Heç zaman unudulmayacaq
imza: Əli Ağabəyli
Salyanın Kürqaraqaşlı kəndi ... Çoxları
üçün Azərbaycanın
bəlkə də adi, o qədər də məşhur olmayan kəndlərindən
biri. Rayon mərkəzindən
4 km. cənubda, Kür
çayının sağ
sahilində, Salyan düzündə yerləşir
bu kənd. Amma o kəndi indi mən böyük bir şairin doğulduğu şeir-sənət
ocağı kimi xatırlatmaq istəyirəm.
Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd yarpağı
ver.
Canımdan əziz olan,
Üstündə çiçək solan,
Şor Muğan torpağı ver.
Mən onda hara düşsəm,
Hansı
diyara düşsəm,
Deyərəm: "Vətəndəyəm".
XX əsr Azərbaycan poeziyasının tarixində
heç vaxt unudulmayacaq bir ad var - Əliağa Kürçaylı.
Dillər əzbəri
olan bu məşhur
şeirin də müəllifi odur. Kürqaraqaşlı kəndi
onu bütün Azərbaycanda və onun hüdudlarından uzaqlarda tanıdan Kürçaylı ilə
fəxr edir.
Kürqaraqaşlı kəndində doğulan və onu şöhrətləndirən
bir başqa yazıçını da unutmaq
olmaz - bu il o yazıçının 100 yaşı
tamam oldu. Salyan şəhərində
onun yubileyi təntənə ilə qeyd edildi. O yazıçı - Əli
Ağabəyli 1923-cü ildə
bir saatsaz ailəsində dünyaya göz açmışdı.
Yeddi yaşında ikən ailəliklə Salyan şəhərinə
köçürlər. Əli
Ağabəyli burada orta məktəbi əla qiymətlərlə
bitirir və imtahansız Tibb İnstitutuna qəbul olunur. İnstitutu bitirəndən ta ömrünün
sonuna qədər o, bir həkim kimi müxtəlif tibb ocaqlarında - Yardımlıda, Sabirabadda
çalışır. Altımışıncı
illərin əvvəllərində
"Birinci dərəcəli
terapevt" fəxri adına layiq görülür. Mən Əli Ağabəyli ilə, şəxsən, heç tanış deyildim, onun "Azərbaycan" jurnalında
çap olunan "Bütün bunlardan sonra" romanını oxumuşdum. Ancaq günlərin bir günü - səksəninci
illər idi - tanışlığımız başladı. O, redaksiyaya
gəlmişdi, yəqin
ki, yazı gətirmişdi,
nəticəsini öyrənmək
istəyirdi və nəsr şöbəsinin
müdiri İsi Məlikzadəni
gözləyirdi. Elə
bir an oldu ki, mən özümü pis hiss elədim, hamı bunu gördü. Və bu zaman Əli Ağabəyli mənə
yanaşdı, təzyiqimi
ölçdü, "çox
yorğunsan, yəqin gecəni yatmamısan"
dedi. Bir dərman uzatdı və mən onu udandan
sonra özümə gəldim. Sonralar həkim Əli Ağabəyli ilə bir neçə dəfə qarşılaşdım,
görüşdük. Hər
dəfə halımı
soruşurdu.
Amma bu yazıda həkim Əli Ağabəyli haqqında deyil, yazıçı Əli Ağabəyli haqqında söz açmaq istəyirəm.
Əli Ağabəyli altımışıncı
illərdə ilk hekayələrini
yazır, 67-ci ildə
"Gənclik" nəşriyyatı
onun "Zənc" adlı ilk hekayələr
kitabını oxuculara
təqdim edir. Sonralar onun "Hüsniyə xala",
"Bütün bunlardan
sonra", "Yeni ilə
bir gün qalmış" kitabları
da nəşr olunur.
1970-ci ildə o, Yazıçılar
İttifaqına da qəbul
olunur. Onun hekayə və povestləri, yeganə romanı ilə bir daha tanış
olandan sonra əmin oldum ki, Əli Ağabəyli öz dövrünün həqiqətlərini qələmə
alan, geniş həyat müşahidəsi,
bədii ümumiləşdirmələri
ilə diqqəti cəlb edən, bu həqiqətləri maraqlı insan obrazları ilə təqdim edən bir yazıçıdır.
Onun hekayələri təkcə o dövrün
üzdə olan hadisələrini əks etdirsə də, bu gün üçün
də əhəmiyyətini
itirməmişdir. Çünki
Əli Ağabəyli
heç bir zaman solmayan insan hisslərini qələmə
alırdı və onun əksər hekayələrində əsas
qəhrəman elə
insani hissləri, duyğuları özündə
yaşadan o insan idi.
İyirmi
ildən sonra professor Məstalı öz doğma kəndlərinə
qayıdır. Kənd
adamları onların adını ucaldan bu insanı hörmətlə qarşılayırlar.
Ancaq onu Zöhrə düşündürür,
o Zöhrə ki, iyirmi
il əvvəl Məstalıya
yox, Müzəffərə
ərə gedib. Vəfasızlıq edir Zöhrə. Məstalının
ürəyindən keçir
ki, illər boyu ürəyində yaşatdığı
o Zöhrəni bir də görsün. İş elə gətirir ki, onun əri Müzəffər ağır xəstə yatır və Məstalı onu sağaldır, həyata qaytarır. Və Məstalı son dəfə
Zöhrəyə baxır.
Duyğuları qocalmayıb,
amma Zöhrə qocalıb ("İyirmi ildən sonra").
Əli Ağabəyli öz hekayələrində ailə-məişət
hadisələrinə daha
çox yer verirdi və həmişə ailənin
sevgi üzərində
bərqərar olduğunu
nəzərə çarpdırır,
bu münasibətlərdə
xəyanətin, vəfasızlığın,
bir-birinə etimadsızlığın
faciələrə yol
açdığını təsdiqləyirdi. "Ailə
sevgi üzərində
qurulmalıdır" - onun
bir çox hekayələrində bu mənəvi prinsip öz ifadəsini tapırdı. Ülvi və Qənirə. Sevərək evlənmişlər.
Amma illər keçdikcə
Qənirə o sevgini ərindən hiss etmir və günlərin bir günü ölür. Ülvi isə get-gedə hiss edir ki, təkcə həyat yoldaşını
deyil, sevgi adlanan mənəvi dünyasını itirib
("Əfv edə bilmirdi"). Əsl sevgi, illər boyu ürəkdə yaşanılan o saf duyğu heç bir vaxt unudulmur
və Krımda tanış olduğu Bədurəni Tahir unutmur.
Amma nə edəsən,
bəzən həyat bir-biri üçün yaranmış sevgililəri
ayrı salır
("Qara geyimli qız"). Əli Ağabəylinin hekayələrinin
əsas qəhrəmanları
adi insanlardır, ancaq müəllif bu adi insanların
çoxlarından fərqli
qeyri-adiliyini nəzərə
çarpdırır. "Hüsniyə
xala", "Qoşa
qıfıllı sandıq"
hekayələrində olduğu
kimi. O da maraqlıdır
ki, yazıçının əksər hekayələrində
əsas məkan tibb ocaqları, təsvir etdiyi insanlar isə tibb işçiləridir.
Çünki bu məkan və orada çalışan insanlar ona tanış
idi.
Əli Ağabəylinin heç bir nəsr əsərində
mən yaşadığı
dövrün ideoloji pirnsipləri ilə səsləşən motivlər
tapa bilmədim. Belə
dərk elədim ki,
o, belə şeylərdən
uzaq qaçıb, yalnız yaşadığı
həyatı və sadə insanları təsvir edib. Özü də onun nəsr əsərlərində cəmiyyətdə
hökm sürən haqsızlıqlar, mənfi-neqativ
hallar da tənqid hədəfinə çevrilirdi.
"Yeni ilə bir gün qalmış" povesti onun tənqidi
ruhda yazılmış
və o dövrün maddi-mənəvi eybəcərliklərini
real hadisələrlə ifadə
edən bir əsərdir. Əsərin
qəhrəmanı rayon qəzetinin
redaktoru Məzahir Məmmədlidir. Müəllif
bir rayonun timsalında orada baş verən müxtəlif hadisələri
qələmə alır
- sovet dönəmində
hər bir rayonda "kiçik padşahlar" bütün
rayonun ağası sayılırdılar. Onlar
yalnız "yuxarıların"
hökmünə tabe
idilər. Rayondakı
bütün vəzifəli
şəxslər o "kiçik
padşahlar"ın itaətində
idilər - məhkəmə
də, prokurorluq da, kolxoz rəhbərləri də, rayonun digər rəhbər işçiləri də
"birinci"nin əmrinə,
göstərişinə əməl
edirdilər. Azərbaycan
nəsrində buna aid xeyli
əsərlərlə rastlaşmışıq.
Amma o əsərlərdə və eləcə də Əli Ağabəylinin povestində
Şərə qarşı
mübarizə aparan müsbət qəhrəmanlar
da (o dövrün təbirincə
desək) vardı. Məzahir Məmmədli də belə insanlardan biri idi. O povestdə baş verən hadisələr əksər
rayonlara xas idi və yetmiş-səksəninci
illərdə mən də bunların şahidi olmuşam. Yeri gəlmişkən, qeyd edim ki, Əli
Ağabəyli kənd
həyatını, xüsusilə,
kəndin təsərrüfat
həyatını, orada
yaşayan insanların
psixologiyasını, adət-ənənələrini
çox yaxşı bilirdi və bunu əsərlərində
də əks etdirirdi. Məsələn,
onun bir hekayəsində pensiyaya çıxan kənd müəllimlərindən söz
açılır. Bu müəllimlər
ömürlərinin ixtiyar
çağlarında oturub
dərdləşirlər, keçən
günlərini xatırlayırlar.
Onlardan biri alverə keçir, özü üçün
bir dükan da açır. Amma uğursuzluğa
düçar olur.
Əli Ağabəylinin "Bütün
bunlardan sonra" romanını onun yaradıcılığında maraqlı bir hadisə kimi səciyyələndirmək olar.
Birincisi; o, nəsrin romandan kiçik janrlarında yazıb-yaratmışdı,
hekayələri və
povestləri ilə ədəbi aləmdə tanınmışdı. İndi isə həyatın və insanların daha geniş planda əks etdirilməsi zamanı gəlmişdi. İkincisi;
onun bir sıra hekayələrində
ailə-məişət və
sevgi mövzuları üstün yer tutsa da, bunları yalnız kiçik janrda dolğun əks etdirmək çətin idi. Odur ki, ən yararlı və münasib janr roman idi.
Yetmiş-səksəninci illərdə Azərbaycan nəsrində
sevgi mövzusunda ən çox Salam Qədirzadənin povestləri
və poeziyada Nüsrət Kəsəmənlinin
şeirləri gənclərin
ən çox mütaliə etdikləri əsərlər idi. Salam
Qədirzadənin povestləri
cavanların stolüstü
kitablarına çevrilmişdi,
Nüsrətin şeirləri
isə yaşanılan
hisslərin poetik ifadəsi kimi diqqəti cəlb edirdi. Əli Ağabəylinin "Bütün
bunlardan sonra" romanı da həmin illərdə qələmə
alınmışdı. Mən
bu romanı ilk dəfə "Azərbaycan"
jurnalında oxumuşam.
1980-ci ildə roman kitab halında
nəşr edildi və bir hadisənin
şahidiyəm ki, kitab mağazalarının
birində cavanlar bu kitabı necə həvəslə alırdılar.
"Bütün bunlardan sonra" romanı barədə geniş söz açmaq istəmirəm. Yalnız bəzi qeydlərimi nəzərə çatdıracağam.
Təbii ki, indiki baxışımla mən
romanda bir sıra qüsurlar görürəm. Romanda bir az uzunçuluq
diqqəti cəlb edir. Obrazların qarşılıqlı münasibətlərində
tamamlanmayan nöqtələr
də nəzərə
çarpır (İmran-Gülayə
xəttində). Amma ilk roman cəhdində bütün
bunlar təbii idi, müəyyən çatışmazlıqlar olmalıydı.
Amma bu əsəri əsl sevgi romanı kimi səciyyələndirmək olar.
Romanın qəhrəmanı
Gülayə, mənim
fikrimcə, sevgisiz yaşaya bilməyən bir obrazdır və real həyatda yüzlərlə belə
qızlara, qadınlara
rast gəlirik. Amma Səməd Vurğunun öz qəhrəmanı Humay haqqında dediyi kimi, Gülayə
də nə Tatyanadır, nə də Ofeliya. O, yetmiş-səksəninci illərin
yetirməsidir və bütün əsər boyu onunla Təhsin
arasında olan münasibət də bizə o dövrdə təbii təsir bağışlayırdı. Nəticə
etibarilə deyə bilərəm ki, Əli Ağabəyli romanda "Sevgi bütün maneələrə baxmayaraq
ölmür, yaşayır,
insanı mənən
ucalığa səsləyir"
fikrini bədii cəhətdən reallaşdıra
bilmişdir.
Əli Ağabəylinin 100 yaşı...
Allah ona qəni-qəni
rəhmət eləsin!
Deyirəm...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.3.