Ceyms Coys və
Əli bəy Hüseynzadə, yaxud
ilk mifo-politik əsərimizi dəyərləndirmək
zamanı
Elmi
araşdırma
"Azərbaycan
dili və ədəbiyyatı forumu"nun "Teatr və
kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən-səhnəyə,
səhnədən-ekrana" adlanan üçüncü
panelində Əli bəy Hüseynzadənin roman, dram, kino
estetikasında qələmə aldığı "Siyasəti-fürusət"
əsəri barədə danışdım. Dantenin
"İlahi komediya"sındakı kimi, hadisələrin o
biri dünyada və 3500 illik tarixin içində cərəyan
etdiyi bu əsərdə nəinki dram, teatr və kino, hətta
balet, opera komponentlərinin bir araya gətirildiyini, o biri
dünyada Tehran Velikorus orkestrinin ifasında Sen Sansın
"Dans makaber" baletinin səsləndiyini, fosforlu skeletlərin
rəqsini, əsərdə XX yüzil Amerika balerinası
Aysedora Dunkanın rəqsləri barədə söhbət
getdiyini, ilk insanın - Kəyumərsin (yəni Adəmin)
Bakı Nicat Cəmiyyəti dram bölümünün
ifasında "Nadir şah" tamaşasına
baxdığını və s. xatırlatdım və Coysun
"Uliss" əsəri ilə səsləşən
"Siyasəti-fürusət"in "Uliss"dən 20 il əvvəl
qələmə alındığını vurğuladım.
Teatrlarımızın Azərbaycan mədəniyyəti və
ədəbiyyatı üçün mühüm hadisə
olan bu əsərə müraciət etməsinin zəruriliyini
diqqətə çatdırdım.
Ötən həftə "Ədəbiyyat
qəzeti"ndə "Poeziyanın
taleyində rol oynayan üç şeir: Tramvaydan görünən
dünya" adlı bir yazı yazmışdım. Bu dəfə
Mahir N.Qarayevin təqdimatında XX yüzil dünya ədəbiyyatının
şah əsərlərindən olan "Uliss" barədə
Riçard Oldinqton, Valeri Larbo, Ezra Paund, Arnold Bennettin məqalələrini
dərc edirik. Sanki bu yazılarda "Uliss" haqqında
söylənilən bütün fikirlər elə "Siyasəti-fürusət"
barədə deyilib.
Yeddi il əvvəl, 2016-cı ildə "Uliss"lə
"Siyasəti-fürusət"in müqayisəli təhlilinə
həsr etdiyim "Coys və Əli bəy Hüseynzadə"
məqaləmi yenidən təqdim etmək zərurətini
hiss etdim.
1907-ci ildə "Avinyon qızları" "ikonası"ı
modernizm məbədinin divarından asılmaqla incəsənət
yeni düşüncə aşamasına qədəm qoydu.
1914-cü
ildən isə Ceyms Coys modernizmin müqəddəs
kitabını "vəhy etməyə" başladı. Vəhy
sürəci hələ yeddi ildən sonra tamamlanacaqdı.
Amma Coysa qədər mədəniyyətdə yeni bədii
düşüncənin, təmayüllərin axını
başlanmışdı. Coysdan əvvəl, Verlen, Mallarme,
Bodler... dünyaya və ədəbiyyata dekadans ovqatı
yaymaqdaydılar. Sonra Giyom Apolliner gəldi, Pablo Pikasso ilə
eyni estetik ortamda qovuşdu. "Avinyon qızları"
kubizmin ilk örnəyi oldu. İstiqbalın üfüqlərində
sürrealist dünyabaxışı və Salvador Dali
göründü.
"Kromvel"də deyildiyi kimi, vaxt gəlmiş,
dünya və onun ədəbiyyatı üçün yeni əyyam
başlamışdı. Dünya yola düşürdü.
Yeni ədəbi əyyamların, yeni fəlsəfələrin,
yeni poetik sistemin gerçəkləşməsi
üçün ədəbiyyatımız, sadəcə, forma
baxımından deyil, estetik yöndən də ənənəvi
tilsimləri qırmalıydı. Ədəbiyyatımız
avropalaşmalıydı. Dediyim kimi, dünya incəsənəti
"Avinyonlu qızlar"a xaç çevirdi.
"Odissey" Uliss şəklində yenidən doğuldu.
Ritualda Dublin, şüurun alt qatında isə mif qərar
tutdu. Pikasso Rublyov qədər hüzurlu deyil. Hadisələr
"Ulissdən dörd bin sənə sonra" baş verirdi.
"Əcəba, bu günün Ulisslərini hansı
dövrün, hansı əqalimin Danteləri cəhənnəmə
qoyacaq! Bir həqiqətdir ki, Ulissçilik yolu hər tərəfdə
cəhənnəmlə sona çatır ". (Əli bəy
Hüseynzadə)
Azərbaycanda isə "şeir
və ədəbiyyat tilsimə giriftar
olmuş kibi bir nöqtədə donub qalmışdı"
(Ə. Hüseynzadə). Sənətkar qürubun mənzərəsilə
məşğul olmurdu. Qürub edən insan var idisə də,
qürubu yansıdan mənzərə-tablo yox idi.
"Uliss" özündə
dünya ədəbiyyatının
iki mühüm əyarını təcəssüm etdirir, həm
modernist ədəbiyyatın "İncil"idir, həm də
"ön postmodernist romanın ən önəmli mətnidir"
(M.Sarıçiçək).
Biz isə ən gərəkli kitablarımızdan biri olan
"Siyasəti-fürusət" üçün heç
bir əyar bəlləməmiş və onu demək olar ki,
yerli-dibli tədqiq etməmişik. Baxmayaraq ki, "Uliss" hər
nə qədər Avropa ədəbiyyatının mifo-politik əsəridirsə,
"Siyasəti-fürusət" də bir o qədər Azərbaycan
və ümumtürk ədəbiyyatında birbaşa ilk
mifo-politik əsər hesab oluna bilər.
"Uliss"də Dublin dünyanın
simvolu, "Siyasəti-fürusət"də
isə mağara 2500 illik zamanın simvoludur.
"Uliss"in ikinci bölümü tarix dərsinə
həsr olunub. Tarix müəllimi ilə söhbət edən
məktəb direktoru Dizinin damarlarında "ana tərəfdən
üsyankarların qanı axır", amma onun əcdadları
irlandlardır və hamısı kralların varisidir.
"Uliss"in Homer planında Dizi atları ram edən
Nestordur. (XX yüzilin əvvəllərində Homerin qismən
tərcüməsi zamanı Nestorla bağlı məqamlar
Əli bəyin diqqət mərkəzindəydi). "Dizi yayılmaqda
olan dabaq xəstəliyinin epidemiyasına görə bərk
narahatdır, onun kabinetində divarlardan atların rəsmləri
və nəhəng atbaz olan şahzadə Uelskinin portreti
asılmışdır..."
At məsələsi "Siyasəti-fürusət"ın
hətta adında əks olunub, əsər
neçə min ili ehtiva edən tarix dərsinin
hökmdarların, kralların, şahların iştirakı
ilə keçən sorğu-sualıdır. Hakimiyyət
diskursudur - at oynatma siyasətinin şərhidir. "Siyasəti-fürusət"in
"Qacarlar", "Uliss"in isə 5-ci bölümündə
xədim və soprano səsli kilsə müğənniləri
barədə söhbət gedir... "Uliss"in də,
"Siyasəti-fürusət"ində bir neçə
yerində soprano səs, ümumiyyətlə, axtalanmış
oğlan səsi ilə qiyaslandırılır.
1908-ci ildə "Siyasəti-fürusət"də:
"Romada papalar Vatikan sarayında kilsə
müğənnilərinə "soprano" dediyimiz... lətif
bir səs qazandırmaq üçün bəzi rahibləri xədim
qılarlar. Zatən, rahibin xədim olub-olmamasından bir ziyan
yoxdur. Deyə bilirəm ki, xədimlik bunlar üçün
bir lütfdür".
1920-ci ildə "Uliss"də:
"Bu köhnə kilsə musiqisinin möcüzəli
xüsusiyyətləri var... Qədim dövrlərdə...
mahnı ifa etmək, düzgün rejim, sonradan bişirilən
likör həm də orqanizm üçün xeyirlidir...
Bununla belə xorda xədimlərin saxlanması lüzumsuz bir
şey idi... Kim bilir? Axtalamaq. Bu da vəziyyətdən
çıxış yoludur".
1908-ci ildə Hüseynzadə xədimliyin kilsə müğənniləri
üçün lütf olduğunu bildirir.
1920-ci ildə Coysa görə, "Axtalamaq. Bu da vəziyyətdən
çıxış yoludur".
Mətnin
alt qatındakı şüur
axını isə hər iki əsərdə eyni
düşüncəni ehtiva və ehya edir.
"Uliss"də də,
"Siyasəti-fürusət"də də hadisələr bir gündə baş
verir...
Hər iki əsərdə yəhudi problemi də qabardılıb.
"Siyasəti-fürusət"də "Bəni-İsrail, xristian ölkələrində gördüyü
zülm və sitəmlərə heç bir zaman Şərqdə
məruz olmamışdır".
"Uliss"də isə
"İrlandiya yeganə
ölkədir ki, burada heç vaxt yəhudiləri təqib
etməyiblər... Siz bunu bilirsinizmi? Yox, bilmirsiniz. Elə isə
bəlkə deyəsiniz ki, bu niyə belədir? Onun sifəti
parlaq işıqda sərtləşdi, qaşqabağı
töküldü.
- Niyə ki, ser? - deyə Stiven təbəssümünü
gizlədərək soruşdu.
- Ona görə ki, yəhudiləri heç vaxt
bura buraxmayıblar, - deyə cənab Dizi təntənə ilə
elan etdi".
Sviftin
"Qulliverin səyahəti"ndəki
atlar ölkəsi müxtəlif
örtülü işarətlərlə Coysun diqqət mərkəzindədirsə
də, ondan qabaq elə həmin miqyasda Hüseynzadənin də
diqqət mərkəzindədir: "İngilislərə...
Svift "Səyahətnameyi-Qulliver"də İngilis
hökumətindən daha adil, daha ağıllı natiq və
mədəni atlar hökumətinin mövcud bulunduğunu
anlatmış idi. Ancaq gedib bunların ölkəsini
almamalarını və əsla işlərinə müdaxilə
eləməmələrini sərt şəkildə tövsiyə
etmişdi. Çünki ingilislər öylə bir xəyalda
bulunduqları təqdirdə ingilis səltənətinin... məhv
və viran olacağı mühəqqəqdir - deyordi".
Coysda isə "Bu külək
mülayimdir. Mənim, onun, hamının evləri
dağılır... Öz nəsli-nəcabətinə nifrət
edərək, onlardan qaçıb dəli kimi cəngəlliklərə
baş vurmuşdur. Ay işığında onun yalı
köpüklənir, gözləri ulduz kimi bərq vururdu.
Quiqnqnmlərin atlarda olduğu kimi, burunları və uzun sifətləri
var... Qəzəbli rahib ata hansı cinayətə görə
onların başına belə oyun gətirdi?"
Bəlkə də yersiz görünəcək, amma övlad və
qadın məhəbbətindən məhrumiyyət
axtalanmışlardan hər zaman ədüvvibəşər
bir zalım yetişdirib.
Əli bəy Hüseynzadə yunan mifolojisindəki Narsisi simvolist mənalarla
süsləyərək mətnin alt qatında saxlamaqla, onu
oxucuya heç göstərməməklə
çıxarılmış gözlərin rəmzi olan nərgizlərin
yağışını, qanlı bağçasını,
passajını da yaratmışdı. Narsisi
xatırlatmamışdı. Xatırlatmasa da, Qacarın
çıxardığı gözləri nərgiz güllərinin
timsalında təqdim etmişdi. "Ortalığa şairlərin
ala gözlərə bənzətdikləri nərgiz
çiçəkləri yağmağa başladı. Bu
çiçəklər əvvəlcə birər-birər,
ikişər-ikişər düşüyordu, sonra
çoxalaraq dəstə-dəstə yağdı. Ancaq bunlar
adət edilmişin ziddinə olaraq bəyaz, sarı və
yaşıl rənglərdən başqa al qırmızı
ləkələrlə ala-bula idi!.. Nərgizlərin
arasında bir də bir nəsrin peyda oldu...
Şeyx
Fəzlullah əlini uzadıb, qoxulamaq üçün nərgizlərdən
birini qaldırdı.
...Kəyumərs:
- Aman, Şeyx! Ehtiyatlı olunuz!
Üzünüzü-gözünüzü qana
bulaşdırmayınız. Bu qanlı çiçəklər
İranın qanlı gözləridir".
Diqqət
yetirdinizsə, yunan mifolojisindəki özünə heyran,
özünə Narsis 1908-ci ildə mifo-poetik estetikada Azərbaycan
ədəbiyyatına necə daxil olurdu.
Yaxud Avropa ədəbiyyatının
siyasəti-fürusəti. Bu dəfə
Əli bəyə deyil Coysa məxsus siyasəti-fürusət:
"Stiven kral ailəsinin hüzurunda səssizcə yerə əyləşdi.
Divarlardan asılmış çərçivələrdə
bataqlıqda batmış uçağan atların donuq sifətləri
boylanıb baxırdı."
***
"Uliss"dəki
irland incəsənətinin simvolu, yəni xidmətçinin
çatlamış güzgüsü. "Stepan önə əyilərək...
çatlayıb ikiyə ayrılmış aynaya diqqətlə
baxdı, tükləri biz-biz oldu. O da, başqaları da belə
görür məni... Kim seçdi bu üzü mənə?".
Coysda olduğu kimi, ümumiyyətlə, əksər modernistlərdə,
daha çox da Virciniya Vulfda güzgü arxetipi modernizm
estetikasının daimi işlək simvollarındandır. Amma
"Uliss"dən on il əvvəl, doğrudur, tamam fərqli
bir missiya ilə Azərbaycan ədəbi mətninə İskəndərin
gələcəyi göstərən aynası daxil olmuşdu:
"Bu mənzərəyi görən Pruşkeviçin
kölgəsi qayət sevinərək: "-... Ələlxüsus,
əlindəki ayna ruslara çox lazımdır". Kəyumərs
hiddətlə: "- Buna ingilislər də göz dikmişlərdir.
Lakin kimsəyə verilməsinə müsaidə edəməm!"
- dedi və aynanı heykəlin əlindən qoparıb
aldı".
Əli bəyin güzgüyə
yanaşması gələcəkdəkini,
indikinin fövqündəkini görmək baxımından
simvolist səciyyə daşıyır: "Bayaqdan Kəyumərsin
əlindəki bu ayna gözünüzün önündə
duruyorkən, - Niyə gələcəyi anlamaq
üçün oraya müraciət xatirimizə gəlmədi?
- deyib aynaya yaxınlaşdı".
"Siyasəti-fürusət"də qərblilərin "feniks"
dediyi "bəqa və fəna" barədə
oxuyan feniks, ya da feqnus quşu, "Uliss"də isə Feniks
parkı var. Hələ üstəlik, "Blum. Xitonun üzərində
həkk olunmuş İ.X.S. hərfləri simurq quşu kimi
alovların arasından yüksəlir".
"Uliss"in yalnız 15-ci epizodu, "Siyasəti-fürusət"in isə
tamamı dramaturji üslubdadır. Əli bəy bir az da irəli
gedib. Bəlkə də interteksuallıq hadisəsindən məharətlə
yararlanaraq "postmodern" bir gedişə cəhd edib, oyun
içində oyun qurub. Mağarada - o dünyada, əsl
oyunda, ilk insanın da
qatıldığı gözlənilməz bir epizod:
"Bulunduqları mağara birdən-birə elektriklə
işıqlandırılmış bir teatr salonuna
döndü və özlərini parter deyilən bir qatın
birinci səf sandaliyələrində oturmuş buldular".
"Odessa darülfünunun tələbələrindən Nəriman
adlı bir zatın rusca və türkcə "Nadir"
ünvanı ilə təsnif etdiyi drama tamaşa etdilər..."
Zaman 150 illik bir çevrədə
dəyişdi.
"Uliss"in 6-cı bölümündə
- "Hades"də Blum məzarlığa kareta ilə gedir.
"Siyasəti-fürusət"də də
Pruşkeviç səyahətə gərdunə ilə -
faytonla çıxır. "Uliss"də Blumu aparan kareta
Dublinin küçələrindən keçib məzarlığa
gəlir. "Siyasəti-fürusət"də də
Pruşkeviçin xəyalı - Kölgə Azərbaycandan
keçib İrana (və o biri dünyaya, məzara-mağaraya)
daxil olur.
Əlbəttə, mövzu baxımından,
janrca, üslubca "Uliss"lə
"Siyasəti-fürusət"i eyni rakursda dəyərləndirmək
mümkün deyil. Amma hər halda, diqqəti bu istiqamətə
yönəltmək, məncə, ədəbiyyatımızın
xeyrinə olacaq. Digər tərəfdən, türk ədəbiyyatşünaslığında
Coysun "Uliss"iylə Oğuz Atayın "Tutunamayanlar",
eləcə də Tanpınarın "Aydakı qadın"
romanları müqayisəli təhlilə çəkilirsə
(Serdar Odacı, Mümtaz Sarıçıçək), o
zaman "Siyasəti-fürusət"i "Uliss"lə
müqayisəli ədəbiyyatşünaslığın
predmetinə çevirməklə ədəbiyyatşünaslığımızdakı
yanlışımızı gec də olsa təshih edə bilərik.
Ən azı o səbəbdən ki, "Siyasəti-fürusət"
"Uliss"dən on iki il əvvəl yazılıb. Bir də
türk ədəbiyyatşünasları hələ də
bilmir (yaxud etiraf etmir) ki, Türkiyədə ilk modernist
romanın müəllifi kimi də təqdim etdikləri
Tanpınarın, ümumiyyətlə isə
çağdaş türk ədəbiyyatının mifolojiyə
yönəlməsi heç də təkcə Coysun təsiri
ilə deyil, daha çox Əli bəy Hüseynzadənin təlqinləri
ilə baş verib. (Bunu Hilmi Ziya Ülken də, Orhon Seyfi Orhon
da etiraf ediblər). Və bu da dəqiqdir ki, Tanpınar "Uliss"dən
öncə "Siyasəti-fürusət"i oxumuşdu.
Yanlışımızı bir də o səbəbdən təshih
etməliyik ki, Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"
əsərinin Türk ədəbiyyatşünaslığında
"Uliss"lə qiyaslandırılması yaxın gələcəkdə
gözlənilən deyil. Şəxsən mən buna
inanmıram. Nədən ki, Türkiyədə müqayisəli
ədəbiyyatşünaslığın görkəmli təmsilçisi
professor Murat Belgenin yanlış bildiyinə (və
yanlış da bildirdiyinə) görə Əli bəy
Hüseynzadə 1900-cu ildən sonra "heç bir iz
buraxmadan bir neçə ay sonra "unudulub"
getmişdi". Yəni, müqayisəli ədəbiyyat
üzrə tanınmış professorun Hüseynzadənin
başqa xidmətlərini demirəm, heç yerli-dibli xəbəri
yoxdur ki, elə Türkiyənin özündə müqayisəli
ədəbiyyatşünaslığın ən mükəmməl
örnəklərindən birini (bəlkə də birincisini)
1926-cı ildə Atatürkün tövsiyəsi üzərinə
Əli bəy Hüseynzadə özü qələmə
alıb. "Qərbin iki dastanında türk"də
dünya ədəbiyyatının iki mühüm abidəsinin
- Tassonun "Qurtarılmış Qüds" və Kamoensin
"Luziadlar" əsərlərinə müqayisəli-tipoloji
təhlil metodunu tətbiq edib, onların tarixi, filoloji və
mifoloji məhvərini tədqiq edib.
Azərbaycanda modernizmin gəlişinə
və gəlişməsinə yol
açan ədəbi təmayüllər barədə ilk
yazı Hüseynzadənin "Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar"ıdır (Bunu
Azərbaycan ədəbiyyatşünaslarından Rasim Mirzə,
Elnarə Akimova öz tədqiqatlarında sübuta yetirirlər).
Azərbaycan dekadansı, simvolizmi, Verleni, Mallarmeni, Bodlerin
"Şər çiçəkləri"ni ilk dəfə
Əli bəyin yazılarından tanımışdı.
Nitsşenin həyat fəlsəfəsi, Şopenhauerin
dünya iradəsi, Hartmanın pessimizmi, pessimizmdəki
fövqəlidrak, naturalist Emil Zolya, pozitivist İppolit Ten və
b... Modernizmin çıraqbanı olmuş bütün
bunların Azərbaycanda bilinməsinə, tanınmasına
Hüseynzadənin yaradıcılığı vəsilə
olmuşdu. Özü də Hüseynzadə bütün
bunları etmək üçün yaşadığı
dönəmdə çətin hümanitar yollardan
keçirdi. Çünki Azərbaycan türkcəsində
elmi baxımdan terminoloji bəsitlik var idi. Çağdaş
Avropa fəlsəfəsi barədə yazmaq Hüseynzadə
üçün nə qədər asan idisə, Azərbaycan
cəmiyyəti "böylə bir bəhsə izn və
müsaidə versə də (!), dilimiz fəlsəfi istilahlar
cəhətindən naqis və kasad olduğu üçün
müsaidə" etmirdi. Hüseynzadənin bədii
zövqünün formalaşması, fəlsəfi-estetik
görüşlərinin hələ çox gənc
yaşlarında olğunlaşması, məncə, daha
çox pozitivist İppolit Tenin fəlsəfəsinə
heyranlığından qaynaqlanırdı. Belə
düşünürəm ki, Hüseynzadənin
üçlü düsturunun ideya qaynağı da Tenin "Sənət
fəlsəfəsi" kitabında şərh etdiyi La Race
(irq), le Milieu (ortam), le Moment (vaxt, an) - ümdələrinə
dayanırdı.
Sənətdə "həyat feyzlərə,
zövqlərə meyldir" fəlsəfəsini
təlim edən Əli bəy Hüseynzadə Şopenhauerin
"həyatın mənası heçliyə, yoxluğa
meyildir" fəlsəfəsinin təqdimatını da
unutmurdu. Çünki yeni dünyada, yeni Qərb mədəniyyətində
- modernizmdə mühüm estetik amil meyli-ədəm
(heçliyə meyil) idi. Romantizmdəki dünya kədəri
modernizm dövründə də hələ də öz
qüvvəsini saxlamaqdaydı. Dekadans meyli-ədəmə
doğru yola çıxmışdı.
Türk
ədəbiyyatında mifoloji
düşüncənin geniş
ölçüdə bədii mətnə tətbiqi ilk dəfə
1908-ci ildə "Siyasəti-fürusət"də,
dünya ədəbiyyatında isə İlkin intibah
dövründən sonra mifolojiyə ilk qapsamlı
dönüş - 1914-1920-ci illərdə "Uliss"də
gerçəkləşib. Bu mənada XX yüzilin əvvəllərində
Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından
geri qalmırdı. Coysun "Uliss"i öz ideya
qaynağını "Odissey"dən, Hüseynzadənin
"Siyasəti-fürusət"də yararlandığı
bədii üsul isə təbii ki, ideya qaynağını
"Odissey"dəki Aiddən və "İlahi
komediya"dan alır. Ümumiyətlə, Əli bəy
Hüseynzadənin mifolojiyə münasibəti türk
düşüncə tarixinə həsr olunmuş
araşdırmalarda qabarıq görünən həqiqətdir.
"Ədəbiyyatımız Əli bəyə qədər
belə bir cəhddə bulunmamışdır" deyə
yazan Hilmi Ziya Ülken mifoloji düşüncəsinin
çağdaş türk ədəbiyyatına gəlişini
Əli bəy Hüseynzadənin adına bağlamaqda
haqlıydı.
"Siyasəti-fürusət"də ənənəvi olan hər şey çağın estetik tələbinə
uyğunlaşdırılıb və bu modernist yanaşma
deyilmi?
Azərbaycan ədəbiyyatında tamam yeni hadisə baş verirdi. Şüur
axını özüylə birgə sənətdə yeni
ideyaların və yeni obrazların axınına da yol
açmışdı.
***
Eyni bir
yüzilin içində, fərqli məkanda, fərqli ədəbi-estetik
ənənələrdə yaranmış iki mətni
müqayisə müstəvisinə
çıxarmağımızın səbəbi Azərbaycan
modernizminin mənalar məkanını müəyyənləşdirmək,
ədəbiyyatımızda Şərq-Qərb səsləşmələrini
görmək, Azərbaycan modernizm düşüncəsinin
hüdudlarını dəqiqləşdirmək cəhdidir.
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2023.- 9 sentyabr.- S.12-13.