Morella
Hekayə
Özü, ancaq özü və özünün əbədi
tənhalığında...
Platon: Mərasim,
[211, XXIX.]
Morella mənim dostum idi, mən ona
çox dərin, qəribə bir sevgi bəsləyirdim. Onunla neçə il bundan əvvəl bir təsadüf nəticəsində dost olmuşdum,
tanış olduğumuz
ilk gündən indiyə
qədər ruhum, dadını bilmədiyim bir atəşlə yanmaqdadır. Amma bu, Erosun atəşi deyildi, onun o ecazkar mənasını başa düşməyəcəyimi,
eləcə də onun ipə-sapa yatmayan gücünü idarə edə bilməyəcəyimi anlayana
qədər qəm-qüssə
mənə əzab verdi. Biz görüşdük,
tale bizi birləşdirdi,
ancaq mən ona nə ehtiraslı
sözlər dedim, nə də sevgimi hiss etdirdim. O isə insanlardan qaçaraq özünü
tam mənası ilə
mənə həsr edərək məni xoşbəxt etdi. Çünki, fikirləşmək
bir xoşbəxtlikdir,
elə xəyal qurmaq özü də bir xoşbəxtlikdir.
Morella çox dərin biliyə malik idi. And içərəm ki, onun qabiliyyəti bir Allah vergisi, ağılı isə qeyri-adi və dahiyanə idi. Bunu hiss edirdim, çünki mən ondan çox şey öyrəndim. Ancaq, bəlkə də, Presburq tərbiyəsi aldığım üçün
çox qısa müddətdə başa
düşdüm ki, o, oxumağa
mənə, ancaq ilkin alman ədəbiyyatının
ən dəyərsiz nümunələri olan mistik əsərlər təklif edir. Səbəbini başa düşməsəm də,
bilirdim ki, bunlar onun daimi, sevimli
məşğuliyyətidir, onu da deyim ki, vərdişlərin və
nümunələrin güclü
təsirinə düşərək,
vaxt keçdikcə, mən də eyni şeylə məşğul olmağa
başlamışdım.
Bütün bunların, səhv
etmirəmsə, zehnimlə
heç bir əlaqəsi yox idi. Əgər özümü tanıyıramsa,
ideallar, qətiyyən
nə mənim inancıma, nə də hərəkətlərimə
təsir etmədi, düşüncələrimdə oxuduğum o mistik yazıların, az da olsa, izinə belə rast gəlinmirdi. Bundan əmin olduğuma görə özümü
həyat yoldaşıma
təslim etdim və bütün qəlbimlə onun tədqiqatlarının dolaşıq
labirintinə düşdüm.
Və sonra... sonra yasaqlanmış səhifələri diqqətlə
oxuyarkən, içimdə
gizli bir ruhun alovlandığını
hiss etdiyimdə, Morella soyuq
əlini mənim əlimin üstünə
qoyub alçaq səslə, ölü bir fəlsəfənin küllərindən çıxarıb
yaddaşıma əbədi
həkk olunan sirli məna daşıyan qəribə
sözlər tapıb
deyirdi. Sonra saatlarla yanında otururdum, melodiyası dəhşətli
bir tonla alçalana qədər onun səsinin ahənginə qapılırdım:
elə bil ruhumun üstünə bir kölgə düşürdü, bətim-bənizim
saralırdı və
sanki başqa bir dünyadan gələn bu ahəng qəlbimi titrədirdi. Beləcə, qəfildən
sevincim dönüb qorxuya çevrildi, çünki Hinnonun Ge-Hennaya döndüyü kimi, gözəllik mücəssəməsi dönüb
eybəcərlik mücəssəməsinə
çevrildi.
Morellayla
aramızda uzun müddət başqa heç bir söhbət olmadı, yeganə söhbətimiz,
bəhs etdiyim həmin o kitablardakı mövzular haqqında olurdu ki, onlardan da danışmağa dəyməzdi.
Bizim söhbətimizi, teoloji etika adlandırılan elmdən məlumatı olanlar o saat başa düşəcək,
məlumatı olmayanlar
isə bizi heç vaxt başa düşməyəcək.
Həssas Morella, Fixtenin
dəlisov panteizmi, Pifaqorçuların təkrar
dirilmə şəkildəyişməsi
və ən əsası da, Şellinqin
izhar etdiyi şəxsiyyət doktrinaları
haqqında danışdıqca
daha da gözəlləşirdi.
Səhv etmirəmsə,
məncə, cənab
Lokk haqlı olaraq şəxsiyyətin,
düşünən varlıqdakı
sağlam fikirdə olduğunu deyirdi. Belə ki, şəxsiyyət
dedikdə, məntiq sahibi zəkalı bir varlıq başa düşürük
və belə ki, düşüncə ilə
yanaşı daimi bir şüur vardır ki, digər düşünən varlıqlardan
fərqləndirərək bizi biz edən də elə odur. Amma principium individuationis - şəxsiyyətin
ölümlə bərabər
yox olub-olmaması fikri məni hər zaman dəhşətli
dərəcədə maraqlandırıb.
Həm də Morellanın bəhs etdiyi, təzadlı və cəlbedici nəticələrinin təbiətinə
görə deyil, həyəcanına görə
maraqlı idi.
Budur, həyat yoldaşımın
o dərk olunmayan sirri artıq məni, sanki bir tilsim kimi
sıxırdı.
Artıq
onun solğun barmaqlarının toxunuşuna,
onun asta, ahəngdar danışığına,
qəmli gözlərinin
zərif parıltısına
dayana bilmirdim. O bütün bunları bildiyi halda məni
qınamırdı, o mənim
zəifliyimi, ya da ağılsızlığmı dərk edir və bunu, gülümsəyərək,
"taleyin işi"
adlandırırdı. Ona olan
marağımın bu
cür get-gedə azalmasının səbəbini
heç özüm də bimədiyim halda, sanki o bilirdi, amma bunu
mənə heç bir şəkildə hiss etdirmirdi. Lakin o bir qadındır və bu qadın gündən-günə
saralıb-solurdu. Bir müddət
sonra yanağına iki qırmızı xal çıxdı və solğun alnındakı mavi damarlar gözə dəyməyə başladı.
Bəzən elə olurdu ki, birdən qəlbim yumşalaraq ona yazığım gəlirdi, sonra dönüb
mənalı gözlərinə
baxanda qəlbimi bir bulanıqlıq və qorxu bürüyürdü,
insanın dibsiz və qaranlıq bir uçuruma baxarkən başı fırlanıb qorxduğu hissə oxşar bir hiss bürüyürdü məni.
Morellanın ölümünu, yorulub-bezdiyim
üçün böyük
bir səbirsizliklə
gözlədiyimi də
demək olardımı?
Bəli,
gözləyirdim, ancaq
onun kövrək ruhu öz fani
yuvasına günlər,
həftələr və
yorucu aylar boyu, ta ki, mənim əzab çəkən hisslərim ağlıma hökm edənə qədər, belə davam edən vəziyyət mənim beynimi qana döndərənə
qədər, zərif
həyatı solduqca gün batımında uzanan kölgələrin uzandığı qədər,
günlərə, saatlara
və əzablı anlara bir şeytan
qəlbən lənət
oxuyana qədər yapışıb qaldı.
Bir payız axşamı küləklərin göy
üzünə çökdüyü
bir vaxtda Morella məni yatağının
yanına çağırdı.
Yerə şəffaf bir duman çökmüşdü,
suları ilıq bir parıltı bürümüş, göy
qurşağı çıxaraq
ucalardan oktyabr meşəsinin kövrək
yarpaqlarına əks etmişdi. Mən yaxınlaşarkən o:
- Bu gün yaxşı gündür, - dedi, - yaşamaq və ölmək üçün
ən gözəl gündür. Yerin və dünyanın oğulları üçün
gözəl bir gündür, ölümün
və göylərin qızları üçün
isə daha da gözəl gündür!
Mən onun alnından öpdüm, o isə davam etdi:
- Ölürəm, amma yenə də yaşayacam.
- Morella!
- Məni heç vaxt sevə bilmədin, amma həyatda ikən diksindiyin adama öləndən sonra tapınacaqsan.
- Morella!
- Yenə deyirəm, ölürəm. Amma içimdə
mənə, Morellaya qarşı hiss etdiyin o şəfqətin meyvəsi
var, ah, o necə də
kiçikdir! Mənim
ruhum uçub gedəndən sonra o uşaq yaşayacaq, sənin və Morellanın - mənim uşağımız. Sənin
hər günün kədərlə keçəcək,
sərv ağacı ən dözümlü ağac olduğu kimi, kədər də hisslərin ən uzunömürlü
olanıdır. Artıq
xoşbəxt günlərin
başa çatdı,
ildə iki dəfə açan Pestumun qızılgülləri
kimi deyildir xoşbəxtlik, o həyatda
bir dəfə gülür insanın üzünə. Bundan sonra Anakreon kimi zamanla oynaya
bilməyəcəksən, anasından ayrılmış
quzuya dönəcəksən,
Məkkədə dolanan
müsəlmanlar kimi öz kəfənini geyinib gəzəcəksən.
- Morella!
- deyə hayqırdım,
- Morella! Bunu hardan bilirsən? - Morella üzünü
o biri tərəfə
çevirdi, yavaşca
titrədi və öldü, mən bir daha onun
səsini eşitmədim.
Onun kəhanəti düz çıxmışdı, o ölərkən
dünyaya bir uşaq gətirdi, anasının nəfəsi
kəsilən kimi uşaq nəfəs almağa başladı, bir qız uşağı
dünyaya gözlərini
açdı. O həm
fiziki, həm də zehin baxımından
qəribə bir şəkildə böyüdü,
o, elə bil ki, ölmüş anasının
tam eynisi idi, mən onu indiyə
qədər heç kimi sevmədiyim böyük bir sevgi ilə sevirdim.
Qısa
bir müddətdən
sonra bu saf sevginin göyü
qaraldı, onun başının üstünü
dəhşət, kədər
və qəm buludları bürüdü.
Bu uşağın həm
zehni, həm də fiziki olaraq qəribə böyüdüyünü demişdim,
axı. Qızın bədəninin belə sürətlə böyüməsi,
doğrudan da, qəribə
idi, zehni inkişafına baxanda isə məni dəhşət bürüyürdü,
bu da qorxunc idi! Başqa cür ola da biməzdi, çünki mən hər gün uşağın fikirlərində
durub-toxtamış bir
qadını görürdüm
elə bil. Onun körpə dodaqlarından, elə bil, illərin təcrübəsini
yaşamış insanın
sözləri tökülürdü.
Mən daim onun iri, mənalı
gözlərində başqa
bir yaşın müdrikliyini
və ehtirasını
görürdüm. Bunları
biləndə az qaldı başıma hava gələ, bu həqiqəti mən öz ruhumdan gizləyə bilməzdim, mən o qeyri-adi və qorxunc şübhələrin
təsirindən belə
düşündüyümə özümü inandırmaqdan
yorulmuşdum, yəni,
doğrudanmı, mənim
düşüncələrim məzarda yatan Morellanın çılğın
hekayələrinə və
həyəcanlandırıcı nəzəriyyələrinə geri qayıdaraq, belə bir dəhşətli
qorxuya çevrildi? Taleyin məni sitayiş etməyə məcbur etdiyi bu varlığı
dünyanın bütün
maraqlı gözlərindən
gizlədim və bu vurğunu olduğum varlığı
evimdə öz tənhalığıma qapılaraq
əzablı bir həyəcanla, heç bir qayğımı əsirgəmədən gözümün
qabağında saxlayırdım.
İllər keçdikcə mən
hər gün onun müqəddəs, yumru və zərif
üzünə, yetişən
bədəninə baxdıqca
qızımın günbəgün
rəhmətlik anasına
daha çox oxşadığını görürdüm.
Bu oxşarlıq hər
saat bir az da çoxalır, daha da dərinləşir,
daha da aydın gözə çarparaq öz dəhşəti ilə buz kimi
insanın iliyinə işləyirdi. Onun gülümsəməsinin anasının
gülümsəməsinə oxşamasına dözürdüm,
amma onun yenidən canlanacağından
qorxurdum, gözlərinin
Morellanınkına oxşamasına
dözürdüm, amma
o gözlər çox
vaxt Morellanın gözləri kimi ruhumun dərinliklərinə
nüfuz edərək,
dolğun və sirli bir məna
ilə baxırdı.
Geniş alın cizgilərində, ipək
kimi saçlarının
qıvrımlarında, onların
arasında itən solğun barmaqlarında, kədərli və məlahətli səsində
və ən əsası da, sevilən və yaşayan insanın dodaqlarından çıxan bir ölüyə aid sözlərdə
və ifadələrdə
belə bir fikir oyadır və məni dəhşətə salırdı
ki, yox, o, ölməyib.
Beləcə, ömrünün on ili keçdi, mənim qızım isə bu yer
üzündə hələ
adsız yaşayırdı.
"Balam", "canım"
deyirdim ona, məncə, ata sevgisini göstərmək
üçün başqa
heç bir ada ehtiyac da yoxdu, çünki bu tənha dünyasında
onu çağıracaq
- ünsiyyət quracağı
heç kimi yox idi. Morellanın
isə adı da özü ilə birlikdə ölmüşdü.
Qızıma anası
haqqında heç nə danışmırdım,
danışmaq mümkün
deyildi. Bu qısa həyatı boyu evinin dar divarları
arasına məhkum olan bu qıza
kənar aləm, eləcə qaranlıq olaraq qalırdı. Axırda ağlıma gəldi ki, xaç suyuna salma mərasimi
keçirim, bəlkə
bu məni taleyimin dəhşətlərindən
və beynimdəki qarmaqarışıqlıqdan qurtarar.
Mən qızıma bir ad tapmaq üçün xaç suyu olan ləyənin yanında durub xeyli düşündüm.
Burada ölkəmizdə
və xaricdə yaşamış keçmiş
və müasir zamanların bir çox gözəl və müdrik qadının, bir çox nərmənazik, xoşbəxt və xeyirxah qadının gözəl adı gəldi ağlıma. Onda, bəs məni, yerin altında yatan bir ölünün xatirəsini narahat etməyə nə vadar etdi? Təkcə
xatırlayanda belə
damarlarımdan qəlbimə
qara qanlar axıdan o sözü deməyə hansı şeytan məni məcbur etdi?
Ruhumun gizli guşələrində
hansı iblis tovladı ki, gecənin o qaranlıq və səssiz darlığında
o üçcə hecanı
rahibin qulağına pıçıldayaraq "Morella" dedim. Hansısa nəhəng, çox pis bir ruh
sanki uşağımın
sifətini əydi və onun üzündən
həyat əlamətini
sildi, o bu zəif səsdən titrəyərək, parlayan
gözlərini yerdən
qaldırıb göyə
baxaraq, gücsüz bir halda bizim
ailə sərdabəsinin
qara plitələrinə
düşərək cavab
verdi:
- Mən burdayam.
Bu adi səsi mən
soyuq və sakit bir şəkildə
aydınca eşitdim və bu səs
ərimiş isti qurğuşun kimi fısıldayaraq qulaqlarımdan
düz beynimə işlədi. İllər,
illər hər şeyi silə bilər, amma bu an, yaddaşımdan əsla silinməyəcək!
Mən o qədər gül və sarmaşıq tanıyırdım,
görürdüm, amma
mənə gecə-gündüz
kölgəsini baldırqan
və səlvi salırdı. Artıq zamanı hiss etmirdim, taleyimin ulduzları göydən yox olmuşdu, yer üzü qaranlığa
bürünmüşdü və yer adamları
yanımdan titrəyən
kölgələr kimi
keçib gedirdilər, mən
isə onların arasından təkcə Morellanı görürdüm!
Küləklər qulağıma
ancaq bir səsi pıçıldayırdı,
dənizlər bir adı hayqırırdı
- Morella! O ölmüşdü, onu mən özüm
qəbrə qoymuşdum,
ancaq ikinci Morellanı qəbrə aparanda birincinin izini-tozunu da görməyəndə
uzun və acı bir qəhqəhə
çəkmişdim.
1835
Edqar Allan Po
Rus dilindən tərcümə:
Ayişə NƏBİ
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.18-19.