Dözümünə afərin, Xudafərin!
Gün
o gündü...
Novruzqabağı
Xudafərin körpüsünün ətəyində
Araz Elsəs söz deyirdi,
saz deyirdi
Bayatı
qoşurdu,
ağı
deyirdi
Arazın
sularına ağır-ağrı
ağrı-ağrı
Araz axırdı ağır-ağır,
ağrı-ağrı
Gün
o gündü...
O taylı, bu taylı
bir millət baxır axı
(Körpü də yoldu axı...)
Bu taydan baxanda
o tay da əl edir axı
Gün
o gündü
Bu tayın söz azadlığı
O tayın göz azadlığına
qovuşub
axırdı.
Ozan səsi
Azan səsinə qarışıb
axırdı
Arazın
sularında
ağır-ağır
fağır-fağır...
Araz Araza qovuşub axı
Araz xına qoyub Arazın səsinə,
Xudafərin körpüsünün
daşına,
kərpicinə
Gün
o gündü...
Gözün aydın, Xudafərin!
Hər kərpic xınasına
Hər daşın naxışlı
mamırına
alqış
düşür.
Göz yaşıyla yoğrulan
Təməlinin suvağına vurulan
Həsrətin yumurta sarısına
alqış
düşür.
Yaddaşın mamır sarğısına
min şükür...
Dözümünə afərin, Xudafərin!
Biz üçrəngli bayrağı
sancdıq.
Sərdik
sinənə.
O taylı, bu taylı
gözaydınlığı.
Gün
o gündü...
Araz oxuyurdu, Arazbarı
Araz qırağı
Araz axırdı ağır-ağır,
Ağrı-ağrı...
Mart, 2023
Ürəyimə damıb, sən şeir
deyəcəksən Cıdır düzündə
Ola bilər, biz görmədik
Şuşanı...
Ola bilər,
Aqil Abbas yetmədi Ağdama -
Dizinə
döyə-döyə
Qocaldı Milli Məclisdə...
Ola bilər...
Ola bilər,
Zakir Fəxri yuxusunda görür Şuşanı,
ola bilər,
Ola bilər,
Vaqif Bayatlı
küsüb
getmədi Cocuq Mərcanlıya,
Ramiz Rövşən - Müskanlıya...
Ola bilər...
Ola bilər,
Şərif Ağayar görmədi
Laçını,
Mələyə-mələyə qaldı
Harami düzündə...
Ola bilər...
"Mən Şuşadanam"
deyirsən,
Olsun...
Mən
o gün bilmişəm,
sən Şuşadansan,
Sən şüşə kimisən,
sözü oxşayan
qızım,
Şuşaya oxşayan qızım!..
Biz aldanmışıq,
Bizi aldadıblar.
Könlünə dəyməsin Xarıbülbülün
Ondan bir tanə deyil,
Ondan min
cürəsi var Balu adasında...
Şuşadan bir tanədi...
Bizi aldadıblar,
Biz aldanmışıq.
Ola bilər, biz görmədik
Şuşanı...
Biz qocaldıq, "Şuşa"
deyə-deyə
Şüşəyə, Şuşaya oxşayan Könül Arif!
Ürəyimə damıb,
sən şeir deyəcəksən
Cıdır düzündə
Boynunu bükməzsən bənövşə
kimi
Sən şeir deyəndə Çıdır Düzündə.
Minarələr dağılıb,
Şuşa öz yerindədi,
Sözü oxşayan balam,
Ürəyimə damıb,
sən şeir oxuyacaqsan Cıdır Düzündə,
Baban Həsənqulu kişinin
dağılmış
darvazasına baxa-baxa...
İyul, 2017
Adam cibindən üşüyər
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac
içindən oyular
Adam cibindən üşüyər.
Pul əl çirkidi... Yalandı.
Malın
verən canın verər.
Ağac
içindən sıyrılar
Adam canından çürüyər.
Kasıb
qəribdi Vətəndə
Qalıb
yollarda tövşüyər
Ağac
içindən can verər
Adam cibindən üşüyər.
Mövlud ağacı - Yasəmən
Mövlud
Mövludun intihar xəbərinə
min şeir yazıldı
min birincini yazmadım
"Min bir gecə" nağılı açmadım
adına
bir ağac əkdim həyətimdə.
Onda gördük
gecələr
qanadını qanadına vurub
uçur,
uçur Ucalığa
gündüzlər qonur yerə.
Onu da gördük
günlərin birində
qanadları
qırıldı
yandı...
qurudu...
intihar etdi Mövlud ağacı.
İllər yaman tez keçdi -
əksimiz şəhid gözlərində
dünyadan
köçdü...
...Bir mövlud gecəsində
köklü-köməcli Yasəmən ağacını
bağından çıxarıb
bağıma gətirdi Aydın
Uluxanlı.
- Bu da Yasəmən ağacı
-
Mövlud
yaşında...
...Buraların havası yaman
soyuğu
Sibir, istisi Yəmən
ya Sən, ya Mən
- fərqi yox
Sən güllər Şahzadəsisən,
Yasəmən!
Ətrindən, hənirindən
bu ağac dirilər,
hökmündən bu ağac çiçəkləyər
bağımda, bağrımda
Mövlud
ağacı - Yasəmən.
2022
Oğlum Qorqudun
32 yaşına
At muraddı, - deyiblər
murada yetmək
atını minib yürümək
yarını tapıb yarımaq
baxtını dişinə vurub
sınamaq
vaxtıdı.
Bir az tələs,
vaxt keçir - baxt baxır
Yaşın dişlərinin
sayına
çatdı.
06.08.2021
Ölüm-ölüm oyunu
- O kətil,
o da kəndir
Qalx boyundan yuxarı!
- O tonqal,
o da təndir...
Yandı
ruhum, buxarı!
- O qədəh,
o da zəhər...
O, girəcək min cildə,
zəhərləyəcək səni...
- Kim?
- Əşəs qızı
Cudə!
...Gülüb,
mənə göz vuran
Bəs niyə əl saxladın?
Kölgəmi baltalayan,
ölüm-ölüm oynayan
qara gözlü cəlladım?!.
Üzü qibləyə
Hara getsəm məni tapar
Qəm karvanı ayrılıqlar.
Harda olsam yolum üstə
Ağ gülün qara ləçəyi
Açılır üzü qibləyə.
Başımın min cür qəzası
Könlümün dəli sevdası
Yenə
eşqimizə
matəm
havası
çalınır üzü qibləyə.
Ay qıvlasız Aşıq
Sarı.
sonda bütün çiçəklər
sarı.
Çöndüm tərs üzümə,
-
qərib
baxtıma sarı,
həsrətim üzü qibləyə.
...Köç elə,
sevdiyin
kafir şəhərdi.
Burda bilinmədi xeyirdi,
şərdi.
Çək, dərviş,
qırx
dəvə yükü
dərdi,
çək apar üzü qibləyə.
Nə var, nə yox,
Xanım əfəndi?..
Xanım
İsmayılqızına
Dörd
fəsil dördkünc
yerdəsən
Dünyan
ağ-qara kəfəndi.
"Adı olmayan fəsil"də
Nə
var, nə yox, Xanım əfəndi?
Səssiz
otaqda sözsüz nəğmə
Dilsiz-ağızsız qıfılbənddi.
Adı bilinməyən fəsildə
Nə
var, nə yox, Xanım əfəndi?
Dörd
fəsil dördkünc
otaqda
Gözə görünməz duman,
çəndi.
Bitib-tükənməyən fəsildə
Nə
var, nə yox, Xanım əfəndi?
Dörd
fəsil dördkünc
yerdəsən
Dördkünc yerdə mövsüm
dəyişir.
Vaxt susur, zaman dəyişir
Bitib-tükənməyən mövsümdə
Nə
var, nə yox, Xanım əfəndi?
2021
Yeddi qıfıl arxasında
Çirklənməz tirmə köynəyim
qaldı
fələk boxçasında.
Sədəf düymə ağ
ləkəymiş
bəyaz
köynək yaxasında.
Yuyat yerində yuyulan
ölən günahımdı qalan.
Kirə
çıxırmış ağ yalan
qara baxtın soxasında.
...Əynimdədi söz kəfənim
sirli qalıb qəfil bəndim.
Yatır
yeddi qıfılbəndim
yeddi qıfıl arxasında.
***
Səhər tezdən
mobil telefonuma göndərilən
ünvansız, insafsız bir mesaj
xoşuma
gəlmədi,
ağlıma
batdı:
"Həyatı dəmir kimi ağır
köpük qədər boş
bilərək
yaşamaq
nə gözəl..."
Söndürdüm telefonu
xoşuma
gəlmədi...
ağlıma batdı - karıma
gəldi
dilimin ucunda
dərman
kimi saxladığım
söyüş...
Günahın
kafirə, solaxay!
Deyirlər
sağ əl verəni sol əl bilməz
Bəs
sağ əlimin sarğısını
sol əlim açar,
bağlayar yarasını
Ürəyimin başında yeri
var
sol əlim çəkər
sağ əlimin ağrısını.
Günahın kafirə, solaxay!
Sol əl
ürəyə beş barmaq yaxındı.
Teymurlu Kazım bəyə məktub
Dost gördüm
gözləriylə yox, -
ürəyilə görür adamı.
Dar gündə
ayaqlarıyla
yox, -
ürəyilə
yeriyir
ürəklə yarıyır
dosta sarı.
Görən görür,
bilən
bilir
Nə yazım, Kazım bəy!
Yazıya
nə pozu?..
Onlar sözlərinin,
göz yaşlarının arasında
ürəklərinin parasını
göndərirlər çörəyin
arasında.
Onlar dar günümdə
Simurq lələyi dostlarımdı
-
Amma ovlanır bu lələklər
seyrəlir bu adamlar
yoxa çıxır bir-bir...
2023
***
Xanım
əfəndilər,
bəy əfəndilər,
eşitdinizmi
uğultusu necə gəlir
dərdlərin?!.
Gördünüzmü,
müəllim bəylər,
bəy müəllimlər,
zəlzələsi necə olur
kədərlərin?!.
Eşitdinizmi, gördünüzmü,
danışdınızmı, bəsdi!
əkinçi cənablar,
biçinçi bosslar!
Qiyamətə qaldı
ən şirin sağlıqlar,
ən
acı tostlar...
Əlisəmid
Kür
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.16-17.