Qərib insan
Müzakirə-müsahibə
"Gözəl
havalar", " Bir iş var", "Sarı saçlı
çocuq", "Hürriyyətə doğru" və
başqa şeirləri ilə böyük oxucu məhəbbətini
qazanmış Orxan Vəli Kanık XX yüzilin ən
böyük türk şairlərindəndir. Uzun illər
klassik türk poeziyası tərəfdarlarının,
ümumiyyətlə, ədəbi cameənin qəbul etmədiyi
Orxan Vəli özünü isbatlamaq yolunda zaman-zaman
böyük yollar qət edib və sonucda türk
dünyasının sevilən, maraqlı, orijinal şairi
ünvanını qazanıb.
- "Niyə?" Niyə liman deyincə,
ağlıma dirəklər gəlir, niyə dəniz deyincə,
ağlıma yelkənlər gəlir, niyə qoca dəyirmançını
görəndə Tanrı,
haqqı görəndə bəndə gəlir
ağlıma, elə haqsızlıq deyəndə də ağlıma
bəşər övladı gəlir. Niyə türk
dünyasının şairləri deyəndə - Nizaminin,
Füzulinin, Yunus Əmrənin, Nazim Hikmətin, Nəcib
Fazilin, Rəsul Rzanın adı dilimin ucunda var-gəl edir?
- Görürsüz, Orxan Vəlinin bir misrasını, daha doğrusu,
"Niyə?" sualını səsləndirdim, fikirlərim
nəhir kimi axıb getdi. Niyə? - deyim sizə.
Şeir
Orxan Vəlinin misraları kimi olmalı, hər misrası dinlənəndə
gərəkdir ki, sən də qoşulasan ona, qoşulub,
axıb gedəsən. Baxın, bundan sonra nə oxuyacaqsız,
bəri başdan deyə bilərəm. Bir çuxurun həndəvərində
əlində qalaq-qalaq kitablar, boş söz
yığını olan makulatura sayılan əsərləri, fars-ərəb tərkibli yalnız
qafiyə xatirinə yazılmış, çeynənmiş
sözlərdən, təşbehlərdən ibarət
yararsız şeirləri quyuya tökən Orxan abimizi mütləq
görəcəksiniz bu yazımda: Türk şairi Orxan Vəli
Kanıkı.
Yusif peyğəmbər kimi bu quyuya xoş gəlmisən, Yusifimiz nicat
bulmuş o çuxurdan .Niyə quyu deyəndə
gözəlüzlü, xoşbəniz Yusifi xatırladım?
Özüm də bilmirəm.
Çəpinə, köndələn yağan
yağmurlu günlərin birində
İstanbulda Orxan Vəli anadan olanda, təqvim 1914-cü ilin
aprel ayını göstərirdi. Türk
qardaşlarımız, can-ciyərlərimiz "nisan
yağmuru" deyir aprel yağışına. Orxan Vəlinin
də ömrünə çilədi bu qısamüddətli
yağışlar. Gün o gün idi... Birinci Dünya
savaşının başlama ərəfəsi: Beykozda,
Yalıköyündə, Çayır küçəsi 9
nömrəli evdə Mehmet Vəli bəyin, Fatma Nigar
xanımın oğlanları Orxanı sonralar yağmurlu deyil,
gözəl, günəşli havalar məhv edəcəkdi.
İlk şeirlərini də belə havalarda yazsın Orxan Vəli. Beykozda
12 yaşında qonşu qızını sevsin. Amma lütfən,
siqaret çəkməsin, zira, cana hədsiz zərəri var.
Tütün qoxusuna gözəl havalarda alışsın,
varlığına, vücuduna ziyan olmağına rəğmən.
- Doğru söyləmiş,
zərərdir varlığına.
Bəs şairin ilk nəşr
etdirdiyi şeir dərgisinin adı nədir?
- "Varlıq"
1936-cı
ildə ilk şeirləri
oxucusuna qovuşsun, şair isə belə desin:
- "Hamınız qəpik-quruş
dərdindəsiniz, tək mənəmmi
kef əhli aranızda, tək mənəmmi? Baxmayın,
gün gələr, bir şeir deyərəm sizə, əlimə
pul-para düşər, qarnım doyar mənim də. Şeirimə
verdiyiniz qəpik-quruşdan yox, sevginizdən qarnım doyar.
Görün, necə toxam, elə bil bir oturuma bir dəvə
yemişəm. İstanbulu dinləyirəm, gözləri
qapalı"
İstanbulun köhnə caddələri,
evləri, limanları gəlməzmi xəyalıma?
İstanbulu gözübağlı dinləmək asandır,
İstanbulda yaşamaq isə çətin.
Bir iş var bu işin
içində, göy qübbəsinə
baxırsızmı? Bəlkə, bir sınayaq?!
Hamımız bir yerdə baxaq göy üzünə.
Göy qübbəsindən asılan
qəndillərin əlvan şəfəqlərini
necə? Görmək ürəyinizdənmi?
- Bir dalğa yaratmış sanki.
Rüsxət verin, o dalğanı Oqtay Rıfat, Məlih
Cövdət adlandırım.Türk şeirinə yeni nəfəs
gətirənləri bu cür çağırım! Orxan Vəli
də olsun onların dostu, vəlisi. Həm də dostu Məlihlə
eyni qıza aşiq olan birisinin abisi olsun Orxan Vəli.
Bir yaşında qurbağadan
qorxan, on üç yaşında Oqtay
Rıfatı, on altı yaşında Məlih Cövdəti
tanıyan Orxan özünü necə,
tanıyırdımı?
-
Tanıyırdı.
Köhnə
qəliblərə, əruzda yazılan anlaşılmaz
şeirlərə qarşı çıxanda da, xalqın sadə,
saya dilini, danışıq tərzini şeirə
hopdurmağın vacibliyini deyəndə də
özünü tanıyırdı. Camaat da
tanıyırdı gənc şairi, bəs nə
üçün "Qərib" sayırdılar onu?!
"Qərib"çilər olduğundan,
xalqa yox, köhnəliyə
yad, özgə idi Orxan Vəli və arkadaşları. Baş
bahasına sandığı hürriyyətindən kiməsə
bir əlcə də qıymazdı. Ustad Nazim Hikmətin
azadlığı uğrunda isə 3 gün aclıq
aksiyasına qoşulub ac qala bilərdi, necə ki,
qalmışdı da. Zatən, "yaşamaq müftə"
deyirdi Orxan vəlimiz. Orxan dostumuz "yaşamaq bədava"
deyirdi, ancaq nə yazıq ki, azadlıq baş bahasına olur
bu cahanda.
"Vəzn getdi, qafiyə getdi, məna
getdi"- deyib onu tənqiddə bulunanlar Orxan Vəlini və
dostlarını "cücələr" də
adlandırırdılar, "mikro-ədəbiyyat
ünsürləri" də. Fəqət Orxan Vəlidən
öncə də şairlərə bu sayaq çamırlar
atılmışdı. Nazim Hikməti şair saymayanlar, Xalid
Ziyanı, Sait Faiki söz qurşununa tutanlar varkən, "Qəribçi"
qərib şair Orxan Vəlini anlamazsan nə olar, əcəba?
1941-ci ildə dostları ilə "Qərib" şeir kitabının
"Ön söz"ünü yazmaq Orxan Vəlinin nəsibinə
yazılır. "Qəribçi"lər "Ön
söz"ü manifest kimi qəbul edirdilər. Hecanı da
inkar edirdi, əruzu da, lap elə yeri gələndə sərbəst
şeirin də vayına oturardı şair. "Orxanvari"
yazırdı, elə yaşadıqları da heç kəsə
bənzəmirdi. Heç kəsə bənzəmirdisə,
deməli, "Orxanvari" yaşayır, ikidəbir: "əvvəla
adamam" deyərdi.
Müharibəyə bizim münasibətimiz bəllidir.
Bir də Orxan Vəlinin gözü
ilə baxaq savaşa:
- Hitler əmi, bir gün bizə
də buyur, bığlarını anama göstərim, mətbəxdəki
soyuducudan sənə kərə yağı verim də, əsgərlərinə
yedizdir.
Bəs Orxan Vəli köks ötürərsə, necə olar:
- Hərbə gedən sarısaçlı çocuq, yenə belə
gözəl dön.
Belə
olar!
Yazımın əvvəlində qübbədən
asılan qəndilləri misal gətirmişdim,
yadınızdadır? Bir də
çuxurdan bəhs etmişdim sizə, quyudan. Mənimki o
quyularla tutmur nədənsə...
"Yarpaq" dərgisində
tərcümələrini nəşr
etdirmək üçün ahbabları ilə jurnal
yaratmışdılar. Bu dərginin nizamlı, davamlı
çıxması naminə, yeri gələndə, paltosunu,
maraqlı rəsmlərini də satmağı bacaran Orxan Vəli
idi. "Yarpaq" dərgisi dedim. Bir də yarpaq-yarpaq
ömürdən tökülən illər var, illər nədir,
günlər, günlər nədir, saatlar var.
Maaləsəf, Ankara Bələdiyyəsinin qazdığı çuxur var. O quyuya
nimdaş kağızlar, yararsız əsərlər
atılmalı idi. Lakin sərxoş şair yıxılır
həmin çuxura. Başından zədələnir, 2
gün sonra İstanbula dönüb, bir dostu ilə nahar edərkən
özünü pis hiss edir, canı ağrıyır, tezliklə
şəfaxanada ölümə təslim olur.
- Saat neçədə?
- 23:20-də.
- Son ziyarətinə gələn
kimmiş? Sevgilisimi, xatunumu, məşuqəsimi?
- Tapmadınız.
- Liseydəki müəllimi
Əhməd Həmdi Tanpınar.
Son ziyarətçisi hocası
idi.
Hələ ölməsin böyük
şair, noolar ölməsin. Orxan Vəli,
əvvəlcə, əlindəki kağızları, köhnəliyin
simvolu sayılan cızma-qaraları, o nəsil şairlərinə
ərmağan kimi ötürülən zəif əruz
şeirlərini quyuya atsın. Bu, Orxan Vəlinin zəfəri
sayılsın. Cəhaləti quyuya gömən şair kimi bu
dünyadan qalib ayrılsın Orxan Vəli. Bu çuxur da
şairin timsalında son böyük ziyarətçisini
görsün.
Amma təkcə şairi udmamış bu cür quyular, həm də
tarixə gömülən, nimdaş qoxuyan əsərlərin
aqibəti sayılmış. Orxan Vəlinin əlindəki o
kağızlar çuxura gömülməli idi. Bu quyu, həm
də cəhalət, köhnəlik, nadanlıq quyusu olub,
makulatura əsərlərin məzarlığına
çevrilməli idi. Ay bələdiyyə
quyusu, görüm, sənə yıxılanlar Yusif misallı
nicat bulsunlar.
- Nə fərq edər: ya şair, ya peyğəmbər, eyni
məfhum deyilmi?!
Unutdum deyəm ki, quyu
yanında ağac vardı, bir bilsəniz, necə bənzəyir
Orxan Vəlinin məhəllələrindəki ağaca. Gəlin,
rahat buraxaq şairi, doğma, məhrəm sözləri qərib
insanın özündən dinləyək:
"Məhəlləmizdə səndən
başqa ağac
olsaydı, səni bu qədər sevməzdim. Fəqət mənimlə
hər gün oyun oynamağı bilsəydin, səni daha
çox sevərdim. Gözəl ağacım, sən
quruduğun zaman biz də, inşallah, başqa məhəlləyə
köçmüş olarıq..."
1950-ci ilin noyabrın 14-də
başqa məhəlləyə deyil, başqa bir dünyaya
köçəcəkdi Orxan Vəli. Elə bir dünyaya ki,
daha gözəl havalar onu məhv edə bilməyəcəkdi,
o cür havalarda ərizə yazıb işdən
çıxmayacaq, siqaret çəkməyə
başlamayacaq, evə duz-çörək almağı
unutmayacaq, şeir yazmaq həvəsi baş
qaldırmayacaqdı.
Bəlkə bütün bunlara
heç ehtiyac da olmayacaq həmin
dünyada.
Eh, nə sandınız? Qərib
insandan danışırdım sizə...
Zarafatmı?!
Turan UĞUR
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.31.