Bir güllə, bir
kasa su, bir sarışın qız
"Söz körpüsü" layihəsinin
budəfəki qonağı təbrizli şair Məhəmməd
Çalğındır
- Xoş
gördük, şair, özünüzü oxucularımıza necə tanıdardınız, kimdir Məhəmməd Çalğın?
- Salam, hər
vaxtınız xeyir olsun. Mən Məhəmməd Rza Cəfəri
Yusif oğlu. Ədəbiyyatda Çalğın imzası ilə
tanınmışam. Təbrizdə doğulmuşam, Təbriz
Universitetinin Xalçaçılıq və dizayn
bölümünü bitirmişəm. Ədəbiyyatda
tanınmamışdan öncə, on səkkiz-on doqquz
yaşlarında şeir yazmağa təzə
başladığım zamanlar mən nəinki Təbrizdə,
hətta İran bazarında daha çox bir
xalçaçı kimi məşhur idim. Yəni,
İranın dünya səviyyəsində tanınmış
xalça rəssamlarından biri də mən olmuşam.
Özü də ən gənc yaşlarımda. O zamandan mənim
xalçalarım "Çalğın" adıyla
tanınıbdır.
- Niyə
Çalğın?
-
Çalğın mənim rəssamlıqdakı imzam olub əvvəlcə.
Sonra da şeirlərimi də bu imzayla yazmışam.
Çalğın, əslində çox anlama gəlir,
oğurlanmış və yaxud vurğun, aşiq mənasında.
- Cənubi
Azərbaycanda şairlərin vəziyyəti haqda
danışmanızı istərdik. Çox müxtəlif
problemləriniz olduğunu bilirik. Öz dilimizdə yazmaq, kitab
çap etmək, onları yaymaq nə dərəcədə
mümkündür?
- Əlbəttə
ki, burda bir az kitab çıxarmaqda problemlər var. Amma hər
halda kitab çıxarmaq mümkündür. Amma təəssüf
ki, mənim burada heç bir kitabım işıq üzü
görməyib. Mənim kitablarım Bakıda, Qazaxıstanda və
Türkiyədə çap olunub. Bu günlərdə Bosnada
kitabım çapdan çıxacaq.
- Məhəmməd
bəy, öz dilimizdə təhsil almamağınıza rəğmən,
şeirləriniz xalq danışıq dilində deyil. Şeirlərinizdə
ədəbi dilimizdən incəliklərinə qədər
ustalıqla yararlanmısınız. Buna necə nail olmusuz, Azərbaycan
dilində mütaliə nə qədər mümkündür
orada?
- Təbii
ki, uzun illər çox əziyyətlər çəkmişik
bu sahədə, amma indi şükür olsun ki, internet, sosial
şəbəkələr, sizin televiziya kanallarını izləmək
imkanı var. Kitabların heç olmasa pdf-lərini əldə
edə bilirik. Aydındır ki, yenə də ədəbi dili
sağlam şəkildə bilənlər çox azdır.
Bir şairin öz üslubunu, öz dilini
formalaşdırması üçün öz ədəbi
dilində bazası olmalıdır. Bu elə də asan
başa gəlməyib, çox çətinliklər çəkmişik,
bir kitab belə tapa bilmirdik. Amma buna baxmayaraq, ruhdan düşməmişik,
çalışıb-vuruşub öz dilimizin
qrammatikasını öyrənmişik, sonra da şeir dilimizi
formalaşdırmışıq. Və öz ədəbiyyatımıza,
mədəniyyətimizə xidmət göstərməyə
çalışırıq.
- Sizcə,
şairlərin üsyanının səbəbi nədir, bir
şair nə axtarır, azadlıqmı, ədalətmi,
harmoniyamı? Məsələn, şəxsən siz nə
axtarırsınız?
- Məncə,
əsl şeir sualla başlamalıdır. Amma bu sualın
konkret nə olduğunu biz şairlər, bəlkə də,
heç dəqiq bilmirik. Yəni "ədalət",
"azadlıq" məfhumları da nisbidir. Mən şeirdə
özümü axtarıram. Mənim şeirim üsyandır
və bu üsyan Nəsimidə var, bu türk məfkurəsidir.
Mən özümü itirmişəm, axtardığım
özüməm, başqa heçnə. Bilmirəm, hardayam, nəyəm,
bəzən özümü bir ağacda görürəm, bəzən
bir xiyabanda, bəzən bir qızda. Amma dəqiq bilirəm ki,
mənə məndən yaxın dost və məndən qəddar
düşmən yoxdur.
- Bir
şairin özünü axtarması, neçə oxucunun
yoluna çıraq tutmaqdı həm də. Bu üzdən ədəbiyyatın
gücü danılmazdır. İlk şeirlərinizi necə
xatırlayırsız?
- Yeniyetmə
yaşlarımda hər kəs kimi mən də bir qıza
aşiq olmuşdum. O qız bizim qonşuluqda idi. Öz
dayısıoğluna qoşulub qaçdı. Mən düz
on üç il onların məhəlləsində qaldım,
elə gecə olurdu ki, o küçə ilə bəlkə
yüz dəfə o baş-bu başa gedirdim. Və on
üç ildən sonra ayıldım ki, o gedib,
özünü yorma. Və şeir o zaman gəldi mənim həyatıma.
Bir müddət lirik şeirlər yazdım. Sonralar isə
ağ şeirə keçdim. Amma fikir versəz, mənim
ağ şeirlərimdə harmoniya var, ritm var, bəzən hətta
qafiyə var.
- Söhbət
üçün təşəkkür edirəm.
- Mən
təşəkkür edirəm.
Söhbətləşdi:
Səhər ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.17.