Türk Qurtuluş Savaşı qəhrəmanı

Cəmil Cahid Toydəmirin Azərbaycan fəaliyyəti  

 

30 avqust günü Türkiyə Cümhuriyyətinin Milli bayramı - mübarək Zəfər bayramı günüdür. 1922-ci ilin 26 avqustunda Dumlu Pinarda Qazi Mustafa Kamal Paşanın baş komandanlığı ilə başlanıb, sonunda böyük istiqlal qələbəsi ilə bitən tarixi gündür. İşğalçı orduların ölkə sərhədlərindən qovulmasına hələlik qalsa da, 30 avqust rəmzi mənada Vətən torpaqlarının azad olunduğu gün olaraq tarixlərə yazılır. Zəfər bayramı deyə, bu mübarək gün - ilk olaraq 30 avqust 1923-cü ildə Afyon Karahisar, Ankara və İzmirdə qeyd olunsa da, sonradan bütün Türkiyədə, dünyanın türk-müsəlman mühitində, "Bir millət, iki dövlət" olan Azərbaycanda coşquyla, fərəhlə keçirilir.

Bu yazımızda söhbətimiz Mudros Sülhü nəticəsində Azərbaycandan çəkilən ordu birlikləri ilə birlikdə Türkiyəyə dönən, lakin silahı yerə qoymayan, əqidəsinə sadiq qalaraq Milli Mübarizənin ilk çağlarından Mustafa Kamalın yanında dayanan, şanlı mübarizədə həmişə ön sıralarda gedən, ən məsul postda olan və özünün adına qanlı vuruşlardan çıxdığı Ankaranın Toydəmir kəndinin adını şərəf adı seçib götürən, vaxtilə Qafqaz İslam Ordusu tərkibində Azərbaycana yardıma gəlmiş bir əsgər və siyasətçidən - general Cəmil Cahid Toydəmir haqqında olacaq.

...Azərbaycana azadlıq hərəkatının qəhrəmanları Qafqaz İslam Ordusunun komandanı Nuri paşa, Şərq Orduları qrupu komandanı Xəlil Qut paşa, Cənub qrupu komandanı Cəmil Cahid bəy, 5-ci Qafqaz diviziyası komandanı Mürsəl Bakı paşa, 15-ci diviziya komandanı Süleyman İzzət bəy, ərkani-hərb rəisi Nazim bəy İbrahimzadə və yüksək rütbəli zabitər - Rüştü Türkər, Zihni bəy, Halim Pərtov, Fəhmi bəy, Tevfik bəy onun düşməndən azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərmişlər. Onlar bir daha unudulmamalı və yaddan çıxmamalıdır.

 

***

 

Bakıda hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq, onun işğal altında olan torpaqlarını azad etmək və Azərbaycan xalqının dövlət müstəqilliyini qorumaq üçün Osmanlı dövlətinin yardıma göndərdiyi Nuri paşa komandanlığı altında Qafqaz İslam Ordusunun 600 nəfərlik ön dəstələri Mosul-Rəvandiz-Savucbulaq-Naxçıvan-Qarabağ yolu ilə irəliləyərək, mayın 25-də Gəncədə böyük ehtişamla qarşılandı. (Qeyd: Osmanlı dövlətindən kömək istəmək üçün Nağı Şeyxzamanlı və Gəncədəki I Dünya savaşı əsiri türk zabiti Hüsaməddin (Tuğaç) bəydən oluşan Azərbaycan nümayəndə heyəti gizli şəkildə Batum vasitəsilə İstanbula getmiş, Osmanlı hökumətindən Azərbaycan xalqına hərbi yardım istəmişdi (Nağı bəy Şeyxzamanlı). Üç gün sonra Azərbaycan öz müstəqilliyini dünyaya bəyan edərkən, Bakıdakı mürtəce Şaumyan hökuməti qüvvələri gənc cümhuriyyəti beşikdəcə boğmaq üçün Gəncə üzərinə yola çıxdı. Azərbaycana əlavə qüvvələrin göndərilməsi lazım idi.

Bu məqsədlə, 4 iyun 1918-ci ildə Batumda "Sülh və dostluq haqqında" Osmanlı-Azərbaycan müqaviləsi imzalandı. Azərbaycanın taleyində mühüm rol oynayan Batum müqaviləsinin əsasında Milli Məclis rəisi Məhəmməd Əmin Rəsulzadə və cümhuriyyətin Xariciyyə naziri Məhəmməd Həsən Hacınskinin xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq barədə Türkiyəyə hərbi yardım üçün etdikləri müraciət dururdu. Türkiyə tərəfindən Ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə Qafqaz cəbhəsi Osmanlı orduları komandanı general Vehib paşa həzrətlərinin imzaladığı müqavilənin şərtinə görə Beşinci Qafqaz firqəsi Azərbaycana göndərilməliydi. Müqavilənin imzalandığı gün - 4 iyun 1918-ci ildə minbaşı Cəmil Cahid bəyin rəhbərliyi altında Cəlaloğlu yolu ilə (hazırda: Stepanavan) Gəncəyə doğru hərəkətə keçən 5-ci firqənin (diviziyanın) ön qüvvəsi olan 9-cu piyada alayında 61 nəfəri topçu olmaqla 1336 nəfər var idi; Cəlaloğludan hərəkət edən alay 7 iyun saat 12.30-da Qazax qəsəbəsinə çatmışdır. Alay bütün atlı əhali və bölgənin adlı-sanlı adamları tərəfindən şəhərdən xeyli uzaqda çox təntənəli surətdə qarşılanmış, qəsəbə Osmanlı bayraqları və zəfər tağları ilə bəzədilmişdi.

7 iyun 1918: 9-cu Qafqaz alayı Qazaxa çatmaqla bərabər, 2-ci süvari alayını da öz əmrinə götürərək, bu alay birliyinə "Gəncə müfrəzəsi" adı verilmişdir (QİO-su 5-ci diviziya Baş Qərargah rəisi Rüşdü Türkər).

9 iyun 1918: təqviyyə qüvvəsi kimi göndərilən 9-cu Qafqaz alayına daxil olan Gəncə dəstəsi qatarlarla saat 4.30-da Qazaxdan hərəkət edərək, saat 22.20-də Gəncəyə çatmışdır. Burada onların qarşılanma mərasimi olmuş, Türk İslam Ordusu komandanı Nuri paşa qarşılanmada iştirak etmişdir. Beləliklə, 10 iyun 1918: Qafqaz İslam Ordusunun əsas gücünü təşkil edəcək olan 5-ci Qafqaz firqəsi birlikləri Gəncəyə daxil oldu.

Türk qoşun hissələrinin tamamının hələ Azərbaycana yetişmədiyi bir vaxtda ölkənin təhlükəsizliyini mürəkkəbləşdirən təkcə Bakıdan irəliləyən daşnak-bolşevik qoşunu deyildi. Gəncədə və ətrafında ermənilər yaşayan məntəqələrin hamısında Azərbaycanın müstəqilliyinə qarşı bir təhlükə vardı (Mehman Süleymanov). Bu silahlı dəstələr 600 nəfərlik tabora malik idilər və istənilən vaxtda Bakıya doğru istiqamət alan orduya arxadan zərbə endirə bilərdi. Ona görə də Türk İslam Ordusu komandanlığı erməni məhəlləsinin tərkisilah edilməsi qərarını qəbul etdi. Gəncə ətrafındakı ermənilərin tərkisilah edilməsi qərarına əsasən, "Gəncə dəstəsi" komandirinə şifahi əmrlər verildi. Bu məsuliyyətli iş Ordu rəhbərliyi qətiyyətli, cəsur adam kimi tanınan Cəmil Cahid bəyə tapşırıldı. Təpədən-dırnağa qədər silahlanmış hiyləgər düşmənə qarşı bu cətin əməliyyat uğurla başa çatdısa da, Azərbaycanın istiqlalı uğrunda ilk şəhidlər verildi. Lakin təhlükə yox edilmiş, ermənilərin müqaviməti qırılmışdı... Komandanlığın rəğbətini, etibarını bir daha qazanan albay Cəmil Cahidə indi də Gəncənin asayişi tapşırılmışdı. Lakin 17 iyunda Qaraməryəm döyüşlərində şəraitin mürəkkəbləşməsi üzündən 9-cu alayın əsas gücləri Göyçay altındakı bu döyüşə cəlb olundu.

Bu alay Gəncədən başlayaraq, Bakıya qədər uğurlu döyüş yolu keçmişdi. Aparılan döyüşlərdə Cəmil Cahid bəy böyük təşkilatçılıq qabiliyyəti və şücaət göstərdiyi üçün ona həmişə məsuliyyətli, mühüm işlər həvalə edilirdi. Bakı üzərinə həlledici həmlələrə hazırlıq işləri həyata keçirilərkən, alay özünün tam heyətilə şəhər ətrafında mövqe tutdu. Komandanlıq etdiyi Cənub Qrupu özündə 9-cu alayı və milli qoşun hissələrini birləşdirirdi. Bakı azad edildikdən sonra Cəmil Cahid bəy şəhərin komandanı təyin olundu. Onun ölkə istiqlalına xidmətlərindən biri də 1-ci Azərbaycan diviziyasını formalaşdırmaq oldu.

15 sentyabrda Bakının azad edilməsindən sonra Dağıstana və Şuşaya doğru qüvvələr sövq edilərkən, Bakının azad edilməsindən sonra başladılan Şuşa qalası mücadiləsinin ağır yükü Cəmil Cahid bəyin çiyinlərindədir. Cəmil Cahid bəyin Qarabağ əməliyyatını Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətinin mühüm nəticəsi hesab etmək lazım gəlir (Mehman Süleymanov, Bahtiyar Ersay). Bu əməliyyat Azərbaycan-Türkiyə birgə tarixinin, Azərbaycan-Türkiyə hərbi qardaşlığı tarixinin mühüm səhifələrindən birini təşkil edir. Qafqaz İslam Ordusunun Azərbaycanda əldə etdiyi mühüm nailiyyətlərindən biri də, şübhəsiz ki, Qarabağda erməni təcavüzünə vurulan zərbə oldu (Mehman Süleymanov). Azərbaycan öz müstəqilliyinə qovuşandan, düşmən caynağında inləyən öz baş şəhərinə sahib olduqdan sonra durum yenə də vahim qalmaqda idi; Qarabağda erməni separatizmi genişlənərək güclü təhlükəyə çevrilmişdi. Erməni quldur qüvvələri hər vasitə ilə Qarabağı Azərbaycandan qoparmağa, Azərbaycan türklərini Qarabağdan çıxarmağa çalışırdılar.

Ordunun sıralarında olan, Qarabağ döyüşləri iştirakçısı və bizə qiymətli anlar buraxmış Mucip Kamalyerinin xatirələrinə və 1918-ci ildə "Azərbaycan" qəzetində dərc olunmuş bir məqaləyə istinad edən Azər Turanın "Cəmil Cahid Toydəmir - Şuşanın ilk fatehi, Hitlerin ram edə bilmədiyi orgeneral" yazısında belə bir detal var: "Təbiət gözəlliklərinə sahib Şuşaqalaya şəhərin varoşlarında bizləri maraq və həyəcanla bəkləyən türklərin candan alqışları içində və pək çabuk hazırlanmış üç böyük Zəfər tağının altından keçərək girdik. Birincisində, "Yaşasın Ənvər", ikincisində, "Yaşasın Sultan", üçüncüsündə, "Bir gün olacak şəmsi-həqiqi doğacaq, Şərqin bu əsir evladları hür olacak" yazılmışdı..." "Zəfər qapısının yanında əllərində Şuşanın açarını tutmuş ruhanilər Cəmil Cahidin pişvazındadır. Qara çərkəzi geyimli şuşalı gənclərdən ibarət orkestr hərbi marş çalır... Şuşanın tanınmış adamları Cəmil Cahidi duz-çörəklə, qadınlar gül-çiçəklə qarşılayır... Məktəblilərin əllərində türk bayrağı... İzdihamın içində, hətta Cəmil Cahidin Şuşaya daxil olmasına "sevinən" 300 erməni də var. Cəmil Cahid ön sıradadır. Yanında addımlayan (Cavad xanın nəticəsi, iki il sonra, 1920-ci ildə Qırmızı Ordunun hərbi səhra məhkəməsinin Gəncədə güllələyəcəyi) İsmayıl bəy Ziyadxanovdur. Süvarilər... Topçular... Pulemyotçular. Qaladərə qəhrəmanları Sultan bəy və İldırım bəy... Qarabağ süvariləri..."("Ədəbiyyat qəzeti" 23 iyul 2022)

Cahid bəy ermənilərə sərtcə: "Əgər siz mənim sözlərimə dərhal tabe olmasanız, əmrlərimi hərtərəfli yerinə yetirməsəniz, məndə olan ən böyük səlahiyyətlə sizinlə sərt davranmaqdan zərrə qədər çəkinməyəcəyəm. İndi mən ermənilərə itaət etməyi təklif edəcəm. Razı olmasalar, orduya tabe olmadıqları üçün onları cəzalandıracağam. Əgər itaət etsələr, canları, namusları, malları mənə əmanət olduğu üçün zərrə qədər ayrılığa yol vermərəm. Tələblərə əməl olunmadıqda, müamiləyə yalnız mənim əsgərim cavabdeh olacaq. Bu andan xalqın tam ayıq olmasını, hər kəsin öz işinə, gücünə başlamasını tələb və əmr edirəm". Beləliklə, erməni silahlılarının göstərdikləri bütün cəhdlərə baxmayaraq, Cəmil Cahid bəyin komandanlıq etdiyi birliyin Şuşaya girməsinin qarşını almaq qeyri-mümkün oldu. Türk-Azərbaycan qüvvələri, nəhayət, Şuşaya bir qalib olaraq girdilər. Bu qələbə Qafqaz İslam Ordusunun tarixində və igid qəhrəman Cəmil Cahid bəyin əsgəri həyatında mühüm hadisə oldu.

Nəticə. Cəmil Cahid bəy Milli Mübarizənin ilk çağlarından Mustafa Kamalın yanında olmaqla böyük fədakarlıqlar göstərərək, 1919-cu il iyulun 15-də Anadoluya keçdi. Burada Sivas Konqresində iştirak edib, Amasya görüşlərinə qatıldı. Yüksək hərbi bacarığı sayəsində 5-ci diviziya komandanlığına təyin edildi. Bu vəzifədə olarkən, Yozgat, Zilə və Pontus üsyanlarını yatırdır, həmçinin, Aslıhanlar-Dumlupınar və Sakarya döyüşlərində iştirak edir. Cəmil Cahid Toydəmir öz soyadını da 102 il öncə Sakarya Meydan müharibəsində savaşdığı Ankara-Polatlının Toydəmir Köyündən aldı. Cəmil Cahidin əsgəri tərcümeyi halı çox zəngindir. Korgeneral, Kolordu Komutanı, ardınca keçən müddətdə orgeneral rütbəsi alır. Nəhayət, orgenerallıq rütbəsiylə Türkiyə Milli Müdafiə nazirinə qədər yüksələrək, şərəfli bir yol keçir.

Cəmil Cahid Paşa, 15 iyun 1946-cı ildə hərbi işdən əməkliliyə ayrıldı. Demək, Azərbaycan əsgərinin 44 günlük savaşda Qarabağı işğaldan azad etməsinin öz bəhrəli ənənəsi vardır; bu, böyuk zəfər təcrübəsinin uğurlu nəticəsi idi; 1918-ci il 4-8 oktyabr tarixlərində albay Cəmil Cahid bəy komandasında birləşmiş Türkiyə və Azərbaycan qüvvələrinin Qarabağ döyüşlərində qazandığı zəfərin dəyərli nəticəsi idi.

 

Minəxanım Nuriyeva TƏKLƏLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.24-25.