Sevgilim Vətən
Radiopovest
İkinci Qarabağ müharibəsinin
yeganə qadın şəhidi Arəstə
Baxışovanın xatirəsinə
Dördüncü sarğı
Ana
Uşaqları heç ovuda bilmirəm. İkicə gün zəngi gecikdimi, düşürlər
əl-ayağa. Deyirəm,
ay bala, tələsməyin,
ananız döyüş
zonasındadı, işi
ağırdı, gündə
neçə yaralının
yarasına baxır, sarıq qoyur, dərman içirir, ağırlarını da geriyə
- qospitala göndərir...
Kimə deyirsən?! Ayaqların dirəyirlər
ki, tez ol yığ anamamızı,
danışaq.
Hər dəfə də düşmək olmur axı. Görürsən
gec cavab verir, ya da deyir
ki, bu nömrəyə
zəng çatmır.
Di gəl bunları sakitləşdir...
Bəlkə yüz dəfə
nömrəni yığırlar...
Deyirəm, ay bala, ananız
keçən dəfə
dedi ki, bir də görürsən
ki, set olmur, onda zəng çatmır. Gərək qalxam hündür bir yerdən zəng eliyəm...
Arəstə Vətən yolunda
getdi, düzdü.
Amma balalarını sakitləşdirincən
mənimki mənə
dəyir axı... Ona görə deyirəm, ay bala... Ay anan ölsün...
Demirəm... Heç nə
demirəm...
Qızı
Deyirdim
ki, bəs mən nə olacam? Sən ölsən... yox e, şəhid olsan, məni kim saxlayacaq? Mənə kim baxacaq? Oğluna nə var, indidən qan, qan deyir...
Yekələn kimi hərbiçi olacam deyir. Mənə arxa-dayaq lazımdı axı?..
Mən... Mən... Ha deyirəm ki, ağlamayım,
olmur e, olmur. Mən ağlamasam, bəs kim ağlayacaq?
Anamdı axı... Qardaşım da elə
hey üstümə qışqırır
ki, sən ağlayanda
dözə bilmirəm,
mən də ağlamaq istəyirəm...
Nə eliyim e... Anamdı axı... Amma genə vətən sağ olsun....... Üüüüü-ühüüüüüüüü....
Ay ana heyyyyyyyyyyyyyy...............................
Oğlu
Hanı
bizim bayrağımız?!
Min dəfə bu qıza demişəm ki, ağlama. Ağlamaq əsgər balasına yaraşmaz! Bizim anamız tarix yazıb e, tarix! Orda, o qanlı döyüşdə minlərcə
kişinin arasında tək qadın bizim anamızdır!.. Sən bilirsən
bu nə deməkdir?! Bu qəhrəmanlıqdır...
Eh, niyə axı mən beşcə yaş böyük doğulmadım?! İndi orada
olardım. Həm anama arxa olardım,
həm də bilirsən nə qədər düşmən
qırardım?! Eh, sən
qızsan. Sən hardan biləsən?..
Bacım
eşitməsin... Hərdən
məni də qəhər boğur. Gedib evin dalında,
xəlvət yerdə
gizlicə ağlayıram.
Ana, ay na!
Axı bizi niyə qoyub getdin?!.
Ay na heyyyy!..
Qızı
Qardaşıma deyirəm ki, nə olsun qızam?!
(Gözünün yaşını silib bozarır.)
Anam da elə qız idi, amma getdi
döyüşə! Belə
mən də gedəcəm! Mən də tibb bacısı
olacam anam kimi... Yaralı igidlərimizi sağaldacam...
qaqaş, nə olar, qoyarsan mən də gedərəm səninlə,
hə?.. Hə, qaqaş?..
Oğlu
Yaxşı, amma gərək ağlamayasan. Nənəmizə
qoşulub ağlayırsan,
mənim də içim ağrıyır.
Ha eləsəm də özümü tuta bilmirəm. O gün ağladın, qəhər məni boğdu... Hamısın sən eliyirsən!.. Sən ağlayanda mən dözə bilmirəm, bilirsən?! (Hönkürüb ağlayır.)
Qızı
Ağlama, qaqaş.
Müharibə bitəcək.
Anamız allah qoysa, sağ-salamat gələcək. Onda mən onnan xahiş eliyəcəm ki, day orduya
getməsin, gəlsin kəndimizdə müəllimə
işləsin... Onda biz də oxuyub
instituta girərik, anamızı sevindirərik...
Oğlu
Sən,
hə, sən instituta girərsən. Amma mən hərbi
məktəbə girəcəm.
Öyrənmişəm yerini.
Naxçıvanski adına
liseydir... Zığ tərəflərdə...
Oğlan gərək
zabit olsun... Erməni kimdi ki, bizim üstümüzə
xoruzdanır?! Gərək
onlara həddini göstərək! Onların
üstünə bilirsən
hansı mahnını
oxuya-oxuya gedəcəyik?
Vətən bizi yetişdirib
Bu ellərə
yolladı.
Bu torpağa qurban deyib
Allaha ismarladı...
Marş
irəli,
Azərbaycan əsgəri!
(Marş oxuyub ayaqlarını əsgər
kimi yerə döysə də, göz yaşları axıb yanağına, ordan da köynəyinin yaxasına yayılır.)
Arəstə
Uşaqlarım yadıma düşüb.
Səsləri qulağımdadı.
Burnumun ucu göynəyir.
Bilirəm, indi mənim haqqımda nələr danışırlar: "Balalarını
atıb qoca anasının üstünə,
kişilərə qoşulub
müharibəyə gedib,
arsızın biri arsız... Adam da belə vaxtda balasını, anasını qoyub gedər? Bir yannan pandemiya, bir yannan pulsuzluq..."
Yox, mənim haqqımda nə deyirsiniz, deyin, amma balalarımı,
anamı pulsuzluqdan korluq çəkməyə
qoymuram. Maaşımı
aybaay alıb onlara göndərirəm.
Mənə burda pul lazım deyil ki?! Neynirəm pulu? Saçımı düzəldəcəyəm? Ya
manikürə, pedikürə
gedəcəyəm? Ya
alış-verişə?!. Axırıncı dəfə nə vaxt paltar aldığımı
da unutmuşam. Nəyimə
lazımdır paltar? Burda tək hərbi formadır, vəssalam. Furajkamı da basıram başıma, oğlan kimi gedirəm ön cəbhəyə...
Uşaqlarımla, anamla hər gün də olmasa, iki günnən
bir danışıram
telefonla, özü də görüntülü
danışıram çox
vaxt ki, üzlərini
görüm, ürəyim
yerinə gəlsin... Nə eləyim? Hərə özünə
bir yol seçir.
Mən də bu yolu seçdim.
Bilirəm, ağırdır,
özü də çox ağırdır.
Dinc vaxtlarda bəlkə də bir az yola
vermək olurdu, amma müharibə ki, başladı, iş yoğunadı. Hər gün ölüm, hər gün qan. Bax, indi
maşınla yol gedirik, yarım saatdan sonra ön
cəbhədə olacağıq.
Gecə yox, gecə sakitçilik olanda daş kimi yatıram. Uşaqlarımı ancaq belə - döyüş arası sakit vaxtlarda yadıma sala bilirəm. Mən onlara heç
ana nəvazişi göstərə
bilmədim ki... Yalnız
anamın bizə söylədiyi sözlərlə
özümü ovuda bilirəm. Qoy görüm necə deyərdi anam...
Qaşın fitnə aparır,
Gözün gitnə aparır,
Dəmirçi dükanınnan
Hürən it nə aparır?
Nə gözəl sözlərdir,
hə? Görəsən,
indi anam onlara da belə qəşəng oxşamalar
söyləyir? Dayan görüm,
yadıma düşür
deyəsən...
Qərənfiləm, qalxaram...
Ardı
necəydi? Dayan bir... Hə, həəəə!
Düşdü yadıma....
(Qəhərdən boğula-boğula.)
...Açılmağa qorxaram.
Gecə
cıqqırın çıxsa,
Yerimnən dik qalxaram...
Hardan? Mən sizə heç baxa bilmədim ki... Anama verdim sizi. Qoy
bizə oxuduğu oxşamalarla sizi də böyütsün...
Mən sizə qurban olum, bağışlayın
məni...
Bala demə, qan olar,
Yel əsər fəğan olar.
Bala gəzən yerlərə
Analar qurban olar...
(Gözləri dolur, ağlamamaq üçün
maşının pəncərəsindən
bayıra baxır.)
Dayan görüm, telefonum çalır.
"Alo, komandir, eşidirəm... Nə?! Neçə nəfərdir?
Jqutla, əlinizə keçənlə yaralarını
bağlayın, sıxın, çəkin
bir dalda yerə üçünü
də, bir azdan ordayıq..."
- Bir az bərk sür,
qardaş, üç
yaralımız var! Qan
aparar uşaqları...
Tez, tez!..
Bu vaxt bir mərmi
ulaya-ulaya maşınımızın
üstünə şığayır,
xoşbəxtlikdən bir
az aralı düşür və maşınımız böyrü
üstə aşır...
Sürücü qolunnan
yaralanır. Tez düşüb
sürücüyə ilk yardım
edirəm. İncəvara
yarası yüngüldür.
Bəs maşını
necə düzəldək?
Böyrü üstə
qalıb axı? Yaralılar bizi gözləyir e...
Sağ olsun, sürücü yaralı-yaralı bellə
maşının təkərlərinin
yerdə olan hissəsinin altını qazmağa
başlayır. Amma qolunun
qanı açılır
və mən beli alıb qazıram. Sonra Mirələmov
da qazır. Az sonra maşın bir az sağa əyilir
və sürücü
ilə köməkləşib,
maşını itələyib
düzəldirik. Urrra!
Alındı!
Maşınımızı işə salıb yenə irəliləyirik. Sağımızda,
solumuzda mərmilər
partlasa da irəliləyirik
...Bir azdan maşını aşağıda saxlayıb
irəli qaçır
və yaralılara ilk
yardım göstəririk.
Heyf ki, biri artıq şəhid olub. Əsgərlərin köməyi ilə əvvəl yaralıları,
sonra da şəhidi maşına aparırıq.
Bu zaman taqım komandiri
gənc leytenantın və daha bir
neçə əsgərin
yaralı olduğunu görüb, onlara da ilk tibbi yardım göstərirəm. Əsgərin
birinin yarası dərindir. Nə qədər eləsəm də, maşına minib arxaya gəlməkdən
imtina edir. Axırda leytenanta xahiş edirəm ki, onu yola gətirsin.
Komandirin sözünü
eşidib maşına
minir. Əsgərlərə
apardığımız yemək
bağlamasını və
bəzi tibbi ləvazimatları da verib geri dönürük...
Bizim bir iş günümüzün
mühüm hissəsi
başa çatır...
Yaralı əsgər
Məni
məcbur edirlər
ki, geriyə, tibb məntəqəsinə gedim.
Bu Bacı ki var, sağ
olsun, həqiqətən
bizim bacımızdır.
Amma belə yox da. Mənim çiynimnən dəyən askol onsuz da dərinə işləyib, onu burda çətin ki, çıxarda bilsinlər.
Ona qalsa, bədənimdə
bəlkə on, on beş
belə askol var.
İndi bu bir askola görə döyüşü buraxıb
geri qayıdım? Bəs kim döyüşsün?
Bax, iki əsgərimiz ağır
yaralıdır, arxaya
aparırlar, biri də şəhid oldu. Şəhid olan Anar əmidir....
O adi adam deyildi ki, bir qan idi, qan
e, qan! Onun ölümü mənə
dəhşət təsir
elədi. Gözümün
qabağına gələndə,
boğuluram, nəfəs
ala bilmirəm. Hamımız
əmi deyirdik ona... Birinci Qarabağ döyüşündə
də iştirak edib. Özü də bu günlərdə
azad etdiyimiz kəndlərdən birində
yaşamışdı ailəsilə...
Mən onun qanını almamış
hara gedim axı?! Bu Bacının da xətirini
çox istəyirəm...
Maşın bir az yavaşısaydı...
Aha, dayan, deyəsən,
saxladılar. Hə, Bacı deyəsən telefonla danışır...
Opbaa! Düşdüm
e!.. Sürücü gördü deyəsən?
Amma ona işarə edib yalvardım ki, Bacıya deməsin... Yəqin deməz...
(Əsgər maşınnan
düşüb kolların
arasına uzanır. Dərinnən nəfəs
alıb öz-özünə
danışır.)
Amma hardan? Bude ha, aldılar üstümü...
Sürücü
Əsgər maşınnan sivişib
düşəndə mən
gördüm onu. Amma elə baxdı ki, ürəyim ağrıdı.
Neynim axı?! Onun ürəyi belə istəyirsə, mən neyniyə bilərəm? Düzdür,
bacı buna görə
məni danlayacaq, amma daha keçib.
Bir şey uyduraram. Bizdə belədir onsuz da. Taqımın yarısı yaralıdır,
amma özləri bir təhər yaralarını sarıyıb
döyüşürlər... Belə eləməsələr,
gündə on kənd
ala bilməzlər axı...
Çarəsi budur.
Amma yox. Bacı ilə Mirələmov aldılar yaralının üstünü. Mən də gedim görüm
nə danışırlar...
Yaralı əsgər
Bacı hirslə üstümə
qışqırır:
- Əsgər, axı sən yaralısan?! Ölə bilərsən!?. Niyə əmrə
tabe olmursan?!
- Bacı, bax o maşında apardığınız
şəhid Anar əmidir... Əlli beş yaşı var...
Amma bizimlə bərabər
vuruşurdu düşmənlə...
Həm də dəhşət svyazist idi... Hamımız ona əmi deyirdik.
O şəhid olannan
sonar and içmişik ki, düşmənnən
onun intiqamını yüz qat alacağıq...
Bacı...
(Gözləri dolur, o biri əli ilə
yaralı qolunun üstündən basıb
ağlamsınır.)
İcazə verin, onun qəmli hekayətini sizə danışım...
O hekayət
Qanlı sırğalar
adlanır. Onu bizə Anar əmi özü
danışıb...
"...Qan insanın möhürü kimidir.
Bir yerə düşdümü,
qurusa belə, onun analizi ilə
sahibinin kimliyini təyin etmək olur. O, qana çox
inanırdı. İnanırdı
ki, qan yeganə şeydir ki, insanı diri saxlayır. Hətta birinin sağ, yoxsa ölü olduğunu da qanla təyin edə bilərsən: bir yerini kəsərkən
qanı axdısa, demək hələ diridir...
Orta məktəbdə oxuyanda biologiyaya hədsiz marağı da bəlkə
elə qanla bağlı idi.
Bu qan məsələsini ona nənəsi ilə babası aşılamışdı. Atalı-analı
yetim olannan sonra (kəndlərində
ata-anası ayrılan,
hərəsi özünə
ayrıca həyat quranların ortada qalan uşaqlarına belə deyərdilər - onun da atası ilə anası iki yaşınnan ayrılmış, babası
ilə nənəsinin
umuduna qalmışdı),
Arzu baba və nənəsinnən hər
gün dürlü-dürlü
sözlər eşidərdi.
"Çıxan qan
damarda durmaz",
"Qanı xarabdır,
təmiz qanlı deyil", "Qanını
qaşığa qoydu
ki...", "Qan çəkir...",
"Qan kirasız qaynamaz"...
Elə
o vaxtdan bu qan söhbəti onu ovutmuşdu - babası demişkən onu "qan tutmuşdu".
Məktəbdə barmaqla göstərilən
şagird olsa da, babası onu doqquzillikdən tibb texnikumuna göndərdi. Nənəsinə bunları
deyəndə qızın
qulağı çalmışdı:"Ay
arvad, mən day dağdan aşmış günəm. Səysəndi
e, səysən!.. Sənin də
az yaşın yoxdu... Bu qız bu il tərifnamə alacaq - direktor eşitdirib maa. Bir quzu da boyun oldum, aparıb
su üstündə yesinnər müəllimlərnən.
Dayısına salıx
sal, gəlib aparsın Bakıya, qoysun messestralığa...
Kəndparamızda iynəvuranımız
yoxdu..."
Və beləcə, qan onu çəkib apardı Bakı 2 saylı tibb məktəbinə. Və tibb məktəbinin yaxınlığındakı
rabitə texnikumunda oxuyan Anarla son kursda tanış oldular. Sonra tanışlıq sevgiyə
çevrildi. Elə
son kursdaca oğlana qoşulub qaçdı -
"kimdi mənə
toy eləyən? Cehizim
filanım da yoxdur. Sənə toy eləsələr,
bəsimizdi..."
Sonra ikisinin də təyinatını elə
Arzugilin rayonuna verdilər. Baba ölsə
də, nənə sevincinnən ağlaya-ağlaya
qol götürüb oynamışdı...
Bir il
sonar əkiz uşaqları
olmuşdu: bir qız, bir oğlan.
Oğlan qıza anasının adını
qoydu: Reyhan.
O da oğlana mərhum babasının adını
verdi: İmralı...
...Elə xoşbəxt idilər ki! Balaları bu il məktəbə gedəcəkdi....
Ordan-burdan eşidilən söz-sov
düz çıxdı.
Ermənilər 80-lərin sonlarında
laxlayan Sovet hökümətinin gücdən
düşdüyünü görüb, diş çıxartmağa başladılar.
Dağlıq Qarabağın
müstəqilliyini tələb
etmək-filan... Məsələ
böyüyürdü get-gedə.
Və qəfil gənc ailənin ağır günləri başladı
- qonşu erməni kəndindən onların kəndlərinə
tez-tez hücumlar olurdu. Əvvəl mal-heyvanı aparırdılar.
Sonra adamları girov götürməyə başladılar.
Anar da o
biri həmkəndliləri
kimi yenicə yaradılan könüllülər
batolyonuna yazıldı.
Rabitə işini yaxşı bildiyinə görə batolyonda ona xüsusi ehtiramla yanaşırdılar.
Vəziyyət o yerə
çatdı ki, rayon mərkəzindəki
batolyonun qarnizonunda gecələməli olurdu Anar. Bəzən həftələrlə ailəsini
görə bilmirdi.
Ermənilər isə getdikcə
azğınlaşır, Sovet
ordusundan aldıqları
silahlarla onların kəndlərinə, şəhərlərinə
hücum edir, silahsız, dinc əhalini gülləyə
tuturdular.
Belə
qarışıq vaxtda
bir gün xəbər aldı ki, daşnak dəstələri
onların yaşadığı
kəndi hədəfə
alıblar. Və qəfil hücumla kəndin azsaylı silahlı dəstəsini mühasirəyə alıb
qırmış, sonra
kəndə daxil olub əhalidən öldürdüklərini öldürmüş,
qalanlarını da maşınlara
doldurub əsir aparmışdılar...
Arzu da, iki uşağı da əsir aparılanlar arasında idi.
...Anar və batolyondan
gəlmiş silah yoldaşları hücum
edib düşmənin
gizləndiyi kəndi tutdu. Ermənilərin başçısı olan
Arayiki əsir aldılar. Onun cibinnən bir xeyli qızıl diş, qanlı üzüklər və bir cüt də
qanlı sırğa çıxdı. Özü
də ən dəhşətlisi bu idi ki, bu sırğalar
kəsilmiş uşaq
qulaqlarının üstünnən
asılı vəziyyətdə
idi...
Anar sırğaları tanıdı.
Qızı Reyhanın
sırğaları idi..."
(Oğlan danışdıqca
özünü saxlaya
bilmir, arada hömkürüb ağlayır,
sonra davam edirdi.)
Erməni
quldurları Anar əminin arvadı Arzunu da, oğlunu və qızını da şəhid etmişdilər...
O günnən Anar əmi and içmişdi
ki, nə qədər
ki, canında can var, erməni
quldurlarınnan intiqam
alacaq...
Düzdür, həmin gün
onun kəndini dağıdan, ailəsini məhv edən daşnak dəstələrinin
axırına çıxmış,
onların başçısı
Araiki işgəncə
ilə öldürmüşdü.
Amma ürəyi soyumamış,
bizim 44 günlük müharibə başlayanda
da həm bələdçi
kimi, həm də bacarıqlı rabitəçi kimi döyüşlərə qatılmışdı...
Ailəsi, usagı olmasa da, o bizi öz ailəsi kimi bilirdi.
İndi
ay Bacı, bildiniz mən niyə sizin sözünüzdən
çıxmışam?! Bildiniz niyə maşınnan gizlicə düşüb geri qaçmaq istəyirəm?!.
Mirələmli
Hamımızı qan tutmuşdu. Bir an nə
edəcəyimizi bilmədik.
Bacı da, biz də ağlayırdıq.
Nəhayət, maşına tərəf gəlib, şəhid Anar əminin nəşinin yanında sayqı duruşuna düzüldük. Bacı
əlləri ilə onun əsgər şinelinə bürüdüyümüz
cansız bədəninə
toxundu. Sonra gözləri dolmuş halda üstünə əyilib hıçqırdı
və ozalandı, analar kimi ağı
dedi:
Gözün arxada qalmasın, əmi...
İntiqamın alınır, Anar əmi...
Düşməni məğlub edirik, ay əmi...
Xanımının da, balalarının da ruhu şad
olsun, ay əmi...
Biz də
Bacıya qoşulub ağladıq. Sonra silahlarımızı yuxarı
tutub üç kərə yayılm atəşi açdıq.
Bir azdan
maşın tərpəndi.
Yaralı əsgər
isə yerdən bizə əl edirdi.
Azad
QARADƏRƏLİ
(Davamı olacaq)
Ədəbiyyat
qəzeti.- 2023.- 16 sentyabr.- S.18-19.