"İkimiz"
"Nəriman Həsənzadə poetikasına
giriş"dən
1+1=1
Andrey
Tarkovskinin gündəliyindən
Rəqəm
mədəniyyətin təməl arxetiplərindən biri
olub, bütün sənət növlərində təzahür
edir. Dini-fəlsəfi təlimlər də (məsələn,
Pifaqor məktəbində 4 və 10 rəqəmləri ilahi rəqəmlər
sayılırdı), fen-şuyda (mənzillərin və
bağçaların planlaşdırmasında) istifadə
edilən rəqəmlərin mistik-mağik şərhi
hamıya məlumdur.
Rəqəmlər varlığımızın simvolu kimi taleyimizin
süjetini qurur. Ona görə də rus filosofu P.A.Florenski rəqəmləri
fərdiyyətlər kimi, ilk orqanizmlər və sxemlər
kimi, nizamlı və təşkil olunmuş bütün hər
şeyin ilkin obrazları kimi öyrənməyi tövsiyə
edirdi. XX alman filosofu E.Kassirer rəqəmləri qnosioloji
sistemin mərkəzinə yerləşdirirdi, hətta 1910-cu
ildə nəsr olunmuş "İdrak və gerçəklik"
kitabında ayrıca bir fəsli "Rəqəmlər
haqqında anlayışlar" adlandırmışdı. Təsadüfdür,
yoxsa tarixin mistik məntiqdir, bilmirəm, yenə də alman
filosofu O.Şpenglerin 1918-ci ildə
nəsr olunmuş kitabı "Rəqəmlərin mənası
haqqında" fəsli ilə açılır və
yalnız ondan sonra "Dünya tarixinin problemi" və
"Makrokosm" fəsilləri gəlir.
Klassik rəssamlar kimi, Salvador
Dali də "8" rəqəminə xüsusi önəm
verirdi.
Xalq şairi Nəriman Həsənzadənin poetikasında "2"
rəqəminin işlənmə tezliyi və fəallığı
təsadüfi hadisə olmasın gərək. "2" sadəcə
mücərrəd say anlamında deyil, yaxud "rəqəmi"
bildirmir, həm də onun
dünyaya "sözü"dür, emosiyasının və
psixikasının arxetip dilidir.
Bəlkə də bir
"tale işarəsi"dir?
Söz gəlişi etiraf edim ki, bu mövzuda elmi məqalə də yaza
bilərdim və adını da təxminən belə
qoyardım: "Nəriman Həsənzadə poetikasında rəqəm
simvolikası". Di gəl ki, bəzən poeziyadan, şairdən
akademik üslubda, quru nəzəri sillogizmlərin dili ilə
danışmaq kifayət eləmir.
Nəriman Həsənzadə dünyasının gözəgörünməz
personajıdır, daim onu izləyir, onunla bir yerdədir.
"Nabat xalanın çörəyi" avtobioqrafik povestinin
ən ağrılı cümləsi belədir: "Atamdan
sonra, bir yaşında, tək gəlinin yanında
böyümüşəm. Ana-bala. İki kimsəsiz".
"İki"nin fəallığı
Nəriman Həsənzadə
poetikasında antinomik konstruksiyaların (təzadların),
psixoloji, fəlsəfi, etik qarşıdurmaların
(kişi-qadın, həyat-ölüm, qoca-cavan, gecə-gündüz
və s.) məntiqi gücündən xəbər verir:
"Nabat xalanın çörəyi" gənc
qadının yaşlı xəstəyə baş çəkməsi
ilə bağlı dialoqla başlayır və xəstəxanada
hamının heyrətləndiyi və təəcübləndiyi
bu "qeyri-adiliyə" illər sonrası əsərin qəhrəman
(oğul) haqq qazandırır: "Amma bu qeyri-adilik yalnız
iki nəfərin nəzərində halal qismət olub öz təbiiliyini
itirmədi. Kişi öz gənc qadını ilə hər dəfə
görüşəndə bütün
ağrılarını unudub uşaq kimi sevindirdi".
Yaxud
Bir
ömürdə - iki ömür yola salırıq
Biri ötən cavanlıqdı,
biri qocalıq.
Bu - nadanlıq, o biri də
peşmançılıq.
Hər gələn bir ağıl verir dünyada bizə,
Amma dünya əsa verir bir əlimizə.
"Poylu-beşiyim mənim"
Müdrik
şairin qənaətinə görə, təbiət
qanunları da bu qarşıdurmanın riyazi tənasübü
ilə nizamlanır:
Qocalar
sahildən azalır bir-bir,
gənclər iki-iki çoxalır
indi.
"Payız etüdləri"
Şairin
baxış həssaslığı məişət
detallarının sayında da yanılmır.
Qapımızın
ağzında
Əvvəl ancaq ikiydi,
Onlar da mənimkiydi,
Dörd
oldu sonra bir gün...
"Ayaqqabılar"
Dörd
ikinin böyüməsidi. K.Q.Yunqa görə, dörd psixika
elementlərinin bütövlüyünü simvolizə edir.
"Cüt", "qoşa"
sözləri "iki"nin
sinonimləri olub,
doğmalığın, ruhi bağlılığın ifadəsi
kimi də işlənir. Şair xatırlayır və sevinir
ki, evdən çıxanda tək idi, indi həmin evə ikisi
- ata və oğul qayıdır:
Nazim,
oğlum, min illərdi axır Dəli Kür,
Hirslənəndə yaxın durma, pələngə
dönür,
Tək çıxmışdım, cüt
qayıtdıq, Allaha şükür!
Heyf, indi nə anam
var, nə Nabat nənəm
Nəslimizi özün yaşat,
gözləmə məndən.
"İki"
bədii detal kimi unudulmaz Sara xanım rəhmətə gedəndən
sonra iki kişinin - Nəriman müəllimin və oğlu
Nazimin ümidinə qalmış evin psixoloji durumunu mükəmməl
ifadə edir:
Elə
istəyirəm ki,
anan qayıdıb gəlsin.
İki kişi bir evə
baxa bilməyib, - desin.
"Oğluma"
Diqqət
yetirmişəm: Nəriman müəllimin taleyində baş
verən ilahi işarətlər də təkrarlanır,
yuxularda iki dəfə əyan olur. Yalnız bir nümunəylə
kifayətlənirəm:
Ya Məhəmməd!
Yenə məni səsləyir Zaman, -
Mənə Cərciş peyğəmbərdi
xəbər yollayan:
"Niyyəti var, niyə gəlmir şair Nəriman?"
İki dəfə yuxusunda görüb bir cavan,
İki dəfə ismarlayıb məni də ondan.
Onun
yaddaş (xatirə) və yuxu məkanı "iki nəfərlikdir", iki simvolun bir yerdə
olmasıdır.
Evdə tərəzinin
iki gözüydük,
Daş birimiz idik, pərsəng
birimiz.
Nəriman
Həsənzadənin baxış məkanının
hüdudları iki nəfəri öz içinə alır -
bu, iki tamaşaçı deməkdir. Bu məkanda sən ona
baxırsan, o da sənə - bu, "güzgü
effekti"dir.
Bu, şairin Zaqatalada 700
yaşlı çinarla təması da ola bilər:
"Çinar mənə tamaşaçı,/
mən çinara tamaşaçı".
Bu, kinoseans zalında, teatrda iki sevgilinin gizli görüşü də
ola bilir: "Kinoda iki yer boş qaldı bu gün,/iki
tamaşaçı azaldı bu gün".
Yaxud
Görüşmüşdük
ikimiz,
ələ düşmüşdü məqam.
Tamaşaya baxırdıq
Teatrda o
axşam.
Oturmuşduq ikimiz
Bir sırada dal-qabaq.
Guya sən məndən ayrı,
Guya mən səndən uzaq.
"Artistlər"
Bu
"iki nəfərlik görüş məkanı mütləq
qapalı, toxunulmaz olmalıdır, yad gözlərdən uzaq,
müdaxilələrdən kənar olmalıdır. "Yuxuda
bir qızla görüşmüşdüm. Elə bilirdim,
anam bilir, üzümə vurmur. Utanırdım..."
("Nabat xalanın çörəyi").
Nəriman Həsənzadənin qəhrəmanları da xatirə
dünyasında iki-iki "məskunlaşır":
Bu,
"iki dustaq"dır (Müşfiq və Cavid)
Bu, bir otaqda, bir
eyvanda yaşayan ər-arvaddır.
Bu, uşaqlıq xatirələrinin
iki qəhrəmanıdır:
Bu mahalda
iki "dəli"
olubdu məşhur:
Biri Dəli Hasan babam, biri Dəli
Kür.
Yaxud
Kəsəməndə
Qaçaq Kərəm, İsrafil ağa
Qondu qoşa qartal kimi qoşa budağa.
Nəriman
müəllim Xəlil Rza ilə bağlı xatirələrinin
ən şirin məqamı kimi iki nişanlı qızın
(Firəngiz xanımın və Sara xanımın) Moskvaya,
Ədəbiyyat İnstitutunun yataqxanasına gəlməsini bu
gün də danışır.
Fani dünyanın və vəfasız ömrün məntiqi sonluğu
belədir: axırda "iki" "bir"ə uduzur. Bir. Tək.
Tənha.
Yadımdadır: Bir tədbirdən qayıdırdıq.
Nəriman müəllimi Vaqif küçəsindəki evinə
ötürürdük. Binanın giriş qapısında bizdən
ayrılanda dedi: "Həyat yoldaşlarınızı
qoruyun, - dedi və bir də onu dedi ki, təklik
ağırdır. Ev iki nəfərin nəfəsi ilə
isinir".
Bu sözlər məni ağrıtdı. Amma içimdə bir sufiyanə
ümid cücərdi: Şairi Uca Yaradanla ünsiyyəti tək
qalmağa qoymaz. İkisi də bir-birini çox-çox
yaxşı anlayır...
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2023.- 9 sentyabr.- S.25.