Nadir şah Əfşarın oğlu Avstriyada?
Sən kimsən, Baron fon
Semlin?
Almandilli
mənbələrdə (İohann
fon Muhlfeld.
"XVIII-XIX əsrlərin Avstriya zadəganlıq leksikonu", Vyana, 1822-ci
il, səh.86; Johann fon Hellbax.
"Adels- Leksikon",
İlmenau, 1826-cı il, II cild,
səh.475; Avstriya İmperiyasının
Bioqrafik Ensiklopediyası,
1877-ci il, 34-cü cild, səh.82 və s.) dünyanın ən görkəmli hökmdarlarından biri, əzəmətli türk
Əfşar imperatorluğunun
qurucusu Nadir Şah Əfşarın (1688-1747) sonbeşik
oğlu Əli Mirzənin (və yaxud Mustafa Əli Mirzə Xan, İohann İosef von Semlin, Cozef fon Semlin,
Baron fon Semlin) Avstriyada yaşadığı
və 13 fevral
1824-cü ildə Vyanada
vəfat etdiyi barədə maraqlı yazılar oxumuşdum.
Alman dili müəllimlərinin
Vyanada keçirilən
XVII ümumdünya qurultayı
günlərində (15-20 avqust
2022) Azərbaycanın Vyana
şəhərindəki səfirliyinin
Azərbaycan Mədəniyyət
Mərkəzində (Vyana,
Bellariastrasse 8) də olduq. Mədəniyyət Mərkəzinin gənc əməkdaşı Sahilə
Rzazadə (bir daha minnətdarlıq edirəm) Əli Mirzə xanla bağlı məlumatlarımı
daha da genişləndirdi,
Nadir şah Əfşarın
oğlunun vaxtilə yaşadığı evin
ünvanını (Grosse Pfargasse
19) və onun dəfn edildiyi qəbirstanlığın adını
(Sankt Markser Friedhof) da
dedi.
Bu xəbəri hələ Vyanada olarkən 22 avqust 2022-ci ildə internet
səhifəmdə (Facebookda)
paylaşmışam.
2023-cü
ilin avqust ayında respublikamızdakı
internet saytlarının çoxu
bu mövzu ilə bağlı oxunaqlı yazılar dərc ediblər (müəllifi dosent Zaur Əliyev).
Qəzetimizin oxucuları üçün
maraqlı olacağını
ümid edib Vyanada topladığım
məlumatları bir daha dəqiqləşdirdim...
Türkün düşmənləri tərəfindən Nadir şah
Əfşarın qətli
xəbəri ildırım
sürəti ilə bütün Avropaya yayıldı. Avstriya hersoginiyası, Macarıstan
kraliçası, Roma İmeratorluğunu
idarə edən Mariya Tereza (o həm də dövrünün ən gözəl qadınlarından biri idi) öz yaxın
adamlarını yanına
çağırdı: "Nadir şahın övladları
təhlükədədir. İsfahana
gedib, uşaqları xilas edin".
Mariya
Tereza uşaqları çox
sevirdi. Onun 16 övladı - 11 qızı,
5 oğlu olmuşdu. Qızlarının çoxunu
krallara, ya da kral ailəsinə ərə vermişdi (yalnız bir qızı öz sevdiyinə getmişdi). Bu
yolla Mariya Tereza bütün Avropada söz sahibi idi. Ən hörmətli
monarxlardan sayılırdı.
O özü də, kürəkənləri də
Nadir şahın igidliyini,
cəsarətini, alicənablığını
yaxşı bilirdilər.
Mariya Terezanın özəl göstərişi ilə
İsfahana gedənlər
Nadir şahın övladlarından
birini - sonbeşik Əli Mirzəni (1730, ya da 1736-ci ildə İsfahanda anadan olub) tapırlar, Nadir fədailərinin köməyi
ilə onu gizli yolla əvvəlcə
İstanbula qaçırır
(o vaxt Osmanlı səltənətinin başında
Birinci Mahmud dururdu), sonra Semlin şəhərinə
gətirirlər, oradan
da Avstriyaya...
İstanbulda olarkən 11 yaşlı
Əli Mirzəni Məhəmməd (Mühəmməd)
adı ilə gizləyirlər.
Bəlkə də, buna görə
Mariya Tereza əvvəlcə
şübhə etmiş,
onun göstərişi
ilə Əli Mirzənin kimliyi
İmperator dəftərxanası tərəfindən dəfələrlə
araşdırılmış, təhlillər aparılmışdır.
Amma hər dəfə
də sübut olunmuşdur ki, Əli Mirzə imperator oğludur,
Nadir şah Əfşarın
oğludur.
Kraliça özü də
hiss etmişdi ki, heç
bir sənədi-sübutu
olmasa da, elə bil təbiət özü bu uşağı hökmdarlıq
üçün yaradıbdır.
Mariya
Tereza öz həyat yoldaşı və böyük oğlunun şərəfinə Əli
Mirzə xana İohann
Cozef fon Semlin adı verdi (Vəliəhd oğlunun adı Cozef (İosif) idi. "Semlin" isə qeyd etdiyimiz
kimi, yer adıdır. Əli Mirzə Vyanaya bu şəhərdən gətirilib. Semlin 1718-ci ilə kimi Osmanlı
imperiyasına məxsus
idi, sonradan Dunay monarxiyasının sərhəd
şəhərinə çevrildi.
İndi Serbiyada, Belqrad).
Mariya
Tereza Əli Mirzə xanı oğulluğa götürdü ( Bəlkə də...
Mariya Terezanın son məqsədi Əli Mirzəni yenidən atasının yurduna göndərmək, ona hərbi dəstək verib, hakimiyyəti ələ almaq, Asiyada da söz sahibi olmaq idi...).
Kraliça Əli Mirzənin
təhlükəsizliyini təmin
etdi. Bu məqsədlə
xüsusi adamlar və pul ayırdı.
1755-ci ilin 10 martında İohann Cozef von Semlin alman dilini öyrənmək üçün
Avstriyanın Qrats şəhərinə göndərilir.
Dil öyrənmək
bacarığı ilə
hamını təəccübləndirir.
Çox güclü hafizəyə malik idi. Bir
dəfə eşitdiyi
sözlərin hamısını
yadda saxlaya bilirdi.
1756-cı
ilin 25 yanvarında İohann Cozef fon Semlin Roma-katolik adəti ilə xaç suyuna salınır. Onun xaç anası imperator Mariya
Tereza özü olur.
İohann
Cozef hərbi məktəbdə və Vyana Hərbi Akademiyasında təhsil alır. Bu akademiya Mariya Terezanın 14 dekabr 1751-ci ildə verdiyi qərarla yaradılmışdır. Akademiyaya
qısaca TerMilAk
(Tereza Hərbi Akademiyası)
deyirdilər. (TerMilAk bu gün də
fəaliyyət göstərir
və Avstriya Silahlı Qüvvələrinin
zabitləri üçün
yeganə təlim müəssisəsi sayılır).
İohann
Cozef akademiyada fərqlənir. O, sağlam
bədənli, fiziki cəhətdən güclü,
dözümlü idi.
Yorulmaq nə olduğunu bilmirdi. Hərbi akademiyada dostları İohann Cozefi sevir, ona
"şahzadə" deyə
müraciət edirlər.
Akademiyanı əla qiymətlərlə
bitirən İohann Cozef (Əli Mirzə xan) 1757-1759-cu illərdə Avstriya ordusu sıralarında gizir rütbəsində Prussiya ilə Yeddiillik müharibədə
iştirak edir.
İohann
Cozef (Əli Mirzə xan) Breslau (1757), Hoxkirxe (1758) döyüşlərində
qəhrəmanlıqlar göstərir,
medallara layiq görülür, "Şərəf
nişanı" alır.
("Şərəf nişanı"
Avstriyanın ən önəmli ödüllərindən
biridir).
Öz alaylarında da İohann Cozef "Şahzadə"
adı ilə məşhur olur. Ölüm qorxusu yox idi.
Döyüşlərin birində o, başından ağır
yaralanır, sonrakı
döyüşlərdə top gülləsinin qəlpəsi
sol ayağını da qoparır.
İki dəfə ağır yaralanan İohann Cozef kapitan rütbəsində
hərbi xidmətini başa vurur.
...Hələ gizir olarkən yaralanan İohann Cozef prussiyalılara əsir düşmüşdü.
"Şahzadə prussiyalıların
əsiridir" xəbəri
Prussiya kralı qüdrətli II Fridrixin özünə də gedib çatır. Kral Əli Mirzə
xanı öz malikanəsinə çağırır,
uzun müddət söhbət edirlər. Prussiya kralı II Fridrix də əmin olur ki, İohann Cozef həqiqi şahzadədir,
Nadir şah Əfşarın
oğludur (Zəngin Sileziya torpaqlarına görə Mariya Tereza ilə II Fridrix arasında düşmənçilik
var idi. Yeddiillik müharibədə Mariya
Tereza bu torpaqları geri qaytara bilmədi).
Hakimiyyəti dövründə Mariya
Terezanın ən böyük rəqibi olsa da, Prussiya kralı II Fridrix hörmət əlaməti
olaraq, Əli Mirzə xanı xaç anası Mariya Terezanın yanına qaytarır...
24 mart
1759-cu ildə İohann
Cozef fon Semlinə Baron rütbəsi
verilir (Baron qrafdan aşağı olsa da yüksək zadəgan rütbəsidir). Onun Baron
diplomunda yazılır:
"Fon Semlin ən alicənab və qəhrəman ailədəndir".
Mariya
Tereza 40 il hakimiyyətdə oldu. Hələ 1740-cı
ildə (atası VI Karlın vəfatından sonra) taxta çıxan
24 yaşlı (evli bir qadın) Mariya Tereza İtaliya, Macarıstan, Avstriya, Çexiya, Cənubi Hollandiya torpaqlarını
əhatə edən geniş bir ərazini idarə edirdi. Onun hakimiyyəti
dövründə Avstriya
zənginləşdi, Avropanın
ən güclü ölkəsinə çevrildi.
...Mariya Terezanın təklifi Əli Mirzə xan üçün gözlənilməz
olmadı: "Öz ölkənə qayıt,
şahlığı ələ
keçir. Sən atanın qanuni varisi sayılırsan. Atan Dehlini də,
bütün Hindistanı
da sənə demişdi.
Haqqına sahib ol. Biz kömək edərik".
Lakin Əli Mirzə bu təklifi qəbul etmir: "Tovuz quşu tək bəzədilmiş
o şah taxtına nifrət edirəm. Müsəlmanlar arasında
qardaş qırğını
salmaq istəmirəm"
- deyir.
Napoleon da
Əli Mirzə xanın yanına səfir göndərir (Napoleonun Nadir şah Əfşar haqqında yaxşı məlumatı
var idi. O, özünü
Nadir şaha bənzədirdi),
hərbi dəstəyini
təklif edir. Atasının qisasını
almaqda, hakimiyyətə
gəlməkdə ona
kömək etməyə
hazır olduğunu bildirir.
Əli Mirzə böyük nəzakətlə bu təklifi də rədd edir: "Nə mən, nə də mənim uşaqlarım o
tac haqqında düşünmürük.
Hətta mənim
İran şahı olmağa
haqqım olsa belə, mən öz haqqımı mənə daim atalıq qayğısı
göstərən, bu
günə kimi dəstək olan Müqəddəs Roma imperatoru
II Fransa verirəm".
Yeddiillik
müharibədə ağır
yaralanandan sonra Baron fon Semlin uzun
müddət Vyana yaxınlığındakı Baden şəhərciyində müalicə
olundu...
1763-cü
ildə o, yenidən hərbi xidmətə qayıdır. 1763-1768-ci illərdə
kapitan rütbəsində
Qrats şəhərində
işləyir, sonra
Tirol Kufstayn qalasının
komendantı təyin olunur.
1791-ci ilin 28 iyununda İohann Cozefə mayor rütbəsi verildi. Bəzi məlumatlara görə, elə həmin ildə də polkovnik rütbəsini aldı.
Növbəti il Baron fon Semlin
ordudan tərxis olundu. Böyük xidmətlərinə və
fədakarlığına görə
Avstriya hökuməti
ona hər il 810 qulden (pul vahidi)
olmaqla pensiya kəsdi (bu böyük məbləğ
idi).
Avstriya kraliçası Mariya
Tereza 29 noyabr 1780-ci ildə
63 yaşında vəfat
etdi.
...Əli Mirzə xan 1792-ci ildə Vyanada ailə həyatı qurur. Deyilənə görə,
onun həyat yoldaşı Roza (Baronessa fon Semlin)
türk qızı idi (1775-ci ildə anadan olub, 1837-ci il 6 oktyabr tarixində Vyana şəhərində
Grosse Pfargasse küçəsində
19 nömrəli evdə
vəfat edib. ("Viener Zeitung" qəzetinin
10 oktyabr 1837-ci il tarixli
sayında 4-cü səhifədə
nekroloq verilmişdir).
Semlin ailəsinin iki uşağı olub, birinə Yəhya (İohann), o birinə Yusif (Cozef) adını
qoyublar ( Əli
Mirzə bir oğluna öz adını verib - Cozef-Yusif ). Həm Yəhya, həm də Yusif Avstriya
ordusunda xidmət ediblər, hər ikisi zabit olub.
Təəssüf ki, Yəhya
və Yusif haqqında ətraflı məlumat öyrənə
bilmədik. Bəzi mənbələrə görə
onlar sonradan Almaniyada yaşayıb və işləyiblər.
Baron İohann Cozef fon Semlin (Əli
Mirzə xan) 13 fevral 1824-cü ildə təxminən 90 yaşında
Vyana yaxınlığındakı
Mödlinq şəhərciyində
öz malikanəsində
vəfat etmişdir.
"Viener Zeitung" qəzeti
özünün 18 fevral
1824-cü il tarixli sayında
3-cü səhifədə nekroloq
vermişdir.
Vyanada olanda Əli Mirzə xanın (İohann Cozef fon Semlin) vaxtı
ilə yaşadığı
evə getdim. Bina Vyananın, necə deyərlər, yaxşı
yerində Grosse Pfargasse
küçəsi 19-da yerləşir.
Qədim, yaraşıqlı,
dövlət tərəfindən
qorunan binadır. Xatirə lövhəsi yoxdur.
Bəzi
məlumatlara görə
Semlinlər ailəsinin
Macarıstanın şimalında
da malikanələri olmuşdur.
Almandilli
mənbələrin bəzisində
İohann Cozef fon Semlinin Vyana
şəhərindəki Sankt Markser Friedhofda basdırıldığı göstərilir
(Səfirliyin Mədəniyyət
Mərkəzində də
həmin qəbirstanlığı
demişdilər).
Müqəddəs Marks qəbirstanlığı
(Sankt Markser Friedhof) Vyananın 3-cü rayonunda
Landstrasse küçəsinin
cənubunda yerləşir.
1874-cü ildən Sankt Markser
Friedhof bağlanıb,
indi bu qəbirstanlıq
dövlət tərəfindən
abidə kimi qorunur. Ziyarətçilərin üzünə
həmişə açıqdır.
İsti
avqust günlərində
qəbirstanlıqda adam
az idi. Gələnlər
daha çox dahi bəstəkar Amadeus Motsartın qəbrini ziyarət edirdilər.
Qəbirstanlığın girişində
Sankt Markser Friedhofda dəfn olunanların siyahısı, məzarların
nömrəsi və yerini göstərən lövhə var. Vaxtı ilə burada 8 min məzar olub, indi isə 5635 məzar tanınır. Təəssüf ki, məzarların
bəzisi sıx ağac və kollarla örtülüdür,
əksər məzarların
üzərindəki yazıları
pozulub, adlar oxunmur. 3 məzar arasında qaldım, görəsən hansıdır
( ¹ 23, 77, 161)?
Başqa
bir məlumatda isə Mustafa Əli Mirzə xanın Vyana yaxınlığında
Mödling malikanəsindəki
özünün bağında
dəfn edildiyi qeyd olunur. Onun
vəsiyyətində bildirilir:
"Mən burada qəribəm. Yəqin ki,
mənim dəfnimə
gələnlərin əksəriyyəti
kasıb insanlar olacaqlar. Mənim yasıma gələn kasıbların hərəsinə
5 qulden pul verin".
Əli Mirzə xan qalan pulunu Əlillər
evinə (İnvalidenhaus)
bağışlamağı vəsiyyət etmişdi.
Hələ keçən əsrlərdə
Avstriyada dərc olunan jurnallarda, "Pəhləvi silsiləsi zamanında dövlətin
önəmli vəzifələrində
çalışmış" (Güntay Gencalp) Əvşar boyundan olan Əmir Aslan Avşarın 2002-ci ildə
Kanadada yayımlanan
"Xatirələr" kitabında
qeyd olunur ki, İohann Cozefin xarici görkəmi onun sadəliyindən xəbər verirmiş.
İohann
Cozef kasıblara, fağırlara, zəiflərə
qarşı rəhmli,
mərhəmətli, əliaçıq
idi. Axirət dünyasını da unutmurdu
(bunu vəsiyyəti də sübut edir). Lap qoca yaşlarında da zehni və zəkası çox iti idi.
Vətənini sevirdi. Doğulduğu
yurdun daim əmin-amanlıqda olmasını
istəyirdi.
İohann
Cozef fon Semlinin mənəvi keyfiyyətlərinin formalaşmasında
onun Azərbaycan-türk
soyu olan Əfşar boyundan olmasının və ana dilinin - Azərbaycan dilinin rolu inkar
edilməzdir.
İohann
Cozef von Semlin ölənə qədər
öz doğma dilini və atası Nadir şah Əfşarın qoyduğu
Əli Mirzə adını unutmadı, vəsiyyətinə, haqq-hesab
kağızlarına, özünün
bütün rəsmi sənədlərinə Əli
Mirzə xan adından istifadə edərək imza etdi...
Namaz MANAFOV
Ədəbiyyat
qəzeti.- 2023.- 9 sentyabr.- S.20-21.