Lal dəniz
Hekayə
1997-ci il
tarixini geri dəyişək. Bu tarixin 17,19, yaxud 91, 97, 79
yaşı olduğunu kim deyə bilər? Onun kainatında
torpaq insandırsa, bəs onun neçə yaşı var? 17
yaşı varsa, tarixlərdə niyə yaşlıdır? O
gənc oğlandır, yoxsa, qız?
Bax, beləcə,
özünə də suallar verən qızcığaz zaman
dilimlərində bir az geriyə addımladı, lakin tarix
1997-ci ildən 7135-ci ilə dövr etdi.
7135... rəqəmlərin
hər birinin tarixində bir insan doğulacağını kim
düşünə bilərdi ki?!.
Avqust
ayının sonu,
sentyabrın
başlanğıcı.
Aybənizin
məktubu...
Bax, bulud
kimi göy üzündə uçmağa
çalışırsan, lakin
bacarmırsan. Bilirsən, niyə? Hə, əlbəttə,
yenə bəlli bir cavabın olacaq. "Sən heç
doğulmadın, ölmədin" cümləsini o qədər
təkrarlamısan ki, artıq küçədəki
maşınların tozu da bu cümləni özünə
almaqdan qorxur.
Sən
torpağa bənzəyirsən. Bax, məktubda yenə
adını çəkmirəm, amma yazıram. Bir az
çaya da bənzəyirsən. Çay kimi köhnəldikcə
ruhunu oxşayan bütün qollarını, qanadlarını
qırıb atırsan. Bu qanadların var ha, onlar mənim
göz bəbəklərimdə heç vaxt böyüməyən
qabarlı əllərindir! Sənin indi ruhun qocalır.
İndi məni yada salmaq istəmirsən, çünki tək
mənə deyil, göylərə xəyanət etmisən!
Bu məktubdakı
fikirlər, bəlkə də, uzun olacaq, lakin
yazdığım bu duyğusuz, boş ağ
kağızları şamın alovuyla yandır. Zatən, mənim
də ömrüm şam kimi yanır.
Bax, bu məktubu
hazırladığım zaman şam yenə yanmağa
başladı. Sənə görə işıqları
söndürmüşəm, halbuki qorxuram. Axı sənin
gözlərin qaranlığın ən dərin
işığı idi...
Yaxşı.
Bu məktub, o da sən. Vicdanınla baş-başa qal, mən
isə şamla saçlarımı kül edib, əbədi
olaraq dənizə gedirəm. Salamat qal, dəniz qədər
sonsuz məhəbbət daşıyan insan!
Aybəniz
məktubu bitirib kənara qoyan kimi tələsik evdən
çıxdı. Otaqda yanan şamı da söndürməmişdi.
O gün Aybəniz gözdən itsə də, özü ilə
gözlənilməz hadisəni qoyub getmişdi.
7-ci evin
1-ci sonsuz mənzilinə qədər...
Qapı
döyüldü. Aybəniz yuxuda idi. 7-ci mənzilin
qapısından bir sakin gəlmişdi. Qapını var
gücü ilə döysə də, Aybəniz dərin
yuxudan oyana bilmirdi. Saat 07:30. Əslində, o, bu vaxtlar
oyanıb çay dəmlər, masasına keçib
cızma-qara edərdi. Bu gün isə fərqli idi. Aybəniz
evdə yox idi axı. Qapı necə açılsın?
Harda, hansı küçədə?
10 avqust
Aybənizin yaşı ilə yerdəyişmə edərək
17-ci qışın 35-ci baharını ilk önə gətirmişdi.
Əslində, Aybəniz yayın ən qızmar günəşi
altında soyuqdan donurdu... bəs həmin adam?
7-ci mənzilin
qapısından gələn naməlum sakin nəhayət, qapını sındırıb
içəri hücum etdi. Otaqları gəzdi, gözü
stoldakı məktuba sataşdı. Saçları arxaya
daranmış, gözündə qara eynək və çox
qaraqabaq olan gəncin əynində qara palto vardı. Deyəsən,
zaman məhz onun vaxtına səyahət etmişdi.
Məktubu
oxumağa başlayanda üzündə qeyri-ixtiyari olaraq həm təbəssüm
yarandı, həm də gözləri doldu. Oxuyub bitirənə
qədər artıq məktub islanmışdı, lakin islansa
da, bir küncü şam atəşində
yandığından son sətirlər seçilmirdi;
yalnız 17, 9, 1 görünürdü.
O, məktubu
cibində gizlədib evi yenidən axtarmağa başladı;
bayaqda qapını qırırdı, indi isə ən
kövrək birisinə çevrilmişdi. Gözləri
dolmuş, beyni tutqun halda idi. Aybənizi tapa bilmədiyi
üçün lap dəli olmuşdu; hardaydı, görəsən?
Cəld
evdən çıxıb qaçmağa başladı.
Ayaqlarının altında kiçicik addım izləri
vardı. Bu, elə deyəsən, Aybənizin idi. Həmin izlə
də yoluna davam etdi, lakin izlər bir müddət sonra itdi.
Onun qarşısında dəniz sahili vardı. Ətrafda isə
qum... Axı Aybəniz də bura gəlmişdi...
Birdən
sahildən səs eşidildi, qız səsinə bənzəyirdi.
Gənc təngnəfəs səsə sarı
yüyürdü...
Mənim
adım Vicdandır, ey insanlar! İnsanların qorxub
qaçdığı, bəlkə də qəhqəhə
çəkib güldüyü, sevginin, nifrətin anası
da, atası da Vicdan! Mən Aybəniz olaraq doğulmuşam!
Qollarımdan, damarlarımdan axan qana yaxşı baxın! Hər
qatın altında qan yox, nifrət, sevgi, xəyanət,
acı, kədər, işgəncə, zülm, sevinc,
kin-küdurət gizlənir!
Aybəniz
sözünü eşidən kimi gənc: "Hardasan?"
- deyə qışqırsa da,
kimsəni görə bilmədi, amma Aybəniz onu
görürdü.
Aybəniz
naməlum şəxsi görəndə belə içindəki
fırtına susmur, gah da bu fırtına sakitləşib qəhərə
çevrilirdi...
Nəhayət,
gənc Aybənizin dayandığı sahilə tərəf
yaxınlaşdı. Aybəniz həyəcanla
qışqırdı:
- Geri
çəkil!
- Aybəniz!
- Geri
çəkilməlisən! Tez!
- Bilirəm,
məni görmək istəmirsən, amma sənə deyəcəyim...
Aybəniz
son dəfə yenidən qışqırdıqda dalğalar gənci
öz ağuşuna çəkdi. Aybəniz
qışqırsa da, kömək etməyə qorxurdu. Sanki edərsə,
yenidən onu itirəcəkdi. Bu zaman gənc Aybənizə:
- Vicdan...
Vicdan mənəm,
bəli! Amma 17 yaşlı Aybəniz indi yanında deyil...
- Aybəniz...
Son
sözü eşitdikdən sonra səs gəlmədi.
1735-ci
ilin yaz ayları...
17
yaşlı qızcığazın 35-ci yolunda 3 ulduz, 5
körpü var. Ulduzlar sönməyib, qətlə yetirilib!
Yolunda 3 ulduz var ki, onlar bu körpülərdən
yapışıb - Sədaqət, Vicdan, Sevgi, Qorxu, Tənhalıq
körpülərindən.
Tək
Nifrət körpüsü yoxdur. O hardadır? Aybənizin
gözlərində, qəlbində deyil!
O gün
nə baş verdi?
Aybəniz
səsi duyduqdan sonra gəncə yaxınlaşmaqdan çəkindi.
Sonra isə o tərəfdən uşaq səsi eşitdi.
Yaxınlaşanda gəncin üzü digər tərəfə
baxırdı. Aybəniz təəccüb içində idi.
Axı o dənizdə boğulmamışdı? Bu necə ola
bilər?
Körpə
Aybənizə yaxınlaşıb nifrət dolu
baxışlarla qışqırdı:
- Adım
Nifrətdir. Bəs sən kimsən?
Bir
anlıq Aybənizin nitqi tutuldu. Nifrət hələ körpə
idi. Onun 3,4 yaşı olardı, amma daxilində
paxıllıq, kin-küdurət yatırdı. Bilirsiniz, yəqin
hətta düşünürsünüz ki, körpələr
intihar edə bilməz. Bəlkə də, ən dəhşətlisielə günahsız körpələrin
içində yatan nifrətdir...
Gənc
Aybənizi gördü, lakin yaxınlaşmadı. Körpə
isə qaçaraq dənizə atıldı. Aybəniz o
körpəni qurtara bilmədi...
1735-ci
il... Aybəniz 17 yaşında olarkən...
Əslində,
bu tarix Aybənizin, 3 və 5 isə Nifrət adlı körpənin
yaşı idi. Bəs o gənc? - Aybənizin yaşında
idi...
Nifrət
indi körpədir, lakin 17 il bundan öncə onun 3, ya da 5
yaşı olardı. Dəqiq tarixi xatırlaya bilmirəm.
Yaddaşımdan bütün xatirələr silinib.
Günahkar kim idi? Körpəmi, mənmi, gəncmi? Kimdir
axı...
İndi
1735-ci ildən 35 ulduzun altında qaranlıq bu iki gəncin
sahilə getdiyi zamanı seyr edirdi. Onlar elə bu körpüdən
addımlayırdılar...
Səma
MUĞANNA
Ədəbiyyat
qəzeti.- 2023.- 9 sentyabr.- S.23.