Allah
Necə
gözəl çoxalır zaman zamanın içində,
an anın içində,
insan insanın içində,
Allahı
insanın içində...
Gecədən keçib gedir yol,
çatmaq olmaz, çatmaq
olmaz,
yuxu ölümün o uzü
yatmaq olmaz, yatmaq olmaz.
İnsan
insanın içindən
keçib yoxa çıxar,
çıxar,
Allah insanda bar verib
insandan qopartmaq olmaz..
Ayağın
altını göy bil,
başının üstünü torpaq,
yaşamaqdan qorxa-qorxa,
çoxalmaqdan qorxa-qorxa,
yox olmaqdan qorxa qorxa
olmaz ki
Allah olmaq...
Özünü
sulara üfür, külünü sulara üfür,
öləndə oyatma Allahı,
şum açmayacaq,
dən səpməyəcək..
dirisənsə,
səhərin açıldığını biləndə oyatma
Allahı...
Oyatma,
evinin qapısını açıq qoy get,
özü öz yuxusuna sığal çəkəndi Allah,
özü öz dənizində
gəmidi Allah,
özü öz gəmisində
yelkəndi Allah...
Hənirinin
içindən,
öz dəninin içindən çıxıb gəlib
sən dünyadan Allah üçün
darıxıb gedirsən,
Allah dünyaya sənin üçün darıxıb gəlib...
Yaşıl
ürəkli şeir
Elə
adamlar var, adamdan qabaq
Bilinir, bir dəstə yarpaq olublar.
Olublar yamyaşıl, kövrək
sevincli,
Sonra saralıblar, qopub düşüblər.
Sonra düşdükləri yerdə
ölüblər..
Üstündən
ay keçib, il keçib,
Bəlkə,
Ruhları dolanıb bağların
üstə.
İntizar dağ boyda, ümid bir tikə,
Budaqdan qopmaqla barışmayıblar,
Çürüyüb torpağa qarışmayıblar..
Yaddaşdan
çıxmayıb yaşıl çağları,
Üzülüb əlləri yenə,
üzülüb.
Düşüb öldükləri şah
budaqlara
Hər bahar başqa yarpaqlar düzülüb...
Sonra...
Sonrasında nə olasıdır,
Gediblər, itiblər öz-özlərindən
Sonra doğulublar.
Adamlar kimi,
Yaşıllıq tökülür üz-gözlərindən...
Hələ
də sağdırlar, hələ də canlı,
Hələ də sevirlər
ağaclarını.
Bir yol kənarında,
Bir dağ başında
Görəndə hələ də
gözləri dolur.
Bəzi
adamların yarpaq keçmişi
Çürümür,
Göyərib ürəyi olur..
Dərd
Vaxt
yetişib, yaz gəlib,
Allah da dərd göndərib...
Çiçəkləmiş
alçada sərçələr cikkildəşir,
Gözümü zilləmişəm, ləkəli pəncərədən
göy üzünə baxıram.
Şüşəni döyəcləyir,
tıqqıldadır külək
də,
Allah da dərd göndərib,
Mən də ki darıxıram...
Sərçə
barmaqlarının budaqdan yapışması,
Alça
çiçəklərinin küləkdə uçuşması
Niyə
kədərləndirir ürəyimi
bir belə?
- Mənim də ki fikrimin
bir belə dolaşması
Olmaya,
Eh!
Olmaya! -
deyirəm gülə-gülə,
Amma gözüm yaşarıb...
Alçanın
xəbəri var,
Sərçənin xəbəri
var,
Göyün də xəbəri
var,
Pəncərənin? - Bilmirəm...
Allah dərd
göndərməyə yazı seçib, yaz gəlib,
Nəsə bir məna yoxdur ləkəli pəncərədən
harasa baxmağımda.
Mən də ümid edirəm yaşamağa, alça da,
Sərçə möhkəm yapışıb
sısqa barmaqlarıyla alçanın
budağından...
Bağdayam
Günəş batmağa gedir,
Mən vaxtla yarışıram.
Sevimli ağacımın altında
oturub
Sınıq-salxaq tərcümədə Borxesi oxumağa
çalışıram.
Bir az aralıda polislər
Ayaqüstə çay içirlər.
Bir pişik ayağıma söykənib dayanıb,
Qarşımdan sevgililər keçib
gedirlər.
Boylu-buxunlu
oğlan
Başını yerə dikib yeriyir.
Qız əl-qolunu ölçə-ölçə,
Uca səslə oğlanı danlayır.
Əyilib
pişiyə sığal
çəkirəm,
Deyəsən, həyatın kitablardan
qısa olduğunu
Bir mən anlayıram, bir də ağaclar anlayır...
Hədiyyə Şəfaqət
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.9.