Anlayın

 

Bütün davaların sonu

Sülhdü, bunu anlayın!

Ey birinci daş

atanlar,

Durun, sonu anlayın!

 

Bir azdan gec olacaq,

"Bir" dönüb "üç" olacaq.

"Üçlər" heç olacaq,

Anın, anı anlayın!

 

Bəbəktək qızarır dan,

Babək baxır kənardan.

Hələ damardadı qan,

Qanın, qanı anlayın!

 

Mənlik deyil

 

Bilirəm ki, gec olacaq,

Gec olmaq mənlik deyil.

Uduzmaq yerimdi,

Güc olmaq mənlik deyil.

 

Arzum yoxdur elə ,

Yaşayıram, belə ...

Eşqim düşüb dilə ,

Suç olmaq mənlik deyil.

 

Tənhalıq yağır evdən,

Sevincdi məndəki qəm.

Bir qızımdı, bir mən,

Üç olmaq mənlik deyil.

 

Qızıma...

 

Selcan üçün

 

Qızımın əlindən elə tutmuşam,

Buraxsam, ayağım ilişər indi.

Qızımla dünyada bir doğulmuşam,

Ayrılsam, yerlə göy birləşər indi.

 

Telləri küləkdi, əlləri çiçək,

Gözünə baxsanız, ürəkdi, ürək.

Nöqtə ayağını yerə döyərək,

Elə bil dünyayla döyüşür indi.

 

Mənimlə yanaşı addımlayır o,

Səs-küyü, nəğməsi tutub hər yeri.

Onun ayağıyla yağır yollara

Mənim ürəyimin döyüntüləri.

 

Pərvanə MEHMANQIZI

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.25.