Edamdan qurtuluşum

 

Günahım türk olmaqdır

 

30 il öncə yaşanmış hekayəm...

 

Əslində, İraqı heç tərk etmək istəməzdim. Orada qalıb mübarizə apararaq, millətimə vətənimə xidmət etmək arzusundaydım. Ancaq siyasi gedişatlar düşündüklərimin əksinə oldu. Yaşadığım sıxıntılı acı günlər müqavimətimi olduqca zərifləşdirdi... Orta məktəbdəykən milli mücadiləni mənə həmyaşıdım olan türkmən gənclərinə öyrədən sevdirən musiqi müəllimim şəhid Məhməd Qorxmazı tanıdıqdan sonra özümü, həqiqətən, milliyyətçi vətənsevər bir gənc kimi hiss etməyə başladım. Milli duyğularım gündən-günə böyüyüb boy atmaqdaydı. Hər musiqi dərsində udu ilə bizə türkmən türk milli marşlarını manilərini çalıb öyrədən Qorxmaz bizim bu marşları əzbərləmə həvəsimizi artıraraq, milli düşüncələrimizin üfüqünü genişlətmişdir.

 

Dağ başını duman almış, gümuş dərə

durmaz, axar,

Günəş üfüqdən indi doğar,

            addımlayaq, dostlar,

Səsimizi yer, göy,

            su dinləsin, sərt addımlarla

hər yer inləsin.

 

***

 

And olsun, mavi asımanım, sənə and olsun,

Vətənimçün çalışaram,

            ya ölərəm, ya qalaram

xidmət etməkçün sənə.

 

***

 

Biz türkmənik, türkmənik,

Şanlıyıq, qəhrəmanıq...

Könlü təmiz insanıq,

Biz türkmənik, türkmənik.

Biz, biz, biz türkmənik,

Şanlıyıq, qəhrəmanıq, biz türkmənik.

 

Bu marşları, demək olar ki, bütün şagirdlər həvəslə əzbərləmişdilər. hər gün, hər münasibətlə, xüsusilə , cümə axşamı günləri Bayrağa sayğı mərasimində bu marşları oxuyub, Türkün qədər uca öndər olduğunu iliklərimizədək hiss edərdik...

Duyğularımızın uzun sürə bilmədiyini öyrənəndən, milli duyğularımız daha da min qat artdı. 1970-ci illərdə türkməncə təhsil aldığımız məktəblərimizin öncə təhsili, daha sonra adları türkməncədən ərəbcəyə dəyişdirildi... Bunun ardınca müəllimlərimiz bir-bir sorğuya çəkildilər işgəncə görərək edama məhkum oldular... İraq İnqilab Komitəsi Şurasının çıxardığı 89 nömrəli 24 yanvar 1970-ci il tarixli qərarının türkmənlərə verilən Mədəni haqlarının əsl üzü gün işığına çıxdı. Bu hadisələr istər-istəməz fərqli bir duyğu yaratdı... Hələ bizim Kərkükün xoyratları, musiqisi, mədəniyyəti sənəti ilə birləşərək Türk olduğumu daha fərqli duyğularla yaşamağıma səbəb oldu.

1970-ci illərdən 1993-cü ilə qədər gördüklərim, yaşadıqlarım çəkdiklərim hər qədər acı insanlıqdan kənar olsa da, 1993-cü ildəki İraq idarəçiliyi tərəfindən bir türkmən gənci, şairi olaraq həbs olunmağım səbrimin son həddi oldu.

 

Edama gedən yol

 

1993-cü ilin sentyabrında mən universitet yoldaşlarım ailələrimizlə birlikdə Kərkükün bir türkmən əyaləti olan Tuzhurmatuya, universitet illərində mübarizə yoldaşım Yaşar Əhməd Qaibin toyuna getdik. Duyğularımı şeirlə ifadə etmək üçün dava şair yoldaşım Fevzi Əkrəm Tərzioğlu tərəfindən kürsüyə dəvət edildim. Təbrik sözlərindən sonra duyğularıma hakim olmayaraq, bir neçə xoyrat şeir oxudum:

 

Kərküküm, mərd Kərküküm,

Milləti sərt Kərküküm,

İçinə yadlar girib,

Çəkirik dərd, Kərküküm.

 

Kərküklüyəm, siz bilin,

Kəsərəm düşmən dilin,

Neft töküb yandırsalar,

Tərk etməm türkmən dilin.

 

Qul qaçdı, qazı qaldı,

Yazılmış yazı qaldı,

Əl qaldırın Allaha,

Zalımın azı qaldı.

 

Şeirləri oxuduqdan sonra həyat yoldaşım o vaxt 3 yaşında olan qızım Aybənizin yanında əyləşdim. Bir neçə dəqiqə sonra polis dəstələri toy məclisini silahlarla mühasirəyə aldılar. Musiqi dəstəsini susduraraq ən son şeir oxuyanın kim olduğunu soruşdular... Anormal bir vəziyyət olduğunu anladım. Heç bir şeydən xəbəri olmayan, incə səsiylə səslənib, "Ata, oldu?"- soruşan qızımı qucağımdan yerə qoydum : "Mən idim", - dedim. Məni, bəyi musiqi dəstəsinin bütün üzvlərini səs lentiylə birlikdə götürüb Tuzhurmatu Əyalət polis idarəsinə apardılar. Bir müddət sonra bəyi musiqiçiləri buraxdılar. Təkbaşıma qaldım məni sorğuya çəkməyə başladılar...

Gözlərimi əllərimi bağladılar. Amma ABŞ-lılar kimi başıma torba keçirtmədilər. Oxuduğum şeirləri səs lentindən mənə dinlədib tərcümə etməyimi şeirlərin izahını istədilər. Tərcümə edərək şeirləri izah edəndə polis məmurunun yanındakı öz adamları olan bir nəfər vardı ki, hər xoyrata başqa-başqa izahlar, mənalar verirdi. Şeirlərimin Səddam idarəçiliyinə qarşı olduğunu ifadə edirdi...

 

Həbsxana günləri

 

Hər qədər jurnalist, İraq Ədəbiyyatçılar Yazıçılar Birliyinin üzvü, Kərkük televiziyasında aparıcı olduğumu söyləsəm , bu heç nəyi dəyişdirmədi. İşgəncə, acı nifrət dolu təhqirlərlə ertəsi gün Səddamın Qalası Tikrit Polis İdarəsinə göndərildim. Orada yeni bir matəmin başlanğıcı olduğunu anladım. Həyat ortağımı 3 yaşındakı qızım Aybənizi xatırladım... Daha sonra Türkmən davası uğrunda şəhid olan Necdət Qoçaq, Abdullah Abdürrəhman, Rza Dəmirçi Adil Şərifi kimi bir çox türkmənlərin dramı film kimi gözlərimin önündən keçdi...

 

"Bağladılar qolumu,

İtirdim sağ-solumu.

Gözləməyin yolumu,

Tək günahım türk olmaq",

 

- dedim. Tikrit həbsxanasındakılar da məndən az dərdli deyildilər. Hər biri fərqli təqsirlərlə cürbəcür işgəncələrə tabe edilmişdilər.

Mən isə yeni olduğum üçün heç bir şeydən xəbərim yox kimi davransam da, polis idarəsindəki işgəncələr mənim növbəmin gəlib çatdığının işarələriydi. Gözətçilər gələrkən, hər qapı açılanda bədənim başdan-ayağa titrəməyə başlayardı. Hələ adım oxunanda bütün həyat yolum film kimi gözlərimin qarşısından gəlib keçirdi... "Allah, Allah" kəlməsi ilə " Şəhadət" dilimdən düşməzdi. Gecələr isə elə yuxular, elə kabuslar, daha nələr, nələr...

Bir dəfə qapılar açıldı. Gözətçi "Şəmsəddin Saleh Xıdır" (əslində, İraqda soyad istifadə olunmaz. Üç adla qeyd olunar), - dedi, " bəli", - dedim. "Çıx çölə, bizimlə gəl", - dedilər. Gözlərimi bağladılar. Uzun bir dəhlizdən keçərək 39 addım pilləkənlə bir mərtəbə aşağı endik. Qapının qarşısında gözlərimi açdılar. İçəri girdim. Qarşımda əllərində cinayət işim olan 3 nəfər oturmuşdu. "Şəmsəddin -sənsənmi?" - soruşdular.  "Bəli", - dedim. "Hansı təşkilatdansan, Şimali İraqda kimlərlə əlaqən var, Tuzhurmatuya kimlər tərəfindən göndərildin, Tuzhurmatu xalqına verdiyin mesajda demək istəyirdin? Son şeirində nələrə açıq-aydın işarə edirdin?..

Bu suallara yalan söyləmədən, doğru cavab versəniz, sizə yardım edərik. Ən azından, edam olunmaqdansa, bir neçə il həbsdə yatıb çıxarsınız. Əgər yalan söyləsəniz, başınız gedəcək. Onsuz da əlimizdə səs yazısı qeydi var, o da sənin əleyhinə qəti bir dəlildir".

Sualları qurtaranda Allahın hikmətiylə, məntiqli mənalı kəlmələrlə cavabımı verdim. onlara dedim ki, "Sizin ərəb şairlərinizin şeirlərində "zalım", "qəddar" s. kəlmələr yoxdurmu? Onda onlar da Səddamı rejimi nəzərdə tuturlar. Onları niyə sorğuya çəkmirsiniz?" O vaxtlar ərəb müğənnisi Heysəm Yusifin "Ey zalım" mahnısı hər iraqlının könlündə taxt qurmuşdu. Bunu söyləyəndə üçü bir-birinə baxaraq "çıx çölə", - dedilər. Gözüm bağlandı başqa bir otağa apardılar. Orada gözümü açıb elektrik naqillərini göstərdilər əllərim bağlanaraq bir neçə dəfə çarpıldım...

Bir gün bir nəfər mənə yaxınlaşıb, "təqsirin nədir?" soruşarkən, üzümü hələ çevirmədən gözətçilər bizə o qədər işgəncə verdilər ki, üç gün böyrü üstə  yatdım.. Ondan sonra Allaha yalvardım: "Ey Rəbbim, məni buradan təkcə sən qurtara bilərsən.

Əgər burada qalmağımı istəyirsənsə, məni təkbaşıma bir otağa qoysunlar, başqaları üzündən işgəncə görmək istəmirəm.." duasını etdim. Ancaq məni koğuşdan çıxarıb 3 nəfərlik bir otağa qoydular. Orada da çəkdiklərimi bir mən, bir Allahım bilir...

Mən həbsdəykən həyat yoldaşımın qulağına çatan sözlər heç könül ovunduran deyildi: "Əri edam edildi, zavallının xəbəri belə yoxdur", - məktəbə gedərkən üzünə qarşı belə söyləyənlər oldu, " Bir baxın, 3 yaşında uşağı yetim qaldı". ...

Həbsxanada gördüklərim hələ bir an olsa da, fikrimdən çıxmır. Mənimlə həbsxanada olan, orda tanış olduğum Səid adlı bir türkmən vardı. Kərkük TV-dən Bələd/Tikrit Radiosuna sürgün edilən bir televiziya işçisiydi. O da İraqın o dövrki lideri Səddamın böyük oğlu Udaya aid olan Bələd radiosunu partlatmaqdan müqəssir sayılmışdı. Əslində, günahsız olduğunu mənə açıb söylədi. Süleymaniyyədə doğulmuş bir kürd tərəfindən Bələd radiosunun partladıldığını söylədi. partlama hadisəsi onunla növbə dəyişdirdikdən sonra olduğu üçün cinayətin bir hissəsindən türkmən qardaşımı müqəssir bilmişdilər.

Bir müddət sonra məni sevənlər, xüsusilə Tuzhurmatu xalqı, oradakı Qaymaqamı Ordu birliklərindən məsul yarbayı hərəkətə gətirdilər Polis İdarəsinə basqın etdilər. Ancaq o, məsələni çoxdan Tikritə həvalə etmişdi. Kərkük Bağdaddakı türkmən dostlarımın təşəbbüsü ilə həbsdən azad edildim. Təxminən 2 il boyunca hərəkətlərim İraq Təhlükəsizlik polis işçiləri tərəfindən izlənildi. Ancaq yeznəm adamı rəhmətlik Sami Yusif Tütünçü bir çox sıxıntını pulla həll etdi. Ancaq hər şey pulla deyildir...

...Bu günə qədər öz-özümə inana bilmirəm. O zindandan necə qurtuldum. Çünki mənim təqsirləndirildiyim günahlarla müqəssir sayılan heç kəsin qurtulduğunu görmədim görsəm , inanmaram... Demək ki, Rəbbim belə yazmış yazımı...

Bu hadisə ailəmi ciddi bir şəkildə sarsıtdı dərindən təsir etdi. Ailəcə doğulduğumuz, böyüdüyümüz göz yaşlarımızla hər küncündə xatirələrimiz qalan Kərkükü tərk etmək qərarına gəldik. 1994-cü ildən başlayaraq, 1996-cı ilədək ailəmiz tamamilə Kərkükü tərk etdi. Təbii ki, ən son tərk edən mən həyat yoldaşım oldu... 1996-cı ildən bəri ailəmlə birlikdə ana vətən Türkiyədə yerləşdik. Ancaq Türkiyədəki həyat şərtləri, həyat mücadiləsi anam başqa qardaşlarımın Avropaya köçmələrinə səbəb oldu...

Mən isə ana vətənin istəyinə görə orada qalıb milli mücadiləmi davam etməyi qərara aldım. Bax, bütün bu hadisələr İraqda türkmənlərə qarşı tətbiq edilən qorxutma, məhvetmə, soyqırımı, assimilyasiya siyasətləri mənim daxildə dərinliklərə qədər uzanan atəşimi daha da alovlandıraraq ABŞ İngiltərənin İraqda keçirdiyi sözdə "Azadlıq əməliyyatı" zamanı, 1998-ci ildən bəri üzərində çalışdığım "İraqda türkmən soyqırımıları" mövzusunda tədqiqat kitabıma son şəklini verməyimə səbəb oldu. İraq türklüyümün yaşadıqları acıları qorxutma  siyasətlərini, yaşadığım real hadisələri bu şeirə köçürərək duyğu düşüncələrimi ifadə etməyə çalışdım.

 

Gecəm, gündüzüm acı,

Vətən başımın tacı.

Dərdimin yox əlacı,

Tək günahım türk olmaq.

 

Azadlığa qatıldım,

Zindanlara atıldım,

Kölə kimi satıldım,

Tək günahım türk olmaq.

 

Bağladılar qolumu,

İtirdim sağ-solumu.

Gözləməyin yolumu,

Tək günahım türk olmaq.

 

 

Gur-gur səsim duyuldu,

Qara gözüm oyuldu.

Dərim belə soyuldu,

Tək günahım türk olmaq.

 

Qələmimi qırdılar,

Biləyimi burdular.

Dilimi susdurdular,

Tək günahım türk olmaq.

 

Diyar-diyar sürüldüm,

Sürgün olub görüldüm.

Dərd çəkməkdən yoruldum,

Tək günahım türk olmaq.

 

Yurdsuz, ocaqsız qaldım,

Türkün halına daldım.

Artıq candan usandım,

Tək günahım türk olmaq.

 

Müqəddəs mücadiləm,

Yazsın bunu mərd qələm.

İçimi sarmış ələm,

Tək günahım türk olmaq.

 

Millət üçün can verdim,

Neçə qəhrəman verdim,

Şah damardan qan verdim,

Tək günahım türk olmaq.

 

Dar ağacda asıldım,

Qurban kimi kəsildim.

Körpü kimi basıldım,

Tək günahım türk olmaq.

 

Ankara, 2023

 

Şəmsəddin KUZƏÇİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.20-21.