Ədəbi təcrübə və ya
vahid günəş ədəbiyyatı
Esse
Dünya
ədəbiyyatı müxtəlif
dövrlərdə, çeşidli
mədəniyyətlərin qoynunda yaranmış rəngarəng əsərlərlə
zəngindir. Roman, hekayə,
şeir, teatr kimi janrlar vasitəsilə
insanlar həm daxili aləmlərini əks etdirir, həm də yaşadıqları dövrün
sosial məsələlərini
bədii üsullarla saf-çürük edirlər.
Ədəbiyyatın sehrli aləmi oxucuları müxtəlif zamanlara, məkanlara aparır, onların təfəkkürünü
yeni təcrübələrlə zənginləşdirir. Bəli,
məhz bədii ədəbiyyat həyatdan
aldığımız təcrübənin
üstünə yeni təcrübə
əlavə edir. Məsələn, biz Servantesin
"Don Kixot"unu oxuyanda,
Kexanaya (Qəmli cəngavərin əzəli
adı) yol yoldaşı oluruq, Sançodan sonra üçüncü silahdaşıyana çevrilirik
və ağılasığmaz
sərgüzəştləri bölüşərək, Dulsineya
uğrunda qəhrəmanlıq
göstərərək, bütün
əzab-əziyyətləri personajlarla birgə yaşayırıq. Başqa
sözlə, "Don Kixot"un
təcrübəsi bizim
öz təcrübəmizə
calanaraq daxili aləmimizi xeyli zənginləşdirir. Eləcə
də "Leyli və Məcnun"u oxuyaraq Məcnunun sevgisini bölüşürük,
onun iztirablarla dolu sevgi təcrübəsi
təcrübəmizə çevrilir.
Yəqin Andrey Jid:
"İnsana əsl biliyi bədii ədəbiyyat verir", - deyəndə əsərə
bu cür yanaşmanı nəzərdə
tuturdu. Bu baxımdan, mütaliə etdiyimiz bütün ədəbi əsərlərdəki baş
qəhrəmanların həyatı
həyatımız, təcrübəsi
təcrübəmizdir. Dostoyevskinin
romanlarını oxuyub,
öz içinə buraxmamaq, bir az onlar kimi
olmamaq mümkün deyil. İnanmıram, kimsə "İdiot"u
oxusun, bir müddət qəlbində
knyaz Mişkini yaşatmasın, Mişkin
onun təcrübəsində
ömürlük iz buraxmasın.
Bu və ya digər
əsərlə tanış
olanda, oxucu tədricən baş personajın libasına girərək, dünyaya müəllifin gözü
ilə baxmağa başlayır. O, öz qəlbində yeni layları
açmaq fürsəti
bularaq, daxilində, bu günə qədər özünə
də məlum olmayan incəliklər aşkar edərək, özünü yeni bir baxış bucağından
dərk etmək imkanı tapır.
Ədəbi aləmi klassik və çağdaş olmaqla iki əsas
dövrə bölsək
də, heç vaxt düşünmürük,
insanın mənəviyyatına,
insanın ruhuna hansı daha çox təsir göstərir, zamanın sınağından keçən,
yoxsa, hələ mürəkkəbi qurumayan
əsərlər? Elə
mətnlər var ki, müəlliflə
birlikdə ölüb
gedir, elə əsərlər də
var ki, müəllifdən bir
az qabaq ölür (belə hallar, əsasən, müəllif uzunömürlü
olanda baş verir), amma uzun
illərin sınağından
keçən əsərlər
nəsillərin daxili
aləmini zənginləşdirərək,
istənilən dövrdə
əbədi bir gerçəklik kimi yaşayaraq, heç bir texniki tərəqqiyə
məhəl qoymadan ən qədim dövrlərin mənəvi
təcrübəsini oxucunun
təcrübəsinə əlavə
edir.
Belə
əsərlər tarixi-mədəni
kontekstlə yanaşı,
dövrün mentalitetini
əks etdirir. Məsələn, Şekspirin
əsərləri klassik
ədəbiyyat nümunələri
sırasında olsa
da, dövrünün ruhunu
yaşadaraq, dünya teatrlarının səhnəsindən
düşmür, dövrünün
mental durumunu tamaşaçıya
aşılayaraq yaşayır.
Əminəm ki, bu əsərlərə baxıb
(əgər səhnə
həlli uğurludursa,)
evinə qayıdan hər bir tamaşaçı
daxili aləminin və mənəvi təcrübəsinin xeyli
zənginləşdiyini hiss edir. Başqa sözlə, səhnədəki
Hamlet bütün iztirabları
və tərəddüdləri
ilə müəyyən
mənada onun qəlbinə köçür.
Bu yerdə onu da qeyd etməliyik ki, ədəbiyyat bəşəriyyətin
emosional və intellektual zənginliyini ifadə etməklə yanaşı, sosial dəyişikliklərə də
təsir edən güclü vasitədir. Aydın məsələdir
ki, içimizi dəyişən
şey sonradan çölümüzü də
dəyişir. Klassik və müasir əsərlər ədəbiyyatın
təkamül xarakterini
göstərir, müxtəlif
dövrlərin zənginliyini
və rəngarəngliyini
əks etdirir. Ədəbiyyatın, eləcə
də incəsənətin
bu cəhəti oxucunu insanların düşüncə dünyasına
dərindən nəzər
salmağa çağıraraq,
bəşəriyyətin ümumi,
hamıya və hər şeyə aid olan hekayətindən
bəhs edir. Bu baxımdan ədəbiyyat
bəşər tarixində
dərin köklərə
malik olan, mədəni
irsi formalaşdıran,
cəmiyyətlərin ruhunu
əks etdirən bir xəzinədir.
Yazıçı qələminin (hazırda
klaviaturasının) cənginə
düşən sözlər
dəyişir, cümlənin
daxilində ilkin mənalarından əlavə
yeni mənalar kəsb
edir, dərin hissləri araşdırır
və oxucunu fərqli reallıqlara tərəf aparır. Personajlar bu günədək yad olan
zaman və məkanlarda
yeni gerçəklik yaradaraq
onu bəşər beyninə aşılayırlar.
Beləliklə, həmin
zaman oxucunun zamanına,
məkan məkanına,
gerçəklik gerçəkliyinə
çevrilir.
Əzəl gündən insan
öz hiss və duyğularını müxtəlif
vasitələrlə ifadə
edib. Təsviri sənət (ayrı-ayrı
rənglər), musiqi,
(müxtəlif səslər
də), rəqs insan iki ayağı
üstə qalxdığı
gündən bunun xidmətindədir. Bütün
bu vasitələrin güclü təsirinə
rəğmən söz,
ədəbiyyat insanların
daxili dünyasını
ifadə etməyin ən güclü yoludur (fəqət bəzi duyğuları ifadə etməkdə söz də acizdir). Hər şeydən öncə, sözdən vasitə kimi istifadə edən bədii ədəbiyyat emosional təcrübələri təsvir
etmək, həmin tərcübələri bölüşərək
insanların bir-biri ilə empatiya qurmasına və fərqli perspektivlərə
sahib olmasına imkan yaradır. Məharətli
müəllif öz personajları vasitəsilə
oxucularına müxtəlif
emosional halları yaşamaq imkanı verir. Məsələn,
İsa Muğannanın "Şəppəli" əsərində
Mədətin daxili aləminə baş vuran oxucu bir
növ onun iztirablarını bölüşməli,
onun yaşadıqlarını
yaşamalı olur. Ədəbiyyatın məhz
bu estetik cəhəti oxuculara vizual və emosional təcrübə təlqin edir.
Belə
bir deyim var: "siyasət mümkün olmayanı mümkün etmək üçündür."
Bu baxımdan, ədəbiyyat
da siyasətə oxşayır.
Bəli, ədəbiyyat
reallıqla təxəyyülü
bir-birinə qarışdıraraq
mümkün olmayanı
mümkünə çevirmək
gücünə malikdir.
Sehrli nağıllar və
elmi fantastika janrına aid hekayələr,
eləcə də romanlar oxucunun üzünə sehrli dünyaların qapılarını açaraq insanların təxəyyülünü
qidalandırır. Bu əsərlər insanların
xəyallarını zənginləşdirməklə
yanaşı, həm də real dünyanın sərhədlərini aşır,
oxucuya yeni perspektivlər
və virtual təcrübə
aşılayır.
Bədii
əsər sözə
yeni imkanlar əlavə
edərək, sanki söz vasitəsilə sözün öz zirvəsini aşır; insanların
emosional, əqli və mədəni müstəvisini zənginləşdirir.
Oxucunun qəlbində
yeni qatlar açaraq onun daxili dünyasını
kəşf etmək vasitəsi olan ədəbiyyat dünyanın
ümumbəşəri təcrübəsini
aləmə yayaraq fərdi təcrübələrə
əlavə edir. Belə ki, vahid bir günəşin altında baş verən hadisələri təsvir edən bədii ədəbiyyat təcrübələr çələngi
və sözün əsl mənasında, yek günəş ədəbiyyatıdır.
İmir MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.28-29.