"Kişilər gec ağlayır..."

 

Fraqmal-romandan parçalar

 

...Yarıaçıq, yarıyumulu gözləri səmada idi. Artilleriya mərmisi partlayandan sonra qəlpə qırıntıları, toz-duman artıq çəkilmişdi. Yəqin ki, aradan xeyli vaxt keçmişdi. Gurultu, atəş səsləri arabir eşidilsə , kəsilmişdi. Özünə gələndə ilk dəfə gözünü ətrafa gəzdirdi, səngər yoldaşını axtardı.

...Heç özü bilmirdi ki, can hayında olsa da, ötənlər birdən-birə hardan yadına düşdü... Dünyaya göz açandan sonra, əvvəlcə, iməkləyə-iməkləyə, daha sonra da dar-divar tutub, yıxıla-dura ən nəhayət, ayaqları üstə möhkəm durub addım-addım gəzə-gəzə, günlərin bir günü həyət darvazalarının açıq qapısından çölə çıxanda rastlaşmışdılar. Demə, bir-birlərindən hələ xəbərsiz boy atıb böyüyə-böyüyə eyni məhlədə qapıbir qonşu imişlər. Əvvəlcə, nədənsə, bir-birlərinin yumulu əllərinə baxmışdılar. Hər ikisinin ovucları boş imiş. Elə bu vaxt birdən-birə elə bil səs eşidib gen-geniş küçəyə doluşan həmyaşıdlarının əllərindəkilərə hər ikisinin gözləri həsədlə baxmışdı. O uşaqlardan kimisinin əlində sapand, kimisinin əlində şar, top, oyuncaq tapança vardı.

Öz boş əllərinə baxa-baxa bir balaca duruxub qalmış, sonra da qəflətən bir-birlərinin üstünə cumaraq, bərk-bərk qucaqlaşmışdılar. Dostluqları da elə o gündən başlamışdı.

 

***

 

..., demə, qapıbir qonşu imişlər... Elə o gündən bəri hər gün yataqdan qalxıb bir tikə çörək yeyər-yeməz görüşüb bir yerdə oynamağa tələsərdilər.

Böyüdükcə bir-birlərindən heç ayrı dura bilmirdilər. Olurdu ki, dostlarla, hətta bəzən, başları oynamağa o qədər qarışırdı ki, gec olduğundan bir-birlərinin evlərində qalıb gecələyirdilər... Hər ikisinin ata-anaları oğlanlarının bu dostluğuna qəlbən sevinir, fərəhlənirdilər.

Evlərindən qoşa çıxır, birgə geri qayıdırdılar. Ancaq elə olurdu ki, dostu bəzən evdən çıxanda gecikib yubanası olurdu. Belə vaxtlarda onu haylayıb dönə-dönə tapşırırdı ki, bax, bəs mənə yanında yer saxla... Söz verib bir-birlərinə yanlarında saxladıqları o yer üstdə bəzən həmtayları ilə aralarında dava-dalaş da düşürdü...

 

***

 

Müharibə başlayanda cəbhəyə könüllü getmək üçün hərbi səfərbərlik şöbəsinə yollandığından xəbər tutan dostu: - İşdən elə indi qayıtmışam, üst-başımı dəyişib ardınca gəlirəm, - deyə harayladı, - bilirəm, növbədə duranlar çoxdur, mənə yanında yer saxla...

 

***

 

Cəbhəyə, döyüş meydanına yola düşən hərbi çağırışçılar avtobuslara qalxıb yerlərini tutanda dostu bu dəfə, elə bil nədənsə, bir balaca sıxılırdı. Sonra ona göz vurub qımışa-qımışa:

- Mənə yanında yer saxla, - dedi, - indicə gəlirəm.

Əyləşdiyi oturacaqda dostu üçün yer saxlayıb avtobusun pəncərəsindən ardınca boylandı. Dostu çağırışçıları təntənə ilə yola salan izdihamdan xeyli uzaqda, gövdəli bir ağacın altında xəlvətə çəkilib ürkək-ürkək ətrafına boylanan bir qıza tərəf iti addımlarla gedirdi. Elə bil özünü kimlərinsə, görəcəyindən ehtiyatlanırdı...

 

***

 

Bir yerdə döyüşürdülər. Düşmən tərəfindən atılan qəfil mərmi hər ikisini səngərdən birgə havaya qaldırdı.

...Göz qapaqlarını aralayıb açmağa heyi yox idi. Ancaq bütün gücünü toplayıb dostuna sarı boylandı. Öz canının hayında deyildi.

Birdən-birə qorxdu. Qorxdu ki, özündən azca aralıda nəfəsi gedib-gəlsə , dili söz tutmayan dostu yenə ondan xahiş edər ki, mənə yanında yer saxla... Bəlkə bu dəfə dostunun sözünü yerə salmazdı. Kaş dostunun sözünü yerə salmağa bu dəfə gücü çataydı... Bəs ağac altında durub gözləyən o qız?!.

 

2020

 

Durbin

 

Qələm dostum Nizami Əlioğlunun

şəhid oğlu Həzi Cavadovun xatirəsinə

   

Hər dəfə baxıb tanımadığı əşyaları Oğlan "oyuncaq" zənn edirdi... Həmin oyuncaqlardan ikisini iməkləyə-iməkləyə süründüyü, sonra divarı tuta-tuta gəzdiyi, ən nəhayət, ayaqüstə dura bilən çağlarında təkcə babasının yatıb-durduğu darısqal otaqda divara çalınan mıxçalardan birində qoşa asılan görmüşdü.

Oğlan ağlı kəsəndə oyuncağa oxşatdıqlarından birisinin tüfəng olduğunu bildi. Baxdığı filmlərdə onun od-alov saçdığını, adam öldürdüyünü görmüşdü.

Bəs onunla yanaşı asılan "oyuncaq" idi?..

Oyuncaqları olmayan Oğlan, hətta xəlvətə salıb ayağı altına nəsə qoyub, yuxarı qalxmaq, od-alov saçan tüfəngin yanından asılan həmin "oyuncağ"ı asıldığı yerdən götürüb küçəyə çıxmaq fikrinə düşmüşdü, onu əlinə alıb küçədə yaşıdlarına göstərə bilsə, necə gözəl olardı. Oğlan əmin idi ki, heç bir yaşıdının belə oyuncağı yoxdur...

Taxçaya boyu, əli çatırdı ki, oyuncaq bildiyi o əşyanı oradan götürüb oynatsın.

 

***

 

Günlərin bir günü atası ilə oturub ağ-qara ekranlı balaca televizorlarında həmişə maraqla baxdığı bir davalı kinoda qəflətən həmin oyuncağı əsgərlərdən birinin əlində gördü. Əsgər o "oyuncağ"ı gözlərinə tutub qarşı tərəfə baxıb, sonra da "Hücum!" deyə hayqırıb irəli cumaraq, əsgər yoldaşlarını da öz ardınca aparırdı.

Oğlan əsgərin əlində tutduğu "oyuncaq" əşyanı tez-tələsik barmağı ilə atasına göstərib: - Ata, ata, bizim taxçadakına oxşayır, - dedi, - bax, bir bax. Bəs onun adı nədir?

Gözləri ekranda qalsa da, müəllim atası oğlunun sualını həvəslə cavablandırdı. Elə bil məktəbdə, yuxarı sinif şagirdlərindən birinə izahat verirdi.

- Binokuldur, - dedi, - durbin deyirlər.

Oğlan atasının izahından bəzi sözləri başa düşməsə , anladı ki, durbin deyilən bu cihaz uzaqları yaxına, göz önünə gətirir. Adına ən çox durbin deyilsə , demə, bu cihazın əsl adı binokuldur. Qədim latınca "binokulus", fransız dilində "binokle" adlanan bu cihaz bino - iki, oculus - göz sözlərindən ibarətdir.

Uzaqda yerləşənləri hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki qoşa görmə borusundan ibarət optik bir cihaz...

 

***

 

Babası bəzən səhərlər yatağından fikir-xəyallı qalxardı. Yerindən duran kişinin boğazından heç çay da keçməzdi. Təkcə qarısı başa düşərdi ki, kişi bu gecə yuxusunu qarışdırıb.

Belə günlərdə bayırda hava istər qarlı-çovğunlu, istərsə , yağışlı, küləkli olsun, fərqi yox idi, babası taxçadakı o durbini götürüb ayağını çəkə-çəkə, ağır-ağır evdən çıxardı. Geri dönəndə babasının halı özündə olmazdı. Kişi bunu gizlətməyə çalışıb özünü qədər tox tutmaq istəsə , zəndlə babasına baxan Oğlan başa düşərdi ki, babası ağlayıb, gözlərindən axan yaş da qırışlı sifətində axıb quruyub.

 

***

 

Evdən acqarına çıxıb geri dönən babasını nənəsi dilə tutardı: - Sübh tezdən evdən çıxmısan. Dilinə bir damcı su dəyib, bir loxma çörək... Nənəsinin səsi qəhərlənərdi. - Otur süfrəyə, acından-susuzluqdan taqətin kəsildi ki... Acqarına yatmayacaqsan ki...

Baba isə canıyanan qarısının dediklərini elə bil eşitmirdi. Bir yerdə qərar tutmayıb otaqdan-otağa keçir, gah da eşiyə - çölə çıxırdı.

Babasının ertədən "af-uf"la yatağına girdiyi həmin günlərdə kişi, hətta öz sevimli nəvəsinin, Oğlanın da heç bir xahiş-minnətinə qulaq asmazdı.

 

***

 

...Bir gün xəlvətcə babasının ardınca düşdü. Addım-addım onu izləyirdi.

Babası ayaqlarını sürüyə-sürüyə evlərindən xeyli uzaqlaşmışdı. Həmin "oyuncağ"ı gözlərinə tutmuşdu. Oğlan da gizləndiyi yerdən babasının baxdığı səmtə tərəf boylandı. Oğlan mat-məhəətəl qalmışdı. Uzaqlardan dağlar, şiş qayalar görünürdü.

Babası o durbini niyə bərk-bərk gözlərinə sıxmışdı?

 

***

 

Oğlan Qarabağ müharibəsindən, bir zamanlar dədə-baba torpaqlarımızda yurd-yuva verdiyimiz nankor qonşular - ermənilər tərəfindən torpaqlarımızın işğalından, elə o vaxtlardan da qaçqın, köçkün kəlmələrinin yarandığından agah oldu. Burasını da bildi ki, babası-nənəsi, atası-anası da doğma yurd-yuvalarından didərgin düşüb bu kənddə məskunlaşandan sonra o, burada doğulub boya-başa çatıb. Bu yerlər, həm heç demə, ata-baba yurdlarından bir o qədər uzaq məsafədə deyil.

Bəlkə , babası o durbinlə baxıb, bir vaxt qoyub gəldikləri o sıldırım qayaları, uca dağları, güllü-çiçəkli çəmənləri görə bilir... Oğlan uşaq ağlı ilə burasını da fikirləşirdi ki, babası bəs niyə tüfəngi özü ilə götürmür?..

 

***

 

Babası dünyasını dəyişəndən sonra Oğlan o durbini mıxçadan asılı görmədi. Tüfəng mıxçadan asılı qalsa da, durbini nənəsi hardasa, gizlətmişdi. Bir müddət sonra Oğlan durbini bu dəfə taxçada gördü. Yəqin ki, atasının yalvar-yaxarından sonra nənəsi durbini qaytarıb oraya qoymuşdu.

Sonralar Oğlan o durbini atasının əlində gördü.

Atasının o durbinlə evdən çıxıb aradan xeyli müddət keçəndən sonra da halı pozulmuş geri qayıtdığını görən Oğlan da qüssələnir, həmin gün heç yoldaşları ilə oynamağa da yollanmırdı.

Bir ara, hətta o durbini götürüb özü gizlətmək istədi.

 

***

 

Evlərinə sevincək qayıtmışdı. Atası ilə anası hələ ayağı təzəcə yer tutan nəvələrini oxşayıb əzizləyirdilər. Körpə oğluna tərəf xəlvəti, gözucu baxıb üzünü ata-anasına tutdu.

- Cəbhəyə getmək üçün yazdığım ərizəmi qəbul ediblər, - dedi. - Sabah cəbhəyə yola düşürəm...

Ata-anası, cavan gəlin bu qəfil xəbərdən bir balaca diksindilər. Körpənin isə dünyadan xəbəri yox idi. Darısqal otaq boyu ora-bura qaçır, elə bil gen-geniş bir yer axtarırdı.

 

***

 

Könüllüləri cəbhəyə təntənə ilə yola salan izdihamın arasında ata da var idi. Çağırışçılar avtobuslara qalxanda ata oğlunu bağrına basıb bərk-bərk qucaqladı.

Avtobuslar yerlərindən tərpəndilər.

Ata evə az qala quş kimi uça-uça qayıtmışdı.

 

***

 

Oğlu döyüş meydanında idi. Ailə televizorun qabağından çəkilmirdi. Hər gün cəbhədən şad xəbərlər gəlirdi...

Bir gün növbəti şad xəbəri eşidən ata durbini həmişə qoyulduğu yerdən - taxçadan götürüb qəti addımlarla evdən çıxdı. Evdəkilər təəccüblə ardınca baxa-baxa qaldılar.

 

***

 

Hara getdiyini özü bilirdi. Heç yaşına uyğun gəlməyən yerişlə addımlayırdı. Haçandan-haçana, neçə illərdən bəri gəlib-getdiyi təpəyə, o təpənin üstündəki sal daşa çatmışdı. Doluxsunmuşdu, ötən illəri xatırlayırdı. Axı, neçə ildən bəri idi ki, bu daşın üstündə oturub, durbini gözlərinə tutaraq uzaqlara, o görünən o dağlara, o düzlərə, cavanlığında at səyirtdiyi tərəflərə sarı baxırdı.

Az keçdi, çox keçdi, qəflətən ata durbini sal daşlara çırpıb sınıq-sınıq etdi.

 

***

 

Bu dəfə ərinin həmişə əlində gördüyü o durbinsiz evə qayıtdığını görən xanımı ilk əvvəl bir balaca duruxdu. Kişi sevincindən az qala yerə-göyə sığmırdı. Qadın elə bil birdən ayıldı. Gəlini, nəvəsi yanında olsa da, bu yaşda birdən-birə ərinin boynuna sarıldı. Qadının gözlərindən damcılayan yaşlar ərinin qırışmış sifətini islatdı. Sonra da kişi guya ki, onu özündən uzaqlaşdırmaq istəyirmiş kimi yüngülcə itələdi...

Evin ağsaqqalının üzü gülürdü...

Maddım-maddım babasına, nənəsinə, anasına baxan balaca oğlan neçə gündən bəri üzünü görmədiyi atası üçün darıxsa da, o da uşaq sevinci ilə qəhqəhə çəkib gülürdü...

 

Noyabr, 2022

 

 Mübahisənin sonu

 

Vətən müharibəmizin şəhidi, ağır seyid övladı Mirbala Əmrağa

oğlu Rəsulovun xatirəsinə

 

Ərköyün, şıltaq, küsəyən qızlar idilər. Bacıların öz aralarında tez-tez mübahisələri düşürdü. "Ata məni səndən daha çox istəyir!"

Çığır-bağır sala-sala hər ikisi öz dediklərinin üstündə durur, sonra da atalarının üstünə cumurdular.

Qızlarının saçlarını sığallaya-sığallaya bağrına basan ata hər dəfə: "hər ikinizi" deyə-deyə onların mübahisələrini kəsə bilmirdi...

Bacılar atalarından inciyib küsürdülər.

Axır ki, ata qızlarının hər ikisinin könlünü şad etmək üçün bir fənd tapdı. Qəflətən yadına, vaxtsa, Molla Nəsrəddinin bir lətifəsi düşmüşdü...

...Günü bacılar "hansımızı daha çox istəyirsən?" - deyə soruşa-soruşa kişinin gününü qara edibmişlər. Çoxbilmiş Molla da günlərin bir günü xəlvətə salıb ayrı-ayrılıqda onların hər birinə bir muncuq verir. "Bil, desəm ki, muncuq kimdədir, bax onu..."

Günü bacıların öz aralarında az qala əl atıb saç yolmağa çatan belə dava-dalaşları zamanı Mollanın dilindən bu kəlmələr çıxan zaman hər iki tərəf sakitləşib məmnun-məmnun gülümsəyirdi...

Ata təklikdə böyük qızını bağrına basıb:

- Sən mənim ağıllı balamsan, - dedi, - bax, bacın bilməsin ha, əlbəttə, səni...

Sonra da xəlvətdə balaca qızının saçlarını sığallayıb qoxulaya-qoxulaya: - Sən mənim sonbeşiyimsən. Əlbəttə, atalar sonbeşiklərini daha çox istəyir. Ancaq bacın bilməsin ha... - deyə bir xəbərdarlıq da etdi...

Müharibə başlayanda ataları cəbhəyə könüllü yollandı...

 

***

 

...İndi bacılar öz aralarında dava-dalaş salıb höcətləşmirlər ki, ata hansımızı çox istəyir... Demə, atalarının heç dilinə gətirməsə , onların hər ikisindən daha çox istədiyi varmış...

 

***

 

Qəbiristanlıqda, məzarlıqda atalarının başdaşını qucaqlayan bacılar ürəklərindən keçirdiklərini bu dəfə dillərinə gətirib belə bir mübahisə etmirlər ki, atamızı hansımız daha çox istəyirik...

 

2020

 

Aydın Tağıyev

 

Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.24.-25.