Məhəbbət
heç vaxt ölmür
Gizli Eşqin həzzini və
iztirabını yaşayanlara
Əfsanə.
Yazıçı dostum Hüseynbala Mirələmova
Qədim
zamanlarda Türk əşirətlərindən birində
Ovsun adlı Alp, onun Sunay adlı
xatunu yaşayırdı.
Onların Gündoğdu
və Aydoğdu adlı iki cəsur
oğlanları var idi.
Ailə çox mehriban, səmimi və qürurlu idi. Ovsunun 46 yaşı tamam olmuşdu. Sunay da 40 yaşa yaxınlaşırdı.
Nə Ovsun dağ vüqarını,
nə də Sunay gözəlliyini və şuxluğunu itirməmişdi. Onlar qamətli, igid oğlanlarını qısaca
olaraq Gün və Ay çağırırdılar.
Elə qohum-qardaş,
obanın adamları
da onlara belə müraciət edirdi.
Ayxan və Günxan vaxtlarının çoxunu
döyüşlərdə keçirir, tayfanı düşmənlərdən qoruyurdular.
Fəqət, Sunay ana bir az xiffət
eləyir, hərdən
Ovsun kişi ilə bu mövzu
ətrafında söhbətlər
aparırdı. Ovsun
Alp xatununu çox sevirdi. Türk sevmədiyi qadınla evlənməz. Onlar üçün sevgi, məhəbbət mənəviyyatın
əsasıdır.
Bəlkə elə buna görə
də zəngin və qüdrətli Türk şeirinin, nəğmələrinin lirik
qəhrəmanı Əlahəzrət
Eşqdir:
Eşqdir
Mehrabı uca göyləri
Eşqsiz,
ey dünya nədir dəyərin
İdrakı dindirsən söyləyər
o da
Hər şey eşq üstündə durur dünyada.
Sunay ana
oğlanlarını baş-göz
eləmək, obanın
çadırlarını artırmaq
istəyirdi. Çoxlu
düşmənləri olan
Türk cəmiyyətinə
yeni-yeni Alplar lazım
idi. Ancaq "Sən saydığını
say, gör fələk
nə sayır" deyib babalar.
Oğlanların ikisi də bir-birindən xəbərsiz
obadakı ən göz qıza - saf su kimi
duru Aylinə vurulmuşdu. Sunay xatun düşünürdü:
bu çox çətin məsələni
necə həll etmək olar?!
Tədbirli Sunay əvvəlcə
Ovsunla məsləhətləşdi.
Ovsun dedi: gəl aralarında püşk ataq. Aylinin adı yazılan kimə düşsə, qız olsun onun. Sunay
zeytun gözləri yaşaranacan gülüb ona dedi: yox,
a kişi, püşk
nədir, mal bölüşdürmürsən
ki, bu çox incə qəlb məsələsidir.
Sunay obanın baş Alpı, Cəsur bəyin yanına məsləhətə getdi.
Ondan da ağılabatan
bir şey çıxmadı. O da eynən
Ovsun Alp kimi metrəni alıb, tərəzini qoyub ölçməyi təklif
etdi.
Obada Şərq mədrəsələrində
oxuyub gəlmiş bir alimi-əzəm var idi. Adına Hüsaməddin deyirdilər.
Güman ona qalmışdı. Hüsaməddin
müdrik adam idi, yalnız at minməyi, qılınc tutmağı bilən balaca türklərə məntiqdən, fizikdən,
həndəsədən dərs
öyrədirdi.
Hüsaməddin müəllim Sunayı
diqqətlə dinləyib
dedi: Sən onlara bir Əfsanə
danış, hansı
çox təsirlənsə
Aylin onun olsun. Lakin bu şərti oğlanlara əvvəlcədən
demə. Və sonra filosof Hüsaməddin
belə bir əfsanə söylədi:
"Günlə Ay bir-birlərini
çox sevirmiş.
Lakin təbiətləri fərqli
imiş. Gün qızmar, isti və hərarətli, Ay soyuq və parlaq
imiş. Xasiyyətləri
heç cür uyğun gəlmirmiş.
Bir gün həmişə
gecələr çıxan
Ay yubanır səhərə
qalır. Gün və Ay hər ikisi bu qəfil
görüşdən sevinir.
Gün odlu bədəni ilə Ayın buz kimi
soyuq bədənini qucaqlayır. Birdən Gün baxıb görür ki, qardaşı
yavaş-yavaş əriyib
suya dönür və onun yerində
dumduru bulaq əmələ gəlir. Gün hönkürtü vurub ağlayır, göz yaşları bulağı doldurur".
Sunay ana
igid oğlanlarına bu əfsanəni danışır. Ayxan əsəbləşib durur,
qılıncını belinə
bağlayır, atına
minib dağlara sarı gedir və bir daha
obaya qayıtmır.
Günxan
təsirlənir, ağlayır.
O, qənirsiz gözəl
Aylinlə evlənir.
Bir il ötür. Oğlanları
- təmizqanlı Türk
uşağı dünyaya
gəlir. Günxan Aylinə deyir: "Oğlumuzun adını Ovsun qoyacağam". Aylin
təbəssümlə üzünü
ona tutur: "Ömrüm-günüm mən
Ayxana söz vermişəm, oğlum olsa onun adını
qoyacağam". Günxan
sevimli arvadına etiraz edə bilmir, başa düşür ki, Aylin Ayxanı
sevirmiş.
- Qoca Türk bu yerdə müdrikcəsinə
deyib: Məhəbbət
heç vaxt ölmür: Bülbül
nəğməsində, quş
dilində, çiçək
ətrində, körpə
qığıltısında, sevən qəlblərdə
və bir də əfsanələrdə
yaşayır.
Nizaməddin
ŞƏMSİZADƏ
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.23.