Tramvay parka gedir...  

 

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr,

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi -

Vaqon dolu olsaydı sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Relslərin calağında çıqqıldayır təkərlər,

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı,

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür...

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur,

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən -

Qaranlığın üzünə bir parça köz üfürür.

Yolda bir sərxoş durur, dünyanın ağasıtək...

- Xox... qorxub qaçacağam, kişidir, bassın görək.

Təkərlər xırhaxırla relsdə sürüşüb yanır,

Konduktor məhəccərə çırpılaraq oyanır.

Qaçır sürücüyə sarı:

- Adam basdın?

- Yox, ay qız!

Heç iti-pişiyi candan etmək yaramaz.

Qorxdun?

- Qolum əzildi yaman.

- Can-can...

Gecə saat bir,

Tramvay parka gedir.

Sürücünün saçında sürüşür qızın əli:

- Baləli!

- Can!

- Yorulmusan?

- Az-maz.

Eybi yoxdur, Münəvvər.

Parka az qalıbdır, az,

Parkacan özümüzü çatdırarıq birtəhər. -

Gecə saat bir,

Tramvay parka gedir.

Gözətçilər bayırda hərdən fışqırıq çalır,

Gözətçilər neyləsin, sübhəcən oyaq qalır,

Yuxu qovulsun gərək.

Mürgü sovulsun gərək.

- Baləli!

- Can!

- Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.

- Bu fikir hardan düşdü ağlına, ay Münəvvər?

Necə yəni gəl çıxaq, gəl ərizə yazaq səhər?

- Baləli, ayaqlarım tapdağa dözmür, inan.

Səhər-axşam ürəyim hövl edir basabasdan...

Sənə var, Baləli, bircə yola baxırsan,

Hay-küydən xəbərin, relslər üstə axırsan.

- Deyirsən , Münəvvər.

Yoldan fikrim yayınsa, yüzünün qanı gedər.

Bu yandakı güzgüdən

Dalı da görürəm mən,

Dala da baxıram mən.

Gedə-gedə minirlər,

Gedə-gedə düşürlə.

Minəndə sürüşürlər,

Düşəndə sürüşürlər.

Hamıya cavabdehəm,

qəm...

Ay dəli!

Ay tramvay gözəli!

Ay mənim konduktorum!

Köhnə bayatılarla neçin özümü yorum? -

Gecə saat bir,

Tramvay parka gedir.

- Deyirsən, tramvayın səhər ataq daşını?

Qız oğlanın çiyninə toxundurur başını.

- Bəli.

Baləli!

Hansı işə deyirsən, hara deyirsən, gedək.

Lap qızıl mədəninə...

Lap kömür mədəninə.

Gedək, amma, tən gedək.

Vaqonda işıqlar sönür bu zaman...

- Ay-hay,

- Eh, bu cərəyan da vaxt tapdı yaman.

Susur tramvay,

Bir az gedir-gedir, durur tramvay.

"Parka yaxşı gəldik", "Yaxşıca çatdıq".

"Yaxşıca dincəldik", "Yaxşıca yatdıq".

- Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,

Hava almaq pis olmaz.

Gör, bizim tramvaya yazılıb, Münəvvər,

"Komsomola hədiyyə!" əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey,

"Komsomola hədiyyə!" böyük şan-şöhrətdir ey!

- Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,

Bu vaqonla işləmək səadətdir, səadət.

Adamla dolu olur tramvay səhər-səhər,

İşə gedir camaat, işə gedir fəhlələr.

Bir parası qızarır,

Gözümdən yayınmağa bir künc-bucaq axtarır.

- Bilet alın, - deyirəm, deyirəm, dayanıram.

Bir parası ağarır.

Mən isə ağartmıram - susuram, inanıram...

- Sərnişinlər var ki... ay Münəvvər, axı sən

onların barəsində bəs niyə söz demirsən?

Bir biletçin bir onluq ötürür əldən-ələ,

Gözünü qırpmır belə...

Bəs niyə söyləmirsən: elə sərnişin də var

biletsiz düşmür yerə... keçir dayanacaqlar...

Yoxsa, sənin sözündən belə çıxır ki, daha

Bir belə camaatın işi qalıb Allaha?

Bəlkə biri xəstədir, natəmizdir cövhəri,

Ömrünün illərindən çox sevir qəpikləri.

Harda olsa, qənimət axtaranlar da çoxdur.

Hər bilet almayanın zənn etmə ki, cibində

üç qəpik pulu yoxdur.

Ölümə göz dikən var - ölüm olsa havayı,

Onların vecinə hökumət tramvayı.

Bilirəm, inciyirsən səhərdən-axşamadək

əlli min cür adamla çənə-boğaz döyərək.

İxtisara düşəcək onsuz da vəzifəniz,

Bütün konduktorları yığıb söyləyəcəklər:

"Başqa işə keçin siz!"

Gün gələcək, bizi yığacaqlar bir yerə,

Deyəcəklər: "Yaraşmır tramvay bu şəhərə.

- Sürücülər, sizinlə qurtardıq", - deyəcəklər,

"- Relslərin hamısını çıxardıq", - deyəcəklər.

Onda biz taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Sənin yaşın iyirmi, mənimki iyirmi bir,

Yelkən təzə açılır, gəmi təzə yellənir.

Parkda bizi tanıyır, parkda bizi sevirlər,

Yaxşı, çıxıb neyləyək, hara gedək, Münəvvər?

Sən biləni başqa yer burdan rahatdır yəni?

Yox, kurort zənn etməyək fabrik ilə mədəni.

Üz-üzə gələcəksən insanlarla, Münəvvər,

Hər yerdə, hər məkanda.

deyim, görəcəksən filan da, bəsməkan da... -

Xəttə cərəyan gəlir,

Qaranlıqdan işığa çıxan gözlər qamaşır.

Elektrik motoru elə bil donquldanır,

Kiminləsə savaşır.

Tramvay ağır-ağır öz yoluna düzəlir.

- Yadındamı, Baləli, qələm çəkdik hər şeyə,

Göz yumduq hər gileyə.

Eşqə, sədaqətə biz and içərək,

Vurğunun, "Komsomol poeması"nın

ilk sətirlərini xatırladantək:

Ayazlı-şaxtalı bir qış səhəri

İki yoldaş olub yola düzəldik.

Nabələd-nabələd gəzib şəhəri,

Axırda tramvay parkına gəldik.

Bizə yataqxana... bizə iş... hörmət...

İnsanlıq... şirinlik... qayğı... hərarət...

- Yaxşı ki, bunları sayırsan bir-bir...

Ötür dayanacaqlar, tramvay parka gedir,

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir...

- Mən bunları sayıram, mən bunları qanıram,

Ancaq öz qərarımı yenə doğru sanıram.

- Park bizə ev verəcək bu gün-sabah, Münəvvər!

- Parkda işləməyənlər küçədə yatır məgər?

Tramvay bir dövrənin ətrafında dolanır,

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Ömrün, həyatın yolu üfüqlərə uzanır,

Bizə qol-qanad gərək üfüqləri... aşmağa,

Üfüqün yolu çətin, üfüqün özü əlvan,

Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.

Üfüqün bir parçası harda yanır, Baləli?

Kəndimizin üstündə, yanırmı?

- Yanır, bəli!

- Bax, o həmin parçada niyə görünməyək biz?

Tinlərin arasında tam sürəti boğulan

Tramvayda üçün keçsin ilk gəncliyimiz?

Səninlə bağlamışam arzumu-diləyimi.

- Peşmansan?

- Yox?

Duymursan ürəyimi?

Getməsən , dözərəm.

Boynumda pul çantası, əlimdə bilet topu

Tramvayda gəzərəm.

- Münəvvər!

Maaş günüdür səhər,

Nəqd, halal.

Gedək, xoşlasan, al.

İkimizin qazancı üst-üstə xeyli tutur,

Maaş günüdür səhər.

Ağlayan bir uşağı konfet ovundurantək

Böyük pul alanda hər ağrını unudur,

Qız başını bulayır:

Çanta yana əyilir, pullar dağılır yerə.

Diksinib cingiltidən geri baxır sürücü

gözucu.

Yenə dönür irəli,

- Saxlayım?

- Sür,

Baləli, sür!

Parkın darvazasının işıqları görünür.

 

1962

 

Qabil

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.6-7.