Bustan-üs siyahə"nin
tərcüməçisi tapıldı
Elmi araşdırma
Buzovna kəndinin müdrik ağsaqqallarından olan Hacəli Mustafa oğlu bir gün mənə yaxınlaşdı və dedi ki, Azərbaycanın görkəmli coğrafiyaşünas alimi və səyyahı Hacı Zeynalabdin Şirvaninin (1780-1838) "Bustan-üs səyahə" ("Səyahət bağçası") əsərinin Musarza Əsgərli tərəfindən fars dilindən ana dilimizə çevrilmiş tərcümə variantı əlyazma şəklində, tam halda onun şəxsi arxivində qorunub saxlanılır.
Məlumat sevindirici olduğu qədər də elmimiz, ədəbiyyatımız üçün gözlənilməz tapıntı və əhəmiyyətli hadisə idi. Çünki Hacı Zeynalabdin Şirvaninin "Bustan-üs səyahə"si sonuncu dəfə 1897-ci ildə Tehranda Ağa Mirzə Həbibullanın litoqrafiyasında fars dilində (674 səh. 35x22 sm.) basılmış, dünya şöhrətli müəllifin öz doğma dilində demək olar ki, indiyədək işıq üzü görməmişdir.
Əsərin mütərcimi Musarza Əsgərlinin adını eşitmişdim, amma etiraf edim ki, onun haqqında Hacəli Mustafaoğlu ilə ətraflı söhbət edənə qədər məlumatım çox məhdud idi. Doğrudur, bilirdim ki, Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən 1966-cı ildə çap olunan "Ərəb və fars sözləri lüğəti"nin tərtib olunmasında Musarza Əsgərlinin böyük əməyi olmuşdur. Həmin kitabın müqəddiməsində bir cümlə ilə də olsa, onun adı çəkilmiş, xidmətləri vurğulanmışdır.
Eləcə də 1985-ci ildə həmin lüğətin "Yazıçı" nəşriyyatı tərəfindən təkmilləşdirilmiş nəşri kütləvi tirajla nəşr edilmişdir. Bu nəşrin müqəddiməsində Musarza Əsgərli belə xatırlanır: "Oxuculara təqdim olunan bu lüğətin ilk variantı hələ Böyük Vətən müharibəsindən əvvəl keçmiş Lüğətlər İnstitutunda hazırlanmışdı. Lüğətin həmin ilk variantı keçmiş Lüğətlər İnstitutunun elmi əməkdaşı M.Ə. Əsgərli tərəfindən tərtib olunmuşdur". (Ərəb və fars sözləri lüğəti. Bakı. "Yazıçı", 1985, səh.3)
O da mənə bəlli idi ki, Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən 1959-cu ildə ərəb alimi İbn-əl Əsirin "Əl-kamil fit-tarix" əsərinin ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin redaktorlarından biri akademik Ziya Bünyadov, digəri isə Musarza Əsgərli olmuşdur.
Yeri gəlmişkən, akademik Ziya Bünyadovla bağlı bir xatirəni də burada qeyd etməyi özümə borc bilirəm. Xalqımızın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun 200 illik yubileyi 1995-ci il iyunun 1-də Bakıxanov qəsəbəsindəki A. İsgəndərov adına Mədəniyyət Sarayında təntənəli surətdə keçirilirdi. Klassik ədəbiyyatımızın araşdırıcısı kimi məni də bu möhtəşəm yubileyə dəvət etmişdilər. Tədbirdə respublikamızın görkəmli şərqşünasları, ədəbiyyatşünasları, tarixçiləri, ictimai xadimləri iştirak edirdilər. Mərasimin aparıcısı isə akademik Ziya Bünyadov idi. Abbasqulu Ağa Bakıxanovun çoxşaxəli elmi, ədəbi-bədii yaradıcılığı haqqında məruzələr və çıxışlar böyük maraqla dinlənilirdi. Ziya müəllim çıxış etmək üçün mənə söz verdi. Danışdım və sözümün sonunda Bakıxanova həsr etdiyim şeiri də oxudum. Zaldan gurultulu alqışlar ucaldı. Bu zaman akademik Ziya Bünyadov böyük sevinc və ehtiram hissiylə yerindən ayağa qalxaraq məni qucaqladı və əllərimi sıxaraq, razılığını bildirdi. Haradan gəldiyimi soruşdu. Elə ki, Buzovna adını eşitdi, iki nəfəri xatırlayıb adlarını xüsusi vurğuladı. Onlardan biri Musarza Əsgərli, digəri isə böyük aktyorumuz, SSRİ Xalq artisti Sidqi Ruhulla idi. Ziya müəllimlə ilk dəfə idi ki, görüşürdük.
Akademikin "müəllimim və dostum" dediyi buzovnalı Musarza Əsgərli haqqında sonralar araşdırmalar apardım. Məlum oldu ki, Musarza Əlabbas oğlu Əsgərli 1885-ci ildə Güney Azərbaycanda dünyaya gəlib, ibtidai və ali təhsilini də orada aldığı güman edilir. Ərəb və fars dillərinin incəliklərinə mükəmməl yiyələnib. XX yüzilin əvvəllərində minlərlə cənublu soydaşlarımız kimi onun da bu taya pənah gətirdiyi ehtimal olunur.
Musarza müəllim, əvvəlcə, bir müddət Qubada böyük məscidin rəisi vəzifəsində çalışıb. Bu iş onu qane etmədiyinə görə məscidin nəzdində ərəb-fars dilini tədris edən mədrəsə açıb və orada müəllimlik edib. Təxminən 1933-1935-ci illərdə məscid və mədrəsə bağlanır. Onu həbs edirlər. Uzun müddətdən sonra həbsdən azad edilən Musarza müəllim Qubadan Bakıya - Buzovna qəsəbəsinə köçür, 206 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi, sonra isə dərs/hissə müdiri kimi fəaliyyət göstərir. O, ömrünün sonunadək burada yaşamışdır.
Geniş erudisiyası, dərin savadı, işgüzarlığı və xeyirxahlığı ilə ədəbi-elmi ictimaiyyət arasında kifayət qədər tanınan Musarza Əsgərli 1939-cu ildə Azərbaycan Elmlər Akademiyası Elmi Şurasının qərarı ilə bu mötəbər elm ocağına tərcüməçi vəzifəsinə işə götürülür. Sonralar Lüğətlər İnstitutunun və Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin elmi əməkdaşı kimi fəaliyyət göstərir. Həmin illərdə bir çox lüğət kitablarının tərtibçisi və tərcümə əsərlərinin redaktoru olur.
Onu da qeyd etməliyəm ki, Musarza Əsgərlinin elm və sənət xiridarlarından ən sıx ünsiyyət saxladığı yaxın dostu və həmkarı akademik Ziya Bünyadov idi. Bu fikri xatirəyə çevrilmiş, ailə albomunda bugünümüzə qədər gəlib çatan bir neçə tarixi fotoşəkil də təsdiqləyir.
Musarza Əsgərlinin dörd oğlu, iki qızı dünyaya gəlmişdir. Oğlanlarından Məhəmməd Bağır (1914-1990) uzun illər Buzovnadakı 206 saylı məktəbdə dil-ədəbiyyat müəllimi işləmişdir. Kamil (1926-1995), Əbülfəzl (1928-1950), Tələt (1930-1990), qızlarından Rübabə xanım (1917-1996), Məsumə xanım (1923-1994) böyük nəslin ləyaqətli davamçıları olublar.
Musarza Əliabbas oğlu Əsgərli 1980-ci ildə 95 yaşında dünyasını dəyişib. Nəvə-nəticələri hal-hazırda Buzovnada yaşayırlar.
Musarza Əsgərlinin on üç il böyük zəhmət sərf edərək tərcümə etdiyi Hacı Zeynalabdin Şirvaninin "Bustan-üs səyahə" əsərinin tapılması sevindirici hadisədir. O, bu əsərin tərcüməsinə 1957-ci ildə başlamış, 1969-cu ildə bitirmişdir. Çox təəssüf ki, o, sağlığında bu əsəri çap etdirə bilməmişdir. Uzun illər bu nadir sənət incisi əlyazma şəklində şəxsi arxivlərdə itib-batmaq təhlükəsi ilə baş-başa qalmışdır.
Hacıəli Mustafa oğlu 13 hissədən ibarət olan həmin tərcümə qovluqlarını mənə təqdim edib dedi: "Hacı, Musarza müəllimin nəvəsi Nəcdət müəllim ilə bu qərara gəldik ki, sən özün bu əsəri redaktə edib nəşrə hazırlayasan".
Etiraf edim ki, yazıldığı dövrdən 50 ildən çox vaxt keçməsinə baxmayaraq əlyazma-qovluqlar münasib şəraitdə qorunub saxlanılsa da, saralmış bəzi vərəqlərdə bir sıra pozuntular və kağız ətəklərinin didilməsi əmələ gəlmişdi. Əsərin üzərində mütərcim tərəfindən düzəlişlər aparılıb, söz və ifadələr qismən təkmilləşdirilib. Tərcümənin mükəmməlliyi əsərin üzərində ciddi işləndiyini deməyə əsas verir.
Hacı Zeynalabdin Şirvaninin "Bustan-üs səyahə" əsərinin tərcüməsi ilə ilkin tanışlıqdan məlum olur ki, dünya şöhrətli Azərbaycan səyyahı Avropa, Asiya və Afrika ölkələrini gəzib dolaşmış, Kuhi-Baba, Tyan-Şan, Pamir, Himalay kimi çətin dağ silsilələrini aşmış, Orta və Mərkəzi Asiya, Ərəbistan səhralarından keçmiş, dəfələrlə ölümlə üzləşmiş, ömrünün 40 ilini tədqiq etdiyi xalqların tarixinə, etnoqrafiyasına, folkloruna, coğrafiyasına həsr edərək möhtəşəm mənəvi abidələr yaratmışdır.
1796-cı ildə on altı yaşı olarkən Bağdaddan dünya turnesinə çıxan H. Z. Şirvani birinci olaraq İrandan keçib Azərbaycana gəlir, Muğanı və Şirvanı qarış-qarış gəzir, bu yerlərin gözəlliklərini vəsf edir. Ata yurdundan, bu yerlərin insanlarından halallıq alıb dünya səyahətinə çıxır. Kanar adalarından, Mərakeşdən Cakartaya, Bankonqa qədər, Əddis-Əbəbədən Daşkəndə qədər nəhəng məsafələr qət edir, müharibə edən ölkələr arasında sülh yaradır, diplomatik fəaliyyətlə məşğul olur. H.Z.Şirvani 1838-ci ildə, 58 yaşında yenidən Məkkəyə ziyarətə gedərkən, Ciddə şəhəri yaxınlığında, Qırmızı dənizdə gəmidə ikən vəfat edir. Onu Ümmana-Həvva adlı şəhər qəbristanlığında torpağa tapşırırlar.
Böyük coğrafiyaşünas alim, səyyah, filosof, pedaqoq, ədib və şair olan Hacı Zeynalabdin Şirvaninin çox dəyərli, bu gün də aktuallığını qoruyub saxlayan zəngin irsi xalqımıza miras qalmışdır. Onlardan biri də Musarza Əsgərlinin fars dilindən çevirdiyi "Bustan-üs səyahə" əsəridir. Kitabın Azərbaycan dilində ilk nəşrinə təşəbbüs göstərməklə müəllifin və mütərcimin ruhunun şad olacağına, eləcə də qədirbilən oxucuların bu əsərə diqqət və maraq göstərəcəyinə inanırıq.
Soltan Əlizadə
Ədəbiyyat qəzeti.-
2023.- 9 sentyabr.- S.29.