Noktürn
Hekayə
İxtisarla
Qəfil zəng Raufu yuxudan ayıltdı. Səhər təzə
açılırdı. Telefondakı
adı görəndə,
bütün cismini həyəcan, narahatlıq
bürüdü.
Ariz idi zəng edən.
- Mən sənlə mütləq görüşməliyəm.
Yəni bu görüşə görə
gəlmişəm Gəncəyə.
- Saat neçədə?
- Nə qədər tez olsa yaxşıdır.
Mən Bakıya qayıtmalıyam.
- Onda yarım saatdan sonra Xan bağında görüşək,
Nigar Rəfibəylinin
abidəsi önündə.
- Oldu. Mən elə indi ora
gedirəm.
- Mən də gəlirəm.
Rauf yuyunub, köhnə "Mercedes"ini işə saldı.
Maşını çıxartmaq üçün
darvazanı açanda,
qapıbir qonşusu
Qazi Əlini gördü.
O, qoltuq ağaclarına
söykənib, çörək
almaqdan gəlirdi. Əli Qarabağ müharibəsi əlili idi. Aprel döyüşlərində
isə oğlu Nadir şəhid oldu. Qazi Əli onun arvadını
və iki körpə qızlarını
yanına köçürtdü.
O da, ömür-gün yoldaşı
da sanki təskinliyini bu körpə balalardan alırdılar. Gəlin də halal süd əmmiş idi. Fikri-zikri bu uşaqları böyütmək, onlara yaxşı təhsil vermək idi.
- Hara gedirsən, Rauf?
- Təcili işim var. Bir nəfərlə görüşüm
var.
- Allah amanında.
Rauf yola düşdü.
"Görəsən, Ütarid
necədir?" Bu fikir
elə bil onun qanını dondurdu.
Bir neçə ay bundan qabaq Rauf Ütaridlə birgə ömrünün
ən xoşbəxt gününü yaşadı.
Elə bil qaranlıq ömrünə
günəş doğdu.
Bir sehrli, möcüzəli
yuxu gördü.
Onda Hacıkənddə Milli yaylaq
festivalı keçirilirdi.
El şənliyi qurulmuşdu.
Yüzlərlə insan
bu şənliyə qatılmışdı. Bütün
xalqların mətbəxi
təşkil olunmuşdu.
Ləziz yeməklərin
ətri otların, çiçəklərin rayihəsinə
qarışmışdı. Boş düzəngahda səhnə qurulmuşdu. Səhnədə milli paltar
geyinmiş qızlar rəqs edirdi. Səhnədə fortepiano da qoyulmuşdu.
Fortepiano Rauf üçün qoyulmuşdu. Bu gün o özünün 2-ci noktürnünü
ifa edəcəkdi.
Rəqslər bitən kimi aparıcı Raufun adını elan etdi.
- İndi
isə bəstəkar
Rauf Əzimbəyli özünün
2-ci noktürnünü ifa
edəcək.
Rauf səhnəyə çıxanda
bir dəstə keçmiş tələbə
yoldaşları arasında
Ütaridi, kollecdə
dərs dediyi tələbələrini gördü.
Qəlbində ildırım
çaxdı. Tələbə
yoldaşları arasında
Ariz yox idi. Ütarid Arizin arvadı idi. Hansı üzlə Ariz gəlməliydi ki, Gəncəyə? - düşündü
o.
Bir an baxışları Ütaridin nəzərləri
ilə qarşılaşdı.
Cismi silkələndi.
Uşaqlara əl edib, yeyin addımlarla
pianino arxasına keçdi. Çalmağa
başlayanda gördü
ki, Ütarid səhnə
yaxınlığına, onun
qənşərinə gəldi.
Rauf çalmağa başladı.
Musiqi dayanan kimi, hər tərəfdən səngiməyən
alqışlar gəldi.
"Bravo" sədaları altında Rauf tamaşaçılara
baş əyib, aşağı düşdü.
Bir-bir yoldaşlarıyla
görüşdü.
Ütarid
onla bir kursda oxumamışdı.
Konservatoriyanın yuxarı
kurslarında idi. Ariz də, Ütarid
də, Rauf da eyni yaşda idilər. Rauf ödənişli əsaslarla
konservatoriyaya qəbul
olundu, ancaq oxumağa gedə bilmədi. Anasını qoymadı borc pul götürsün kimdənsə. Hərbi komissarlıqdan ona çağırış vərəqi
gələndə Rauf rahat
ürəklə əsgəri
xidmətə getdi. Naxçıvanda xidmət
etdi, iki ildən sonra konservatoriyaya qəbul olunanda Ariz artıq
üçüncü kursda
oxuyurdu. Ütarid də onunla birgə təhsil alırdı.
Rauf onu akt zalında
Arizlə birgə gördü. İlk dəfə
gördüyü bu qız onun ruhunu,
varlığını ələk-vələk
elədi. Ürəyi
cizildədi. Bir anlıq
özünü Arizin yerində
gördü. Bir anlıq
xoşbəxt oldu.
Sonra
Arizin Ütaridlə toyu
oldu. Bu toya Rauf getmədi. Ancaq Ariz bir neçə
gündən sonra Raufa zəng edib dedi ki, onu
gənc ifaçıların
müsabiqəsinə seçiblər.
İstəyir orda Raufun 1-ci noktürnünü
ifa eləsin.
- Bu çox yaxşı olacaq, Rauf. İkimiz də tanınarıq. Rauf
tərəddüd etmədən
öz əsərini ona verdi.
Xarici ölkədə keçirilən
bu müsabiqədə
Ariz Raufun yaratdığını öz
əsəri kimi ifa etdi. Dərhal
qəzetlər Arizi
yeni dünyanın Şopeni,
Şumanı adlandırdılar.
"Noktürn"ü əcnəbi
musiqiçilər ifa
etməyə başladı.
Raufun ürəyi qan ağlayırdı.
"Duz-çörək kəsmişdik
axı, necə qıydı Ariz mənə, mənim əsərimə? O mənlə
necə görüşəcək?
Ariz Raufla heç görüşmək
niyyətində də
deyildi. Bir müddət
sonra təsadüfən
görüşəndə dedi:
- Rauf, keç günahımdan. Məni şeytan aldatdı.
- Təzə əsərlər
yaz, yarat, - sonra gülüb getdi.
Onda Rauf
gündüz konservatoriyada
oxuyurdu, gecələr
5 ulduzlu otellərin birində resepsionda işləyirdi. Gəlib-gedənləri
qeydə alırdı,
itən əşyaları
saxlayırdı. O vaxt
anası çox ciddi xəstə idi. 1-ci dərəcəli
diabet idi. İnsulin vururdu özünə.
Anası
vaxtilə Gəncədə
ilk kamera orkestrinin yaradıcısı olan İsmayıl Vəliyevin tələbəsi olmuşdu.
Anası Gəncə Musiqi Kollecini bitirmişdi. İsmayıl
müəllim onun konservatoriyada oxumasını
davam etdirməyi məsləhət bilmişdi.
Ancaq
Rauf körpə olduğundan
anası ali təhsil ala bilmədi, uşağını böyütdü.
Ömrünün qara
günləri başladı
- atası buralarda baş girləyə bilmədi - getdi Rusiyaya bəxtini sınamağa. Əvvəllər
pul göndərirdi.
Sonra o da kəsildi.
Üstəlik, anasının işlədiyi
musiqi məktəbinin
direktoru anasını
məzəmmət elədi,
- Müəllimə, siz
öz sinfinizə uşaq yığa bilmirsiz. 3-4 nəfər uşağa dərs deyib əməkhaqqı alırsınız. Belə
getsə, gərək
özünüzə ayrı
iş axtarasız. Onda Rauf 12 yaşına keçmişdi. Hər yerdən əli üzülən anası üz tutdu əziz
qonşuları Bayaz xalaya:
- Əlacsız qalmışam,
Bayaz xala, oğluna de ki, mənə
bir iş tapsın.
Ertəsi
gün Raufun anası Bayaz xalanın oğlu müdir işlədiyi restorana Raufla getdi.
Anası
orada aşpaz köməkçisi işləyirdi,
hərdən restoranın
qonağı çox
olanda o, qab-qacaq yuyulmasına da kömək
edirdi. Hər axşam evlərinə qazanlardan hələ soyumamış yeməklər
gətirirdi - 2 nəfərlik.
Buna restoranın sahibi
icazə vermişdi.
Rauf bir dəfə sarsıntı keçirmişdi
anasının qab yumasıyla bağlı. Onda Gülüstanda yaşadıqları evin qonşuluğunda böyük
bir malikanə vardı. Bu malikanədə
Xatın adında alverçi qadın yaşayırdı. O, ölmüş
ərinə ehsan verirdi. Raufun anasını qab yumağa çağırdı.
Xatının qulluqçusu
naxoşlamışdı. Artıq
şər qarışanda
Rauf anasını qarşılamağa
getdi. O, həmişə
anasını gecə
qarşılayıb evə
birgə qayıdırdılar.
Bu dəfə də
Rauf anasını qarşılamağa
gedəndə Xatın
anasını saxladı.
- Bir dayan.
Xatın
əlindəki əyri-üyrü
qazançaya boşqablardan
artıq qalan yeməkləri boşaltdı.
- Apar, bunu da gədən yesin.
Anası
əliylə qazanı
itələdi.
- Mənim oğlum heç kəsin artığına qalmayıb,
- dedi. Və əllərini qabağındakı
önlüklə silib
oğlunun yanına gəldi. Anasının rəngi avazımışdı.
Raufun əlacı olsaydı, bu Xatını öldürərdi,
ya ayrı cür qisas alardı.
Əgər atası yanlarında
olsaydı, Rauf da ürəkli
böyüyərdi, anası
da onun-bunun qablarını
yumazdı, anasına xalxın artığı
təklif olunmazdı.
Anasını qucaqladı. Anasına:
- Qaranlıqdan sonra işıq olur, ana.
Anası
kövrəldi. Vicdansız
atan buralarda olsaydı, heç kim mənlə belə davranmazdı.
Atasını Rauf tək bir dəfə gördü. Avtobusda. Onda Ariz də, Rauf da konservatoriyaya qəbul olunan il idi. Ariz ilə bir
yerdə girdilər konservatoriyaya. Ariz Raufu da özüylə birgə Xaçbulağa aparırdı. Avtobusda onların qarşısında
bir ucaboy, yaraşıqlı kişi,
bir sarışın qadın əyləşmişdi.
Kişi
Arizi öpdü.
- Atan nətəridir? Mənim salamlarımı çatdır. Mən də bir neçə
günlüyə gəlmişəm.
Uşaqlar Xaçbulaqda
anamın yanındadırlar.
Onlara komandirlə (yanındakı qadına işarə elədi) baş çəkməyə
gedirəm. Yanındakı
kimdir?
- Dostumdur, Sadıx əmi.
- Hə, yaxşı oğlana oxşayır.
"Sadıx əmi". Rauf az qaldı qışqırsın
ki, mən sənin oğlunam. Sənin ürəyin titrəmədimi?
Görmürsənmi, biz sənlə
nə qədər oxşayırıq bir-birimizə?
Ancaq Rauf ağrısını
uddu. Heç nə demədi. Növbəti dayanacaqda sürücü düşüb
"Sadıx əminin"
iri səbətlərini
yerə düşürdü.
Rauf düşündü ki, bəlkə
də atası növbəti dayanacaqda yox, o birilərdə düşsəydi, Rauf ona
yaxınlaşıb deyərdi
- Ata, mən sənin oğlunam.
Atası
avtobusdan düşəndə
Rauf çox pərt oldu. İstəyirdi ki, atası avtobus ilə onla bir
uzun yol getsin.
Rauf düşündü ki, bir
də nə vaxtsa təsadüfən atasını görsə,
mütləq ona yaxınlaşacaq.
Rauf heç Arizə də heç nə demədi. Ağrısını içində
gizlətdi.
Konservatoriyada dərslər başlayanda
Ariz Bakıya getdi, Rauf əsgərliyə.
İki ildən sonra ordudan tərxis
olunandan sonra konservatoriyaya girdi. Axşamlar Bayaz xalanın yaxın qohumunun 5 ulduzlu otelində işə düzəldi. Anasını
işdən çıxartdırdı.
- Sənin oğlun var, ana. Özüm də işləyirəm. Mən
sənə hər ay pul göndərəcəm,
həm də mən təqaüd də alıram.
Anası
işdən çıxdı.
2-3 tələbəsi vardı.
Musiqi nəzəriyyəsindən
onları kollecə qəbul olunmalarına hazırlayırdı.
Raufun heç vaxt ağlına gəlməzdi
ki, bu oteldə o Xatını görəcək.
Xatın 201-ci otaqda gecələyən bir məşhur oliqarxın yanına gəlmişdi. Hələ səhər açılmamış, Xatın
birinci mərtəbəyə
düşəndə döyükə-döyükə
ətrafa baxdı və pilləkənləri
cəld düşməyə
başladı. Aşağı
pillələrə çatanda
çantası açıldı,
oradan bir bağlama düşdü.
Rauf bağlamanı götürüb
onun arxasınca qaçdı. Ancaq Xatın onu gözləyən taksiyə
minib gözdən itdi.
Rauf bağlamanı açdı,
sanki gözləri dörd oldu. Zərfin üstünə
- "10 min dollar" və "ürəyim" sözləri
yazılmışdı.
İlk öncə Rauf fikirləşdi
ki, 3 gün gözləyəcək,
əgər Xatın gəlməsə, onda pulu özünə götürəcək və
varlı adamlar yaşayan kimi yaşayacaq.
Anasına təzə palto,
jaket, ayaqqabılar, koftalar, özünə 3 dəst brend kostyumlar, köynəklər,
ayaqqabılar, marketdən
ən bahalı ərzaqları və ən nəhayət, "Qreed" parfümünü
alacaq. Bu ətri çox xoşlamışdı.
Xatından xəbər çıxmadı.
Görünür, belə
pulları o çox görüb. Xatın gedəndən sonra oliqarx kişi də oteli tərk
etdi.
Xadimə
qız onun otağından "Qreed"
parfümünü gətirdi.
- Gör nə gözəldir!
- Götür də, sən götür.
- Mənə heç kəsin artığı lazım deyil, apar tulla getsin.
Sonra Rauf elə bil yuxudan
ayıldı.
"Yox, bu pul
harınlamış kişinin
harınlamış fahişəyə
verdiyi puldur. Bu pul kirdən təmizlənməlidir. Bu pul
qanıyla torpağımızı
vətən eyləyən,
pak eyləyən qaziyə verilməlidir".
Gəncədə qapı bir qonşusu olan Qazi Əliyə verilməlidir.
3 gündür ki, Qazi Əli
Bakıda Raufun konservatoriya yataqxanasında
qaldığı otaqda
qonaqdır. 3 gündür
öz əlil arabasıyla müvafiq idarələrin qabağında
ləlöyün olmuşdu.
Rauf səhər işdən çıxıb yataqxanaya
yollanmışdı. Qazi Əli
artıq ayağa qalxmışdı, yenə
hansısa idarəyə
getməyə hazırlaşırdı.
Yaşadığı evin dam örtüyü sökülüb
dağılmışdı. Yağış, qar yağanda evə su damırdı. Yoldaşı Aygün və gəlini Tamam evə daman yağışın altına
ləyən, vedrə
qoymaqdan yorulurdular.
- Hara gedirsən, - soruşdu
Rauf.
- Yenə gedirəm, bəlkə insafa gəldilər bu məmurlar.
- Heç yerə getmə. Mən sənə xeylaq pul gətirdim ki, evini təmir edəsən. Kombi də çəkdir, əməlli-başlı
təmir elə, uşaqların böyüyür,
qoy normal şəraitdə
yaşasınlar.
Rauf zərfin üzərində
yazılmış "10 min dollar" -
"ürəyim" sözlərini
silib, bağlamanı
Qazi Əliyə uzatdı.
Kişini
heyrət bürüdü.
- Bu hardandır?
- Tapmışam. Sənin qismətindir.
- Bə özün?
- Özümə heç nə lazım deyil.
- Çox sağ ol, ağrın alım. Pensiyamdan az-az qaytararam.
- Bu borc deyil. Bu sənə olan bəxşişdir. Sənin
qismətindir. Halalın
olsun.
Rauf Qazi Əlini taksiyə mindirib avtovağzala apardı. Ordan da bir taksi tutub,
onu Gəncəyə yola saldı.
Qəlbində bir rahatlıq vardı. "Çox şükür Allaha"
dedi ürəyində.
Nüşabə Əsəd
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.26-27.