Hər gecə
səni düşünüb
səhəri dirigözlü açıram...
Gedişindən sonra
yuxularım da ərşə çəkilir.
Baxışlarımdan yollarına
yollarından mənsizliyə
hüzn tökülür...
Dözürəm sənsizliyə
və səssizliyə...
Bilirsən niyə?
Mən
səni
ürəyimdən, ağlımdan
çıxartmamışam.
Görünür sənsizlik və səssizlikdə
yox olmamışam -
nə olsun ki görmürsən...
Bu nə sənsizlik,
bu nə səssizlik...
Düşünmək ölümə bərabərdi...
Gəlmirsən gəlmə...
Görmürsən görmə...
Qoy xəyalın gəlsin...
və mənsizlikdə dincəlsin...
Hər tərəf sakitdir -
nə ləpələr küləklərin qabağına düşüb
özünü sahilə aparır,
nə qumlar
ləpələrin ovsununa düşüb
özünü sahildən qoparır...
Necə də səssizlikdir
sənsizlikdir
Bu səssizlik qulağımı batırır...
Bilirsən,
nə
olmaq istəyirəm?
Sevdiyin müğənni,
hətta sevdiyin müğənninin
sevdiyin mahnısı olmaq istəyərdim...
Yox!..
Nə müğənni, nə də mahnı
olmaq istəmirəm.
Sənə verilən ən gözəl
hədiyyə olmaq keçir könlümdən,
könlüncə olan hədiyyə...
Of...
Bu gün yenə sənə şeir yazdım,
bəlkə bir gün oxuyarsan deyə...
Nə barmaqlarım sözə baxır,
nə də ürəyim;
sənə yazdığım şeirlərin
içindən boylanır
sənsizliyim.
Bilirsən, nə olmaq istəyirəm?
Dəftərinə çəkdiyin
günəş olmaq istəyirəm.
Bilirsən niyə?
İçini qızdırmaq üçün...
Bilirsənmi bir də nə olmaq istərdim?
Bir ev olmaq...
O evdən heç çıxma,
həmişə mənimlə qal..!
Sənin
üçün nə
günəşəm,
nə də ev...
Üşüyürəm
olmaq istədiyim
günəşin istisindən.
İstimə qızınmadığına görə
tüstümə kor oluram.
Səni
sevməməkdən qorxuram...
Səni
belə sevdim, incimə...
Sevgi sənin
gözlərindi -
ilk
öncə gözlərindəki sevgini, ağrını
sevdim...
Gülüşündə gizlətdiyin kədəri sevdim.
Baxışındakı qorxunu sevdim...
Sevdim...
Bütün varlığımla sevdim...
İxtisar etmədən - sevdim;
xasiyyətini, səsini, davranışını.
Səni
olduğu kimi qəbul etdim və sevdim.
Mənim
gülüşüm şəhərinə
işıq saçacaq;
gözlərim sənə qaranlıq
dar
şəhər küçələrində yol yoldaşı olacaq.
Məşuq etmə özünə,
aşiq et.
O zaman günəş belə
utanacaq
sevgimizin
gözəlliyindən,
səni
belə sevdiyim üçün incimə məndən.
***
Bilməyini
istədiyim bəzi şeylər var...
Səni
nə zaman sevdiyimi
danışacam sənə;
əsəbləşərdin mənə
çox
siqaret çəkdiyim
üçün...
Mənə əsəbləşdiyin
zaman sevmişdim səni.
Bəzən haqsız olaraq
məni
səhv çıxarardın,
"səhv" olduğum zamanlarda
sevmişdim səni...
Saatlarla,
günlərlə yazmazdın
mənə,
özün həmişə yalan
danışardın,
Mənə "yalan demə"
deyərdin -
yalana büründüyün
zamanlarda
sevmişdim səni..
"Ayrılaq" demişdin,
Ayrılanda sevmişdim səni..
Sənin
yanımda olmadığın
günlərdə,
gecələrdə sevmişdim səni...
yazdığm şeirlərdə
o şeirlərdəki hecalarda
sevmişdim...
İndi
"gedirəm" deyəcəksənsə
get,
Getdiyinə görə sevəcəm
səni...
Tural BALABƏYLİ
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.27.