Avqustun on üçündə...
Avqustun
on üçündə
Axşamdan başlayan yağış
Çəkdi on dördün günortasına...
Yağdı
meşələrə qənim kəsilənlərin
baltasına.
Odunçular kədərləndi
Baxanda baltaların pasına...
Deyəcəyim
bu deyil əsla,
Yağış yağanda
Evimdə
bir stəkan su
Elə atılıb düşürdü
ki...
Səsini
qatmaq istəyirdi
Çöldə yağan yağışın
səsinə...
Məni
yaman kövrəltdi
Bir stəkan suyun darıxmağı.
Külək
adamlar
Küləklər
darıxmağı azaldır, məncə,
Sinəyə, gözə, başa
dəyincə.
Hətta
ayaqlarına dolaşınca,
Balaca bir kağız parçasını
Başının üstünə qaldırınca,
Sən də o kağızı
bir məktuba oxşadınca,
Keçmişi bir anda xatırladınca,
Səngiyir darıxmaq...
Dərin
və həm də sərin küləklər
Bilməmiş deyillər,
Sənin
- kim üçün
darıxdığını.
Onun təmasını gətirirlər,
Sürtürlər
sənin üzünə.
Əlini
əlinə toxundururlar,
Dodaqlarını dodaqlarına.
Küləklərin
içi adamla dolu...
Nə yaxşı, belədi, ilahi!
Təbəssüm
nəsli
Kuklanın
üzündəki təbəssüm
Məni
kövrəldir...
Bir əl boyda təbəssümü
Necə
yapışdırıblar
Kuklanın üzünə?
Bir ayağı sınsa da,
Yenə
də təbəssüm
Həmin
duruşunda,
Saçlar həmin yatışında...
Bəlkə də, hansısa
rəssam
Təbəssümünü,
Nə vaxtsa,
Köçürmüş kuklalara.
Kuklalar
da
Körpələrə köçürür
Həmin
təbəssümü...
Heç
vaxt tükənməsin
Təbəssüm nəsli...
Vüsal HƏBİBLİ
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.25.