Vaqif Sultanlının “Tərs axın”
adlı hekayələr kitabı nəşr olunub
Bu günlərdə yazıçı
Vaqif Sultanlının
“Tərs axın” adlı hekayələr kitabı nəşr olunub. Azərbaycan Dövlət Nəşriyyatında
yayınlanan kitaba müəllifin müxtəlif
illərdə qələmə
aldığı otuzdan
artıq hekayəsi daxil edilib. Kitabın
redaktoru və ön sözün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.
Kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış
“Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”,
“Vətən”, “Səhər
dumanı”, “Mağara”,
“Xurmayı saçlar”,
“Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Kufi xətti”,
“Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo
döyüşü” və
başqa hekayələri
daxil edilmışdır.
Bəhs olunan əsərlərin əksəriyyəti
Azərbaycan mətbuatında
yayınlanmış, bəziləri
isə ilk dəfə
oxuculara təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı
və yaşadığımız
cəmiyyəti narahat
edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə
kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun
kəsişməsində qələmə
alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən insanların
duyğu, düşüncə,
həyəcan, sarsıntı
və iztirablarını
əks etdirməyə
çalışıb.
Kitaba “Tərs axın” – susqun nəşmələrin
hekayəsi” adlı ön söz yazan tənqidçi-ədəbiyyatşünas
Elnarə Akimova hekayələrlə bağlı
düşüncələrini aşağıdakı kimi
ümumiləşdirir: “Bütün
mətnlər modernist nəql
texnikasının elementləri
üzərində qurulub.
Yəni ənənəvi
təhkiyəyə önəm
verən mətnlərdə
mütləq səbəb-nəticə
əlaqələri, qırılmayan
xronologiya axtarılırsa,
burada zaman-məkan sərhədsizliyi hakimdir.
Müəllif hadisələrin
nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə “son problematikası”
var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan
“son” – bütün hallarda
aqibət duyğusunun
əlaməti kimi səciyyələnir. Əksər
hekayələrdə hadisələrin
təsviri, ardıcıllıqla
nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin
məqsədi hansısa
ömür hekayətini
anlatmaq deyil. O, təhkiyəsinin mənəvi,
bədii, coğrafi sərhədlərini genişləndirərək
insan obrazını ümumiləşdirir, onu
hardasa lokal çərçivədən çıxarır,
çağdaş dövrümüzün
problemləri, gerçəkləri
fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm
problematikasının pafosdan
uzaq bədii həllini verməyə çalışır”.
Bütövlükdə dil-üslub,
forma-məzmun rəngarəngliyi
ilə seçilən
hekayələr müəllifin
yaradıcılıq xronologiyasının
real, gerçək mənzərəsinin
canlandırılması baxımından
maraq doğurur.
Ədəbiyyat qəzeti.- 2023.-
9 sentyabr.- S.7.