Azmış tramvay
Yad küçədə tək-tənha dolaşırdım bayaqdan,
Qəfil quş
çığırtısı qulaqlarımı deşdi -
Bir dütar cingiltisi eşidildi uzaqdan,
Böyrümdən bir tramvay yel kimi ötdü,
keçdi.
Özüm də baş açmadım, bilmədim
necə, haçan
Atıldım mindim ona, yanımdan adlayınca.
Günün günorta çağı
alov saçan, od saçan
Bir zolaq buraxırdı tramvay öz dalınca.
Azıb
sonsuz zamanın qaranlıq yarğanında
Uçurdu yel qanadlı qara qasırğa kimi.
Saxla bu tramvayı, saxla, Bələdçi, saxla!
Qoyma getsin vaqonu!
Tez ol, dayandır onu!
Amma gecdi. Divar da arxada qaldı artıq,
Ötüb keçdik yamyaşıl
palma pöhrəliyindən.
Nildən
də, Nevadan da, Senadan
da adladıq,
Gurultuyla
adlayıb keçdik hər üç körpüdən.
Elə bu vaxt bir
anlıq görünüb
pəncərədən
Zəndlə baxdı bir adam vaqonun arxasınca.
Hə, tanıdım kim idi - Beyrutda bildir ölən,
Dilənçi kökündəki həmin
o miskin qoca.
Hardayam mən, hardayam? Cavabında ürəyim
həyəcanla döyünür, pıçıldayır
astadan:
"Görürsənmi vağzalı?
O vağzalda sən yəqin,
Bilet
tapa bilərsən ruhun
Hindistanına".
Nə anladır lövhədə
qanla yazılmış
elan:
"Tərəvəz" dükanında
guya kələm satılır.
Mənsə, yaxşı bilirəm:
kələm deyil satılan -
Qutuya kəsilən baş, ölü kəllə atılır.
Qırmızı köynək geyən,
sallaq sifətli cəllad
"Uf" demədən mənim də kəsib-atır başımı.
Kəlləm ən qıraqdakı
qan bulaşıq qutuda
bir az əvvəl kəsilmiş kəllələrə
qarışır.
Döngədəki hasar da sınıq-salxaq
taxtadan:
Üçpəncərəli bir ev... otu solmuş
çəmənlik...
Saxla bu tramvayı, saxla, Bələdçi, saxla!
Qoyma getsin vaqonu!
Tez ol, dayandır onu!
Sən burda yaşayırdın, sən burda oxuyurdun,
Maşenka, indi hanı şux səsin, şux bədənin?
Burda öz adaxlına sən xalı toxuyurdun,
Gerçək ola bilərmi görən,
ölməyin sənin?
Çıraqban otağında sən
özünü didirdin,
Mənsə, bu vaxt başımda pudralanmış
ağ parik
İmperatriçəmizin hüzuruna gedirdim...
Və səninlə bir daha rastlaşıb görüşmədik.
İndi anlamışam ki, yalnız
o yerdən düşən
bir işıq zərrəsiymiş
azadlığımız bizim.
Planetin heyvanat bağının girişində
Adamlar və kölgələr dayanıbmış müntəzir.
Elə bu dəm sərin
meh, xəfif bir külək əsir...
Körpünün yanındaca çatıb
məni çığnayır:
Dəmir
əlcək geyinmiş
bir atlının pəncəsi
Və qızmış ayğırının
bir cüt ağır dırnağı.
Bizi Haqqın yoluna yönəldən İsakinin
mübarək nəzərləri üstümüzdədir
yenə.
Gedib dua edərəm Maşenkamın ruhuna,
Həm də yas saxlayaram
öz acı qismətimə.
Amma demə, ürəkdən
dərd-qəm əskilməzmiş
heç,
Yaşamağın nə qədər
ağrı-acısı varmış...
Maşenka, ömrüm boyu
ağlıma gəlməzdi
heç -
Bu cür sevib, bu qədər kədərlənmək olarmış.
1921
Nikolay Qumilyov
Dilimizə çevirdi:
Mahir N.QARAYEV
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.5.