"Yaxşı yazar kimi, yaxşı tənqidçi də hələm-hələm tapılmır..." -
O, ABŞ və dünya ədəbiyyatında "kirli realizm", hiperrealizm və andeqraund (yeraltı) ədəbiyyatının əsas təmsilçilərindən sayılır.
16.08.1920-ci
ildə Almaniyanın Andernax şəhərində anadan olub.
1923-cü ildə ailəsi ABŞ-a köçüb.
1939-41-ci illərdə Los-Anceles şəhər kollecində təhsil
alıb. Ömrünün böyük qismi bu şəhərlə
bağlı olub.
24 yaşında ikən ilk
hekayəsi "Tarix" adlı bir jurnalda çap olunub.
1946-cı ildən etibarən əyyaşlığa
qurşanıb və düz on il sərasər içib,
qadınlarla əylənib, hətta özünün
yazıçı olmaq fikrindən də daşınıb.
Klinik ölümün astanasından təkrar həyata
qaytarılan yazara həkimlər: "Bir də dilinə
içki dəysə, öləcəksən" xəbərdarlığını
ediblər. Amma o, yenə də içməyindən
qalmayıb, amma həyat eşqinin də ən azı
yarısını yaradıcılığa sərf etməyə
başlayıb. Hətta bir dəfə iki həftə ərzində
düz 600 (!) şeir yazıb.
Həyatı boyu ABŞ-ı gəzib-dolaşmaqla
ayaqdan salıb, çörəkpulu çıxarmaq
üçün cürbəcür işlərdə
çalışıb. At yarışlarını, klassik
musiqini, pivəni, boksu və bələd olduğu bir-iki
qadını həyatda hər şeydən üstün bilib.
Klassik ədəbiyyata ikrah hissiylə yanaşıb, daha
çox F.Dostoyevskini, L.F.Selini, E.Heminqueyi, C.Selinceri, K.Hamsunu
sevərək oxuyub. İlk şeir kitabı
"Çiçək, yumruq və ulama səsi"nin (1959)
adından da görünür ki, onun poetik dünyası cəmiyyət
həyatı haqda sərt, ironik fikirlər üzərində
qurulub. Yazar etiraf edirdi ki: "Adamların sırf nifrətini
qazanmaqdan ötrü bu cür amansız (və fərqli) əsərlər
yazıram və bu, onlarda mütləq qıcıq oyadır:
"Axı bu Bukovski deyilən hərif hansı yuvanın
quşudur belə?"
1960-cı
illərin əvvəllərindən
başlayaraq, Amerikada onu "andeqraund qəhrəmanı",
1966-cı il üçün isə "İlin autsayderi"
elan edirlər. Çarlz Bukovskinin addımbaşı ələ
saldığı ədəbi isteblişment də o vaxtdan
etibarən onu, könülsüz də olsa, ciddi bir ədəbi
fiqur saymağa başlayır. Onun poeziyasına fransızlardan
- Jan-Pol Sartr və Jan Jene yüksək qiymət verir.
50 yaşında ikən Bukovski cəmi iyirmi günün içində
özünün ilk romanı olan "Poçtamt"ı
bitirir (1971). Bunun ardınca o, həyatını yalnız
yazıb-yaratmağa həsr edir, ard-arda bir neçə roman
("Faktotum", "Qadınlar", "Vetçinalı
çörək", "Hollivud") və yüzlərlə
hekayə, şeir yaradır. Ömrü boyu Ç.Bukovski
toplam 40 şeir kitabı çap etdirib. Sonuncu romanı -
"Makulatura" ölümündən az əvvəl
işıq üzü görüb.
09.03.1994-cü
ildə San-Pedro şəhər
klinikasında leykemiyadan vəfat edən yazar "Lucon
Press" yayın evinin təsis etdiyi ədəbi mükafata
layiq görülüb. Əsərləri dünyanın bir
çox dillərinə çevrilib.
Tənqidi məqalə
oxuyarkən...
"Bu
fikirlərlə heç cür barışmaq olmaz", -
deyərək sən indi otağa göz gəzdirir
sanki baxışlarınla
o haqqında söz açılan tipi axtarırsan.
Ancaq o,
nə oradadır, nə də burada -
çünki qeybə qarışıb
artıq.
başqaları
kitabın barədə
hökm
çıxarmağa başladısa,
o artıq səninki sayılmaz,
çünki onda sən
öz yaradıcılığında bir sonrakı səhifəyə,
ya da növbəti kitaba köklənmiş
olursan.
Ən betəri
də odur ki,
adətən onlar
sənin
köhnə kitablarını
yanlış anlayırlar,
haqq etmədiyin cəhətlərə
görə səni tərifləyir,
səthi
yanaşmalarını isə
guya dərinmiş kimi
qələmə verirlər.
Əslində
insanlar
sənin
kitablarında özlərini
axtarırlar,
özlərinə uyan məqamları
istədikləri kimi yozur,
uymayanları isə
yerli-dibli
görməməzliyə vururlar.
Yaxşı
yazar kimi,
yaxşı tənqidçi də
hələm-hələm tapılmır.
Ona görə də mən
barəmdəki müsbət və
mənfi rəyləri
zərrəcə ciddiyə almıram.
Çünki hər dəfə
yaradıcılığımda
bir sonrakı səhifəyə,
ya da növbəti kitabıma
köklənirəm.
Qadınlar
və quşlar
O
qadınlar gənc idilər,
bədənlərini satmaqla
güzəranlarını qazanırdılar.
Müştəriləri qəhətə
çıxanda
bir neçəsi
mənim
oteldəki nömrəmə
gəlib
şərab içərdi,
pərişan zülfləri üzlərinə
tökülərdi,
corabları isə ordan-burdan
süzülmüş olurdu.
Nə isə danışdıqlarında
ağızlarından bol söyüş yağardı...
Bunlara rəğmən,
o gecələri
hələ hüzurlu
saymaq mümkün idi.
Əslində
bu qadınlar mənə
uzun illər öncə,
hələ körpə yaşlarımda
nənəmin saxladığı və
özlərinin həm dən,
həm də su qablarına
zıllayan
sarı
bülbülləri
xatırladardılar.
O misilsiz
sarı
bülbüllər də,
sadəcə, adamın baş-beynini
aparardılar.
Halbuki
sırf
cəh-cəh vursunlar, - deyə
qəfəsdə
saxlanırdılar.
Xəstə
Ağır
xəstəliyə yoluxmaq, tabdan düşmək -
əcəb qəribə şeymiş
ha.
Belədə bütün gücün
yataq otağından
ayaqyoluna
və oradan geri dönməyə
gedir..
Bəlkə siz bunu bir zarafat kimi anlayacaqsınız,
amma mən
zarafat-zad eləmirəm.
Budur, təkrar
yataqdayam,
təkrar
ölüm barədə
düşünür
və belə nəticəyə
gəlirəm ki,
mənə hədsiz yaxınlaşdığı
zaman o,
elə də ciddi təhlükə
saçmır.
Divarları
gözdən keçirməyə
bir xeyli zamanım olur
və bayırda məftillərə
qonan quşların cəh-cəhi
o ara daha böyük
önəm qazanır.
Bir də baş qatmaq üçün televizorum var:
orada bir dəstə kişi
Allahın ver günü
beysbol oynayır.
İştaham qaçıb,
indi bütün yeməklər
karton dadır
və həmin o "dad" məni daha betər xəstə
eləyir.
Arvad isə elə hey dirəşir
ki, nəsə ye, nəsə ye.
"Həkim deyib ki..."
Vay, zavallım mənim!
Hə,
bir də pişiklərim var:
onlar yatağımın üstünə
sıçramaqla
gözlərini bərəldib, məni
süzür,
sonra təkrar
yerə
hoppanırlar.
Sırf
yeyib-içib, işləyib, sevişib,
sonra da ölməli olduğumuz
belə dünyaya
mən indi nə deyim
axı?!
Xoşbəxtlikdən,
xəstəliyim yoluxucudur,
yanıma
gəlib-gedənim, ziyarətçim
də yoxdur.
Çəkim 155-dir,
217-dən
buna... qədər düşüb.
Əsir
düşərgəsi məhbusuna bənzəyirəm
və əslində
məhz
elə birisiyəm.
Bütün
bunlara baxmayaraq, bəxtim gətirib:
öz yalqızlığımdan həzz
alır,
boz kütlədən ötrü
heç
darıxmayacağımı düşünürəm.
İndi o
məşhur əsərləri
oxumağa vaxtım,
macalım var,
amma elə kitablar artıq vecimə də deyil.
Yatağımda
oturub,
bütün bu aləmin yerindən oynayacağı,
ya o, ya da bu biri tərəfə gedəcəyi
anı
intizar içində gözləyirəm.
Yəni
bu baxımdan heç mən də
başqalarından zərrəcə fərqlənmirəm.
Yalqızlar
məkanıdır
cəhənnəm
kişi
65 yaşındaydı,
arvadı
66,
həm də Alzheymer xəstəsiydi.
Kişinin ağız boşluğunu
xərçəng şişi bürümüşdü.
Şüa müalicəsi və
girdiyi əməliyyatlar ucbatından
çənə sümüyü ərimişdi
deyə
çənəsini məftillə bərkitmişdilər yerinə.
Bir
çağanın
altını dəyişdirirmiş kimi,
hər gün o,
yeniləyərdi
arvadının altındakı mələfəni.
Bu vəziyyətdə
maşın sürə bilməz
və xəstəxanaya
taksiylə gedərdi.
Danışmaqda çətinlik çəkdiyi
üçün
gedəcəyi ünvanı
əvvəlcədən kağıza yazardı.
Son yoxlama
zamanı
bir kərə daha
əməliyyata girəcəyini söylədilər
ona.
Sol yanağıyla dilinin
qismən
təmizlənməsinə ehtiyac duyulurmuş.
evə
dönüb,
arvadının altını dəyişdirdi.
Dondurulmuş hazır qidalardan
qoydu sobanın üstünə.
Axşam
xəbərlərinə
baxdıqdan sonra
yataq otağına yollandı.
Oradakı silahı arvadının
gicgahına
söykəyib, tətiyə basdı.
Qadın
sol böyrü üstə düşəndə
kişi
divana çöküb,
tapançanın lüləsini
öz ağzına alıb, tətiyi çəkdi.
O atəş səslərini
eşidən qonşularının
heç
tükü də tərpənmədi.
Ancaq az sonra
sobada külə dönən yeməyin
yanıq
qoxusuna reaksiyaları
he-e-ç ləngimədi.
Birisi gəlib
qapını çiyin vurmaqla açdı
və içəridə olub-bitənə
şahid oldu.
Az sonra
polislər gəlib
durumu araşdırınca,
bəzi
məqamlar ortaya çıxdı.
Ər-arvadın
"xərclər dəftəri"nin arasında
vur-tut, bircə dollar on dörd sent
qalıbmış.
Ölüm
səbəbi şübhə doğurmurdu:
intihar.
Üç
həftədən sonra
iki təzə kirayənişin
köçdü o mənzilə.
Bilgisayar
mühəndisi Ross ilə
balet dərsləri alan
arvadı
Anatana.
Həm də gələcəkləri
daha parlaq bir cütlüyə
bənzəyirdi
bunlar.
Sonuncu
insan
Arvadım
məni
başa düşmür.
maşın sürərkən,
qarşı tərəfdən gələn
birisiylə baxışdığımızda
başımı tərpədib ona
salam verir
və ya əl yelləyirəm,
-
ürəyim belə istəyir.
Arvadım
mənə:
"əcəb qəribə adamsan ha!" - deyir.
Ya da
supermarketdə kassirə
gülərək və əl-qol
ölçərək,
nələrsə danışmağa başlayıram.
Bayıra
çıxınca arvadım:
"danışdıqlarından
o kişi
bircə
kəlmə də
anlamadı!" deyir.
Ya da
arvadıma
bir lətifə danışıram,
sözümü bitirəndə
"nə düşükləyirsən
belə?!"
soruşur məndən.
"bir lətifə idi bu".
"bu idi sənin lətifən?!
bunun lətifə olduğunu təsdiqləyəcək
bircə
nəfər də tapammazsan dünyada!"
Sonra başını
geri əyib
qəhqəhə çəkir, gülür
mənə.
Poçtamt
və ya kafe kimi
ictimai yerlərdə
insanlara
ötəri əl və
baş hərəkətləriylə
bizə
göstərilən xidmətin
ləng
və ya yarıtmaz olduğunu,
ya dünyanın
nifrətlə dolub-daşdığını,
ya da bunlara bənzər
fikirlərimi mən him-cimlə
anlatmağa can atıram.
Arvadım
xəbər alır:
"neyləyirsən axı elə?!"
"mumlasana!
səninlə heç hara çıxa
bilmirəm ey artıq!"
Sizə
"bir kişi xeylağını
ən yaxşı anlayan sonuncu insan
arvadıdır" desəm,
nəyi
nəzərdə tutduğumu
başa
düşərsiniz, heç şübhəsiz.
Sanki
qadın qarşısındakı aynaya baxır,
ancaq ona necə yaxın,
yəni
burnu şüşəyə
toxunacaq qədər yaxın
dayanıbsa,
bir şey görməsi,
sadəcə, imkansızdır.
Bax, bunu lətifə
sanmayın, əsla!
Çarlz Bukovski
Dilimizə
çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.30-31.