Kölgə-adam
Ədəbi tənqid
"Gördüyünüz, rastlaşdığınız adamların yanından laqeyd ötməyin..."
İsi Məlikzadə
Kölgə. Ağacın kölgəsi, evin kölgəsi. Adamın kölgəsi.
Bulud da kölgədir; bütün kölgələri kölgədə qoyan kölgə. Şair necə deyib: "Buludlar bir
zaman təsəlli idi"?! Amma bu cümlədəki bulud hər
cür təsəllini yerlə-bir eləyən elə bir
ümidsizlikdir ki...
"Anlayırdı
ki, Sayad onunçün intəhasız göyün lap uzaq
nöqtəsində közərən ulduz kimidir. Sayad səmada
axan bir parça buluddur. Qopart o ulduzu, görüm necə
qoparırsan. Endir yerə o buludu, görüm necə endirirsən"
("Küçələrə su səpmişəm"
povestindən).
Deməli,
belə, nə qədər ki, göyün dərin, uzaq ənginliyində
ulduz közərtisi görəcəkdi, deməli, nə qədər
ki, buludlanan göylərə gözü sataşacaqdı, bu
göynək Xəlillə bir yaşayacaqdı, hər dəfə
də yadına salacaqdı ki, Xəlilin "küçələrə
su səpmək" şövqünün bir qara qəpiklik
qiyməti yoxmuş, heç yoxmuş... Xəlilin
arzularının fəsli baharıydı, Günəşin, hərarətin
hökmran olduğu yay fəsliydi. Xəlilin ömrü isə,
qış ayazında, payız tutqunluğunda keçdi və
bu buludlu rüzgarın baisi...doğmaları oldu, qardaş
bildiyi əmisi oğlu oldu. Hadi demiş, bundan ağır
yük çəkilməz, bu ağılar içilməz...
Deməli, qəlbin bu viranəliklərini də
dolaşmalısan ki, xatirələrin olsun, xatirələrin
olsun ki, tarixin olsun. Deməli, hər insanın xatirələri
onun tarixidir, onun vətəninin tarixidir. Deməli,
yazıçının gücü xalqının tarixini yaza
bilməsindəymiş. Bu tarix hadisələrin yox,
düşüncənin tarixiymiş - hadisələrin gətirdiyi,
qoyub-apardığı düşüncənin tarixi.
Xəlilin
taleyinin ardınca gedib "oxuya bildiyin" bu fikri
öz-özünə pıçıldayacaqsan və
kitabı qatlayıb qoyacaqsan kənara. Cümlələrin
ağırlığının və ağrının
hövlünü özündən uzaqlaşdırmaq istəyəcəksən,
yeri-göyü köməyə çağırıb,
laqeydlik, biganəlik örtüyünün bir ucunu çəkəcəksən
qəhərinin üstünə: "Axı, nə var e burda?
Yazıb da, nə olsun? Hamı yaza bilər bu cümləni,
elə deyilmi?" Amma üstünə çəkdiyin
örtüyün arasından sızıb qəlbinə-qoynuna
dolan bir fikir çökəcək sinənə: "Deyil, atam balası, deyil,
qardaşım, bacım, heç də elə deyil; məsələ
bu cümləni hamının yaza bilib-bilməməsində
deyil; bu cümləni yazanda Xəlili yaşayıb, Xəlil
olub onun kimi yaxılmaqdadı, bu cümləni yazanda
içini qarsıyan alovun göynəyini adamın ürəyinə
sızdıra bilməkdədi. Bu alovun
qarsıtdığı ürəyin cızıltıyabənzər
ahını kürəyini yandıra-yandıra vücudunu
dolaşdırmaqdadı... Sonra hansısa rəssamın "hər
çəkdiyim portret mənim üçün əzablı
bir xəstəlikdir" fikrini xatırlayıb,
yazıçının halına acıyacaqsan; bu hesabla,
neçə xəstəliyi olub, nə qədər əzab
yaşamalı olub və başlıcası, bütün
bunları nəyin hesabına sinirmək olur görəsən?
Beləcə,
istər-istəməz, İsi Məlikzadə ilə
bağlı düşüncələr sıralanacaq xəyalında.
İsini
oxumayan adam ömründə insanın ağacla,
çiçəklə, daşla, çayla, yarpaqla...
sirdaş olmağının nə demək olduğunu, necə
olduğunu duymayacaqdı. "...Kür nəfəs çəkib,
köks ötürüb dedi: ay oğlum, əziz oğlum,
eşit və agah ol ki, dikəlməyə taqətim
qalmayıb, nə aşıram, nə daşıram.
Üstümdə bənd qurublar, hirsim-havam alınıb,
boynum kəməndə salınıb. Ayaqlarım cidarlı,
qollarım bağlı. Dodaqlarım Dədə palıdın
kökünə çatmır, Dədə palıdın
yanğısını söndürə bilmirəm. Quruyacaq Dədə
palıd, ayaq üstə can verəcək... Kür bunu deyib
başladı şırıl-şırıl axmağa. Bala
palıd da başladı gözlərindən bıldır-bıldır
yaş tökməyə" ("Dədə palıd").
İsini
oxumayan kəs İsi Məlikzadə adlı Azərbaycan
yazıçısının həkimliyindən bixəbər
olacaqdı. Həkimlik diplomu olmayıb İsinin, ixtisasca
biologiyadan - təbiətşünaslıq elmindən uzaq bir
sahənin - neft kimyası üzrə mütəxəssisiydi.
İsinin ürəyi təbiətin damarı üstündə
gəzib həmişə. Ürəyi nəyi nə cür
eşidib-duyubsa, İsi də o cür yazıb. Yazmayıb, əslində,
İsi nəsrimizin o yazıçılarndandı ki, təbiət
və insan ekosidinin narahat-nigaran nəfəsini uzaqdan-uzağa
duyub-eşidib yazıya almayıb, insanla təbiətin birliyi
möcüzəsini yaşayıb və ona görə də
bu möcüzəni oxucusuna yaşada bilib, özü də
rahat, gözəl dillə yazıb yaşadıqlarını.
İsinin nəfəsi təbiətin nəfəsiylə bir
gedib-bir gəlib. Son dərəcə səmimi, ünsiyyəti
cəlbedici edən əndazəli yumor hissinə malik
insanın mətni də eyni enerjini verir. Fərdin xarakterinin
üslubun qaynağına çevrilməsini belə halda
müşahidə etmək həmişə xoşdur.
"Meşə
nəfəsini udmuşdu, daha meşədən
qızılgül ətri gəlmirdi. İndi Kür də səngimişdi,
daha dalğalı diliylə sahili yalamırdı. Kür
susmuşdu, Kür küsmüşdü. Kür bu yerlərdən
asta-asta, oğrun-oğrun keçirdi, çünki
Kürün hənirini səsə göndərən, avaza
döndərən ağaclar yox idi" ("Dədə
palıd").
O, fərdin,
ailənin, toplumun, gördüklərinin,
tanıdıqlarının taleyini, düşüncələrini,
yaşantılarını yazmırdı.
İnsanlığın tanış hiss və
duyğularını, bir-birinə bağlı və bir-birindən
uzaq, bir-birindən asılı və bir-birindən ayrı
insanın təbiətlə eyni nəsibi
bölüşdüyünü düşünürdü və
düşündüklərini sanki yeni bir təhkiyə ilə
pıçıldayırdı oxucusuna. Bəli,
pıçıldayırdı, söyləmirdi,
danışmırdı. Çünki, onun ədəbiyyata gəldiyi
altmışıncı illər Səsin xaosunu, bu xaosda
çaşbaş qalan İnsanın təbəddülatlarını,
təəccübünü və süstlüyünü
yaşayırdı. Bu qarışıqlıqda hələ də
Şəxsiyyətin xofu və iradəsinin havası vardı,
fərdin, "xırda adam"ın nə
duyub-düşündüyü hələ bütün mənzərəsi
ilə maraqlı və görünən deyildi. Hələ də
sosial-sinfi məsuliyyətin ifadəsi qabarıq idi, daha
geniş ictimai problemlər ədəbiyyatın əsas
mövzuları olaraq qalırdı. Üstəlik, nəsrdə
özünü göstərən yeni təmayüldə
- yolda İsa Hüseynov, Mirzə
İbrahimov, Sabir Əhmədli, İlyas Əfəndiyev,
İsmayıl Şıxlı vardı. Maqsud və Rüstəm
İbrahimbəyovlar, Çingiz Hüseynov, Əkrəm
Əylisli, Anar, Elçinin qəhrəmanları sanki sələflərinin
taleyini, ömür, ölüm, həyat, xoşbəxtlik, tənhalıq
haqqında trafaret düşüncələri
bölüşməyə tələsmirdilər, sanki bir tərəddüd
anı yaşanırdı və bu anın məğzini, dəyişikliyə
doğru meyillənməni yeni ifadə tərzi ilə, fərqli
intonasiyanın köməyilə təqdim edirdilər. Bir qədər
ekzistensializmə meyillənmə, özünə qapanan qəhrəmanın
daxili nitqində hiss olunan burulğan...
İsi Məlikzadə
bu adların ərazisində öz obrazını qoya bildi.
Altmışıncıların gənc nəslinə mənsub
olan bu yazıçı Azərbaycan ədəbiyyatının
sağlam, zəngin ədəbi ənənə zəmininə
söykənməklə, nəsr dilinin çəkici ahəngi,
poetik ruhu ifadələrini yada salan yazıçı təhkiyəsi
ilə nəsrin obrazlar dünyasına qeyri-standart
yanaşmaları miqyaslandıran insanı gətirirdi. Bu insan,
mütəşəkkil ahəngdə olmasa da, tutqun şəkildə
hiss olunsa da, mənəvi idealın, mənəvi məsuliyyətin
bəşəri, qlobal dərkinə səmtlənən cəmiyyətin
insanıydı, əslində.
İsi
bir yazıçı kimi, süstlüyün səbəbini
insanın daxilində yox, sosial idealla, əqidə ilə Səsin-Sözün
bağlarının qırılmasında görürdü.
Görmək - ürək işidir, göstərmək -
istedaddır. Ürəyin də qəribə oyunları var;
uzun-uzadı, bər-bəzəkli təqdimatı nə
yadında saxlar, nə ruhuna sinər. Qısa, lakonik, novellavari
sonluq və hədəf. Tərzin, üslubun tələb elədiyi
canlı, şirəli, "adam dili".
Onu ədəbiyyat
adlı məmləkətin sərhədində də
qarşılayan bu xaos olmuşdu. Kimsənin
tanımadığı gəncin yazısının sevincini
bir qəzetdə yarım illik sabah ümidinə büküb
çatdırmışdılar ona. Sabah əvəzinə,
yarım il gözləməyi bir yana, soyadını da səhv
yazmışdılar. Beləliklə, İsi Məlikzadə
yazıçılığın, qara şriftdən
gülümsəyən şöhrətin ilk fərəhini
İsi Məmmədzadə imzasına güzəştə
getməli olmuşdu. Bəlkə bu "bala
batırılmış acı yanlış"ın
qarışıq tamının adıydı
yazıçılıq?! Bəlkə bu ilk işarə,
sövq-təbii olaraq həyatı nişan vermişdi, demək
çətindi, amma o, "bu sevdadan usanmadı", hər
halda.
İsinin
qəhrəmanları insanlar deyildi, əslində, zamandı,
vaxtdı, bu zamanın, vaxtın insan talelərinə
vurduğu naxışlardı, izlərdi, bu izlərin
yaşatdığı hisslər və duyğulardı.
İsi, sanki, illəri qabaqlayaraq, cəmiyyətin
siyasi-iqtisadi-mədəni platformasının yox, bütün
uğurların, nailiyyət və göstəricilərin əsasında
duran, daha mühüm olan əxlaq, mənəviyyat məsələlərinin
vacibliyinin dərkini qabardırdı, bu qütbün
münasibətindəki kəmliyi, insan-təbiət-insan
üçbucağında, insan - təbiət münasibətlərinin
qlobal səciyyəsində yeni əxlaqi məqamları
xatırladırdı.
İsi Məlikzadə
ədalı yazıçı pozasından, bioqrafik hesablamalar
cəbrindən o qədər uzaqdı ki, kənkan da, institut
müəllimi də, ocaqçı da, həkim də, çəkməçidən
tutmuş, yazıçıyacan, hər kəs İsiylə
bir qatarda, bir kupedə yol gedə bilərdi, rahatca yoldaş
ola, ürəyini ona aça bilərdi, yaşıl gecələrin
vahiməli sükutu onunla dil açıb danışardı,
milisioner İslam bacısı Ağcanı "adlarına
layiq" köçürməyin xatirinə simasını
itirməyini də ona etiraf edərdi, rahatlıq naminə ata
yurdunu satmağı təkid edən ürəksiz
övladın səsindən üşüyən ata yeganə
balasından sidqinin sıyrılmasını da onunla
bölüşə bilərdi. İsi də, bəzən,
"dərdini götürüb üstünə
qaçan" bu adamların əhvalatlarını yazıya
alanda "zəruri bədii təfsilatlara səxavətlə
yer verməyi", aludəlikdənmi, ya nədənsə,
unudurdu, bir az da özünü - yazıçı pafosunu
düşünsəydi, - onu klassik ədəbi sələflərinə
bənzədən müasirlərinin yanaşmalarına təftişi
sığortalayardı.
İsi Məlikzadə
Azərbaycan nəsrinin son 50 ilində müqayisə edilməyəcək
bir üslub qoyub kinayə ilə sarkazm arasında elə bir zərif
keçid edib ki, bu intonasiya Üzeyir bəy
satirasındakı intonasiyanın səviyyəsini
xatırladır. Yazıçının parlaq obraz
anlayışına yüksəklik yox, sadə dərinlik və
bir qədər də passiv romantik ovqat xasdı. Bu sonuncu onun
"qəhrəmanları"nı çox vaxt "öz
içində yandırır". İsi yazarkən, sanki qəsdən
məkanı unudurdu, onun "kənd nəsri" heç də
coğrafi mənada dərk olunmur, tez-tez şəhər-kənd
keçidləri etməklə, kəndi
dolandırıb-adladıb şəhərdən keçirməklə,
obrazların, hadisələrin təkamülünü şərtləndirən
situasiya dəyişikliyinə məruz qoyurdu. İsinin qəhrəmanları
qapalı məkanda qərar vermirlər, qərarlarının
düzgünlüyünə özlərinin əmin olması
üçün hökmən çölə - havaya "söykənir",
düzəlməsinə ümid olmayan biçarəliklərə
ləyaqətlə tablaşmaq üçün təbiətdən
güc almağa, ona sığınmağa can atırlar.
İsi Məlikzadə
şehli çəmənlərin işığını
dünyadan - həyatdan əlini üzmüş,
ölümün astanasında onun soyuq nəfəsini hiss eləyən
insan üçün həyat iksiri bilən
yazıçıydı. İnsan münasibətlərinin
ekologiyasında tərtəmiz yaşıl ada olan insan - təbiət
ahəngini, birliyini bütövlükdə cəmiyyətin
sağlamlığına əlac bilirdi. "Bahar günəşinin
qırmızımtıl-sarı şəfəqi yerə
çökmüşdü və bu şəfəqdən
yaşıl - tər otlar, çiçəklər,
ağaclar - hər şey alov rənginə
çalırdı. İlıq havadan qızılgül ətri
gəlirdi, uzaqdan-uzağa quşlar cikkildəşirdi. Mirzə
fikirləşdi ki, ilin bu əyyamında ölümdən
danışmaq, vallah, axmaqlıqdır. Mirzə rahat köks
ötürüb, gözlərindən təbəssüm
tökülə-tökülə güzgü təki tərtəmiz
göyə baxdı" ("Şehli çəmənlərin
işığı").
Bu hekayənin
qələmə alındığı vaxtda İsi Məlikzadə
milli nəsrin yeni dalğasına mənsub maraqlı
yazıçı kimi ciddi ədəbi tənqidin diqqətini
cəlb etməkdəydi, "ideya-estetik mahiyyəti etibarilə
elmi-məntiqi dolğunluq və ciddiyyət tələb edən
təhlilə layiq" (İntiqam Qasımzadə İsi Məlikzadənin
"Quyu" povesti haqqında belə yazırdı
("Ulduz", 1978, ¹ 4 ) və zənnimizcə, bu təsnifat
yazıçının bütün
yaradıcılığına aid edilə bilər.) əsərlər
müəllifi idi. Sənət kredosu və sənətkar
amalı da onun ədəbiyyata gəldiyi
altmışıncı illərin bədii-estetik idealına
sadiq idi; "yeni estetik baxım və ölçü, əlvan
ideya-fəlsəfi çalar,...stereotip ideyadan uzaqlıq...
" (Yaşar Qarayev) .
Cəmiyyətdə,
dünyagörüşündə ayaq alıb yeriməkdə
olan qeyri-müəyyənlik həssas
yazıçının yaradıcı istiqamətini yönəldirdi,
gənc yazıçı da ələ düşən
"fürsət" - Sözün tarixini dəyərləndirmək
- məqamında "sos" zəngini səsləndirməyə
can atırdı. Pıçıltısının
gözünə hərdən xalq ruhundan bir çimdik
qatırdı, palıda söykənib, gümüşü əfsanələrə
dalırdı, su səpilib tozu yatmış küçələrin
sərinliyində cəmiyyətin yoluna çıxmaq, insana
münasibətin aydınlaşmasına nail olmaq istəyirdi.
Ədəbi idealın əqrəbini insana və insan-təbiət-cəmiyyət
nizamına tuşlamaq - "ottepel" zamanının
missiyası bu idi. İsi Məlikzadə üçün bu dəyər
və missiya yazıçı əqidəsi idi. İsi ilk
baxışda adi görünən təfsilatda elə
xırdalıqları qabarda bilirdi ki, buradakı mahiyyət
öz təhkiyəsi ilə görünürdü və
seçilirdi. İsinin yaradıcı obrazını fərqləndirən
də elə buydu; mahiyyətin təhkiyəsi
yazıçı təhkiyəsiylə həmahəng idi. Bu
həmahənglik adamın qəlbinə bir istilik, aydın bir
doğmalıq bəxş edir. Məhz bu doğmalıq hissi
yazıçını görməyə, tanımağa, dərk
etməyə sövq edir, sanki adam bu ahəngdarlıqda, bəlkə
fərqinə varmadığı, adını bilmədiyi elə
nəsnələrə sahiblik duyğularına
bürünür ki, hər şey ona başqa cür - bayaq
gördüyündən fərqli rəngdə, fərqli
biçimdə görünür. İnsan onu aciz qoyan hər
şeyə dəyər verməyə başlayır; sözə,
vaxta, fürsətə...
"Umud
balaca olanda bu barı da alçaq idi. Onda Xalıq kolxoz sədri
deyildi. Umud böyüdükcə barı da kərpic-kərpic
qalxdı. Sonra Xalıq sədrin yumşaq stulunda oturdu və
barı qəflətən boy atıb iki Umud
hündürlüyündə oldu" ("Quyu"). Barı
rəyasətlə aşağıdakılar arasında elə
bir keçilməz səddə çevrilirdi ki, bu səddi
keçməyin mümkünsüzlüyü bir kəndin
adamlarını - dünənəcən
şadlığı-qayğısı bir olan camaatı
bir-birindən elə uzaq salırdı ki, sosial bərabərlik,
humanist ovqat istehza, gülünc yerinə dönürdü, rəzalətin
virus qorxusunu fokuslandırırdı həm də.
İsinin
povest və hekayələrini ədəbi ssenari kimi işləməsi,
ssenarilərinə film çəkilməsi də ona görə
rahat idi ki, onun mətnləri kameranın obyektivi kimi idi,
panoram və iri plan effekti ilə batini təqdim etməyə
hesablanmışdı. Amma İsinin filmləri rəngli
qavranılmır, ona görə yox ki, İsi həyatı
ağ-qara rəngdə görürdü, yox, ona görə
ki, bu iki rəngin təsvirə yox, mətləbə daha
çox dəxli var.
İsi Məlikzadənin
bir yazıçı, ssenarist, insan kimi ömründə nəyin
əldən çıxdığına daha çox təəssüfləndiyini
bilmək istərdim! Amma İsi Məlikzadə
üçün Yaşamağın nə demək olduğunu
bilmək çətin deyil; onun üçün həyat - nəfəs
almaq deyil! İsinin yaradıcılığında həyatın
nəfəsi duyulur.
İsi Məlikzadənin
nəqli cümlələri əqli cümlələr kimi
qavranılmağa başlayanda, yazıçı ruhundakı
dərinliyə, zərifliyə, şairliyə heyrət etməyə
başlayırsan. İsi Məlikzadə bu heyrəti hadisələrin
rəngarəngliyinə rəğmən, mahiyyətlərin
sabitliyinə bağlaya bilirdi.
Necə
deyərlər, Kölgə özündən daha çox,
Günəşi ifadə edir.
Bəs
kölgə-adam necə?
Südabə
AĞABALAYEVA
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.10-11.