Mənsurənin Şuşa səfəri
İllərdən 2023-cü il...
May ayının 26-sı və həftənin cümə günü... Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yeni nəşr olunmuş "Yad şəhərin yuxusu" adlı hekayələr kitabımın təqdimatına yığışan dostların əhatəsindəyəm. Dostlar mənim sevincli və qayğılı görünməyimi, yəqin ki, bu günlə əlaqələndirirlər, amma ruhumda yaranan bu qəribəliyin səbəbi başqadır. Haqqımda danışılan xoş sözlərə, kitabda yer alan hekayələrin müzakirələrinə münasibət göstərsəm də, fikrim uzaqlara - sabaha yol alıb. Təsadüfə bax, bu gün "Xan qızı" Xurşidbanu Natəvanın adına olan klubda təqdimatdayam, sabah Şuşaya, "Natəvanın şəhəri"nə yola düşürəm.
Şuşa ilə görüşü bu günümə Tanrının hədiyyəsi hesab edirəm...
***
Şuşaya ilk səfərimdir. Şuşa ermənilər tərəfindən işğal olunmamışdan əvvəl, iki dəfə bu şəhərə getmək niyyətim olsa da alınmamışdı. Orta məktəbin 11-ci sinfində oxuyurdum. 1988-ci ilin yanvar ayının son günləri idi. Məktəbdən bizi Xankəndinə, "Fizika" fənnindən olimpiadaya aparırdılar. Müəllimlərimiz söz vermişdi: - "Sualların cavabını yaxşı yazın, sizi Xankəndindən Şuşaya, Cıdır düzünə aparacağıq". Gözəlliyi haqqında çox eşitdiyimiz bu qədim şəhərin görüşünə tələsmişdik.
O zaman Şuşaya bir yol vardı: - Ağdam - Şuşa yolu. Təbiətin ecazkar gözəlliyi addımbaşı bizi təəccübləndirirdi. Bu möhtəşəm mənzərəni seyr edə-edə Şuşaya yol almışdıq.
Bizi aparan avtobus Xankəndində, 1 saylı məktəbin qarşısında dayandı. Baxmayaraq ki, burada azərbaycanlı və erməni müəllimlər birgə işləyirdilər, məktəbin qarşısında bizi erməni müəllimlər qarşıladı. Onların baxışlarıını indi də xatırlayıram. Bu baxışlardan qəzəb, kin və insanlıqdan uzaq hisslər yağırdı. Yəqin ki, məktəbin azərbaycanlı müəllimlərini prosesdən uzaqlaşdırmışdılar. Qarşılanma mərasimindən sonra bizi olimpiadaya aparan müəllimlərin narahatlığı hiss olunurdu. Erməni müəllimlərin dəvəti ilə zala daxil olduq. Boyük otağın bir hissəsində biz, o biri hissəsində 1 saylı məktəbin şagirdləri əyləşmişdilər. Nəzarətçi müəllimlər ancaq ermənilərdən ibarət idi və başımızı qaldırıb bir-birimizə baxmağa imkan vermirdilər. Mənimlə yan tərəfdə bir oğlan əyləşmişdi. Adını xatırlamıram, Bərdənin şəhər məktəblərindən idi. Çox savadlı olduğu olimpiada başlanan andan hiss olunurdu. Çox keçmədi, sualları cavablandırdığını bildirdi. Erməni müəllim vərəqi alıb, onu otaqdan çıxartdı. Bir azdan bir erməni qızı nümayişkaranə şəkildə otağa daxil oldu. Müəllim onu xüsusi ayrılmış yerdə əyləşdirib, oğlandan aldığı vərəqi qarşısına qoydu. Qız vərəqin üzünü köçürüb, gəldiyi əda ilə də otaqdan çıxdı. Və olimpiadamız beləcə başa çatdı...
O gün biz Şuşaya, Cıdır düzünə getmədik. Müəllimlərimiz bizi qanıqara halda geri gətirdilər. Çox keçmədi, fevral ayında Xankəndində ermənilərin mitinqləri başlandı və onlar xaincəsinə qurduqları planı həyata keçirməyə, torpaqlarımıza göz dikməyə başladılar.
Bu dəfə atam niyyətləndi. "İnstituta daxil ol, sizi Şuşaya - Cıdır düzünə aparacam". Sizi deyəndə, yəni, ailəlikcə. Bu dəfə məsuliyyətim daha çox idi. Ailə adına... İnstituta qəbul oldum, amma Şuşa mənfur ermənilər tərəfindən işğal olundu.
İndi mən düşmən caynağından azad olan Şuşa ilə görüşə gedirdim.
Gecəni Laləgildə qaldıq. Lalə mənim rəfiqəmdi. Bu səfərə də mən, Lalə və qızı Xuraman - üçümüz birlikdə gedirdik. Lalə Şuşada, internat məktəbdə təhsil alıb. Şuşanın görüşünə tələsməyimizin bir səbəbi də internat məktəbin indiki halını görməkdi. Şəhərin infrastrukturu yenidən qurulur. "Məktəb sökürlər" kimi bir düşüncəsi var Lalənin. "Yox ey, sonra mən hardan tapacam o məktəbi? Nə qədər sökməyiblər, mən sağam, gedim, görüm". Fikrin təsir gücü bizi Şuşaya daha tez getməyə səsləyir.
Üçümüz də həyəcanlıyıq. Çantamızı yığa-yığa, tez-tez Laləyə suallar veririk. - "Şuşada sən yaşamısan, orda hava necə olur?" "Lalə titrək səslə: - "Allah sizə kömək olsun, əlinizdə telefon var, internetə baxın da" - dedi. Xuramanla eyni anda telefona baxırıq. Hava proqnozu sabah, Şuşada 22 dərəcəni göstərir. Çətir də götürmüşəm. Lalənin: - "Çətiri neynirsən?" sualına, - "Bilmək olmaz, birdən yağış yağar. O boyda yolu get, yağış yağsın, Şuşanı gəzə bilmə", - deyirəm.
O gecə sanki Novruz bayramının çilə gecəsi idi. Sevinc, həyəcan qarışıq hisslər bir-birinə qarışmışdı. Şuşaya gedirik - işğaldan azad olunmuş torpaqlarımıza...
Sevinc içində bir-birimizə
sual veririk: - Şuşaya gedirik?..
Dayanacağa yaxınlaşanda Şuşaya səfər edən adamları uzaqdan tanıdıq. Yox, onlarla tanış deyildik. Şuşaya gedən sərnişinlər belə sevincli ola bilərdilər. Hamısının üzü nurlu idi. Hamı bir-birinə gözəl səfər arzulayır, bu günə şükür edir, şəhidlərin ruhuna dualar oxuyurdu. Hamı vaxtından tez gəlmişdi. Avtobus gələnə kimi söhbət edirik. Hələ xatirə şəkli də çəkdiririk.
Şuşaya gedən sərnişinlər...
Aralarında Şuşadan olan da var, Ağdam, Qərbi Azərbaycan, Bərdə, Şamaxı, Bakı, Mingəçevir və s. bölgələrdən də...
Hamını Şuşaya Vətən sevgisi aparır. Hamı müqəddəs şəhərin otuz illik ayrılıqdan sonra ziyarətinə getməyə tələsir, göy üzünə yaxın yerdə Şəhidlərin ruhuna dualar oxumağa gedir.
...Füzuli rayonu, Əhmədbəyli kəndi. Burada avtobus saxlayır, içəri polis daxil olur. İlk əvvəl nə baş verdiyini bilməsək də, polisin özünü təqdim etməsindən sonra hər şey aydın olur. Sənədlərimizə baxır və bizimlə Şuşaya gedəcəyini söyləyir. Qayda belədir. Yola davam edirik. Bir azdan polisin "44 günlük Vətən müharibəsi bu postdan başlayıb", deməsi ilə sərnişinlərin ayağa qalxması bir olur. Hamı pəncərədən çölə baxmağa, igid oğullarımızın döyüşdüyü ərazini öz gözləri ilə görməyə çalışır. Həyəcan dolu yol hadisələri yaşanır. Polis yol boyu döyüş mövqelərimiz, şəhidlərimiz, müharibədə qazanılan uğurlar haqqında məlumat verir. Televiziya ekranlarından gördüyümüz müharibə kadrlarını sanki özümüz orada yaşayırıq. Füzuli şəhəri demək olar ki, yoxdur. Bu şəhər tamamilə dağıdılıb. Dağıdılmış ev bünövrələrindən, qalaqlanmış daşlardan burada nə vaxtsa yaşayış olduğu bilinir. Ağaclar belə yoxdur; qırıb aparıblar. Bir-birindən uzaq məsafələrdə qalan tək ağaclar sanki bu evlərin qayıdan sahiblərinə yol göstərmək üçün düşmən caynağından güclə yayınıb sağ qala biliblər. Tək ağaclar yol nişangahına bənzəyir. İndiyə kimi baxdığım müharibə filmlərinin heç birində belə səhnə görmədiyimi düşünürəm. Bu vəhşiliyin ali nöqtəsidir. Füzuli mənim üçün həm də tələbə yoldaşım Əlvan deməkdir. Evləri Füzulinin Xanlar küçəsində idi. Füzuli işğal olunanda o qədər ağlamışdı ki. Mən həm də bu dağıntılar içində Xanlar küçəsini axtarıram, Əlvanın addım səslərini eşitmək istəyirəm. Gözlərimin qarşısında ağ bantlı, ağ donlu, ağappaq, alagözlü balaca qız uşağı canlandırıram. Qəhqəhəsi qulaqlarıma gəlir. Əlvanın uşaqlığını görməsəm də hər halda bu mənə belə gəlir. Bütün xoşbəxt, qayğısız uşaqlar kimi...
Görəsən, Xanlar küçəsi yola yaxındırmı, mən o küçədən keçirəmmi və ya bu dağıdılmş yurd yerindən hansı Əlvangilindir? Füzuli işğaldan azad olunanda Əlvana zəng etmişdim. Xəttin o başında salam verməyimi gözləmədən "Doğrudu, düz deyirlər?" - deyə həyəcanla soruşmuşdu. Yəqin ki, o gün, Əlvana gələn zənglər Füzuli ilə bağlı imiş. "Düz deyirlər, - demişdim. - Füzuli azaddır". O, hıçqırmış, mən telefonu söndürmüşdüm. Boğazım qəhərdən kilidlənmişdi.
***
Yol boyu təbiət öz gözəlliyi ilə adamı heyrətləndirir. Ağ-ağ, topa buludlar göy üzündə bir-birini əvəz edərək sanki rəqs edirlər. Və biz bu rəqsin müşayiəti ilə Şuşaya yaxınlaşırıq. Və yaxınlaşdıqca da sıldırım qayalar diqqətimizi çəkir. Yenə sərnişinlər ayağa qalxır, qayaları lentə alır, heyrətlənir, qayanı dırmaşaraq döyüşən, Şuşanı düşməndən azad edən igidlərin qəhrəmanlığından danışır, cəsur oğullarımızı yad edirlər.
Şuşa!..
Avtobus dayanır. Sərnişinlər Şuşa torpağına qədəm qoyur. Ətrafa baxıram, adamlar 70-75 yaşlarında bir kişini əhatəyə alıblar. Kişi avtobusdan düşən kimi torpağı qucaqlayıb, öpür və ağlayır:
- Şuşa, bu günə şükür. Bu günə şükür,
ay Allah! Gəldim səni
gördüm, Şuşa!
- Ata, sakit ol! Bax,
buna görə səni
gətirmək istəmirdik.
Ürəyi xəstə
adamsan, olmaz. Qalx, qalx gedək
Cıdır düzünə,
ordan anamla görüntülü danışaq.
Kişi
qızlarının üzünə
baxıb, təsdiq işarəsi olaraq başını tərpədir
və ayağa qalxır.
İlk dəfə Şuşada olduğumdan hara gedəcəyimizi,
nələrin baş verə biləcəyini ehtimal etmirdim. Adamlar uzun bir
yola düşərək
gedirdilər. Bu yolun Cıdır düzünə
gedən yol olduğunu dedilər. Yolun sağ və sol hissələrindəki
dağılmış evlərin
halına acımamaq mümkün deyildi. Vəhşi qəbilənin
sakinləri yaşayıb
burda, - adamın ağlından ilk əvvəl
bu fikir keçirdi. 30 ilə yaxın yaşadıqları
bir şəhəri dağıtmaqdan başqa bir yenilik etməyiblər.
Çünki bu yerin sahiblərinin bir gün gələcəyini
bilirdilər.
Bu da yol kənarında bitən tək lalə. Qaça-qaça
laləyə yaxınlaşıram,
kameranın yaddaşına
köçürürəm. Yadıma Şuşa haqqında yazdığım
şeir düşür.
"Şuşanın dağları
başı dumanlı",
Şuşada dağların dumanı
ötmür.
Həsrətli gözləri hələ
gümanlı,
Şuşanın qızları, Şuşaya
getmir.
Qırmızı koftalar qaradı,
indi
Təbiətin də rəngi Şuşada itir.
Bilirəm, yazı da daha yaz deyil,
Görəsən, lalələr Şuşada
bitir?
Bəli,
Şuşada lalə bitmişdi. Dağları daha dumanlı deyil, səması tərtəmiz və qızları Şuşaya
gəlmişdi.
Bu da möhtəşəm Cıdır
düzü!
Görünüşü, havası bir möcüzə. Adamlar qollarını açıb Cıdır düzünün havasını
ciyərlərinə çəkirlər.
Uçurumun kənarına
yaxınlaşıram. Bu zaman Şuşaya qədəm qoyanda torpağa üz qoyub ağlayan
yaşlı kişi:
- Qızım, uçurum
gözü aparır.
Düşərsən, kənara
çəkil, - deyir.
Bir az kənara çəkilirəm. O isə
uçurumun dibinə
tərəf boylanır:
- Görəsən, "Xanın
evi" orda qalırmı? - deyə, o
biri Şuşalı sakindən soruşur.
- "Xanın evi" orda niyə olsun ki? Orda ev olar? - deyə
soruşuram.
- İşğalçılardan qorunmaq üçün orda "Xanın evi" olub. Uşaq vaxtı bu qayaların üstü ilə hoppana-hoppana ora o qədər getmişik ki.
Kaş o yaşımız
olaydı, gedib tapardım.
Sıldırım qayalar görünüşü
ilə adamı özünə məftun edirdi. Hər kəs bu möhtəşəm
gözəlliyin sehrindəykən
yadıma Vaqifin Xuramanı düşür.
Sanki Xuramanın səsi
qayalarda əks-səda
verirdi. "Vaqif, ey sərvərim, ey tacidarım"... Görəsən, Xuraman özünü hansı qayadan atıb?
Bu fikirlər içində ətrafa göz gəzdirdim. Bu zaman kiçik
qaya parçasının
üstündə əyləşən
bizim Xuramanı gördüm. O, çiynində
kəlağayı, qollarını
geniş açmışdı.
Gözlərini yumub Cıdır düzünün
havasını ciyərlərinə
çəkirdi. Xuramana
baxıb gülümsündüm.
Xuraman da mənim ona baxdığımı
hiss edirmiş kimi gözlərini açıb
gülümsədi. Bu zaman Lalənin səsi gəldi.
- Mənsurə, Mənsurə...
- səsə dönürəm.
Lalə mənə əl edir - "Gəlin". Adamlardan aralanıb Lalənin arxasınca qaçırıq.
Və biz Şuşanın
küçələrinə qarışırıq. Mən,
Lalə, Xuraman...
İnternat məktəbinə gedirik.
Məktəb tam yararsız
haldadır. Tək divarları qalıb. Qapıları, pəncərələri,
damını də söküb aparıblar. Tavansız sinif otaqlarını ot basıb. Lalə bu mənzərənin qarşısında hiss olunur
ki, özündə deyil.
Sinif otaqlarını göstərib, xatirələrini
danışır. Bura yemək
otağı, bura geyim otağı, bura idman zalı...
Ot basmış otağın bir küncündə dayanıb
kameranı açır
və ağlayaraq bir-bir sinif yoldaşlarını
çağırır: - "...Hardasınız?"
Bu mənzərəyə sakit halda baxmaq
mümkün deyil, koridora çıxıram.
Yasəmən ağacı... Lalə
ağacı göstərərək,
deyir: - O vaxtlar Şuşada, hamının
həyətində yasəmən
ağacı vardı.
Səhərlər pəncərəni
açırdın, yasəmən
ətri otağa dolardı.
İnternat məktəbin orta
həyətində, bu
dağıntıların içində
qalan tək yasəmən ağacıdır.
Şuşanın küçələri ilə gedirik. Xəstəxana binası, evlər, hamısı dağıdılıb. Bu da Qaratelin
evi... Təbii ki, Qaratelin evin ilk dəfə görürəm,
amma Lalə elə "bu da Qaratelin evi" dedi ki, elə bilirəm Qaratelin evini min ildir tanıyıram. Qaratelin bir qızı və bir inəyi
varmış. İnəyinin
o qədər gözəl,
qaymaqlı qatığı
olurmuş ki, hamı Qarateldən qatıq almaq istəyirmiş. Bir bankası əlli qəpiyə... Şuşanın
küçələrində şəkillər çəkirik,
düşmən hiyləsindən
sağ qalan tək-tək ağacların,
dağılmış evlərin,
yıxılan çəpərlərin,
kol dibində güllərin, üzərinə
- "Yoxlanılıb, mina yoxdur" - yazılmış
lövhələr vurulan
binaların və təmir olunan, yenidən qurulan Şuşanın...
Ü.Hacıbəyovun bağı,
Vaqifin ev muzeyi, Natəvanın evi... Gövhər ağa məscidinə gəlirik. Düşünəndə
ki, xain düşmən
məsciddə donuz saxlayıb, onların iblis xislətini görməyənlərin kor
olmadığına şübhə
edirsən.
Ziyarətimiz qəbul olsun, Şuşa!
Allah şəhidlərimizə rəhmət
eləsin!
Qazilərimizə cansaglığı versin!
Allah dövlətimizi, millətimizi
qorusun!
Qala qapısına qaçırıq.
Şuşadan Xankəndinə
baxmamış getmək
istəmirik. Bunun üçün
qala divarlarına çıxmaq lazımdır.
Belə nişangahları
İçərişəhərin qala divarlarında görmüşdüm. Nişangahdan
Xankəndinə baxırıq.
Bir gün "Xanın
kəndi"ndə olacağımıza
bir daha inanırıq. O gün yaxındadır!
Vaxta az qalır. Saat 3 tamamda avtobusun yanında olmalıyıq, tələsirik.
Və bizim Şuşa ziyarətimiz yollarda qaça-qaçla
baş verir. Çünki vaxt azdır. Yolda qarşımıza tikintidə
işləyən fəhlələr
çıxır. O qədər
həvəslə işləyirlər
ki... Gül əkən kim,
yerə döşəmə
düzən kim... Hardan gəldiyimizi soruşurlar. Ayaqüstü
söhbət edirik.
Biri özü haqqında
- qalalıyam, - deyir. Yadıma düşür
ki, nənəm də
Şuşaya "Qala"
deyirdi. "Qalaya getdik", "kəndimizlə
qala arasında bir at yolu məsafə
var", - deyirdi. Sürəyya
nənəm, Ağdamın
Abdal-Gülablı kəndindən
idi. At yolu deyəndə, yəni onların kəndindən atla dağları aşıb, qalaya - Şuşaya getmək olurmuş.
Fəhlələrə iş avandlığı arzulayıb
uzaqlaşmaq istəyirik.
Balaca, yeni təmir olunmuş, üzərinə
"Kişi salonu"
yazılan yer diqqətimizi çəkir.
Lalə: - Buranı
Suren adlı erməni
işlədirdi, "Surenin
dükanı deyirdilər"
- deyir. Gülürəm
və bu mənim çox xoşuma gəlir. Bəli, məkan düz seçilib! Bura, Surenin dükanı yox, məhz, kişi salonu olmalıdı!
Şuşadan qayıtmaq istəməsək
də, yenə gəlmək ümidi ilə ayrılırıq.
Sosial şəbəkədə Şuşada
çəkilən şəkilləri
paylaşıram. Yazılan
rəylərdən biri
diqqətimi çəkir.
Yazıçı dostumuz,
qazi və şəhid bacısı Təranə Musayevanın:
- "Mənsurə, Şuşaya
səfər etdin. Şuşanı görən
gözlərindən öpürəm!
Qarabağ savaşından
ən gözəl əsəri - "Müharibə
rəngini" sən
yazdın! Şuşada
gəzərkən əsərində
yaratdığın çəpərin
dibində torpağa basdırılmış gəlinciyi
gördünmü? Şuşa
ilə bağlı ora gedənlərin heç birinin fikirlərini oxumadım! Sənin düşüncələrini
oxumaq deyil, qana-qana içmək istəyirəm!" - yazısını
oxuyuram.
Bir neçə dəqiqə
gözlərimi monitordan
çəkə bilmirəm.
Təranə! Bir qardaşı qazi,
bir qardaşı şəhid olan Təranə Musayeva. Birinci Qarabağ müharibəsində şəhid
olan İlqar Musayevin bacısı! Bu sözləri sən yazdın!
"Şuşanı görən
gözlərindən öpürəm!"
- ruhum titrədi. Şuşaya qədəm qoyan andan, Şuşa
göylərinin təmizliyinə
baxaraq ilk ağlıma
gələn fikir bu olmuşdu - Qarabağ səmasını
bu qədər aydınladan şəhid ruhlarıdır!
Şuşada çəkdiyim şəkilləri
xatırlayıram. Yıxılmış
çəpər və
çəpər dibində
bitmiş gül kolu! Çox qəribədir, mən ən çox çəpər diblərini,
ağac koğuşlarını
çəkmişdim.
Mən
o yeri gördüm, Təranə! Çəpərin
dibində basdırılmış
gəlincik qolunun yerini gördüm. O yerdən çiçəklər
boy qaldırmışdı!
28.07.2023
Mənsurə QAÇAYQIZI
Ədəbiyyat
qəzeti.- 2023.- 2 sentyabr.- S.26-27.