El bilir ki...
Etimoloji sprint və ya qədim küplərin sirri -
Öncə EL tərifi, elmi
dil ilə desək, "EL" anlamının
ağız ədəbiyyatından
bəlli definisiyası
və ya "Oğuznamə"dən yaddaş
üçün bir
GÖRK, bir PORTRET; yəni
türk folklorunda elin anketi, şəxsi
vərəqəsi. Bax,
elə Səməd Vurğunun da məşhur
və sevimli misrasının gələnəyi,
şəcərəsi, kökü
burada ki, onu da mən sitatlaşdırıram
necə olubsa:
"El atdığı daş uzaq gedər".
"El içində qatı söyləmə, divar ardında da qulaq olur".
"El keçdigü körpüdən
sən də keç".
"El dəlisün aldatmaz".
"El ilə gələn qərə gün dügündür".
"El eybin sana söyləyən
sənin eybini də elə söylər".
"Elün ağzı yıpraq olur".
"El içün ağlıyanın
gözi yaşı dügiməz".
"El dilini kimsə tutmaz".
"El içində itin quyruğun kəsmə".
Nədir
bu "el"? Canlımı ki, daş ata, körpüdən keçə, eyib söyləyə, ağzı
yıpraq ola? Yoxsa, cansız bir sözmü ki, işarə
sanıla, nəyisə
bildirə, eyhamlaşdıra?
Araşdırılması çətin,
müşkül məsələ.
Mükəmməl tədqiqat
istər ki, aça sandığı, tökə
pambığı. Mənim
məqaləmsə, etimoloji
sprint: sözləri "eşə-eşə
örüb" bəlirtdiyim
mənalar şimşək
kimi görünüb
də yox olar; çünki qayəsi həməncə
poetik təfəkkürdən
gələr.
Biz "el" deyəndə əcnəbilər "xalq",
"tayfa" başa
düşərlər: onun
ayrı dillərə
"aləm" kimi tərcüməsi də məlum. Amma sual bu ki, "el" sözünün mayası
nə, cövhəri nə? Mən bu burulğanda burulduqca buruldum və yalnız sözün ilkəl enerji çərçivəsini
nişanlamağı bacardım.
İndisə, "el" sözünün
etimologiyasının ardıyca
getdiyim yolun koordinatları. Üfüqi
və şaquli xətlərin kəsişdiyi
nöqtədə, yəni
diaqramın mərkəzində
mən "EL" sözünü
yerləşdirirəm. Horizontal həmişə ELƏ məxsusdur:
"palaza bürün,
elnən sürün",
yəni məhdudlaş,
atılıb düşmə,
horizontalın dışına
çıxma, çərçivəni
dağıtma, yastılanıb
torpağa yaxın ol. Sürünmək yalnız üfüqi müstəvidə mümkündür,
başqa cür desəm, horizontal sürünənlərindir.
Horizontal üzrə mərkəzdən
solda isə
"YEL", sağda "SEL" sözü qərarlaşıb;
vertikal boyunca isə mərkəzdən
yuxarıda "TEL" sözü
dayanıb, aşağıda
- "BEL".
Bununla
da sözün qədərincə
aydın vizual görüntüyə malik etimoloji
xəritəsi cızılır.
Torpaq, gil, lil qarışıq,
gur, coşqun, iti, azman su
axını SEL adlanır:
çoxluq, birlik, nəhəng qüvvə təmsilçisidir. Həmişə
qoşunların, ləşkərlərin
qüdrətini, əzəmətini
görükdürmək üçün
onları selə bənzədərdilər. Əbəs
söyləmirlər ki, "el gücü - sel gücü". Ona görə də mən "sel"i "el"dən sağda gördüm. Belə ki, mərkəzdən sağa
doğru həndəsi
silsilə çoxalır
və el arta-arta sel gücü
qazanır.
YEL (yunan mifologiyasında küləklər keşikçisi
kimi tanınan tanrı EOL adlanır; müqayisə elə:
EL-EOL-YEL) intensiv hava axınını işarələyir.
Sel də axındır, yel də: lakin birini görmək olur, o birini yox. Ruzini, həyat
enerjisini qovub-qovub
ELƏ gətirən də
YELDİR. Ona görə biz azərbaycanlılar söylərik
ki, "yelnən gələn
selnən gedər".
Bu da birmənalı şəkildə
təsdiqləyir ki, mənim
"el" sözünün
sferik məna və transformasiyalar zonası üçün
qurduğum etimoloji sxem yüzdə yüz düzdür. Təsadüfi deyil ki, xalq arasında "yel" fələyin obrazı kimi qavranılır, efemerdir və elə, selə nisbətən neqativdədir: ol səbəbdən də soldadır. Hərçənd,
xalq seldən də qorxur: yelin qovub-qovub müəyyən müddətə
gətirdiyini sel birdən-birə, bir anın içində
"hörüklərinə" bağlayıb aparır.
"Yel" və
"Sel" "El"in
qoşa qanadı kimi bir şeydir.
TEL saçın bircəciyini
bildirir, məqamı ucadır, hər zaman
"mən"dən üstədir,
di gəl ki, tənhadır,
təkdir: "el"
"TEL" olduqca "yüksəlir",
qutsallaşır, amma
incəlir, azalır, enerjisini itirir. Odur ki, mən "tel"i "el"dən
yuxarıda yerləşdirdim.
BEL isə aşağıdadır,
əsasdır, kökdür,
özüldür, möhkəmlik
və güc əlamətidir: "el"
"BELƏ" döndükcə yoğunlaşır, rişələnir.
Bel elin enerjisidir.
Bu da
"el" sözünün
aktiv mənayaratma və transformasiya çənbəri. Yəni
fikrimin biri bu ki, "sel", "yel", "bel" sözləri
"EL" kəlməsinin təsirilə, onun mənasının innovasiya
şəkli kimi meydana çıxıb. Fikrimin o biri də bu ki, "EL" sözünün etimoloji xəritəsi xaç, çakra, mandala kimi simvolik formaları aşkarlayır. XAÇ, ÇAKRA, MANDALA elin varolma zonası:
yəni günəş
altında EL məskunlaşır.
Təbii ki, horizontal elin
artım müstəvisidir.
El ləngimədən sağa
və sola çoxalır,
ÇÖLƏ, yəni horizonta
yayılır.
ÇÖL
elin diri qalmaq şansının qarantıdır.
ÇÖL
olmayanda el qurtarır.
Bica deyil ki, "el" sözünün sağında
və solunda "güc", "bolluq",
"artım", "azman
enerji" kimi mənalandırılan anlamlar
yerləşir. Sel su bolluğudur, yel - hava çoxluğu.
Eldən yuxarı yüksələn təklənir,
TELƏ çevrilir, yəni
çoxluqdan, birlikdən
ayrılır, uzaqlaşır,
nazilir, gücünü
itirir. Bel isə qüvvətin, enerjinin toplandığı nöqtəni,
elin yaşam qaynağını eyhamlaşdırır,
TORPAĞI özündə ehtiva edir. EL belin üstündə qərarlaşır, çölə
yayılır. Eldən
aşağı enənsə,
ölür, ÖL olur
və bel götürüb
onu belə (torpağa) tapşırırlar.
Dahi Mirəli Seyidovun araşdırmalarında "öl", "öləng"
su, çəmənlik,
örüş mənalarında
çözülür. Tövratın
"Şahlıqlar kitabı"nda
da ölüm SU ilə
əlaqələndirilir: "Biz ölərik və torpağa dağıdılmış
su kimi olarıq".
Ölmək su olmaq, su olmaqsa,
SELƏ qovuşmaq deməkdir.
Əski mədəniyyətlərdə
buna yol verilmirdi. Çünki qədim uyqarlıqlarda meyitləri
küpdə basdırırdılar.
Adətin sirri onda idi ki, qədim
insanlar bir şəxs öldükdən
sonra onun suyunun dağılıb getməsini, başqa sulara qarışmasını
istəmirdilər, konkret
bir nəfərə məxsus suyu yığıb saxlayırdılar
və bu məqsdədlə küplərdən
yararlanırdılar; ayrı
cür desək, insan öldükdən sonra onu konservləşdirirdilər.
Axı su informasiya daşıyıcısıdır, ötürücüdür, genetik
mikrosxemdir. Lakin, görünür,
əski mədəniyyətlərdə
bilmirlərmiş ki, su
damlasının ölməməsi,
itməməsi, reabilitasiyası
və yaşaması,
daha doğrusu, həyatda olması üçün onun
SELƏ (axına) qovuşması
vacib şərtdir. Yoxsa, ölünü və onun suyunu
küpdə əsir eləməzdilər ki? Biz yenidən
qayıtdıq bəlli
bir həqiqətin üzərinə: həyat
silsiləsi bütövdür,
tamdır və aramsız prosesdir. Və bu həqiqət,
bu proses "OL - AL - EL - ƏL -
ÖL" kimi möhtəşəm
bir düzümdə,
bir sintaqmada şəkillənir. "OL" və "ÖL" "EL" vasitəsilə əlaqələnir.
Bu mənada "EL" sözü,
anlamı ÇAKRA, MANDALA, XAÇ FORMALI
KOSMOSUN, ALƏMİN, DÜNYƏVİ GÜCÜN,
ENERJİNİN MƏRKƏZİNİ SİMVOLLAŞDIRIR.
Ciddi iddia və bəyanatdır.
Sübutu varmı?
Var, mifologiyada, əski
uyqarlıqların tarixində
və mədəniyyətində.
Azərbaycanca EL müəyyən qrup
insanın məskunlaşma
tərzini bildirir: bu, bir. EL sözü
konkret coğrafi şərait içrə
qurulmuş toplumu, insan yığnağını
eyhamlaşdırır: bu,
iki. EL xalqın uyqarlıq dövrünə
qədərki mövcudluq
formasıdır. Bu, üç.
El azərbaycanlı qavrayışında
daim müəyyən
məkanla bağlı
olur. Bu, dörd.
Doğrudan da biz hər bir
vaxt "yurd",
"oba" sözlərini
işlədəndə yadımıza
mütləq EL düşür.
Nədən ki, yurd və ya oba
elin mənimsəyib ictimailəşdirdiyi yerdir,
məskəndir. El ölkədə,
respublikada, şəhərdə
yox, yurdda, obada yaşayır. (Hərçənd, qədim
yunanlar "ellin" söyləyəndə ağıllarına
həməncə şəhərlini
gətirirdilər.) Xalq,
millət, tayfa, nəsil dedikdə isə, təsəvvürə
məkanla ilişikli konkret heç nə gəlmir.
"EL" anlamında isə
məkan həmişə
aktualdır, həmişə
danışır. Heç
şübhəsiz ki, bu,
"el" sözündəki
"L" samitinin fərasətindəndir,
onun məkana bağlılığındandır, daha doğrusu, iki dünya arasında bir xətt, bir mediator olmasındandır. "L" hərfinin
görkəmində, lampavariliyində,
ikonoqrafik quruluşunda
ruhsal ilə dünyəvi, ideya ilə materiya, təbiət stixiyaları
(su, hava, torpaq) qəribə bir sintezə uğrayıb vəhdət
halına gəlir. Qutsal sözlərin böyük əksəriyyətində
"L" samiti nida işarəsi
kimi bir vurğudur; haradasa, Nuhun gəmisini eyhamlaşdırır: Babil
mifologiyasında gəmi
günəşi qoynuna
alıb TÖRƏMƏ aktına
başlayır.
Bu hərfin latınca və ərəbcə yazılışı, demək
olar ki, eynidir: fərq yalnız ondadır ki, biri sağa, biri sola baxır. Hər iki halda, bu
samit abgərdənə,
çömçəyə bənzərdir.
Çömçə isə potensial gəmidir.
Gəmi
olan nəsnə isə bütün stixiyalara açıqdır:
torpaqdan ayrılır,
su ilə üzür, gövdəsi
havanı yarır.
"E"
saiti isə deyilişinə görə
uzatdıqca-uzanıb gedən
bir səsdir, haraydır azmanlığın,
iriliyin, böyüklüyün
bildiricisidir, sanki sonsuzluğun səs ekvivalentidir. Tutalım: eheeeeeey... Odur ki, "el" sözünə bir tükənməzlik, bir intəhasızlıq pərçim. Duyğular,
qəfil nurlanmalar müstəvisində söylədiklərimin
müəyyən elmi-kulturoloji
izahını tapmaqdan
ötrü qədim-qədim
dövrlərin tarix və mifolojisinə varmaq gərək.
Şumer-akkad mifopoetik ənənəsində
ENLİL və ya
ELLİL (diqqət edin:
hətta üç
"L" hərfi) havanın,
torpağın və tufanın (şimşəyin
- odun, işığın)
tanrısıdır. ENKİ, yaxud EA isə bütün şirin suların sakral panteonda əyləşmiş
müqəddəs hökmdarı
sayılır. Mifologiyada
ELLİL elə bir qüvvədir ki, onun mayasında zorakılıq
və cəsurluq dayanıb. EL-LİL kosmosdur,
özündə dörd
stixiyanı qapsayır.
BEL də akkad mifologiyasında
tanrıların ümumiləşdirilmiş
obrazıdır, "sahib", "ağa" mənalarında
çözülür. Akkadlarda
ELLİL və MARDUK vaxtilə
BEL adı ilə çağırılıb. Əski
yunanlar öz vətənlərini əzizləyib
ona ELLADA (EL-LADA, EL-ADA, EL-ATA mümkün modifikasiyalar kimi) deyiblər. Qədim ellin də ki yəqin, Ellada sakini olub.
İndi tutuşdurub görək,
ELLİL, ENLİL və ELLİN sözləri arasında çoxmu fərq var? Bəlkə, yunanlar özlərini əski şumer tanrısına bənzətmək istəyiblər?
Amma bu, hələ harasıdır ki? ELAM qədim
dövlətlərdən biri
olub, İranın cənub-şərqində yerləşib.
Tövratda yəhudilərin
tanrısı Yahve ELOHİM adı ilə tanınır.
Bütün bunları sadalamaqda
məqsədim diqqətinizi
sözlərin əvvəlinci
hecasına yönəltməkdir.
Yaxın Şərqin
qədim mədəniyyəti
şəbəkəsində EL sakral mənşəli adlarda mütəmadi şəkildə təkrarlanıb,
sözün özəyini,
əgər belə demək caizsə, buferini təşkil edən bir hecadır.
Müasir dünyanın
bir sıra coğrafi toponimləri də "el" kəlməsilə birbaşa
rabitədə: məsələn,
ELBA, ELZAS, ELDORADO, ELBRUS.
Müsəlmanların tanrısının
adı "ALLAH" (yenə
iki "L") da ərəbcə
"ƏLLAH" (mümkün modifikasiya ELLAH) kimi tələffüz edilir və haradasa, "EL"ə maksimal yaxınlaşdırılır. Bu qədər təsadüf
olurmu, yahu? Hətta "el" sözü müxtəlif
dillərin tərkibində
öz sakral mahiyyətini itirib "əl", "ə", "el" artiklları kimi yaşayır.
Osmanlı türkcəsi tələffüzünə
və yazılışına
görə "əl"
və "el" sözlərini bir-birindən
ayırmır. Azəri
türkcəsində "əl"
(Anadolu ləhcəsində "el") beş barmağın birgəliyinin,
birgə gücünün
ifadəçisidir; yəni
müstəqim olaraq
"EL" anlamı ilə
səsləşir.
Əlli
(Anadolu türkcəsində elli) rəqəmi də elin oğullarının
say çoxluğunu rəmzləşdirir
və "EL" sözündən
törəmədir.
Latın
rəqəmləri cərgəsində
"ƏLLİ" yenə "L" hərfinin qrafik görünüşü ilə
bildirilir.
Əgər türkcə əl-li
(el-li) çoxluğa
işarədirsə, "elçi"
sözü, əksinə,
elin işini görən, elin mesajını başqasına
yetirən tək adamı eyhamlaşdırır.
Azərbaycanlılarda isə
"elli" sözü
Elə mənsubluğu,
həmyerliliyi, el adamını və müəyyən coğrafi
areala aid doğmalığı
bildirir.
Lakin bu gəlişmələrdən
sonra da tam aydınlaşmır
ki, EL nə olan şey?
Bu səfər eposdan faydalanaq. "GİLQAMEŞ" (və ya "GİLQAMIS") Şumer
və Akkad dastançılıq
ənənəsinin dünyaca
məşhur nümunəsidir.
Ur şəhərinin yarı
tarixi, yarı mifik hakimi Gilgameşin
sərgüzəşt və
macəralarından danışır.
Məni bu əsnada məxsusi maraqlandıran qəhrəmanın
adıdır.
Nə deməkdir GİLQAMEŞ? Əvvəlcə,
adın yol veriləsi şəkil dəyişmələrini nəzərdən
keçirək: GİL-QAMEŞ -
GİL-QAM-EŞ - GİL-QAM-IŞ - İL-QAM-IŞ -
EL-QAM-IŞ.
Bunu hələliyə saxlayaq burda, istiqamətlənək
Adəm peyğəmbərə
doğru. Səfiyullahın
adı "adəmə"
sözündəndir, torpağı,
əkin yerini, torpaq mülkiyyətini, ölülər səltənətini
bildirir. Yəni Adəm peyğəmbərin
adı torpaq adam, torpaq adamı
mənalarından anlaşılır.
Bu kontekstdə mən belə güman eləyirəm ki, Şumer-Akkad
mədəniyyətinin Adəmi
(ilk torpaq adamı)
GİLQAMEŞDİR. Heç şübhəsiz ki, bu ad
Şumerin əfsanəvi
qəhrəmanının torpaqla
ilişikli şəcərəsini
kodlaşdırır. GİL torpaq variantıdır, onun su ilə
qarışdırıldıqda xüsusi elastiklik qazanan fraqmentidir. Onda belə anlamaq olur ki,
GİLQAMEŞ/GİLQAMIŞ/GİLQAMIS torpaq
adamıdır, torpaqdan
göyərmiş qamışdır,
məxluqdur. Hərçənd,
"GİLQAMEŞ" sözünü
GİL-QAM/GİL-CAM, EL-QAM/EL-CAM, İL-QAM/İL-CAM kimi də yozmaq
caizdir. Bu zaman mənalar
belə dəyişəcək:
"qamların torpağı",
"qamların eli",
"gil cam", "el
camı" (cam gəminin
variantlarından biri kimi).
Beləliklə, qədim türklərin
qam-şaman görüşlərilə,
bütövlükdə əski
türk mədəniyyətilə
Şumer-Akkad mədəniyyətinin
dil qatında mövcud bağlantıları
göz önündədir
və inkarolunmazdır.
Məhz bu mədəniyyətlərin unikal
və heyrətamiz sintezində "EL" sözü
özünün iç
mənasını aşkarlayır,
əsl cövhərini
bəyana gətirir.
EL - torpaq əhli, torpaqdan göyərənlər,
torpaqdan bitənlər
deməkdir.
Elin gücü, birliyi və eyniliyi elə burdandır. El torpaq adamlarını nişan verir. Yəni adamların hamısı torpaq kimidir, adamların hamısı gilqamışdır.
Amma o da mümkün ki, EL türk
panteonunun torpaq, su, hava tanrısı
olsun. Hər halda "El bilir ki", torpaqdan savayı üstündə gəzəsi,
gedəsi, yaşayası,
öləsi yeri yoxdur. Bax, bu
deməkdir EL!
Torpaqda yaşayanlar deməkdir EL və El İlin dəyişdiyini birinci torpaqdan öyrənir,
İli tanımağı torpaqdan
öyrənir. Ona görə
də El ilə İlin birgəliyi aşikar!!!
Aydın TALIBZADƏ
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.4-5.