Yannis Ritsosun “Sürgün gündəlikləri” silsiləsindən
Yannis Ritsos XX əsr yunan
şeirinin böyük ustalarındandır. Onun
başdan-başa metafora ilə süslənmiş poeziyası
dünya modern şeirinin inkişafına güclü təkan
vermişdir. O, köhnə və yenini bir-birinin içində
ustalıqla əridərək əsrarəngiz bir dünya
yaradır, əşyaları mənalandıraraq gerçək
situasiyaya müncər edir və nəticədə şeirdən
alınan təəssüratları dərinləşdirir. Bu,
mifoloji təfəkkürün çağdaş formada təcəllisidir.
Yannis Ritsos bütün parametrləriylə dünya şeirində
bir hadisədir.
Şair siyasi görüşləri
üzündən bir müddət
sürgün həyatı da yaşayıb. Onun
"Sürgün gündəlikləri" silsiləsindən
yazdığı üç şeiri sizə təqdim edirik.
Sürgün gündəlikləri
27 oktyabr, 1948
Burada tikanlar çox, -
qəhvə rəngli tikanlar,
sarı tikanlar
günboyu, hətta yuxuda belə
yaxamızdan əl çəkməz.
Gecələr tikanlı məftilləri
odlayanda
ətəklərindən xırda zolaqlar buraxdı geridə.
Bir
zamanlar bizə xoş gələn sözlər
bir qocanın sandığındakı
toxunma köynək kimi
rənglərini itirdi,
pəncərə şüşəsində sönən gün
batışı kimi.
İnsanlar
əlləri ciblərində yürüyürlər,
bəzən, təkrar-təkrar eyni
yerə.
Boş bardağın ağzında,
ya da daha dərində
onu qəbul edib-etməyəcəkləri
bəlirsiz
və israrla eyni nöqtəyə
qonan milçəyi
qovurmuş kimi yelləyirlər
əllərini.
29 oktyabr
Yuxumuz
qış yuxusu - yetmir bizə,
sürgünə göndərilənlər gecə boyu
xorna çəkir,
yorğundu uşaqlar, yamanca
yorğun.
Bizdən
uzaqda - göy üzündə
ulduzlar sayrışır, böyük
ulduzlar.
Vəftizçi Yəhyanın,
ya da bizim Panayotisin kəlləsi
boyda
saçları dibindən qırxılmış
ulduzlar,
bir də yarpızların dibində daldalanan qurbağalar.
Səhərlər üzümüzə gül rəngli bir günəş
doğur,
Arkasion liseyinin pillələrində
satılan ucuz yağlı
boya rəsmlərin eynisi
və ən qəribəsi
belə
bir günəşi xoşlamağımızdır.
Ya tək,
ya da kimləsə ikilikdə,
çox
vaxt da həyətdə
insan çoxluğu içində,
bir təpə başında dizlərimizi qucaqlayıb
seyr edirik günəşi
və bu günəş bütün gücüylə
üzümüzü yandırır;
badam ağacını var gücüylə
silkələyib
son meyvəsini də
düşürmək istəyən yalınayaq kəndlisayaq.
Sonra əyilib
ayaqqabılarımıza baxırıq,
torpağa baxırıq,
yerə
heç nə düşməyib...
29 oktyabr
Tikanların
və tökülən qızıl yarpaqların arasında
dərisi
soyulmuş bir eşşək başı
tapdıq
-
bəlkə də yazın əvvəli idi,
çevrəsində xırda mavi çiçəklər
-
adlarını bilmədiyimiz.
Hasarın o tayından kimsə
səsləsə,
Quşüzümü dolu kağız külah kimi
torpağa düşər səsi.
Gecənin
bir aləmi təpələrdən gəlir səsləri
Ay işığına dolaşmış
təkərini dəyişdirənlərin.
Sonra yenidən
dünya
öz nizamına qayıdır,
jaketindən düşmüş qəhvə rəngli
düyməni
təsadüfən həyətində tapdığın
kimi...
Amma bilirsən - bu düymə
Teatrdakı aktyorların kostyumlarında
parlayan
düymələrdən deyil.
Bu düyməni naşı dərzi kimi
jaketindəki düymələrin sırasına
tikməyə
məcbursan...
Tərcümə etdi: Kənan HACI
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.32.