“Tərs
axın” –
susqun nəğmələrin
hekayəsi
Vaqif Sultanlının hekayələrini oxuyan zaman Fransua Trüffonun bu fikrini xatırladım: "əgər əhvalatın özü emosionaldırsa, onu emosional danışmağa cəhd eləməyin, mümkün qədər soyuqqanlı danışın". Niyə məhz bu fikri? Çünki Vaqif Sultanlının "Tərs axın" kitabındakı bütün hekayələr dinamikası, emosiyaları üzdə yox, daxili qatında yaşanan, soyuqqanlı tərzdə ifadə edilən tale mətnləridir.
İdeya-problemi fərdlərin özgələşən, yadlaşan münasibətləri olan bu mətnlərdə yazıçı boşluğu, qəhrəmanların daxili vəziyyətini, ünsiyyət çətinliyini, tənhalığını, yorğunluğunu önə çəkir. Həm də bunu çağdaş tipik hekayə formatının cəhətlərini nəzərə alaraq edir. Ləng temp, az dialoq, obrazın daxili aləminə köklənməsi, sıxıcı məna məkanlarının yaradılması və s.
Hekayələrdəki yol, zaman məfhumu, hətta adlar belə simvolikdir: kilidli, zolaqlı, çarpaz, tərs, kül, ağ yol, bağlı qapı, kor düyün, lal həlqə və s. Bütün mətnlər modernist nəql texnikasının elementləri üzərində qurulub. Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi hakimdir. Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə "son problematikası" var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan "son" - bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır: "Səhər dumanı bağa-bağçaya, ağacların yarpaqlarına, göylüyə çökmüşdü, çayın üstündən asılmışdı. Ona elə gəlirdi ki, insan ömrü də bu duman kimidi, hiss olunmadan çəkilib gedir, yerində boşluq qalır, kimsəsizlik qalır. Bunu bütün varlığıyla dərk eləyə-eləyə ömrün sovuşduğunu anlayammırdı, insanı heçliyə aparan amansız, qaçılmaz həqiqətlə heç cür barışammırdı.
Qoca ağlına da gətirmirdi ki, bir vaxt gələcək, nəfəsi bağın-bağçanın, göylüyün, boz yovşan topalarının üstüylə ağır-ağır çıxıb gedən bu dumana qarışmayacaq. "İnsanın sonu torpaqdısa, həyatın tükənib torpağa qarışması qaçılmazdısa, ölümlə hər şey qurtarırsa, bəs onda sonsuzluq nədi, əbədiyyət nədi?! Niyə insan özünə belə şeylərlə təsəlli verir, niyə insan təsəllilərə allanır..."" ("Səhər dumanı").
Buna görə hekayələrdə tərkidünya ovqatla yüklənmiş poetik-real-şərti təsvirlər, təsvir olunan detallar məkanı konkret funksiya ilə təmin edir. Yəni mahiyyətin üzə çıxması üçün öz üzərlərinə düşən vəzifəni layiqincə daşıyırlar. Yazıçı cəmiyyətdən təcrid olunmuş qəhrəmanların ruhi durumunu anladır, onların daxili gerçəkliyinə fokuslanır. Ömür bir dəfə oxunan nəğmə kimidir. Nə varsa uşaqlıqda qalıb, oxunub, ən gözəl günlər ömrün o sahilindədir. Ona görə personajlar yalnız uşaqlıq çağlarını düşünəndə xoşbəxt olurlar: "Birdən-birə xəyalı körpəliyinə uçdu, yaddaşının ən uzaq toranlıqlarında ay doğdu".
Vaqif Sultanlı üçün
Yol taledir, ömür mətnidir. Ömrün hansısa vacib məqamını quş kimi əldən uçurtdunsa geri dönməsi çətinləşir,
həyat özgələşir,
insan yadlaşır, gələcək deyilən
anlayış öz məzmununu itirir: "Onunla bu şəhərdə
tanış olmuşdu.
Sadəcə gəncliyinin
deyil, həyatının
ən xoşbəxt günləri dar, yöndəmsiz küçələri,
köhnə, rəngi
bilinməyən daş
evləri yaşıllıqlara
bürünmüş bu
şəhərdə keçmişdi.
Daha sonra yaşadığı ömür
deyildi, itirdiyi o xoşbəxtliyi aramaqda keçən rəngsiz, ruhsuz günlərdi...".
Personajlarını adi məişət
cizgilərindən arındıran
yazıçını qayğılandıran
əsas motiv itmiş zamanın fərdin taleyində hansı izləri buraxması, düşdüyü
boşluğu necə
yaşamasıdır. Yazıçı
nisbətən rasional,
minimum emosiya ilə boşluqlarda əziyyət
çəkən insan
dramlarını yeni rakurslarla
təsvirə çəkir.
Obrazlar gündəlik
məişət məsələlərindən
təcrid olunaraq ruhun, mənəvi aləmin çözümü
planında təhlil edilirlər. Vaqif Sultanlı əzab və sarsıntı yaşayan insanların daxili yaşantılarının
açılışını anbaan verir, müxtəlif
psixoloji vəziyyətlərindən
doğan təəssüratları
incəliyinə qədər
göstərir. Həm
də kifayət qədər ahıl, müdrik qənaətlərlə
görünür bu qəhrəmanlar. Çünki
fərdin həyat təcrübəsindən doğan
məntiqlə həyata
yanaşmasından törənən
müddəalardır. Mətnlərdə
keçmişin daim iştirak etməsi də bu səbəbdəndir.
Bu hekayələrin əksər
qəhrəmanları ömür
"ura"sını yaşayan
insanlardır. Həyatdan
doymuş, yorulmuş,
bitkin şəkildə
öz ölümlərini
gözləyən bu qəhrəmanlar üçün
zaman artıq dayanıb.
Hətta məkandan belə kənardadırlar.
Çünki onlar çox şeylərini itiriblər: keçmişini
itirən insan üçün zaman məfhumu
ömrün müəyyən
anlarını xatırlamaqla
qapanıb, sevgisini itirən insan üçün həyat elə o nöqtədə
sıfırlanıb, yurdunu
itirən insan üçün məkan anlayışı artıq
öz elini, obasına xəyali səfər etməyin sərhədində qurtarıb.
Ordan o yana həyat yoxdur onlar üçün. Obrazların bir zaman və məkan koordinatlarından digərinə
daxil olması ilə onların ruhu aləmi də dəyişir. Yazıçı şərait
və vaxtla motivləşən insan psixologiyasının nisbiliyini
göstərir. Hekayələrdə
qəhrəmanın əzabları,
ağrıları, çıxılmazlığı,
keçmişlə bağlı
xatirələrinin nisgili
psixoloji rakurs və mizanlarla açılır. Müəllif
onların itirdiyi hər şeyə - uşaqlığına, yurd
yerlərinə, sevgilərinə,
sağlıqlarına xüsusi
vurğular edir. Bu sırada vurğu edilən digər amil bir də Zaman, Vaxtdır. Ötüb keçən zamana qarışıb itən,
yovşanlı çöllərin
küləklərinə sovrulub
yoxa çıxan ömürlər, qalan həyatı ömrün
son duracağında əcəli
gözləməklə keçirən
insanların üzlərinin
əzablı ifadəsi
bu hekayələrdə
soyuq, sərt boyalarla işlənir. Amma
bu sərtliyin dərinliyində ehtiva olunan iztirablar qəribə bir dərin sirayətedici nüfuzla birbaşa təhtəlşüura işləyir:
"Əlini Nəzirin
tüklü, sümükləri
çıxmış sinəsi
üstə qoydu. Və Zərişə elə gəldi ki, uzaq, şirin gənclik illərinin istisi axdı bədəninə. Nəzirin
sinəsindən axıb
gələn bu isti barmaqlarına, biləklərinə, qollarına
yayıldı. Ancaq bu isti Zərişin
köksünə çatmadı,
ürəyinə çatmadı,
köksünə, ürəyinə
çatanacan tükəndi,
əzasının hansı
nöqtəsindəsə qırıldı"
("Ağ yol").
Bu hekayələrdə qəribə
bir şeiriyyət də duyulur. Vaqif Sultanlının mətndən mətnə
rəngarəng çalarlılıq
qazanan, yüksək poetik imkanları ilə seçilən obrazlı dili bu mətnlərə gözəl şeir ahəngi qatıb: "Gecələr eyvanda dayanıb ayın süd aydınlığında
ağaran yollara baxardı. Bu ağ yol kəndin ətəyindən yovşanlı
düzənlərin içərilərinə
doğru uzanıb gedirdi. Yatağına girib gözlərini yuman kimi ağ
yolla çapan ağappaq at yuxularına girərdi. Ayın süd aydınlığında
ağ at hər gecə çapa-çapa
bir az da uzaqlaşırdı. Bu bəyaz
gecənin ağappaq yollarıyla ağ at hayana çapırdı belə? Bəs niyə gecələr bu ağ yolun
sonu görünmürdü,
yönü-səmti bilinmirdi...".
Vaqif Sultanlının yazıçı
kimi özəlliklərindən
digəri hekayələrində
süjet xəttinin inkişaf tərzinə uyğun olan dil materialının seçilməsidir. Bunu müəllifin bütün
hekayələrində görmək
mümkündür. Hətta
"Kulikovo döyüşü"
kimi ikisəsli, ikili yanaşma tələb edən mətndə müəllifin
seçdiyi təhkiyə
dili toxunulan məsələnin ruhuna təmamilə uyğundur və psixoloji yükü ilə fərqli səciyyə daşıyır. Qatarda yol gedən şəxsin XIV əsrdə
baş vermiş Kulikovo döyüşü
ilə bağlı oxuduğu kitab, yol boyu gözünü ona zilləməklə diqqətini kitabdan yayındırmağa çalışan
qadın, tarixdə canlandırılan hadisənin
illər sonrası insan şüurunda canlandırılması ilə
tarixə qayıdış,
tatarların ruslara yenilmə anı, tarixin ibrət dərsləri, görk məqamları, bir ola bilməməyin yaratdığı
faciə, bir də qadın önündə aciz qalıb məğlubiyyətə
düçar olan hökmdarların acı aqibəti. Hekayədə bu iki məqam
uğurlu şəkildə
sintez edilir. Təsvirlər o qədər
canlı verilir ki, oxucu qatar tıqqıltısını,
at ayaqlarının səslərini
belə aydın duya, eşidə bilir.
Yazıçının hekayələrində güclü hissi toxunuşlara malik epizodlar monolitliyi var. Oxucunu hər addımda gözlənilməz situasiya ilə qarşılaşdırmaq, söz və ifadələrin dərin psixoloji yük daşıyan kontrastı ilə ruhun təbəddülatını üzə çıxarmaq, hətta obrazların öz-özü ilə dialoqunu bədii təhlil vasitəsinə çevirmək. Bu dialoqlarda heç bir emosional yük yoxdur, əksinə cavabsız qalmış suallar var, bu suallara cavab da məntiqi həll tələb edir, qəhrəmanın iç yaşantılarının axarında açılır. Onlar ruhi tarazlıq mərhələsindədirlər. Kül olan xəyallar ("Kül qəfəs"), itirilən sevgilər ("Kilidli dönüş"), getdikcə heyvani hisslər daşıyan, dünyadan təcrid olunmaq təhlükəsi ilə üzləşən insan ("Zolaqlı yuva"), anasızlığın gətirdiyi həsrət ("Yovşan ətri"), qadınsızlığın gətirdiyi boşluq ("Bağlı qapı"), qocalığın nisgili ("Səhər dumanı"). Hekayələrdə insanı daim qüssə, sükut müşayiət edir. Bütün məna da obrazın içində, sükutundadır, o, elə bu sükutla öz emosional yaşantısını oxucuya ötürə bilir. Gündəlik vaxtını az qala ritual kimi, yuxularla düşüncələrin qovuşuğunda keçirən qocanın ömrün davamını gəncliyinin ən xoş günlərini xatırlamaqla yaşaması ("Xiffət"), davadan qayıtmayan sevgisini gözləməklə yaşlanan qozbel Sonanın öz havasına qol qaldırıb oynaması ("Yarpaqsız budaqların yaşıl nəğməsi") da insan təkliyinin amansız şəkli olaraq həmin qüssə və sükutun dili ilə dərin estetik həllini tapa bilir.
Kitabda tarixi gerçəklərə söykənən hekayələr də yer alır ("Görüş yeri" - Sarı Aşıq dastanı, "Kulikovo döyüşü", "Humayun"), gözəl eşq hekayəti kimi qələmə alınanlar da ("Nəvai-Qumru", "Gil ovsun", "Görüş yeri"). Koronavirus xəstəliyinin insanda yaratdığı ruhsal təlatümün əlamətlərini ("Kufi xətti"), fars molla rejiminin iç üzünü ("Edam hörüyü") açmağa yönəlmiş, bəşəri və milli dərdlərin ehtiva olunduğu mətnlər də var kitabda, yadlaşmanın, biganəliyin acı mənzərəsi kimi ("Budda heykəli") təsvirə çəkilənlər də. Bir də vətən, qürbətlə bağlı duyğuların təcəssüm edildiyi hekayələrlə qarşılaşırıq ("Mağara", "Qütb gecəsi", "Kor düyün", "İlğım", "Vətən"): kəndi ən sonda tərk eləyən itin sədaqətindən tutmuş ("Vətən"), qanına yeriyən ilan zəhərinin təsirilə ölümlə pəncələşən qadının bu halda belə itirdiyi doğma elin həsrətini canında yaşamasına qədər ("Kor düyün") yurda bağlılıq, sevgi, xiffət notları. Yenə də eyni aqibət, eyni çöküş ruhu: "Çöhrəsinin dəyişən ifadələrində uşaqlığı, doğma yurd yerləri, kəndin ətəyindəki evlərinin taxta məhəccərinə söykənərək bağçadakı gilənar ağaclarını seyr etdiyi çağlar canlanırdı. Sonra üzünün cizgilərində qaçqınlığın ağrı və əzabları, itirdiklərinin xatirəsi, ərinin ölümü, hamilə halda min bir əzabla qaçıb canını qurtarması, bu çadır şəhərciyində məskunlaşması, yuxusuz, ümidsiz gecələri yer alırdı. O, keçmişini, keçmişi ilə birgə gələcəyini də itirmişdi" ("İlğım")
Vaqif Sultanlının
əksər hekayələrinə
nuar estetikası xasdır. Bədbin atmosfer, tutqun hava, tünd rənglər, qəhrəmanın
iç yaşantılarının
iti bucaqdan təsvirə çəkilməsi,
onların keçmiş
və bu günü arasındakı
daxili mücadiləsinin
vizuallaşdırılması, daim narahatlıq və əndişə duyğusu və s . Hekayələrdə mistika, horror janrına da xitab olunur, sürreal elementlərə də rast gəlinir. Amma qeyd etmək lazımdır ki, yazıçı
mistika janrının prinsiplərindən mübaliğəyə
varmadan istifadə edir. Bəlkə buna görə qəhrəmanların
real dünyadan kənarda
- yuxuda, xəyallarda, yaxud hansısa mövcud, dərk oluna bilməyən başqa bir aləmin təsiri ilə baş verən situasiyalarda qarşılaşmalar oxucuya
mümkün qədər
realist, təbii şəraitdə
baş vermiş təəssüratı oyadır.
Biz qeyri-adi təzahürü
belə adi, sıradan həyat həqiqəti, normallıq
kimi qəbul edirik. Bu həm də ona görə
baş verir ki, mətndəki magik-realizm xətti - real dünya ilə xəyali dünyanın iç-içə
keçməsi nəticəsində
yaranan atmosfer uğurlu işlənib.
Müəllif elə ilk səhnələrdə
oxucuya bəzi işarələr verməklə
- məkanın psixoloji
diskomfort yaradan fakturası, soyuq təsvirlər, tutqun rənglərlə işləmə
və s. - irəlidə
hansısa gərgin, həyəcanlı hadisənin
baş verəcəyini
eyhamlaşdırır. Özü
də bu manevr o qədər təkrarlanır ki, hətta
idillik münasibət
tablosu yaradılan başlanğıclarda belə
qəfildən hansısa
müdaxilə nəticəsində
hər şeyin alt-üst olacağı gerçəkliyinə oxucu
bir növ özünü kodlaşdırmış
olur. Çünki yazıçı mətndə
ötəri heç bir detaldan yararlanmır,
adi bir jest, interyerdəki hansısa təsvir informasiya ötürücüsü qismində
vizuallaşır. Əsasən
detalları göstərməklə
oxucunu ovqata salır, onu danışacağı əhvalata
hazırlayır, bir növ oxucu ilə əsər arasında kontakt yaradır. Sanki bu müqəddimələrlə hipnoz
effekti hasilə gətirir. Qəhrəmanla
bir yaşayıb, nəfəs alırsan. Məsələn, "Yarpaqsız
budaqların yaşıl
nəğməsi" hekayəsində
mağarda çalınan
zurna səsinə qol qaldırıb oynayan Sonanı görən kimi bilirik ki, bu havanın musiqisi yaxınlıqdan yox, çox-çox uzaqlardan, ömrün o başından gəlir. Yaxud bəzən hekayələrin proloqunun yuxulardan başlaması məqamı ötəri səciyyə daşımır.
Tükürpədici səhnələrin
yer aldığı bu yuxular sonra
gerçəkliklə bağlanır.
Sanki yazıçı oxucunu
qəddar, gözlənilməz
səhnələrlə emosional
şoka salmamaq, onu psixoloji sınaqlara
məruz qoymamaq üçün yuxu amilindən istifadə edib onu olacaqlara
hazırlayır: "Və
gecələr yuxularında
ağ yolun tükənəcəyindən qorxurdu".
Hərdən bizə elə gəlir ki, hekayələrdə
iştirak edən vizual informasiyalar təkrarlanırlar. Amma bu,
ilk baxışda belə
görünür. Əslində bir hekayədəki daxili motivlə digər hekayənin daxili motivi funksiyaca mətndəki idealların
eyni komponentlərdən,
eyni hərəkət
enerjisindən ibarət
olmasıdır: dünyanın
dörd bir tərəfindən boy verən
insan xisləti, onun fərdi sarsıntıları, zamana
baxışı, ötən
ömrə elegiyası
və s.
"Tərs axın" kitabındakı mətnlərdə
əksər qəhrəmanlar
səhnəni tərk
edirlər. Daha doğrusu, missiyalarını
tamamlayıb gedirlər.
Kimisi ömür səhnəsini sonlandırır,
kimisi də meydandan içinin tənhalığına çəkilib
gedir. Bəs oxucu? Onun qazancı
nə olur? Məncə, katarsis! Vaqif Sultanlının hekayələri mənəvi,
psixoloji cəhətdən
çətin mətnlər
olsa da emosional yüngüllüyə, təmizlənməyə
gətirib çıxarır.
Həyat haqqında düşünmək üçün
nəfəsdərim, onun
mənasına, özünüdərkinə
yetmək şansı
verir oxucuya. O bu şansı əldə etdiyi üçün özünü
hardasa xoşbəxt də saya bilər.
Çünki "insan
ömrü duman kimidi, hiss olunmadan çəkilib gedir"...
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2023.- 9 sentyabr.- S.6-7.