Ceyms Coysun ən
qəddar əsəri: "Uliss"
İrlandiya yazıçısı, dünya ədəbiyyatının
ünlü simalarından
biri kimi sayılıb-seçilən Ceyms
Coys (1882-1941) "Sənətkarın
gənclik portreti",
"Uliss", "Finneqana
ehsan" kimi qiymətli romanların müəllifidir.
Mövcud irland həyat tərzi ilə barışa bilməyən
dahi sənətkar
1904-cü ildə doğma
yurdunu həmişəlik
tərk etmiş, tezliklə ölkəsi haqqında sərt həqiqətlərə güzgü
tutan "Dublinlilər"
kitabını yazıb
başa çatdırmışdı.
Lakin naşirlərin uzun
müddət cəsarət
edib yaxın buraxmadıqları kitab yalnız
1914-cü ildə işıq
üzü gördü.
Bu münasibətlə Coys
öz naşiri Riçardsona yazmışdı:
"Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə
baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada
sivilizasiyanın inkişafını
ləngitmiş olacaqsınız".
1920-ci ildə Sürixdən Parisə köçən
Coys İkinci Dünya savaşına qədər burada yaşadı. Alman qoşunlarının
Fransaya daxil olmasından sonra yenidən Sürixə qayıtmaq məcburiyyətində
qalan yazıçı
öz ömrünü
çoxdan tərk elədiyi doğma vətənindən uzaqlarda
başa vurdu.
Coysun yüksək sənətkarlıq
nümunəsi olan romanları oxucudan xüsusi hazırlıq tələb edir; daha dəqiq desək, Coys geniş oxucu kütləsi üçün
"anlaşılmaz və
yabançı" müəlliflərdəndir.
Sənətkarlıq məsələlərinə
böyük diqqət
göstərən Coys
əsərlərini əsl
zərgər dəqiqliyi
ilə işləyirdi.
Təsadüfi deyil
ki, "Uliss"in meydana
gəlməsi yeddi il çəkmiş, "Finneqrana
ehsan" isə on yeddi ilə yazılmışdı. Amerika yazıçısı
T.Uaylder əbəs yerə deməmişdi ki, həcmcə
çox da böyük
olmayan "Finneqana ehsan"ı oxumaq üçün hazırlıqlı
oxucuya ən azı min saat vaxt lazımdır.
Haqqında bir neçə
görkəmli yazıçının,
ədəbiyyat mütəxəssisinin
fikir və mülahizələrini təqdim
edəcəyimiz "Uliss"
romanı da Coysun çətin dərk edilən əsərlərindəndir.
Təkcə elə bir faktı vurğulayaq ki, romandakı
bütün hadisələr
bir günün ərzində - 1904-cü ilin
16 iyununda, Dublində cərəyan edir. Həmin o yay gününün
təsvirinə isə
Coys nə az, nə çox
- ömrünün düz
yeddi ilini sərf etməli olmuşdu...
Riçard Oldinqton (1892-1962), İngiltərə
Cənab Coysun qorxunc təsiri
Cənab
Coysun cəhdi artıq əldə etmiş olduğu uğur kimi güman ki, indən belə göstərəcəyi
təsir baxımından
da son dərəcə maraqlıdır:
əminəm ki, onun nailiyyəti böyükdür,
təsiri isə qorxuram çox zərərli olsun. Əgər gənc yazarları inandırmaq müyəssər olsa ki, Coysu təqlid etmədən də ona pərəstiş eləmək mümkündür
- onda hər şey qaydasında olardı; ancaq deyəsən buna ümid azdır...
Coysun metodundan dadaizmə cəmisi bircə addım məsafə var, dadaizmlə dəliliyin arasındakı məsafə
isə daha da qısadır. Cənab Coys üçün nailiyyət sayılanlar intellektual qüvvənin, heyrətamiz müşahidəçiliyin,
yaddaş və intuisiyanın yoxluğu ucbatından başqaları
üçün tam uğursuzluğa
çevrilə bilər...
...Cənab Coysa çoxları böyük
ümidlər bəsləyirdi.
Mən heç vaxt arzulamamışam ki,
o zəhər kimi təsir göstərən
rəsmi nikbinliyin bircə zərrəsini də mənimsəsin; istəməmişəm ki, o, "şəkərə" çevrilsin,
yaxud Renan kimi təbiətinə aşkar
yabançı olan iltifat və mərhəmət göstərsin.
Ancaq ümid edirdim ki, Coys əsl faciə yazacaq və satira ilə faciəni bir yerə qarışdırıb
qondarma bir şey düzəldən naturalistlərin hibrid janrına qayıtmayacaq.
Lakin indi mənə aydındır ki, nahaq yerə ümid eləmişəm - "Uliss"
cənab Coysun indiyəcən yazmış
olduqlarının içərisində
ən dəhşətlisi,
ən iyrənci, ən qəddarı və ən ziyanlısıdır. Bu, bəşəriyyət
üçün bir iftiradır; bunu təkzib etməkdə mən acizəm. Ancaq bunun iftira
olduğu da məndə
şühbə doğurur.
"Uliss"də gülüş
var, ancaq bu, Rablenin qros riresindən
çox-çox uzaq olan nifrətedici və qəddar bir gülüşdür.
Mən bu fikirdəyəm ki, böyük
istedad sahibi olan cənab Coys bu istedadın
gücünə bizi insanlığa nifrət etməyə yönəldəndə
bütün bəşəriyyətə
şər atmaqla məşğul olur.
"Uliss" barədə fikirlərim belədir. Sənət baxımından
cənab Coysa müəyyən bəraət
qazandırmaq mümkündür:
o yüksək dərəcədə
qeyri-adi kitab yazmağa
müvəffəq olub.
Ancaq həyati baxımdan əminəm
ki, böyük səhvə
yol verib. Üstəlik də, Coysun bir qayda
olaraq uğurla mənimsədiyi üslub,
eynən fəlsəfəsi
kimi, onu təqlid edənlərin yazılarında saxta görünəcək.
Cənab
Coysun təsiri, cürət edib deyə bilərəm ki, çox güclü olacaq, ancaq mümkün
deyil ki, bu təsir qeyd-şərtsiz
müsbət olsun. O,
kin və nifrəti müəyyən məqsədlə
doğurur, başqaları
isə şübhəsiz
ki, bunu səbəbsiz-filansız
eləyəcəklər.
Əlbəttə ki, cavan yazıçılar
öz çağdaşlarının
təcrübəsinə xor
baxmalı deyillər,
ancaq onların yolgöstərən ulduzları
- klassiklər olmalıdır.
Üslubu formalaşmayan
yazarlar üçün
"Uliss" olduqca təhlükəli əsərdir.
Əgər ömrünü
ədəbiyyata həsr
etməyi qərara almış hər hansı gənc dostum olsaydı və əgər o mənim məsləhətlərimə
qulas assaydı, mən cənab Coysun əsərlərini hökmən o gəncin gözündən gizlədər,
onun diqqətini Paskalın, Volterin, eləcə də Corc Murun, Floberin
yaradıcılığına yönəldərdim.Yalnız bundan
sonra, yəni ədəbiyyatın məqbul
xüsusiyyətlərinin - yığcamlığın, dəqiqliyin
qiymətini biləndən
sonra cənab Coysun əsərlərini ona qaytarardım; bilərdim ki, artıq bu kitabların təsiri ondan ötrü qorxulu olmayacaq.
"İnqliş revyu", aprel, 1921.
Valeri Larbo (1881-1957), Fransa
Ceyms Coysun "Uliss"i
Bu kitabı əlinə alan oxucu gərəkdir
ki, öncə "Odissey"dəki
gözlənilməz dəyişmələri
bütün təfərrüatı
ilə yadına salsın, əks halda özünü labirintə, tam dolaşıqlığa
salmış olacaq. Mən təbii ki, Rable, Monten və
Dekart kimi sənətkarların əsl
qiymətini bilən hazırlıqlı oxucunu
nəzərdə tuturam,
çünki yarımçıq,
naşı oxucu ilk üç-dörd səhifəni
oxuyan kimi əsəri bir kənara tullayasıdır...
Burda gedən söhbət bu və ya
digər ictimai sinfin nümayəndələri
üçün daha çox səciyyəvidir:
bunlardan bəziləri
- fəlsəfəyə, teologiyaya,
ədəbi tənqidə,
siyasi satiraya, tarixə aid xalis esselərdir. Burda elmi nəzəriyyələr
təqdim olunur və müzakirə edilir.
Bunlar kitabdan asılı olmayan və kitaba süni şəkildə pərçimlənən
haşiyə, yaxud əlavə parçalardır.
Etiraf etməliyik ki, bu parçalar kitaba hansı əsasla məxsusdursa, elə həmin əsasla da personajlara, onların nitqinə, yaxud fikirlərinə məxsusdur. Və biz artıq kitabdan on səkkiz epizodu bir-birindən təcrid edilmiş, bir-birinə qətiyyən bağlı
olmayan hekayələr
kimi qəbul edə bilmərik: Blum, Stiven və digər personajlar bəzən hamısı birlikdə, bəzən ayrı-ayrılıqda əsas
fiqurlara çevrilirlər;
həmin günün tarixi, faciə və məzhəkəsi onların arasında oynanılır. Etiraf etmək lazımdır ki,
bu on səkkiz epizoddan hər biri digərindən formasına və dilinə görə fərqlənsə də,
bütünlükdə onlar
vahid orqanizmdə -
kitab şəklində birləşirlər.
...Bir sözlə, bizim qarşımızda açarı
olan bir kitab durur. Bu açar nədir? Cürət edib deyirəm: bu açar - qapının üstündə,
yəni kitabın üz qabığında,
"Uliss" sərlövhəsinin
özündədir...
Coys tənqid və elmi məfkurə ilə ətrafına möhkəm hasar çəkilmiş mətndən
Ulissi qoparıb ayırmışdır; tarixin
dərin qatlarına baş vurub zaman etibarilə Ulissə yaxınlaşmağa cəhd
göstərmək əvəzinə
onu özünün müasiri, xəyali partnyoru, mənəvi atası etmişdir.
"Odissey"dəki Uliss mənəvi cəhətdən
kimdir? O, epik silsilədən olan qəhrəmanların arasında
insanlığın daha
bitkin mücəssəməsi
olmaq cəhdiylə Coysun məhəbbətini
hələ erkən yaşlarından qazanmışdır.
Ulissə getdikcə daha çox yaxınlaşan gənc şair onun insani simasını, xarakterinin məzəli və riqqətli cəhətlərini yaratmışdır.
Və yaradandan sonra öz qəhrəmanını
gözünün qabağındakı
müasir həyatın
mürəkkəb gerçəkliyinə,
dini etiqadı, elmi təsəvvürləri
və dünyəvi problemləriylə zəngin
olan bizim günlərin Dublininə
atmışdır.
Coys
"Uliss"də insanın
mənəvi, zehni və fiziki bütövlüyünü nümayiş
etdirmək istəmiş
və bu onu əxlaqi çevrədə cinsi instinktlərin müxtəlif
təzahür və eybəcərliklərini, psixoloji
dairədə isə cinsi orqan və
onların funksiyasını
qabartmağa məcbur
etmişdir.
İkinci
cəhət belədir:
nəyə görə
Blum yəhudidir? Mən
yalnız bir şeyi deməliyəm: əgər Coys öz sevimli qəhrəmanını, mahiyyət
etibarilə onun ikinci "mən"i olan Stiven Dedalın
mənəvi atasını
yəhudi kimi veribsə, bu yalnız antisemitizmin ucbatındandır.
"Kriterion", oktyabr, 1922.
Ezra Paund (1885-1972), Amerika
Coys
və Peküşe
"Uliss" sonata formalı geniş romanlar sinfinə məxsusdur, yəni mövzusu, əks-mövzusu, reprizi, inkişafı, finalı olan bir romandır.
Bu əsər bölmələrə
də malikdir: o, atalar və oğullar romanıdır.
"Bovari"də misilsiz səhifələr, "Buvar
və Pekuşe"də
tayı-bərabəri olmayan
fəsillər var. Lakin Floberdə
Coys kimi məzmunu qəfildən açıqlayan səhifələr
olsa da, Coys istehza obyektlərinin kollekiyasını xeyli zənginləşdirmişdir. Fəsillərin
birində o, ingilis dilinin bütün çeynənmiş sözlərini
bircə axınla yuyub aparır. Başqa fəsildə alliterik poeziyanın ilk nümayəndələrindən başlamış ingilis ədəbiyyatı tarixinin
yığcam mənzərəsini
verir. Digər bir fəsildə biz "Frimens cornel"in qəzet başlıqları
ilə, yəni
1760-cı ildən etibarən
bütün jurnalistika
tarixi ilə rastlaşırıq; Coys bütün bunları romanın axınına heç bir xələl gətirmədən
tənzimləyir.
Kitabın müxtəlif hissələrində
(Aristotelin məsləhətinə
əməl edərək)
o özünü müxtəlif
tərzdə ifadə
edir, ancaq bu heç də
görkəmli Larbonun
təsdiqlədiyi kimi,
Coysun vahid üslubdan imtina etməsi demək deyil. Hər bir personajın nəinki fərdi danışığı var, onlar
həmçinin müstəsna
düşünmək tərzinə
də malikdirlər.
Coys Homerdən götürdüyü
səhnələrdə orta
əsrlərin alleqorik
mədəniyyətinin qalıqlarından
istifadə edir. Bu elə də vacib məsələ deyil və hərəkəti
heç də məhdudlaşdırmır; nə
realizmə, nə də hərəkətin müasir xarakterinə xələl gətirmir. Və bu kitabda
Floberin kitabında olduğundan daha çox forma var. "Buvar
və Peküşe"nin
əsas xüsusiyyəti
ondan ibarətdir ki, hadisələr kifayət qədər inadkar zərurətlə bir-birini
izləmir; ideya heç də məntiqdən xali deyil, lakin o tamamilə başqa tərzdədir. Floberin xeyrinə digər tərifəlayiq dəlillər
də gətirmək mümkündür, lakin çox aydın və yığcam bir əsər olmasına rəğmən
"Buvar və Peküşe"də canlılıq,
qıvraqlıq çatışmır.
Coys bu əskikliyi
düzəldib - o öz
oxucusunu istənilən
anda, istənilən qəribəliyə hazır
vəziyyətdə saxlayır,
hər an hansısa gözlənilməz bir hadisə baş verir, hətta ən uzun təsvirlər
zamanı da oxucu intizar içində ehtiyatla gözləməli
olur.
Bu, realist
"par exellence" romanıdır;
bu əsərdə hər bir personaj
özünəməxsus tərzdə
danışır və
ətraf gerçəkliyə
dərin köklərlə
bağlıdır. İrlandiya
Britaniyanın boyunduruğu
altında, dünya isə qarşısıalınmaz
sələmçiliyin əsarətində
göstərilib.
"Buvar və Peküşe"
kimi, "Uliss" də böyük əksəriyyət tərəfindən
heyranlıqla qarşılanacaq
kitablardan deyil, ancaq bu hər
bir ciddi yazıçının təkrar-təkrar
oxumağa borclu olduğu kitabdır; peşəkar qələm
sahibləri yaradıcılıq
sənətinin inkişaf
istiqaməti haqqında
aydın təsəvvürə
malik olmaq üçün
bu əsəri oxumağa məcburdular.
"Merkür de Frans", iyun,
1922.
Arnold Bennett (1867-1931), İngiltərə
Ceyms Coysun "Uliss"i
Müəllifin iyirmi saatdan da az olan zaman kəsiyinin
təsvirinə yeddi yüz səhifədən
artıq yer ayırması barədə
çox danışılır.
Mən burda qeyri-adi heç nə görmürəm. Əgər adamın kifayət qədər vaxtı, kağızı,
uşaqlıq şıltaqlığı
və inadkarlığı
varsa, həyatın cəmisi iyirmi saatı haqqında heç bir çətinlik çəkmədən
yeddi yüz səhifədən də artıq yazması mümkündür.
Öz romanının mövzusu üçün Coysun hansısa müəyyən
bir gün seçmiş olduğunu sübut eləyən əsaslı dəlillər
yoxdur. Hər şeydən göründüyü
kimi, onun xasiyyəti acı və ironikdir; belə düşünürəm
ki, o, rastına çıxan
adi günlərin ən adisini seçib götürməkdən
kinli bir məmnunluq duyub.
Hazırlıqsız oxucu həmin günün təsvirində başqa bir şey görmür:
nə forma, nə bədii plan, nə də "təşkil"
(Henri Ceyms bu sözü çox dəqiq tapıb). Lakin hazırlıqsız oxucu həm də kordur. Valeri Larbonun fikirincə, həmin gün bütün incəliklərinə qədər
planlaşdırılmış və təşkil olunmuşdur; Coys "Odissey"i hələ gəncliyindən sevirdi və Homerin ruhu onu müvafiq
formanı bu əsərə əlavə
etməyə yönəltmişdi.
Bəlkə də belədir.
Larbo heç şübhəsiz ki, əsəri
müəlliflə ətraflı
şəkildə müzakirə
edib. Lakin cəsarət
edib bir şübhəmi bildirmək
istərdim: müəllif,
sadəcə olaraq, Larbonun beynini doldurub, əlbəttə əgər Larbo müəllifin qaralamasını
öz gözləriylə
görməyibsə...
Mən hətta müəllifin həyata keçən, yaxud keçməyən planının olması fikiriylə də razılaşa bilərəm.
Bununla yanaşı, təhrikçi üsul yoxluğuna görə onu mühakimə də etməliyəm. Çünki o, oxucuya heç bir tərzdə kömək göstərmir. Əgər
müəllif camaatla peşəkar ədəbiyyatçı
üçün qəbul
olunmuş nəzakət
çərçivəsində davransaydı, "Uliss"
qat-qat yaxşı alınar
və normal qəbul edilərdi.
...Bəzən adama elə gəlir ki, müəllifin coğrafiya
barədə heç
anlayışı da yoxdur,
ətrafda baş verənlərdən baş
çıxara bilmir, sözün geniş mənasında xeyirxahlığın
və insan təbiətinin nə odluğunu anlamır, böyük şairlərə
xas olan həssaslığa malik deyil.
Ən betəri odur ki, perspektiv anlayışından o büsbütün
məhrumdur. Ancaq bir sənətkar kimi mənim ona daha ciddi
iradlarım var. Müəllif
dünyanı miskin şəkildə
görür, dünyanın
sakinləri isə onun nəzərində qəddar və mərhəmətsizdirlər.
Bütün bunlara baxmayaraq Coys ədəbiyyatda çox böyük fenomendir. Bəzən o dedikcə orijinal olur. O, həyatı bütöv şəkildə
görə bilmir, əvəzində iti baxışlarla onun dərinliyinə müdaxilə
edir. Coys ustad sənətkardır,
buna heç bir şübhə ola bilməz.
Onun böyük səriştəsi, qeyri-adi
yumoru var.
Romanın ən yaxşı
parçaları (bədbəxtlikdən
bütöv əsərdə
belə parçalar zərrə kimi görünür) ədəbiyyatda
ömürlük qalacaq.
Mən xanım Blumun kitabı tamamlayan iri həcmli daxili monoloqunu xüsusi qeyd edirəm. Qırx çətin səhifədən, iyirmi beş minə yaxın sözdən ibarət bu monoloq özünün tamamilə inandırıcı
gerçəkliyi ilə
həqiqətən mövcud
olmuş qadının
ən məhrəm fikirlərinin fonoqramı kimi əsaslı bir sənəd ola bilərdi. Şəxsən
mən ömrümdə
bundan yaxşı bir şey oxumamışam;
nəinki bundan yaxşısına, heç
buna bərabər olanına
da təsadüf etməmişəm.
Ola bilər ki, mənim
iradlarım da, təriflərim
də qədərindən
artıq görünsün.
Ancaq mən Ceyms Coysu məhz
bu cür qəbul edirəm.
"Autluk", aprel, 1922.
Materialı hazırladı: Mahir
N.QARAYEV
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.10-11.