Sevgilim Vətən
Radiopovest
(Üçüncü hissə)
İkinci Qarabağ müharibəsinin
yeganə qadın şəhidi Arəstə
Baxışovanın xatirəsinə
(Əvvəli ötən saylarımızda)
Üçüncü sarğı
Müəllif
Ordumuz kəndləri,
şəhərləri bir-birinin ardınca azad edir. Ölkədə
korona virusun tüğyan etdiyinə baxmayaraq əhali cəbhəyə
könüllü yollanan oğullarımızı
böyük coşqu ilə yola salır. Oynayan kim, oxuyan kim!
Prezidentin
hər çıxışında
işlətdiyi sözlər böyük
coşquya səbəb olur, uşaqdan-böyüyə hamı
o deyimləri təkrarlayır:
"Düşməni iti qovan kimi qovuruq!"
"Onların tanklarını
indi biz sürürük!"
"Onların silahları ilə özlərinə
atəş açırıq!"
"Cəbrayıl bizimdir!"
"Füzuli bizimdir!"
"Zəngilan bizimdir!"
"Qarabağ Azərbaycandır!"
Və ən ironik bir deyim:
"Nə oldu, Paşinyan?!"
Ordumuz irəlilədikcə
xalqımızın, insanımızın da əhvali-ruhiyəsi
dəyişir, orduya inamı artır. Az qala bütün xalq əlinə
silah alıb cəbhəyə getməyə hazırdır. Bu
yaxınlarda qəribə əhvalatın şahidi oldum. Bir gənc
doqquzuncu dəfə Səfərbərlik idarəsinə gedib
öz doqquzuncu ərizəsini təqdim edənnən sonra, nəhayət
ki, onu orduya aparmışdılar. Özü də bunu
anası bir fəxrlə danışırdı, elə bil
oğluna elçi gedib "hə"sini almışdı...
(İnşallah, oğlan sağ-salamat gəlsin, o da olsun. Demək,
burada bir haşiyə çıxacam, yeri gəlib. O
qanlı-qadalı, amma həm də sevincli günlərdə
- bir yandan amansız pandemiya, bir yandan hər gün gələn
şəhid xəbərləri, bir yandan da ordumuzun
böyük sürətlə torpaqlarımızı azad etməsi
- bax, belə acılı-şirinli günlərdə mən
də öz hücrəmə çəkilərək o qəhrəman
oğullarımız haqqında hekayələr yazıram və
parallel olaraq "Cəbrayıl əfsanəsi" romanı
üzərində də işləyirəm. Həm də
"Sevgilim Vətən" uznun hekayəm... Və həmin
"Doqquzuncu cəhd" hekayəsi... Həmin hekayənin Arəstəyə
də dəxli var deyə, bir hissəsini burada verəcəyəm...
"- Nə oldu?
- Heç nə!.. Get, çağıracağıq... Belə
şey olar?.. Birdəfəlik ya aparsınlar, ya da...
- Ya da nə, ay oğul? Belə
olmaz axı. Lazım olsan, özləri
çağıracaqlar... Demirəm ki, getmə... Gedib
adamların zəhləsini... Belə...
- Ata! Mən
heç kimin zəhləsini tökmürəm!.. Sadəcə,
deyirəm ki, könüllü döyüşə getmək
istəyirəm. Niyə axı mənimlə birgə gedən
uşaqları çağırdılar, məni yox?! Mən
axı tankçıyam, orda daha çox mənə ehtiyac
var... Bəlkə müharibəyə də rüşvətlə
aparırlar?
- Ay oğul! Bəsdir, səbrini bas. Lazım
olsan...
- Lazım olsan, lazım olsan... Eyni sözü orda da deyirlər,
sən də deyirsən... A kişi xalxın qızı orda
vuruşur e, xəbəriniz vaaaar?! Bax, bu qəzetə bax!
Gör nə yazıb... (Oxuyur) "Gənc tibb işçisi
Arəstə Baxışova ön cəbhədə
düşmənə qarşı döyüşdə
yaralanan oğullarımızı döyüş bölgəsindən
çıxardaraq qanaxmadan həyatını itirməsinin
qarşısını alır..." Mən isə burda
avaralanıram!)
Belə
günlərin birində
internetdə Arəstə haqqında
qısa reportaja baxdım. Jurnalist sual verirdi ki, neçə əsgərin
həyatını xilas etmisən? O da gülə-gülə
cavab verir ki, mənim bunu saymağa, sadəcə vaxtım
olmayıb. Amma bir köməkçim var, Mirələmov
soyadlı (zarafatla uşaqlar onu soyadıyla
çağırırlar), on gündür yanımdadır,
deyir ki, Bacı, əlliyəcən yaralıya ilk tibbi
yardım göstərmişik, yenidən döyüşə
qayıdıblar, otuzunu isə ilk tibbi yardımnan sonra hospitala
yola salmışıq. Onu da deyim ki, biz bunları əvvəllər
kitabımızda qeyd edərdik, bunu qaydalar da tələb edir,
amma sonra döyüşlərin birində bizim tibbi
çadırımıza düşmən topunun mərmisi
düşdüyünnən həm sənədlərimiz
yandı, həm də digər ləvazimatlarımız
sıradan çıxdı. Mənim bir cib dəftərçəm
var. O da dolub. Təzəsini isə bu meşələrdən,
dağlardan çətin ki, tapa biləsən...
(Gülüşmə) İndi biz daha yazılı qeydiyyat
apara bilmirik. Çünki hər saat yerimizi dəyişir, irəliləyən
əsgəri hissənin ardınca dabanqırma gedirik...
Mayor
Ağırdır.
Çox ağırdır. Ən döyüşkən
taqımımızın əsgərləri son güllələrinə
kimi döyüşüb, komandirləri ilə birlikdə həlak
olublar. Dəhşətlisi də odur ki, sonra səngərə
dalbadal top, minamyot mərmiləri yağıb və onların
mübarək nəşləri tanınmaz hala düşüb.
Düz üç gün orada qalannan sonra həmin yüksəkliyi
düşmənnən təmizlədik, indi ora gedirik. Bacı
da bizimlə gedir. Deyir o uşaqların hamısını
yaxşı tanıyırdım. Bəlkə fərqləndirə
bildim. Mən də razılaşdım. Onsuz da indi ora
qorxusuzdur. Düşməni bu səhər qovub
uzaqlaşdırmışıq.
Həmişə yol boyu danışar, söhbət edər, fikrimizi
yayındırardıq ki, hər an başımızın
üstünnən asılan ölüm təhlükəsini
unudaq. Amma indi hamı susub. Bacı da çox qəmlidir. Elə
dolub ki, dindirsəm, ağlayacaq. Ona görə siqareti siqaretə
calamışıq. Ölmüş övladlarının nəşini
axtaran ata kimiyəm. Ürəyim az qalır partlasın.
Arəstə
Offfff...
Belə dərd olar? Üç gündür Xüsusi Təyinatlı
qrupumuzdan xəbər yox idi. Bu gün mayor dedi ki... Eh...
Boğazım biçilib, danışa da bilmirəm... O yetim
də ordaymış... Offfff...
İki yaralını bir-bir arxasına alıb gətirib verdi mənə,
döndü ki, gedək. Baxdım çiyninnən qan
axır. Qışqırdım, hara, yaralanmısan axı?!.
Dedi, bacı, boş şeydir, getməliyəm. Hələ səngərdə
neçə yaralımız var. Götürməsəm, əsir
düşərlər.
Güclə yarasını sarıdım.
Sonra dəftərimə qeyd etmək üçün hansı
rayonnan olduğunu, soyadını, atasının adını
soruşdum. Boynunu büküb "Bacı, heç biri
yoxdur" dedi.
"Necə yəni?"
Gözləri doldu: "Mən
internatda böyümüşəm.
Heş kimim yoxdur... İnternatda bir qız var, Nəzrin
adında. O məni qardaşı bilir... Amma o da heç
kimimdir. Sadəcə, qoy elə bilsin ki,
qardaşıyam..."
Yarasının üstünnən qan
izi görünəndə "dayan, yarana
qoy bir də baxım" desəm də, qaçıb getdi...
...Təkcə təzə qoyduğum sarıqdan
bildim ki, odur... Doğru-dürüst sarıq qoymağa da imkan
vermədi... Ölümünə yüyürdü...
Yaxşı ki, getmişəm, yoxsa necə tanıyardılar?
Üz, sifət tamam yoxdur... Çiyninə qoyduğum
sarıq olmasaydı... (Ağlayır.)
Biz əsgərlərimizin nəşini
gətirəndə Z. adlı əsgər
hönkürüb ağlayırdı. Mən elə bildim ki,
hamı kimi o da əsgərlərimizin faciəli şəhid
olmalarına dözə bilmir. Amma axşam bizim çadıra
gəldi və dərdini danışdı. Dedi ki, mən də
internatda böyümüşəm. Hətta həyat
yoldaşım da internatda böyüyüb. Elə orda da
tapmışıq bir-birimizi. Bu gün şəhid olan
qardaşımızla da burada - döyüş zamanı
tanış olmuşdum. Çox ürəkli uşaq idi. Mən
Bakıda, o Gəncədə böyüsə də, elə
bil uzun illər bir yerdə olmuşduq. Lap qardaş kimi.
Bacı, mən qardaşımı itirmişəm...
Sonra telefonunda olan bir şəkili göstərib dedi: "Bu
şəkilə baxın. Evin qabağında Maştağa
yazılb. Bunu mərhum dostum mənə hədiyyə kimi
yazmışdı - Maştağadakı internatda
böyüdüyümə görə. Hər kəs
doğulduğu rayonun adını yazırdı azad etdikləri
yerə, bizim isə nə rayonumuz bəlli idi, nə kəndimiz,
nə ailəmiz... Dünyanın harasında olursa olsun,
internat uşaqları qardaşdılar... O bu şəkildəki
evin qabağına "Maştağa" sözünü
yazıb mənə hədiyyə etmək istəmişdi... Mən
də növbəti hücum zamanı aldığımız
kənddə salamat ev tapmadım, erməni əsgərlərinin
daldalandıqları vaqonun qabağına Gəncə
sözü yazdım... (Hönkürüb ağlayır.)
Durub Z.-nı qucaqladım. Sonra həyat
yoldaşının nömrəsini alıb öz telefonumla
yığdım (Z.-nın telefonu döyüş zamanı
sıradan çıxmışdı), danışdılar.
Yaxşı ki, yığmışam. Ailəsi Z.-nı şəhid
olmuş bilibmiş. Sadəcə ad və soyad düz gəldiyi
üçün xəbər verənlər səhv
etmişdilər.
(Elə Z.-nın
adının açıq yazmamağımızın bir səbəbi
də bu əhvalatdır. Z-nın ailəsinin bu əhvalatı
yenidən yaşamaması üçün belə etmişəm.
- Müəllif.)
Riçards
Lapaydis
Mən
litvalı jurnalist kimi Qarabağa getmişdim. Orada Azərbaycan
xalqının başına gətirilən müsibətləri
öz gözlərimlə görüb yazdım. Sizə bir həqiqəti
deyim: Rusiya, buradakı rus əsgərləri, konkret 366-cı
motoatıcı alay olmasaydı, azərbaycanlılar erməniləri
həşarat kimi əzərdilər. Amma Rusiya qanlı
caynağını Qarabağdan çəkmədi, erməniləri
açıq-açığına müdafiə etdilər...
Və mən 1992-ci ilin 20
noyabrında Ağdamın Aranzəmi kəndi uğrunda
döyüşlərdə bir həkim xanımın necə
qəhrəmanlıq göstərdiyini və bu zaman erməni
gülləsinə tuş gəldiyini öz gözlərimlə
gördüm. Heyrət məni bürüdü ki,
türkün qadını da özü kimi əzmkar,
döyüşkəndir. (Axı azərbaycanlılar da
türkdürlər. Mən bunu da burada öyrəndim.) Məndə
bir inam var: bütün Rusiy, lap bütün dünya ermənilərin
arxasında dayansa da, bu xalqı məğlb etmək
mümkün olmayacaq. Xahiş edirəm, mənim dediyimi
unutmayın: lap yüz il də keçsə, azərbaycanlılar
gec-tez erməniləri öz torpaqlarınnan qovacaqlar.
Qadınları kişilərinnən qorxmaz olan bu millət
gün gələcək o həkim xanımın
qanının töküldüyü torpağı azad edəcək...
(İnternet xəbəri)
Arəstə
Uşaqlar
mənə bir internet xəbərini göstərdilər.
Litvalı jurnalistin Gültəkin haqqında yazdıqları
idi. Və bu xəbərin məhz indi saytlarda görünməsi
də maraqlıdır. Elə bil Azərbaycan əsgəri
kabus kimi erməni ordusunun üzərinə yeriyib onları
vahiməyə salmaqdadır. Hətta 90-larda şəhid
olanların, eləcə də Gültəkinin ruhu da hər
yannan ermənilərin üzərinə gəlməkdədir.
İnşallah bu barbar tayfanın kabusu olarıq.
Füzuli
şəhəri işğaldan
azad edilib! Bu gün bizim sevincimizin həddi-hüdudu
yoxdur. Ən yaxşı səsi olan, meyxana deyən, oynaya bilən
uşaqları bir yerə yığıb bir ansablfason dəstə
düzəltmişik. Qabaqda döyüşlər gedə-gedə
biz burada, bir qədər arxada bayram keçiririk. Cənab Ali
Baş komandanın çıxışını sevinclə
dinlədikdən sonra bir-birimizi qucaqlayıb öpdük,
ağlaşdıq. Sonra isə Sirac vedrənin arxasına
nağara kimi döyəclədi, hamımız səs-səsə
verib "Anadır arzulara hər zaman Qarabağ"
mahnısını xorla oxuduq. Bir əsgər
çırtıq çaldı, o birilər də dəmin
tutdu və meyxana başladı:
Əsgərimiz
toy tutubdu zaylara,
Bizimkilər qan uddurub haylara,
Tanklarımız baş vurubdu çaylara,
Uzatmışıq dığalarıvı yanbayan,
Vermirdin
bəs, nə oldu ay Paşinyan?
Üç
əsgərsə bir az aralıda baş-başa verib lətifə
danışır. "Bir azərbaycanlı, bir gürcü,
bir erməni yol gedirlər. Qabaqlarına çay
çıxır. Biri deyir ki, nə təhər eliyək ki,
çayı keçəndə ..."
Lətifəni danışan Mirələmovdur.
Birdən məni görür və üçü də
qaçıb uzaqlaşırlar. İlahi, şükür sənin
kərəminə! İnsan necə dəyişərmiş?!
Neçə vaxtdır burdayam, ilk dəfədir ki,
qulağıma biədəb aneqdot dəyir. Özü də
kim, kim Mirələmov... Mən bunu uşaqlara
bağışlayıram. Axı bu gün bizə bayram
kimidir! Füzuli işğaldan azad edilib!..
Sizə
bu Mirələmovdan danışım. Demək, çox vasvası
oğlan idi. Əlini nəyə vururdusa, o dəqiqə
sabunlamalıydı. Mən elə bildim korona virusa görədir.
Sonra məlum oldu ki, yox e, uşaq vasvasıdır.
Bulaşıqlı qab görəndə qusmağı gəlirdi.
Əsgər yoldaşları da bunu bildikləri
üçün başına oyun açırdılar. Gah su
qabını oğurlayıb yerinə başqasını
qoyur, gah da qabağına çirkli qab qoyur, onunla məzələnirdilər.
Həm də bərk qorxaqmış...
Bir dəfə anası zəng edəndə, telefonu mənə
uzatdı və xahiş elədi ki, Bacı, anam səninlə
danışmaq istəyir, amma əsgər yoldaşlarım
bilməsin, nə olar?
Dedim, yaxşı, ver telefonu. Yazıq ana mənə yalvarıb dedi
ki, Miri sənnən o qədər danışıb telefonda,
elə bilirəm özcə balamsan. Ay qızım, Mirkişi
həm sırxavdı, həm də qorxaq. Biz ağır
seyidik. Mirələmovlardanıq... Hər tikəni yeməyiz.
Bax, istəsəydik, onu saxlatdırardıq, amma atası dedi
ki, qoy gedib od-alov görsün ki, canı bərkisin. Yoxsa bu
gedişlə onnan adam olmayacay... Xüləsey ki, ay
qızım, Mirini sənə, səni də allaha
tapşırıram...
Elə
o vaxtdan Miri yanımda medikdir. Hər dəfə
döyüş zonasına girəndə əlini göyə
tutub dua oxuyur. Mənə də öyrədib. Daha doğrusu,
o qədər ucadan oxuyub ki, əzbərləmişəm.
"La hövla vəla qüvvətən illa billahin əliyyin
əzim... Bisimillahi rəhmanül rəhim..."
Az sonra təcili xəbər gəldi ki, Məngələnata
yüksəkliyi uğrunda döyüşdə əsgərlərimiz
itki verib. Yaralı və şəhidlərimiz var.
Maşınla Füzulinin xarabalıqlarının
yaxınlığınnan keçirik.
Birdən sürücü maşını saxlayıb
hönkürür. Mən təlaşla nə olduğunu
soruşanda əlini harasa uzadır... Hannan-hana boğuq səslə
dillənir:
- Ora Qarğabazar kəndidir...
Mənim anamın kəndi... Daş daş üstə
qalmayıb... Vəhşilər divarları da
söküb-dağıdıblar. Bax, Bacı, o qayanın
üstündə qalıqları olan Şah Abbas məsçididir.
Neçə yüz il qabaq tikilib. Onu da viran qoyublar...
Sonra maşınnan düşüb
yalnız divarları olan bir həyətə
girir. Həyət deyəndə ki, bura həyət deyilməz.
Ağacların hamısı dibinnən kəsilib. Tək bir
nar kolu qalıb. Oğlan əvvəl daş-divarı əli
ilə tumarlayır, əyilib uçuq divardan öpür.
Sonra nar kollarının başına pirdə dolanan kimi
dolanır. Danışır kollarla. Elə bil bu nar kolları
da dil olub dillənir. Vallah mən də eşitdim səslərini.
Nar kolları
Mən nar olmaqdan çıxdım
daha. Nə nar, canım?! Ağac olanda nə olar? Az qalır
bağrım çatlasın. Bu adam tikanlı
budaqlarımı necə qucaqlayır, pərvərdigara? Onsuz
da partlayıb dağılan meyvələrimin qalanı da indi
partlayır. Bu adam bizi necə oxşayır, necə əzizləyir?!
O gedən vəhşilər buradakı bütün
ağacları kəsib sobada yandırdılar. Tək ağac
adına qalan mənəm. Mən də ki, kolam. Gövdəm
iri olsaydı, yəqin məni də qıracaqdılar.
Bu oğlanın babası, anası, dayıları mən yarpaqlayanda sevinərdilər.
Sonra çiçək açanda ura deyib qışqırar,
hələ mahnı da oxuyardılar. Otuz ildir eşitmirəm o
mahnını. Elə sevinərdim, elə sevinərdim, o
mahnı oxunanda nar olmağımnan qürur duyardım. Qoy
görüm yadıma sala bilirəm...
"Nar
ağacı, nar çiçəyi...
Bir ulduzdur hər ləçəyi..."
Hə, hə
beləydi... Hələ daha gözəl yerləri qalır.
Dayan bir... Hə, hə, düşür yadıma...
"Burda
sevgilimlə neçə il qabaq...
Bir nar çubuğunu basırdım yerə...
Onun qızıl rəngli ləçəklərini...
Ya illər tökübdür,
ya da küləklər..."
Ağlamaq
tutur məni. Nar deyil, bir insan kimi ağlamağım gəldi.
Əgər bu əsgərin yoldaşları silah
götürüb o vəhşiləri burdan qovmasaydı, yəqin
ki, mən də yox olacaqdım... Burda daş, torpaqdan
savayı heç nə qalmayacaqdı...
Şükür kərəminə, ilahi!
Torpağın əsl sahibləri gəldi. Daha biz də rahat nəfəs
ala bilərik...
Sürücü
Bir xeyli nar yığmışam.
Gərək Bacıya da aparım. Hələ vuruşan
döyüşçülərə də çatar.
Şükür allaha!.. Babam, nənəm bu günü
görmədisə, anam, dayılarım görəcək
inşallah. Növbə atamın rayonum Qubadlıdır.
Sağlıq olsun, bir-iki günə oraları da
alacağıq.
Narlarla bir xeyli danışdım
da. Nar ağacı bizdə müqəddəsdir. Həm meyvə
kimi, həm də çubuq kimi. Narın şivlərini iki
halda kəsərlər. Bir doğrayıb yerə
basırarlar, çoxaltmaq üçün....
Bir də... Bir də kənddə ölü
düşəndə. Hə, hə. Ölü düşəndə
bağa girib iki ədəd bir metrəlik şiv kəsər,
kəfənin altınnan ölünün qoltuğuna
qoyardılar. Cənnətdə bu, ölünün qoltuq
ağacı olacaqmış... Dədə-babadan belə
eşitmişəm... Allah bütün ölənlərimizə,
o cümlədən şəhid qardaşlarımıza rəhmət
eləsin...
Mən burda çox vaxt itirdim, deyəsən. Bacı
acıqlanacaq. Getdik!
Arəstə
Yüksəkliyin
bir az aşağısında maşını saxlayıb,
ayaqla qalxırıq. Boz təpələrlə qalxdıqca
düşünürəm ki, bəlkə bu dağlarda vaxtilə
şəhid olan insanların ruhu da bu gün bizimlədir. Sanki
ayağımı basdığım bu dağ-daş adi
dağ-daş deyil, canlıdır. İndicə dil olub dillənəcək.
Bax, o kəpirli qayanın arxasında oğlanlar səngərlənərək
son gülləsinəcən vuruşublar. Sonra əsir
düşməməkçün axırıncı patronu
ürəklərinə sıxıblar? Heç nəşini
də götürən olmayıb. Heç onun bu qəhrəmanlığını
görən, bilən də olmayıb. Naməlum qəhrəman
kimi bu dağ-daşda əriyib-cürüyüb, qurd-quşa
yem olub...
Bu vaxt ayağımı nəyinsə bir ucuna qoyuram, o biri ucu qalxıb
düz sifətimə çırpılır əl kimi.
Özümü itirirəm. Arxadan gələn Mirələmov
tez özünü yetirir. Çürük odun
parçası sifətimi yaralayıb qabağıma
düşüb. Qanı kəsmək üçün Miri
çantasınnan plaster çıxarıb üzümə
yapışdırır və sıldırım yuxarı irəliləyirik.
Bu vaxt bir az bizdən qabaqda atışma səsi gəlir. Kimsə
əllərini qaldıraraq bizə tərəf qaçır
və ayağımızın altına sərilir. Mirələmov
avtomatını çəkib vurmaq istəyir. Amma o
silahsızdır axı... Mən mane olmağa cəhd edəndə
qabaqdan qara geyimdə Xüsusi Təyinatlı
çıxır, avtomatını qaldırıb
qundağı ilə erməninin boynunnan vurur. Erməni əsgəri
huşunu itirir. O silahını çevirib ermənini güllələmək
istəyir, mən qabağa keçib, xahiş edirəm və
onu dayandırıram.
- Cənab leytenant, bilirəm, düşməndir, öldürməlisən...
Amma o silahsızdır... Xahiş edirəm vurmayın... Bir də
əllərini qaldırmışdı axı...
Leytenant
bağırır:
- Çavuş, bu bir az əvvəl mənim dostumu qmnbara ilə
şəhid etdi. Biz də bunların yarısını
qırdıq, yarısını əsir aldıq. Necə
olubsa, gözümnən yayınıb qaçmaq istəyirdi...
Qurban olsun sizə! Yoxsa deşik-deşik eləyəcəkdim!..
Sonra düşmən əsgərini
qaldırıb ayıldırlar. O
yazıq-yazıq mənə baxır. İşarə edirəm
ki, qorxma, daha öldürməyəcəklər...
Az sonra Mirələmovla mən əsgərlərin də köməyi
ilə şəhidləri və ağır yaralıları
maşınımız olan yerə aparırıq.
Yüngül yaralılara ilk tibbi yardım göstərib geri
dönürük. Əsirləri isə bayaqkı leytenant
qandallayıb başqa maşınla geri göndərəcəyini
deyir.
Mən hələ də o kəpirli
qayanın arxasında səngərlənib son gülləsinəcən
vuruşaraq şəhid olan naməlum qəhrəmanı
düşünürəm...
(Davamı olacaq)
Azad
QARADƏRƏLİ
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.22-23.