İntellektual poeziya: ədədi
münasibətlərdən ədəbi mənalara
Əli Şirin Şükürlünün
şeirləri haqqında
Şair-esseist,
yazıçı
Əli Şirin
Şükürlü çağdaş
poeziyada poetik təxəyyülünün, şeir simvolikasının sərbəstliyə,
genişliyə
malik olması
ilə seçilən şairlər sırasında yer alır. Onun şeirləri poetik yönünə görə Azərbaycan şeirinin müasirlik axtarışlarının müəyyən
bir mərhələsini
səciyyələndirmək gücünə malikdir.
Əli Şirin Şükürlü
Azərbaycan poeziyasında
əsasən, şeir-esse
janrının və ədəbi suprematizm ədəbi cərəyanının
müəllifi kimi tanınır. Suprematizm ( latınca supremus
- mənası "ən
yüksək" deməkdir)
- təsviri sənətdə
avanqard cərəyandır,
əsası 1913-cü ildə
Kazimir Maleviç tərəfindən qoyulub. Yəni sadə həndəsi fiqurların
(üçbucaq, dairə,
kvadrat və s.) abstrakt formalarından rəsm əsərlərində
istifadə texnikasını
əsas götürən
bu cərəyanın
ədəbiyyatda, poeziyada
işlənmə rakursu
da bu məqamla bağlıdır. Başlıca
məqsəd həndəsi
fiqurların abstaksiyasından
yaranmış əsərlərin
yol açdığı
estetik mənaları,
fəlsəfi fikirləri
üzə çıxarmaqdır.
Əli Şirin Şükürlüyə görə,
"movcud olan hər şeyin öncə "riyazi dildə" ifadəsi vardır. Hər şey həndəsi formaya malik olub, əsasında ədədi
münasibətlər dayanır".
Əli Şirin Şükürlünün
bu yöndə qənaətləri onun elmi-bədii-publisistik üslubda
yazdığı "Ədəbi
suprematizm və Dünyaya yeni baxış"
(2019) adlı kitabında
ətraflı şərhini
tapmışdır. Bu kitaba
müəllifin iki müxtəlif elmi-fəlsəfi
konsepsiyası əsasında
ərsəyə gələn
- İntellektual poeziya
haqqında nəzəriyyəsi
və bu nəzəriyyənin formalaşmasında
mühüm rol oynayan riyazi qanunauyğunluq əsasında
qurduğu fəlsəfi
model daxil edilmişdir.
Şair
üçün ətrafda
görünən hər
şey həndəsi izahı olan mövcudluqdur. Əli Şirin Şükürlü
bütün mövcudluğun,
hətta mövcud olmayanın belə izahını verməyə
cəhd edən mətnlər yaradır. Onun şeirlərində və nəsr əsərlərində (magik
realizmə aid iki povest, hekayə və esselərində) rəqəm və hərflər əsas obrazlardır. Bütün
var olanlara, bütün
nəsnələrə münasibətdə
fərqli bir dünyagörüş meydana
qoymaq Əli Şirin Şükürlünün
poetik kredosunun əsas mahiyyəti sayıla bilər. Bu fərqlilik nədə özünü göstərir?
Şairin yaradıcılıq
laboratoriyası üçün
belə bir model aparıcıdır: elmi informasiya - fəlsəfi düşüncə - bədii
təfəkkür: Eİ - FD - BT. Yəni müəllif istənilən ədəbi
mətnə elmi anlayışın fəlsəfəsindən
nəzər yetirir, bu üç müxtəlif düşüncə
sistemi arasındakı
mövcud bağları
üzə çıxarmağa
çalışır. "Ədəbi
suprematizmi şərh
edən Şükürlüyə
görə, intellektual
təmayüllü bədii
mətnlər yaradarkən
elmi nəzəriyyələrin,
elmi faktların və anlayışların
fəlsəfi düşüncə
vasitəsilə mətnlərə
gətirilməsi texnikası
informasiya - fəlsəfi
düşüncə - bədii
təfəkkür komponentlərinin
şərtləndirdiyi ardıcıllıqla
həyata keçirilir"
(Azər Turan). Müəyyən poetik nümünələr əsasında
fikrimizi əsaslandıraq:
Ağac
həm də quşdu, quş - balıq,
balıq
- su, su - torpaq, torpaq - insan,
insan - idrak, idrak - Allah, Allah - kainat.
Göyüzü - dəniz, ulduzlar
- çiçək,
çiçəklər - kəpənək,
kəpənəklər - uçuş;
Uçuşun nə olduğunu
heç nə anlada
bilməz
kəpənək uçuşu
qədər.
Bu şeirdə müəllif
kəpənək uçuşundan
sonra sonsuzluq işarəsi qoymaqla onun ənginliyinin, intəhasızlığının ifadəsinə çalışır.Və
istədiyinə nail olur.
Bir işarə ilə
ən dərin duyğuların şəklini
yaradır. Əli Şirin Şükürlünün
poeziyaya tətbiq etmək istədiyi amil elə bu məqamla
bağlıdır. Müxtəlif
rəmz, işarə,
sxem, həndəsi fiqurlardan yararlanmaqla oxucunu mənəvi varlığın sirlərinə
yaxınlaşdırmaq, idrakın rolunu hiss,
duyğu qədər önə çəkmək:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan
savayı.
Nəsə qalır daima geriyə səsləyən,
Qravitasiya
təsirini
Uzaqlıqların belə zərrəcə
Azalda bilmədiyi nəsə -
dəqiq
adını tapmaq çətin olur çox zaman.
Bu cür bədii-estetik manevrlər Əli Şirin Şükürlünün
əksər şeirləri
üçün xarakterikdir.
"V şəklində uçuş
- azadlığın fəlsəfəsi"
şeirinə diqqət
edək:
V şəkilli uçuşları
seyr etdim bir qədər: VVV...
hər biri ayrılıqda
bir uçağı xatırladar
səmada həm də.
Və
Azadlığın əsl fəlsəfəsini
anladım:
Azadlıq vərdiş imiş,
demə,
hər yaranmışda olmayan bacarıq -
başqa
heç nə.
Məsələn, quşların uçmaq
vərdişi kimi.
Göründüyü kimi, şairin poeziyaya gətirmək istədiyi yenilik - zəkanın dəqiq məntiqi ölçüləri ilə
ona uyuşan və uyuşmayan məfhum və hadisələr arasında
əlaqə yaratmaq və bununla, insanın, dünya və təbiətin özü haqqında yeni təsəvvür və dünyagörüşü formalaşdırmaqdır.
Maraqlı olan həm də budur ki, şairin qabartdığı və
önəmsədiyi bütün
idraki yüksəlişlər,
kainatın rasional inkişaf sxemi qarşısında mənəvi
dəyərlər güdaza
verilmir. Əksinə,
bu şeirlərin özü hər cür rasional hücuma qarşı bir üsyan, etiraz təsiri bağışlayır. Bəhs
edilən hər şey özünün bədiyyat enerjisi ilə keçmişə,
qədim mədəniyyət
qatlarına bağlanır.
Metafizik yüksəlişdən
yeni dünyanın, yeni paradiqmaların
gətirdiyi nizamsızlığa
enmə məqamı bu şeirlərdə əsas təsvir predmetidir:
Zamanı
daha çox zamana şahid köhnə
saatlar anladar - fırlasan oxlarını geriyə
döndərə bilməzsən yaşananları:
"Yaşanmış sevdasan,
zamantək
geri dönməzsən, keçmiş
zamansan artıq".
Sevgi ismarışları süni
yaddaşlarda, neçə
baytlıq sevgi uyuyar elektron xatirələrdə; yerini
verməz saralmış
vərəqlərdəki sevgi
məktublarının. Texniki
tərəqqi - ülvi
hisslərin qənimi.
Süni
intellektin zamanı gəlir; əlvida sevgilərə, əllər
yuxarı!
Əli Şirin Şükürlü
bu cür riyazi münasibətlər
və məntiqi formaların aparıcı
olduğu şeirlərinə
vətən, torpaq ağrısını da yerləşdirə
bilir. Onun 2008-ci ildə yazdığı
"Azərlə Baycanın
hekayəsi" adlanan
şeir pritçası
var. Bu pritçada Azərlə
Baycanın sevgisindən
bəhs edilir. Amma bu necə sevgidir?
Vətən sevgisi, talan olmuş yurd yerinin həsrəti.
Mətndə işğal
altında olan torpaq anlayışı itirilən şərəf
obrazı ilə gözəl xarakterizə olunur.
Bilirsən, Baycan,
mən bir qızı sevirdim uşaq vaxtından,
əsir
apardılar gözüm
görəsi,
onun adı Şərəf idi. Ş-ə-r-ə-f...
boğulur Azərin səsi.
...Azər içindəki havadan qaçır ...
...Yəni belə olacaq -
illər
ötüb keçəcək,
sən mənsiz yaşayacaqsan,
mən sənsiz öləcəyəm?!.
Əli Şirin Şükürlü
həm də minimalist
şeirlər müəllifidir.
Həyat, ölüm,
sevgi, qadın, müxtəlif ömür
yaşantıları barədə
düşüncələrin poetik şəkildə mənalandırıldığı bu şeirlərdə təsvir, söz israfçılığına yol verilmədən metaforik çoxmərtəbəlik
yaradılır, iki, bəzən üç misra bizi gerçəkliyi
panoram şəklində
qavramağa kömək
edir.
Ölüm - nə tez yayılırmış
sükutun səsi.
***
Yaxınlaşdım
dənizə, uçdu qağayılar.
***
Hamının olan qadının
bətni
kimsəsizliklə dolar.
Doğar
balası
kimsəsizlik olar.
***
Göy üzü islanmaz
Yağışdan sonra.
Yağışdan sonra bulanmaz çirkaba
Batmaz göy üzü.
***
Qapılar
İnsanın özündən çıxış
yoludur.
***
Gizləndim
Özümü axtardığım yerdə.
Bu formatda, "Yağış,
gölməçə və
günəş" adlı
belə bir minimalist şeirə baxaq. Müəllif mətni sanki söz və düşüncə
oyunu üzərində
qurur, amma bununla həm də dilə yaradıcı münasibət
göstərir:
yağış
yağış yağış
yağış yağış yağış
yağış yağış yağış
yağış...
gölməçə gölməçə
gölməçə... gölməçələr
yağış yağış yağış
yağış...
yağış yağış yağış
yağış yağış
yağış
gün çıxır
gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır gün çıxır...
quruyur gölməşələr
yenə
yağış
yenə
yağış yenə
gölməçə
yenə
yağış yenə
gölməçə yenə
günəş
..........................................................
yaranan hər şey
öz-özünü sonsuz təkrar edər
Əli Şirin Şükürlünün
bütün şeirlərində
mənəvi-əxlaqi harmoniya
axtarışını görməmək
mümkün deyil. Fəqət bu axtarış əzmi fərdi taleləri rədd edən harmoniya üzərində
qərarlaşmır. Əksinə,
poetik dərkin predmetinə çevrilən
bütün situasiyalarda
söhbət insanlıqdan
gedir, bütün sosial və mənəvi problemlər insanların psixologiyası
çərçivəsində, obrazda, estetik ümumiləşdirmələrdə açılır və öz kəskin çaları, natural boyası
ilə poeziya tarixinə həm də XXI əsrə verilmiş şərh, ümumiləşdirmə məzmunu
kimi daxil olur. Bu şeirdə olduğu kimi məsələn: "Şər
yoxdu, Şər - Xeyirin yoxa çıxdığı
məqamdı: // elə
söylərdi Zərdüşt
təəccüb və
heyrət içində,
// baxıb yalnız əyləncə və təmtəraq əsiri soydaşlarının // dəyişməyən
iki min beş yüz illik oxşarlığına...".
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.8.