Hüseynbala Mirələmov:

Ədəbiyyat o iki qütbün arasındadır...

 

Hüseynbala Mirələmovla müsahibə

 

- Hüseynbala müəllim, xeyli vaxtdır, imzanız görünmür.

- Yazmaqla məşğulam. "Bəyaz buludlar üstə" romanımı tamamladım. İki il işlədim üzərində. Siz sağ olun, onun bir parçasını dərc etmişdiniz. Nizaməddin Şəmsizadə gözəl bir Ön söz yazdı.

- Yeri gəlmişkən, Nizaməddin müəllim haqqınızda yazdığı "Tarix roman" kitabını göndərib mənə. İndi dəbdədir, bəzi yazıçılar romanlarını çapdan qabaq inandıqları tənqidçiyə, ya yazıçıya verirlər, oxumaq üçün. Siz belə edirsiniz, bilirəm... Yeni romanınızı çapdan qabaq kim oxudu?

- Nizaməddin müəllimə vermişdim. Xahiş etdim ki, həm oxusun, fikrini bildirsin, həm uyğun bilirsə, Ön söz yazsın. Şəmsizadə mənim inandığım tənqidçidir. İndi Qubadadır. Orada istirahət edir. Romanı da Qubaya göndərdim. Oxudu, zəng vurub təəssüratlarını bölüşdü. Həm , dediyim kimi, "Eşq haqqında roman" adlı bir Ön söz yazdı. Dünən yenə zəng vurmuşdu. Deyir, "romanının təsiri altındayam". Hətta romandan təsirlənib hekayə yazdığını bildirdi.

- Əfsanəni?

- Siz hardan bilirsiz?

- Göndərib qəzetə. Özü sizə həsr edib.

- Nizaməddinə demişdim, bir dəfə Xalq yazıçısı Elçin mənə dedi ki, sən Pənahəli xan Cavanşir barədə dram yaz. Yazdım. Tamaşaya qoyuldu. Onu kitab kimi çap etdirəndə Elçin müəllimə həsr etmişdim. Çünki əsərin ideyasını Elçin vermişdi mənə. İndi Nizaməddin "Bəyaz buludlar üstə" romanımı oxuyandan sonra romanın təsiri ilə hekayə yazıb deyirsiniz mənə həsr edib. Bunu eşitmək xoş oldu.

- Daha çox eşqdən tarixdən yazırsız. ilə bağlıdır?

- Ədəbiyyat o iki qütbün arasındadır.

- Ağqoyunlular barədə "Süqut" romanını yazdınız. Sonra "İki şah, iki sultan"... Sultan Səlim Şah İsmayıl Xətai barədə romanla davam etdiniz. Hətta bütpərəstlik dövrü ilə bağlı "Od Büt" sizin qələminizdən çıxdı... Tarix sizin üçün nədir?

- Kiminsə fikridir: "Dünya axirətin əkin yeridir". Tarix elədir. Tarix , orda baş verənlər , şəxsiyyətlərin əməlləri axirətin əkin yerinə - dünyaya səpilən toxumlardır. Neçə vaxtdır, yeni tarixi roman üzərində çalışıram. Behbud xan Cavanşir haqqında.

- Behbud xan Cavanşir barədə məlumatlar, məncə, çox deyil. Yəni bir roman üçün lazım olan material varmı onun barəsində?

- Doğrudur, mövzu xüsusi araşdırma tələb edir. Türkiyədə bir kitab çap olunub. Kitab, demək olar ki, Behbud xan Cavanşirin məhkəməsinin stenoqramıdır. Onu xahiş edib istədim, alıb göndərdilər. O kitabdakı məlumatlar mənə çox gərək oldu.

- Behbud xan Cavanşiri ermənilər qətlə yetirib.

- Ermənilər qətlə yetirib. Amma qatil Misak Torlakyan elə məhkəmə salonundaca azad edilib. Onu Türkiyədən xaricə qaçırıblar.

- Gerçəkdən əsl roman mövzusudur. Erməni məsələsini hər dəfə aktuallaşdırırsınız. İkinci Qarabağ savaşından sonra "Medalyon" povestinizi, "Sərhəd" dramınızı qəzetdə dərc etmişdik. "Xəcalət" romanınızın isə taleyi uğurlu oldu. Rejissor Bəhram Osmanov Akademik Teatrın səhnəsində ona quruluş verdi. Sonra "Güllələnmiş heykəllərin fəryadı" esseniz...

- Çoxdur bu mövzuda yazdıqlarım... "Yanan qar" romanını da bu sıraya əlavə edə bilərəm.

- "Xəcalət" barədə Çingiz Aytmatovun təqdir dolu sözlərini, 2008-ci ilin fevralında şəxsən, onun öz dilindən Atatürk Mərkəzindəki tədbirdə eşitmişdim. Aytmatov qloballaşan dünyanın problemlərindən danışanda "Xəcalət" barədə maraqlı fikirlər söylədi.

- "Xəcalət"in tamaşasına da gəlmişdi Aytmatov.

- Çıxışında da bunu deyirdi. Dedi ki, dünən Mirələmovun əsərinin tamaşasına baxanda göz yaşlarımı saxlaya bilmədim. Dəqiq belə dedi. Əlavə etdi ki, biz Mirələmovla ruhən o qədər yaxınıq ki, elə bil, əsəri özüm yazmışdım. Çingiz Aytmatovun "Dağlar yıxılanda" əsərinin əlyazması, eşitdiyimə görə, sizdədir.

- Brüsseldən Moskvaya gəlmişdi. Mənə zəng vurdu. Mən Moskvaya getdim. Görüşdük. Görüşümüz zamanı dedi ki, sizə bir hədiyyəm olacaq. İlk dəfədir ki, əlyazmamı avtoqrafla kiməsə bağışlayıram. "Koqda padaöt qorı" əsərinin əlyazmasını avtoqrafla mənə bağışladı.

- Maraqlıdır, o əlyazmanın taleyi necə olacaq? Hər halda, Çingiz Aytmatov kimi nəhəng bir yazıçının əlyazmasını şəxsi sərvətiniz kimi saxlamayacaqsınız özünüzdə. Onu Ədəbiyyat Muzeyinə vermək fikriniz varmı?

- Hələ bu barədə fikirləşməmişəm.

- Sizin Çingiz Aytmatovla dostluğunuz Azərbaycan ədəbiyyatının maraqlı səhifələrindən biri oldu. Maqsud İbrahimbəyov "Mirələmovun Çingiz Aytmatovla yaxınlığına iki xalqın dostluq simvolu kimi baxıram" - deyib. Hamı bilir ki, Çingiz Aytmatovun sizdən hansısa umacağı yox idi. Bəs bu məhrəmliyin, etimadın əsl səbəbi idi?

- "Xəcalət"i oxumuşdu. Hər şey ordan başladı.

- Çingiz Aytmatovla görüşləriniz çox olub.

- Lap çox. Moskvada, Brüsseldə, sonuncu dəfə Bakıda. Dəfələrlə... Əvvəldə xatırlatdığım "Bəyaz buludlar üstə" romanımı da Çingiz Aytmatovun əziz xatirəsinə həsr etmişəm.

- Tarixi romanlarınızın zamanı birmənalı şəkildə türk tarixi ilə bağlıdır. Eyni zamanda "Cəza" povestində boz qurd mifini yüksək sənətkarlıqla işləmisiz. Çingiz Aytmatovun təsiri qabarıq görünür.

- Bu yaxınlarda "Cəza"nın Türkiyədə üçüncü nəşri çapdan çıxdı.

- Bir az da əcdad kultunun təsirini görürəm o povestdə. Təbiətin qisası sanki əcdadların qisası kimi işlənib. "Cəza"da adi yaşantıların fonunda mistika var.

- Bunu mənə çoxları deyib. Əslində, nail olmaq istədiyim bu idi. Təbiətə insan əli ilə vurulan ziyan bunun zamansa bumeranq kimi insanın özünə qayıdacağı reallığı xəbərdarlığı. Ümumiyyətlə, sizə deyim ki, tarix, təbiət insan münasibətləri məni daim düşündürən məsələlər olub. Yazdığım əksər əsərlərdə bu mövzuların bədii təcəssümünü verməyə çalışmışam. Ömür vəfa etsə, bu yöndə davam edəcəyəm. Hazırda Zəfər tariximiz, Qarabağa qayıdışla bağlı əsərlər yazmağı planlaşdırıram. Bu, həm mənim bir yazıçı kimi missiyamdır.

 

Söhbətləşdi Azər Turan

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.14.