Ultima ora
Rumıniyanın “Ultima ora” qəzetində
Nizami Gəncəvi yaradıcılığı barədə
- geniş məqalə
dərc olunub
Rumıniyanın nüfuzlu “Ultima ora” (Son saat) qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Nizami Gəncəvi - Azərbaycanın görkəmli şairi və mütəfəkkiri” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə Nizami Gəncəvinin
Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı
yeri və mövqeyi, böyük şairin həyatı,
yaradıcılığı, xüsusilə dünyada məşhur
olan poemalar toplusu “Xəmsə” haqqında ətraflı məlumat
verilir. Görkəmli şairin Yaxın və Orta Şərqin
ən böyük mədəniyyət və ticarət mərkəzlərindən,
Qafqazın ən qədim şəhərlərindən biri
olan Gəncə şəhərində anadan olduğu qeyd
olunur.
Bildirilir
ki, Avropada XV və XVI əsrin əvvəllərində
diqqəti cəlb edən dəyərlər Nizami Gəncəvi
yaradıcılığının əsas mehvəri olub.
Qadının cəmiyyətdə yeri, gender bərabərliyi
məsələsi, ədalət, təbiətə hörmət,
düşünmək azadlığı kimi dəyərlər
Nizami yaradıcılığında Avropadan bir neçə əsr
əvvəl yer alıb.
Məqalədə, Nizami Gəncəvi
yaradıcılığı və onun əsərlərinin
Avropa ədəbi məktəbləri ilə müqayisəli
təhlili təqdim olunub. Bildirilib ki, Nizami Gəncəvi
humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Nizami Gəncəvi
əsərləri gender bərabərliyinin, sivilizasiyanın
güzgüsüdür. İnsanları cəhalətdən,
bir-birinə qarşı münaqişədən
çıxarıb, birliyə, barışığa
çağırır.
Müəllif vurğulayır ki, Nizami
Gəncəvinin əsərləri bir çox dillərə tərcümə
olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri
dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində
saxlanılır.
Yazıda,
həmçinin diqqətə
çatdırılıb ki, Nizami Gəncəvinin
yubileyləri ölkəmizdə hər zaman təntənə
ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi
və təbliğində əsaslı dönüş
yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni
irsinə həmişə milli təəssübkeşlik və
vətənpərvərlik mövqeyindən yanaşan
Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi
diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü
ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, nəşrini və təbliğini
daha da yaxşılaşdırmaq tədbirləri haqqında”
qərar Nizami yaradıcılığının tədqiqi və
təbliği üçün yeni perspektivlər
açıb. Ölməz sənətkarın 1981-ci ildə
Ulu Öndərin bilavasitə təşəbbüsü və
iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri
ölkənin mədəni həyatının əlamətdar
hadisəsinə çevrilib.
Qeyd olunur ki, 1991-ci il UNESCO tərəfindən
şairin 850 illik yubileyi şərəfinə “Nizami İli”
elan edilib. Həmçinin 2011-ci ildə Azərbaycan Prezidenti
İlham Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli
qeyd edilməsi haqqında Sərəncam imzalayıb və
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu şairin əsərlərini daha
çox xarici dillərə tərcümə olunmuş şəkildə
nəşr edib. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin
dünyaya tanıdılması məqsədilə Beynəlxalq
Şuranın nəzdində beynəlxalq mərkəz
yaradılıb.
Müəllif, həmçinin qeyd
edib ki, Nizami Gəncəvinin anadan
olmasının 880-ci ildönümü ilə əlaqədar
Prezident İlham Əliyev 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi
İli" elan edilməsi haqqında Sərəncam
imzalayıb.
Ədəbiyyat qəzeti.- 2023.- 2
sentyabr.- S.9.