramvay parka gedir" sosial silqəti ilə yanaşı, poeziya tariximizdə yeni mərhələnin, altımışıncı illər Azərbaycan poeziyasının estetik təmayüllərini, onun poetik istiqamətini öyrənmək baxımından əhəmiyyətlidir. Vaqif Səmədoğlunun dediyi kimi, "Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin "Tramvay parka gedir" şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata. Bəzimiz biletli, bəzimiz biletsiz". Mühüm olan həm bu, həm də və ən başlıcası, şeirdə sosrealizmin heç bir tələbinə və tabusuna etina edilməməsidir. Xalq yazıçısı Anar "Söz dünyası" kitabında yazır ki, "sovet dövründə yaranan hər əsər hələ sovet ədəbiyyatı demək deyildi". Buna örnək olaraq Anar "Sovet sisteminin sapbasağ çağında" yazılmış "Tramvay parka gedir" şeirini sosialist realizmi deyilən metoda heç bir dəxli olmayan həqiqi sənət nümunəsi, o dövr şeirimizdəki dönüş nöqtəsinin bariz nişanəsi adlandırır.

Ən önəmli olan isə budur ki, "Tramvay parka gedir" poetik düşüncənin Azərbaycan ladında, öz dilimizin yaratdığı poetik iqlim qurşağının coğrafiyasında yazılıb.

 

***

 

Bu yazını filoloji ekskurs üçün yazdım... Çünki haqqında danışdığım üç şeir XX yüzil rus, türk və Azərbaycan poeziyasının taleyində mühüm rol oynamış poetik nümunələrdir. "Azmış tramvay"da rus akmeist poeziyası ilə yanaşı, 1920-ci illərdəki siyasi Rusiyanın, "Üverçinka"da İkinci Yeni poeziyası ilə yanaşı, 1950-ci illərdəki siyasi Türkiyənin və "Tramvay parka gedir"də 1960-cı illərdəki poeziyamızın ədəbi-estetik gəlişimi ilə yanaşı, sovet Azərbaycanının sosial mündəricəsi aydın görünür.

 

***

 

Məqalə üzərində çalışarkən, "Azmış tramvay"ın indiyə qədər, yəni aradan keçən 103 ildə Azərbaycan dilinə tərcümə edilmədiyini də öyrəndim. Bunu ədəbiyyatımızın kəsiri hesab edirəm. "Ədəbiyyat qəzeti" Nikolay Qumilyovun yaradıcılığına münasibətdəki ədəbi kəsrimizi ortadan qaldırır və Mahir N. Qarayevin orijinalın ruhuna çox yaxın və uğurlu çevirisində rus poeziyasının, bəlkə də, ən sirli şeiri olan "Azmış tramvay"ı digər iki şeirlə yanaşı təqdim edir.

 

27 avqust 2023

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.4-5.