Poeziyada bağlı qapıların sirri
Xəyal Rzanın şeirləri əsasında
Bədii mətnlərdə ədəbi konstantları izləmək, bir növ, müəllifin yaradıcılığını onun həyat və şəxsiyyətini öyrənmədən ruhuna bələdlik fonunda dəyərləndirməyə imkan verir. Qapı çağdaş şairlərimizin bir çoxunun yaradıcılığında müntəzəm işlənən obrazlardandır. Xəyal Rzanın obrazlar sistemində qapı ilə üzbəüz dayanıb həsb-hal edən insan prioritetdirsə, qapının ifadə etdiyi ədəbi-semantik funksiyalarda ekzistensial başlanğıc dominantdır. Bu şeirlərdə qapı obrazı müəllif düşüncəsi və niyyətinin psixoloji təşkilində vacib, dramatik element olaraq iştirak edir. Şairin poetik qavrayışında qapı subyektin daxili təlatümlərinin, zaman və məkan anlayışlarına fərdi dünyaduyum müstəvisindən yanaşmanın assosiativ, metaforik ifadəçisidir. Bu metaforik obraz bütün hallarda sərhədin konseptual mənasını əks etdirir.
“Evsiz qapı”, “Yetim qapı”, “Ay qapımı döyən qız” şeirlərində aparıcı obraz astana toposunun reallaşmasına xidmət edir. Evlə kandar arasındakı məkan olaraq qapı şeirlərdə həmçinin zaman anlayışının da ifadəçisidir: o yalnız nə vaxtsa gedilən, tərk edilən məkana giriş deyil, həm də həmin zamana dönüşdür. M.M.Baxtinə görə, istənilən mətnin məkanı digərlərinə nisbətdə müxaliflik təşkil edir. Bu halda, deyə bilərik ki, Xəyal Rza şeirlərindəki qapı obrazı da köhnə ilə yeni, keçmişlə indi, realla irreal, içəri ilə zahir... arasında xronotopun mərkəzi obrazıdır.
Salam, həyət
qapı,
Salam, yol qapı.
Salam, qabaq qapı,
Salam, dal qapı.
Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan
sallanan
Qara nal qapı
Salam, otuz
doqquz,
Salam, qırx qapı.
Salam, söyülməkdən
Üzü
tökülmüş,
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı…
Xəyal Rzanın şeirlərində
rənglər süjet məkanının poetikasına nəinki
təsir göstərir, hətta onu özünə tabe edərək
intermedial kontekst yaradır. Bu şeirlərdə rəng
yalnız obyektiv reallığın obrazı deyil, həmçinin mədəni işarələrdən
tutmuş müəllifin fərdi üslubunadək subyektiv
başlanğıcın ifadəçisidir:
“Qırmızı”, “Bu dünya eşq qoxuyar” şeirlərində
rənglər fundamental kateqoriya kimi çıxış edərək
şairin dünyaduyumu fonunda fərdi yaradıcı keyfiyyətləri
müəyyənləşdirir. Burada obrazlı təsvirdən
başlayaraq, mətndə işlənmə yerinə görə
dəyişib simvolik, semantik, emosional-psixoloji, ekspressiv, mənəvi-əxlaqi
və s. anlamlar kəsb edə bilən rənglər
çoxfunksiyalıdır.
Rənglərin mifoloji və dini mənalandırmaları dilin leksik və
poetik sisteminə adlayıb müəllifin fərdi
dünyaduyumundan asılı olaraq müxtəlif şərhlər
üçün imkan yaradır. Xəyal Rzanın şeirlərindəki
rənglər sistemi arxetipik olduğu kimi, həm də
özünəməxsus, təsadüfi mahiyyət də kəsb
edə bilir – şəffaf duyğular müəllifin
seçdiyi rəngi alır. Bədii mətndə rənglərə
münasibət əsasən təbiətdən gələn
assosiasiyalara görə formalaşaraq ətraf aləmin dil
vasitəsilə mənzərəsini yaradır. Məsələn,
qırmızı ilə od, göy (və ya mavi) ilə su,
yaşılla təbiət və s. arasında semantik əlaqə
qurulur. “Evsiz qapı” şeirində
rənglər mənaları yaradan paradiqm olaraq mətnin
bütün səviyyələrini birləşdirməklə,
ədəbi niyyəti gerçəkləşdirir:
Salam, yaşıl
qapı,
Salam,
ağ qapı.
Köhnə dəmirlərdən
Cağbacağ qapı.
Hələ qırmızısı,
Sarısı da var,
Yarını gözləyən yarısı
da var.
Sökülmüş uçulmuş
köhnə evlərdə
Xəstə, əldən düşmüş
qarısı da var…
Bu şeirlərdə qapı
keçmişlə gələcək arasında donub
qalmış insanın varlıqla görüş yeri olan
ontoloji obrazdır. “Ay qapımı döyən qız”
şeirində qapı içəridən bağlıdır.
Döyülən qapıya qaçmaq, onu açmaq öz
içindən, ruhundan uzaqlaşmaq deməkdir. Bu dəfə
astanadakı obrazla qapı deyil, tam mərkəzdə
dayanmış qapı ilə iki tərəfdən – döyən
və açmayan “üz-üzə” dayanıb. Çöldə
qalan üçün döydüyü qadağan olunmuş
qapıdır; açar varsa da, açanı yoxdur. Aradakı
maneə açılmayan, açılmayacaq qapı –
könül evinin sərhədlərinin keşikçisidir:
“Könül qapısıdı bu, \ Açılmaz hər
döyənə.\ İnan ki, bel bağlamır, \ Hər sevirəm
deyənə. Ayaqlarım
yerimir, \ Səsə qaça bilmirəm. \ Daha döymə
qapımı, \Gəlib, aça bilmirəm.” Bu şeirdə
ağrı, çarəsizlik, kədər “idilliya”sı hər
misrada etirafa, yalvarışa, yenidən aşiq ola bilmə
ehtimalının qorxu və təhlükəsindən yaranan səksəkəyə
dönür. Burada qapı daxili dramatizmin doğurduğu
transendental sərhəd, psixoloji baryerdir.
Salam,
yaxşı qapı,
Salam, pis qapı.
Salam, paslı qapı,
Salam, his qapı.
Salam, qızıl qapı,
Salam, mis qapı,
Salam, qara qapı,
Avara qapı.
Salam, köçkün qapı…
Tər-təmiz qapı.
Salam, evsiz qapı,
Ən əziz
qapı.
Şeirdə lirik subyektin varlığını ekzistensial əhvali-ruhiyyə,
apatiya, müəyyən qədər qəzəb hissi müəyyənləşdirir
– keçmişin rəngarəng xatirələrindən qopa
bilməyən qapı bu günün realiyasından gələcəyə
boylananda “evsiz”dir. Lakin müəllif
şeiri bu ladda bitirsə də, “əhvalat” burada
yekunlaşmır: bir növ, onu tamamlayan növbəti
şeiri ilə çevrəni qapayır. “Yetim qapı”
şeiri “Evsiz qapı”nın son iki misrasından yaranaraq davam
edir. Ritm, intonasiya dəyişməsə də, məzmun
içəriyə yönəlik hal alır:
Salam,
evsiz qapı,
Ən əziz qapı…
Salam, aciz qapı,
Çarəsiz qapı.
Salam, göy üzünün
Təkbir
qapısı,
Salam, yer üzünün əsir qapısı…
Burada
qapı daha çox ruhani rəng alır, getdikcə ictimai-fəlsəfi
məzmun kəsb edərək vətən sərhədlərinin
qapısına çevrilir. Bu “çevrilmə” ilə sona
doğru şeirin ahəngi də dəyişir: sərhədlər
yıxılır, həsrət aradan qalxır, tamamilə
sosial motiv qazanan qapı qovuşma aktının şahidi,
iştirakçısı olur.
Yumruğa
çevrilən,
Dəmirə dönən,
Dərdlərin şəriki –
Vətəndaş qapı!
Salam, namus dağı,
Vicdan ocağı,
Qürurüm, şərəfim, qeyrətim
qapı.
Salam, gözü yolda, qulağı səsdə
Kimsəsiz, binəva, ay yetim
qapı…
Bu sonluqda
regionlar, yollar arasında xüsusi qarşılıqlı əlaqə
məkanı kimi sərhəd\sərhədyanı ərazi
fenomeninin ifadəçisi olan qapı mənanın
yarandığı, xüsusi semiotik “narahatlıq”
zonasıdır: bir yandan sistemin dəyişildiyi, digər tərəfdən,
bütövlüyün, birləşmənin, vəhdətin
formalaşdığı ərazidir. Beləliklə, deyə
bilərik ki, Xəyal Rzanın şeirlərində emosional intensivlik qazanaraq həyatın
dönüş nöqtəsinin xronotopuna çevrilən
qapı metaforik obraz kimi bu sərhəddə dayanan insanın
duyğularından daha artıq onun özünün maddi və
mənəvi aləm arasında sərhəd olduğunu ifadə
edir.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.-
2023.- 2 sentyabr.- S.19.