Qəhrəmanlıq tarixinin şərəfli anları
Nuru Paşa
haqqında
Elmi araşdırma
1918-ci ilin may ayında öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Çünki Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin az qala yarıdan çoxu, o cümlədən, Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli-hərbi qüvvələr isə hələ təşkilatlanmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətin nəticəsi kimi Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu yaradıldı.
Cümhuriyyətin dövlətçilik tarixində xüsusi yeri olan Qafqaz İslam Ordusunun meydana gəlməsi, əslində, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan və türk xalqları daxilində milli təfəkkürün və düşüncə oyanışının dərinləşməsinin məntiqi nəticəsi idi. Türkçülük ideyasının getdikcə daha çox insanın zehniyyətinə sahib olması bu iki xalqın ideya və əməl birliyinə də yeni bir təkan verirdi. Onun üçün idi ki, milli təəssübkeşlik daha da güclənir və qarşılıqlı əqidə birliyi qarşılıqlı münasibətlərin əsasına çevrilirdi.
Ona görə də Azərbaycanın aydınları, milli elitası Türkiyənin qarşılaşdığı sınaqları milli sınaqlar kimi qəbul edirdi və bu sınaqların birgə aradan qaldırılması yolları aranırdı. XX əsrin əvvəllərində Türkiyənin qarşılaşdığı müharibə çətinliklərinin aradan qaldırılması üçün Azərbaycan xalqının əməli yardımları buna əyani misal ola bilər. Məsələn, bəllidir ki, 1912-ci ildə Balkanlarda müharibə başlayanda bölgədə böyük çətinliklərlə qarşılaşan türk əhalisinə Hacı Zeynalabdin Tağıyev biganə qalmadı və həmin əhaliyə 1000 qızıl lirə göndərdi. Birinci Dünya müharibəsi başlayanda isə xeyli sayda azərbaycanlı könüllü şəkildə Türkiyə ordusuna daxil oldu və Türkiyənin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu. Azərbaycan o zaman Türkiyəyə qarşı müharibə aparan Rusiyanın tərkibində idi və Rusiya mərkəzi orqanları azərbaycanlıların Türkiyəyə köməyinin qarşısını almaq üçün Bakıda polis rejimini daha da möhkəmləndirirdi. Çar polislərinin davamlı təqibləri ilə rastlaşmasına baxmayaraq azərbaycanlılar məhrumiyyətlərlə qarşılaşmış Türkiyəni tək qoymadılar. Məlumdur ki, Çanaqqala döyüşündə çoxlu sayda azərbaycanlı döyüşürdü. Qeyri-rəsmi məlumata görə, onların sayı 2-3 min nəfər olmuşdu. Çanaqqala şəhidliklərində azərbaycanlı şəhidlərin qəbri indi də qalmaqdadır.
Azərbaycanda müharibə fəlakətləri ilə qarşılaşmış Türkiyə əhalisinə maddi yardım göstərilməsi üçün "Qardaş köməyi" adlı təşkilat yaradılmışdı. Bu təşkilat müharibə qurbanlarına maddi yardım göstərməkdən əlavə, həm də türk şəhidlərinin yetim qalmış uşaqlarını Azərbaycana gətirib, qayğısına qalır, onları məktəblərdə oxutdururdular.
Rusiya ilə müharibədə əsir düşmüş xeyli sayda türk hərbçilərinin bir hissəsi Nargin adasında saxlanılır, xeyli hissəsi də Azərbaycandan keçməklə Rusiyaya daşınırdı. Azərbaycanın milli qüvvələri həyatlarını risk qarşısında qoyaraq, bu əsirlərin müəyyən hissəsini əsirlikdən qaçırmağa nail olmuşdu. Bundan başqa, Rusiya hakimiyyət orqanlarının razılığı ilə Gəncədə türk əsirləri üçün xüsusi xəstəxana açılmışdı. Xəstə türk əsirləri burada müalicə olunur, sonra yola salınırdı.
Bu milli təəssübkeşlik cavabsız qalmadı və çətin günlərdə Türkiyə də Azərbaycana öz kömək əlini uzatdı. Qafqaz İslam Ordusunun yaranması da bunun əməli nəticəsi idi.
Ancaq Azərbaycanın milli azadlıq hərəkatının fəalları Türkiyədən elə bir hərbi yardım almaq istəyirdilər ki, bu yardım xalqı qarşılaşdığı bolşevik-daşnak təhlükəsindən xilas etməklə bərabər, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə əməli kömək olsun. Milli azadlıq hərəkatı fəallarının bu istəyini Nəsib bəy Yusifbəyli İstanbula yollanmalı olan nümayəndə heyətinin rəhbəri Nağı bəy Şeyxzamanlıya belə çatdırdı: "Nağı, sən İstiqlal komitəsinin üzvüsən. Bütün vəziyyəti Osmanlı dövlətinə anlat, de ki, xalqımız müstəqil yaşamağa əzm etmişlər, bu yolda hər cür fədakarlıq göstərmişlər. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Onlar bizim ehtiyacımız olan qüvvələriylə kömək etsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar, istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istərlərsə, onda gəlməsinlər. Biz öz yağımızda qovrulub başımıza çarə taparıq".
Bu istək Osmanlı Türkiyəsinin rəhbərliyi tərəfindən qəbul olundu və Azərbaycana göndərilən hərbi heyətə də yalnız azərbaycanlılardan dəstləşdiriləcək bir ordunun təşkilatlanmasına kömək göstərmək tapşırığı verildi. Gəncəyə üz tutan türk hərbi heyətinə isə Nağı bəy Şeyxzamanlının xahişi əsasında Türkiyənin hərbi naziri Ənvər paşanın kiçik qardaşı Nuru paşa rəhbər təyin edildi.
Nuru paşa və onun yanında olan hərbi heyət 1918-ci il may ayının 25-də Gəncəyə daxil oldu. Milli-azadlıq mübarizəsinin lideri M.Ə.Rəsulzadə Nuru paşanın və onu müşayiət edən heyətin Gəncəyə daxil olmasını belə təsvir edirdi: "...Nuru paşa ilə bərabər məiyyətində bulunan bir kaç zabiti İran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xəlqin kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir".
Nuru paşa Azərbaycan daxilində və ətrafındakı hərbi-siyasi şəraiti təhlil etdikdən sonra belə bir qənaətə gəldi ki, Azərbaycanın istiqlalına və bütünlükdə xalqın mövcudluğuna qarşı günü-gündən güclənməkdə olan bolşevik-daşnak təhlükəsinin aradan qaldırılması üçün daha ciddi tədbirlər görülməlidir. O, çıxış yolunu Türkiyədən Azərbaycana nizami hərbi qüvvələrin göndərilməsində gördü və bununla bağlı qardaşı Ənvər paşa qarşısında məsələ qaldırdı. Azərbaycana kömək üçün zəruri olan bu təklif də Ənvər paşa tərəfindən qəbul edildi.
1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanan dostluq müqaviləsinin 4-cü bəndinə əsasən, 5-ci türk piyada diviziyası Azərbaycana yola salındı. 1918-ci il iyun ayının ilk həftəsinin sonunda həmin diviziya Azərbaycana yetişdi. Bu diviziya ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu formalaşdırıldı. Nuru paşa bu ordunun komandanı, general-leytenant Əliağa Şıxlinski isə komandan müavini vəzifəsini aldılar.
Azərbaycanın dövlətçilik tarixindən yaxşı bəllidir ki, türk hərbi qüvvələri Azərbaycana yetişən kimi dərhal bolşevik-daşnak dəstələrinə qarşı döyüşlərə qatıldılar. Qafqaz İslam Ordusu Gəncədən və Qaraməryəmdən başlayaraq, Bakıya qədər şərəfli və qürurlu bir döyüş yolu keçdi. Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi isə Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizənin zirvəsi oldu. Bununla bağlı keçirilən əməliyyatın əsas zərbə qüvvəsi olan 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü türk əsgərlərinin Azərbaycanın baş şəhəri olan Bakının azad edilməsinə hansı duyğu və düşüncələrlə qoşulduğunu belə təsvir edirdi: "Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamının istihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarını axıtmış və bilafütur müəzzəz canlarını da fəda etmişlərdi.
İstiqlalına aşiq Anadolu türkü nəhayət, qonşu və qardaş millətin istiqlalını da həmin mücadilələr ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi.
Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işə yaraşmazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqlaliyyətini behəmehal Bakı ikmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bunu əldə etmək üçün avqust bidayətlərində günlərcə boğaz-boğaza düşmənlə müharibə və mücadilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi".
Bakı şəhərinin azad edilməsi, həm Azərbaycan ictimaiyyətinin, həm də Türkiyə dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Nuru paşaya göndərdiyi teleqramında belə yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Teleqramda deyilirdi: "Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram".
Azərbaycan milli mücadiləsinin liderlərindən biri olan Nəsib bəy Yusifbəyliyə görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərmiş olduğu xidmətləri Nuru paşaya xitab edərkən bir neçə kəlmə ilə belə dəyərləndirmişdi: "Millət sizə minnətdardır". N.Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə (indiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladılar və Bakı şəhərinin azad edilməsi kimi böyük tarixi hadisənin sevincini onlarla bölüşdülər.
Bakı şəhərinin azad edilməsi Nuru paşanın həyatının ən yaddaqalan səhifəsi idı. O, burada zabit kimi ən böyük qələbəsini əldə etmişdi. Bu elə bir qələbə idi ki, onun sevincindən bütün Azərbaycan xalqına pay düşmüş və bu zəfər iki qardaş ölkənin qəhrəmanlıq tarixinə həkk olunmuşdu. Nuru paşa Bakının azad edilməsi ilə bir sərkərdə kimi nəyə qadir olduğunu nümayiş etdirdi və onun şəxsiyyətinə, eləcə də hünər və qabiliyyətinə bağlanan ümidləri etimadı doğrultdu. Yorulmaz, coşqun fəaliyyəti, sönməz enerjisi ilə bu insan bütünlükdə türk xalqının müstəqil Azərbaycana olan bağlılığını əməlı şəkildə nümayiş etdirdi. Şərq Ordular Qrupunun komandanı Xəlil paşa qardaşı oğlu Nuru paşanın bu məqamda yaşadığı anları çox incəliklə duymuş və onun yaşadığı hissləri cəmi bir cümlə ilə çox dəqiqliklə təsvir edə bilmişdi:
"Nuru paşa məndən daha öncə şəhərə girərək böyük bir oteli özünə qərargah olaraq seçdi. Mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənpərvər Nuru paşanın bu, bəlkə də, həyatının ən gözəl günüydü".
5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdünün yuxarıdakı qeydlərindən göründüyü kimi, bu diviziya Azərbaycanda daha çox şəhid vermişdi. Yəni bu diviziyanın hərbçiləri Türkiyə ərazisində gedən döyüşlərlə müqayisədə Azərbaycanda qatıldıqları döyüşlərdə daha çox qiymətli qanlarını axıtmışdılar. Bu şəhidlik həmin hərbçilərin şüurlu seçimi, azərbaycanlı qardaşlarına kömək əzminin göstəricisi idi. Rüşdünün məlumatına görə, bu diviziya Azərbaycan ərazisində 1200 nəfər şəhid vermişdi. Azərbaycan ərazisində vuruşan isə yalnız 5-ci diviziya deyildi. Məlumdur ki, sonradan Azərbaycana 15-ci türk diviziyası və ayrı-ayrı bölmələr gəlmişdilər və onlar da döyüşlərin gedişində şəhidlər vermişdilər. Əgər bura Azərbaycan milli hərbi qüvvələrinin və könüllülərinin verdiyi şəhidlər də əlavə olunsaydı, onda demək olardı ki, Qaraməryəmdən Bakıya kimi Azərbaycan torpaqları türk və Azərbaycan şəhidlərinin qanı ilə suvarılmışdı. Azərbaycanın istiqlal şairi Əhməd Cavad özünün "Sarmaşıqlı məzarlar" adlı məşhur şeirində bu şəhidlərin xatirəsini belə yad edirdi.
Qalx, qalx, sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətinə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Qafqaz İslam Ordusunun mövcudluğu dövründə Azərbaycana gəlmiş türkiyəli yazar Ruşən Əşrəf isə özünün "Çiçəklərə" adlı şeirində türk və azərbaycanlı şəhidləri daha duyğulu şəkildə anmışdı. Şeirin məzmunu belədir ki, təbiətdə rəngləri solğunlaşan, qoxuları artıq fərqli olan çiçəklərə yaxınlaşan şair belə solğunlaşmalarının səbəbini soruşur. Çiçəklər də ona bildirirlər ki, nə vaxtdandır, bizim köklərimizə su yerinə qan axmaqdadır. Rəngin solğunlaşması və əvvəlki qoxuların itməsi də bununla bağlıdır. Yəni Azərbaycan təbiətindəki çiçəklər də su yerinə şəhidlərin qanı ilə suvarılırdı və hər bir çiçək də şəhidlərin qanının qoxusunu verirdi. Həmin şeirin sonuncu bəndi belədir:
Hər çiçəkdən bir qoxladım,
Baxa qaldım heyran-heyran.
Qərib-qərib çox ağladım,
Qoxuyordu həpsi də qan...
Azərbaycan ədəbiyyatının böyük təmsilçiləri olan Əhməd Cavad, Məhəmməd Hadi, Salman Mümtaz, Abdulla Şaiq, Umgülsüm və digərləri türk əsgərlərinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda göstərdiyi təmənnasız qardaşlıq yardımına özlərinin ən yaxşı əsərlərini həsr etmişdilər. Cəfər Cabbarlı isə Bakının azad edilməsi mövzusunda dram əsəri yazmış və həmin illərdə də Bakıda tamaşaya qoyulmuşdu.
Azərbaycanın bu ədibləri Azərbaycan-Türkiyə qardaşlıq tarixini mövzu seçməklə, əslində, bütün Azərbaycan xalqının duyğularını, düşüncələrini əks etdirirdilər. Baxmayaraq ki, xalqın bu duyğuları və düşüncələri də tarixin sınaqları
ilə qarşılaşmalı olmuşdu. Bəllidir ki, sovet hakimiyyəti illərində Cümhuriyyət tarixi,
Qafqaz
İslam Ordusu, Bakı şəhərinin
azad edilməsi tarixi,
Azərbaycan-Türkiyə hərbi mübarizə tarixi birmənalı şəkildə qəbul edilmirdi.
Çünki müstəqillik
ideologiyası ilə bolşevik-sovet ideologiyası
daban-dabana zidd olan ideologiyalar idi. Amma Qafqaz İslam Ordusunun tarixinə elə Cümhuriyyət dövründə də qənim kəsilənlər
tapılmaqda idi. Məsələn, Bakı
şəhərində formalaşmaqda
olan bolşevik təşkilatlarının nümayəndələri,
Bakıda yaşayan ermənilər belələrindən
idi. Onlar öz mətbu orqanlarında, apardıqları
təbliğatlarda Qafqaz
İslam Ordusunun tarixini
qaralamaq üçün
çoxlu sayda məntiqsiz faktlar ortaya qoymaqdan da çəkinmirdilər.
Maraqlıdır ki, Qafqaz İslam Ordusunun
tarixinin təhrif edilməsinə xidmət edən belə təbliğati iddialara elə müasir dövrdə də rast gəlmək mümkündür. Məsələn,
vaxtaşırı və
bir çox hallarda cəmiyyət daxilində kifayət qədər nüfuz sahibi olan insanlar
tərəfindən ictimai
müzakirələrə Bakı
şəhərinin türklər
tərəfindən azad
edilməsi, yoxsa, işğal edilməsi, Qafqaz İslam Ordusunun mövcudluğu dövründə
Azərbaycan dövlətinin
hansı statusa malik olması, Azərbaycan ərazilərinin azad edilməsinə başlanması
üçün hansısa,
təmənnalar güdülməsi,
türklərin Azərbaycanın
daxili işlərinə
qarışması kimi
suallar çıxarılır.
Bu zaman bir çox hallarda konteksdən çıxarılmış faktlara
istinad edilir və bununla əsil mahiyyət haqqında oxucuda yarımçıq təsəvvür
yaradılır. Belə
hallarda isə ortaya atılan iddiaların əsaslandırılması
üçün mötəbər
faktlara deyil, şayiə xarakterli məlumatlara istinad olunur.
Məlumdur ki, Cümhuriyyət hökumətinin
qərarına əsasən,
Azərbaycan əraziləri
yad qüvvələrdən təmizləndikdən sonra
türk hərbçilərinin
bir çoxu yüksək vəzifələrə
təyinat almışdılar.
Belə vəzifə sahibləri müəyyən
hallarda yerli şəraiti düzgün
qiymətləndirməyərək, bəzi hallarda da hərbçi tələbkarlığı
ilə Azərbaycanın
daxili idarəçilik
normalarını aşan
hərəkətlərə yol verirdilər. Azərbaycanın milli-azadlıq
hərəkatının lideri
M.Ə.Rəsulzadə,
uzun müddət baş nazir olmuş Fətəli xan Xoyski belə hərəkətlərə qarşı
barışmazlıq nümayiş
etdirirdilər və bununla bağlı, hətta Türkiyənin rəhbərliyi qarşısında
məsələ qaldırırdılar.
Lakin belə hallar kütləvi xarakter daşımırdı və
belələrinin hərəkətləri
heç də Türkiyə dövlətinin
Azərbaycana qarşı
izlədiyi siyasətin
nəticəsi deyildi.
Bu məsələ, hətta
Azərbaycanda olan bəzi türklər tərəfindən də
qəbul edilmirdi. Məsələn, Cümhuriyyət
tərəfindən vali vəzifəsinə
təyin edilmiş Məhəmməd Fəthi
bəy 1918-ci ilin oktyabrında Quba sakinləri ilə görüşərkən, bu
məsələ ilə
bağlı öz fikrini belə ifadə etdi: "Mən şey istəməm, filan etməm - kimi nifaqəngiz laqqırtılar
ortadan qaldırılmalıdır.
Şöylə nifaqamiz
[nifaq salan] laqqırtılar ittihad rişəsinə xələl
yetirib, böyük fəlakətlərə səbəbiyyət
verər. Bir dəfə
anlaşılsın ki, Türkiyə
- Azərbaycan demək
və Azərbaycan da Türkiyə deməkdir.
İslam demək bir təni-vahid [vahid bir bədən] deməkdir. Biz ancaq əsaslı bir ittihad ilə hər dürlü qüvvəyə qarşı
dura biləriz".
Milli-azadlıq mübarizəsinin
liderlərinin, Cümhuriyyət
qurucularının da geniş
planda Azərbaycan-Türkiyə
münasibətlərinə yanaşması belə idi. Məsələn, M.Ə.Rəsulzadə yazırdı: "Bu surətlə
həyat təbiyyəsini
təhdid edən bir təhlükəyə
qarşı... Azərbaycan
əfkari-ümumiyyəsini pək təbii olaraq bir iman
doğuyordu. Bu müşkül
vəziyyətdən milləti
qurtaracaq yeganə bir çarə vardı: - Türkiyə".
Fətəli xan Xoyski də, Əlimərdan bəy Topçubaşov
da, Nəsib bəy Yusifbəyli də, Nağı bəy Şeyxzamanlı və digərləri də geniş planda Türkiyəni və türk hərbi qüvvələrinin bazasında
yaradılmış Qafqaz
İslam Ordusunu Azərbaycanın
xilaskarı kimi görürdülər. Bunu
onların xatirələrində
və yazışmalarında
da müşahidə etmək
mümkündür.
Yəni
Qafqaz İslam Ordusunu yaradanlar, onun fəaliyyətini təşkil
edənlər və onun ləğvini böyük ağrı ilə qarşılayanlar bu ordu haqqında
belə yüksək fikirdə olduqları halda, təxminən yüz ildən sonra mənbəsi bəzən məlum olmayan faktlar əsasında Qafqaz
İslam Ordusunun doğru
tarixini şübhə
altına ala biləcək
məlumatların mediaya
çıxarılması heç
də təəccübdən
kənar deyildir. Doğrudur, belə məlumatlar və onların müəllifləri
kütləvi şəkildə
dəstəklənmir və
elə xalq tərəfindən də
sərt qiymətini alır. Bununla belə, belə müzakirələrə son da qoyulmur.
Türk
generallarının, o cümlədən,
Nuru paşanın, Xəlil paşanın Azərbaycanı işğal
edən XI ordu ilə əlaqəsi, guya onlar tərəfindən
bu ordunun Azərbaycana müşayiət
edilməsi və bununla Azərbaycanın istiqlaliyyətinin itirilməsində
Türkiyənin də
müəyyən rola
malik olması son illərdə
artıq neçənci
dəfədir ki, ictimai
müzakirələrə çıxarılmaqdadır.
Birmənalı şəkildə
qeyd edilməlidir ki, Nuru paşanın XI ordu ilə heç
bir əlaqəsi olmamışdır. O, heç
rus zabitlərinin də Azərbaycan ordusu daxilində xidmətdə olması ilə razı deyildi. Bunun üçündür
ki, 1918-ci il avqust ayının
13-də Nuru paşa Azərbaycan korpusunun yenidən qurulması haqqında verdiyi əmrində Azərbaycan
ordusunda xidmətdə
olan bütün rus zabitlərini Denikin ordusu ilə əlaqə ehtimalına görə, xidmətdən uzaqlaşdırdı
və eyni zamanda ordu daxilində
Azərbaycan dilinin tətbiqinə rəvac verdi.
Məlumdur ki, Nuru paşa Qafqaz İslam Ordusunun ləğvindən sonra Azərbaycanı 1918-ci ilin
sonunda tərk etdi. Türkiyədə onu ingilis qüvvələri
həbsə aldılar
və sonradan Batumdakı həbsxanaya apardılar. O, bu həbsxanadan azərbaycanlı
vətənpərvərlərin silahlı basqını nəticəsində azad oldu. Lakin Türkiyəyə
qayıtdıqdan sonra
yenə orada uzun müddət qala bilmədi. Çünki Türkiyə
ərazisinə qoşun
çıxarmış ingilis
hərbi rəhbərliyi
onu yenidən həbsə almaq istəyirdi. Bu zaman Türkiyə
ağır günlər
yaşayırdı və
böyük dövlətlər
tərəfindən parçalanmaq
təhlükəsi ilə
qarşı-qarşıya idi.
Çox böyük dövlətlərə və
qüvvələrə qarşı
dayanmış Türkiyənin
istiqlal dairələrində
belə bir düşüncə var idi
ki, kömək üçün
bolşevik Rusiyasına
müraciət etmək
olar. Çünki bolşevik Rusiyası da Türkiyənin mübarizə
apardığı dövlətlərə
qarşı mübarizə
aparırdı. Belə
bir ideya Türkiyə daxilindəki
sosialist təmayüllü
qüvvələr tərəfindən
də dəstəklənirdi.
Bolşevik Rusiyası
da belə bir ideyaya biganə deyildi. Nəticədə Rusiyanın qoşunlarının
Cənubi Qafqazdan Türkiyəyə çatdırılmasının
mümkünlüyü söhbətləri
ortaya çıxdı.
Türkiyənin istiqlal
mübarizlərinin o zamankı
yazışmalarının məzmunundan belə bir qənaət hasil olur ki, onların təsəvvüründə
sovet ordusunun Azərbaycandan keçməklə
Türkiyəyə tərəf
yollanması Azərbaycanda
hakimiyyət dəyişikliyinə
yol aça bilsə də, onun müstəqilliyinə
xələl gətirməyəcəkdir.
Amma bolşevik Rusiyası Türkiyəyə qoşun
göndərmək ideyasına
öz maraqları çərçivəsində yanaşırdı. Belə
ki, bu dövlət Türkiyənin müstəqilliyinin
və ərazi bütövlüyünün tanınmasında
heç də birmənalı deyildi. Çünki hələ
1917-ci ilin dekabrında
Leninin dekreti ilə S.Şaumyan,
həm də "Türkiyə Ermənistanı"nın
komissarı təyin edilmişdi. Bununla nəzərdə tutulurdu
ki, Türkiyənin "erməni"
vilayətləri S.Şaumyanın rəhbərliyi
altında sovet Rusiyasının nəzarəti
altına düşsün.
Hətta 1920-ci ildə
Türkiyənin istiqlal
mübarizləri ilə
Rusiya arasında müəyyən münasibətlər
formalaşanda bolşevik
hakimiyyəti ehtimal edirdi ki, Türkiyə ərazisinə daxil olmaqla orada sosialistmeyilli
bir iqtidarın formalaşmasına təkan
verə biləcəkdir.
Türkiyədə həbs olunmaq təhlükəsi ilə
üzləşən Nuru
paşaya da Kazım Qarabəkir paşa tərəfindən belə
bir tapşırıq
verildi ki, yenidən Bakıya qayıtsın və bolşevik mənsubları ilə əlaqəyə girməklə
Qırmızı ordunun
Türkiyə sərhədinə
istiqamətləndirilməsi ilə bağlı müəyyən müzakirələr
aparsın. Belə bir tapşırıqla Nuru paşa 1919-cu ilin sonlarında yenidən Bakıya döndü və 1920-ci ilin əvvəllərində
isə Dağıstana
yollandı. İstər
Bakıda, istərsə
də, Dağıstanda
Nuru paşanın bolşevik mənsubları
ilə görüşməsi
haqqında məlumatlar
vardır. Lakin tezliklə
Nuru paşa belə müzakirələrdən
imtina etdi və istiqlaliyyəti uğrunda mübarizə apardığı Azərbaycanın
sovet qoşunları tərəfindən işğalına
dəstək verməyi
mümkünsüz saydı.
O, elə Dağıstan
ərazisində sovet qoşunlarının Azərbaycana
müdaxilə etməsinin
qarşısını almaq
üçün fəaliyyətə
başladı.
Sözsüz ki, Nuru paşanın
XI orduya qarşı
dura biləcək imkanları
yox idi. 1920-ci ilin aprel işğalı
ərəfəsində Nuru
paşa Azərbaycana döndü. Nuru paşanı Xəlil paşa Dağıstandan geri gətirdi. Bununla bağlı Xəlil paşa öz xatirələrində
belə yazırdı:
"Bu arada Denikin qüvvələri məğlub
edilmiş və Nuru paşa Qızıl Orduya qarşı müdafiəyə
keçmiş idi. Bakı və ətrafındakı kommunist
təşkilatı kimi
Dağıstanda da bir
yayılma başlamışdı,
bu durumda Nuru paşa qüvvələrinin bu mübarizəni davam etdirməsi əbəs idi. Nuru isə
davam edirdi. Bir gecə Baha Sait bu dəfə yanıma dağıstanlı
kommunist Cəlal Qorxmazovu gətirdi. O dedi kı, Nuru
paşanın qüvvələri
tükənmək üzrədir,
özü də ölə bilər. Bu işə müdaxilə edin, onu geri
çəkin. Nuru paşa başına qoyduğu işdən başını vermədən
ayrılmazdı. Ertəsi
gün Dağıstanın
mərkəzi olan Qasımkəndə getdim,
Nurunu tapdım. Onu özümlə gətirdim".
Aprel işğalı baş verəndə Nuru paşa Gəncədə idi. Sonradan o, Qarabağa yollandı və orada sovet
işğalına qarşı
üsyan təşkil
etdi. Qaryagin qəzasında Cümhuriyyət
ordusunun bölgədəki
qalıqlarının da cəlb
edilməsi ilə
1920-ci il may ayının son günlərində başlanan
üsyana Nuru paşa rəhbərlik edirdi. İyun ayının 3-də Nuru paşa rəhbərlik etdiyi üsyançı qüvvələrlə Şuşa
şəhərinə daxil
oldu və bu şəhərdəki sovet hakimiyyətini devirdi. Lakin XI ordu komandanlığı əlavə
qüvvələr cəlb
etməklə iyun ayının 15-də Şuşa
şəhərini yenidən
nəzarət altına
aldı və bununla Nuru paşanın
rəhbərlik etdiyi üsyan da sona çatdı. Bundan sonra, Nuru paşa
Cümhuriyyət ordusunun
yanında olan bölmələri ilə
Türkiyəyə çəkilmək
məcburiyyətində qaldı.
Xəlil
paşaya gəlincə
isə, onun XI ordu ilə Azərbaycana
daxil olması faktı doğrudur. Lakin bu faktın arxasında başqa həqiqətlər dayanır.
Bu həqiqətlərə keçməzdən əvvəl
bir məqama aydınlıq gətirilməsinə
ehtiyac vardır. Bəzən belə bir iddia səsləndirilir
ki, guya XI ordunu Azərbaycana türk generalları və hərbçiləri gətirdilər
və bununla da onlar Azərbaycanın işğalına rəvac
verdilər. Bəzən
də bu məsələ ilə əlaqə olmasa da, belə bir iddia
da irəli sürülür
ki, Samur çayı üzərindəki körpü
partladılsaydı, XI ordu
Azərbaycana daxil ola bilməzdi və Azərbaycanın işğalı
mümkün olmazdı.
Bununla belə bir təsəvvür yaradılır ki, guya Samur körpüsü partadılsaydı və ya XI ordunun tərkibində
türk hərbçiləri
olmasaydı, XI ordu Azərbaycanı işğal
etməyəcəkdi. Bu iddiaların
heç bir əsası yox idi. Çünki Azərbaycanın işğal
edilməsi Rusiyanın
dövlət siyasəti
idi və Samur körpüsü partladılsaydı da, XI ordu
düşərgəsində türklər olmasa da, Dağıstan ərazisində
toplanmış 70 min nəfərlik
XI ordu bu siyasəti həyata keçirəcəkdi. Bunun üçün
həmin orduya hələ xeyli əvvəldən xüsusi
əmrlər də verilmişdi.
Bakının işğal edilməsi
Sovet Rusiyası üçün ölüm-dirim
məsələsi idi
və bolşeviklər,
hətta hakimiyyətə
gəlməzdən əvvəl
də bu şəhərin ələ
keçirilməsini vacib
sayırdılar. Onlar
üçün yaxşı
aydın idi ki, Bakı nefti olmasaydı, sovet dövlətinin iqtisadiyyatını
dirçəltmək mümkün
olmayacaqdır. Ona görə
də V.Lenin
hələ 1918-ci ilin
əvvəllərində Bakıdakı
bolşevik təşkilatının
rəhbəri S.Şaumyana
yazırdı: "Bakı
bizim üçün
hər şeydir və onu müdafiə
edib saxlamaq lazımdır". Elə
həmin ildə V.Leninin rəhbərlik
etdiyi sovet hakimiyyətinin yerli təmsilçisi olan Bakı Soveti qoşunları Bakını
və onun ətrafını işğal
etməyə başladı.
Cümhuriyyətin mövcudluğu illərində
Bakıda gizli fəaliyyət göstərən
bolşeviklər dəfələrlə
Lenin və onun həmkarları ilə əlaqə saxlayaraq, sovet qoşunları tərəfindən Azərbaycanın
işğalı məsələsini
müzakirə etmişdilər.
1920-ci ilin fevral-mart aylarında isə işğal planının
icrası üçün
əməli hazırlıqlar
başlandı. Belə
ki, 1920-ci il mart ayının 17-də V.Lenin Qafqaz
cəbhəsi inqilab şurasının
üzvləri Orcenikidzeyə
və Smilqaya göndərdiyi teleqramında
belə yazırdı:
"Bakını almaq
bizim üçün
çox və çox zəruridir. Bütün gücünüzü
buna istiqamətləndirin". Rusiya silahlı qüvvələrinin baş
komandanı Kamenev isə
1920-ci il mart ayının 22-də imzaladığı əmrdə
yazırdı ki, Denikin
ordusunun məğlub edilməsindən sonra Rusiya qoşunları Bakı istiqamətində
hücumu davam etdirməli və bütün Bakı quberniyasını işğal
etməlidir. Belə faktların sayını artırmaq da olar. Bu əmrlərdə və qərarlarda söhbət yalnız Azərbaycandan gedir. Rusiya üçün
strateji vəzifə Azərbaycanın işğal
edilməsi və sonra da bu işğalın
Cənubi Qafqaza yayılması idi. Sovet qoşunlarına qoşulan və Bakıda sosialist meyilliliyi ilə tanınan bir qrup türkün hansı istəkdə olmasından asılı olmayaraq sovet hakimiyyəti üçün
Azərbaycanın işğal
edilməsi əsas strateji vəzifə idi və bu
vəzifə də həyata keçirildi. XI ordu Azərbaycana daxil olandan sonra
sovet ordusuna liberal yanaşan türk vətəndaşlarına verilən
vədlər isə unuduldu və bolşevik ordusu Türkiyə sərhədinə
yollana bilmədi.
Yəni
XI ordunu Azərbaycana heç də türk hərbçiləri
gətirməmişdi, Rusiyanın
işğalçılıq planlarında onların heç bir rolu da yox idi.
XI ordunun Azərbaycana
gəlməsində heç
bu ordunu qarşılamağa gəlmiş
azərbaycanlı bolşeviklərin
də təsirli bir rolu yox
idi. Çünki onlar Sovet Rusiyasının
işğalçılıq siyasəti qarşısında
aciz və gücsüz idilər.
XI ordu düşərgəsinə
nə üçün
yollandığını isə
Xəlil paşa öz xatirələrində
açıqlamışdır. Onun yazdığına görə, Bakıda olarkən Kazım Qarabəkir paşadan sovet Rusiyası qoşunlarının Türkiyə
sərhədlərinə gəlməsinə
yollar axtarması barədə məktub aldı. Bununla bağlı Xəlil paşa öz hisslərini belə bölüşürdü: "Qarabəkir paşa məni, Ənvəri və Nuru paşanı
gərəkdiyi kimi tanımamışdı. Baş
komandanlığı altında
çalışdığı Ənvərin düşüncələrini
bilirdi hər halda. Təbii ki, bu acı təlimatı
qəbul etmək mənim üçün imkansızdı. Sovet hüdudunu Türkiyəyə
qədər ulaşdırmaq
açıqca Azərbaycanı
ruslara təslim etmək olardı. İstiqlal və istiqbalı üçün
əmək sərf etdiyimiz Azərbaycanın rəngi nə olursa-olsun, rusların idarəsi altına buraxmağı bir vətən parçası
saydığım Azərbaycana
ihanət sayırdım.
Bu, mənim və ötəki türk paşalarının maddən
və mədənən
intiharından başqa
bir şey olmazdı. ...Zamanın hərəkətizliyə müsaidəsi
yox idi. Bir gün Müsavat hökuməti rəisi Nəsibbəyli, Azərbaycanın
daxili işlər naziri Rəşid xan Qaplanov, Müsavat
partiyası başqanı
M.Ə.Rəsulzadə
və digər bəzi nazirlər Baş vəkalətdə
bir toplantı yapdıq, bu toplantıda mənim həmən xüsusi bir qatarla Şimalı
Qafqaza gedərək toplandığı söylənən
rus ordusuyla təmas etməyimə qərar verildi".
Dərbəndə yetişdikdə isə
Xəlil paşa artıq hər şeyin gec olduğunun, Azərbaycanın
işğalı planının
artıq işə düşdüyünün şahidi
oldu: "İş işdən keçmişdi.
Levondovskidən Azərbaycan
xalqı üzərində
terror yapılmamasını, xalqın nifrətinin çəkilməməsini rica
edərək bu davranışın Azərbaycan
xalqı və Türkiyə üzərində
olumlu təsirlərinin
olacağını söylədim.
...Azərbaycan ən bədbəxt gününü
yaşayırdı. Mənim
buralarda yapacaq işim qalmamışdı".
Xəlil
paşa XI ordunun qatarlarında Bakıya gəlsə də, Azərbaycanın istiqlalının
qorunmasında bir iş görə bilmədiyi üçün
böyük təəssüflə
Moskvaya yollandı. Burada o, Rusiyanın xarici işlər naziri Çiçerinlə
görüşdü və
onunla söhbətində
ilk olaraq Azərbaycanın
işğal edilməsi
məsələsinə toxundu:
"Azərbaycan tərəfinizdən
bir əmri-vaqiə ilə işğal edildi. Bunu çox
əbəs buldum".
Çiçerin açıqsözlüyü
sevirdi. Qaraxana [Rusiya xarici işlər
nazirinin müavini, milliyyətcə erməni]
şöylə bir baxdıqdan sonra bu cavabı verdi: "Rusiya sənayesi mazut əsası
üzərində qurulmuşdur,
ona möhtacdır. İstədiyimiz petrolun bədəlini ödəyərək
belə ala bilmirdik. Bu
səbəblə buna məcbur
idik". "Mən Azərbaycan üçün
bir xeyli mübarizə apardım. Bunda siz qalib
gəldiniz, zamanın
şərtləri... və
qədər".
Son illərin hadisələri
də bir daha göstərir ki, Azərbaycanın ən çətin sınaqlar qarşısında etibar edə biləcəyi arxa və dayaq
Türkiyə xalqıdır,
Türkiyə dövlətidir.
Türkiyə və Azərbaycanın qardaşlıq
münasibətləri təbii
və xalqlarımızın
milli köklərindən irəli
gələn bir münasibətdir. Bu, Azərbaycan
xalqı üçün
danılmaz bir həqiqətdir. Bu həqiqətin
dəyərini, bəzən
məlumatsızlıqdan, bəzən
isə ötəri gündəmdən doğan
hay-küylə təsirə
məruz qoymaq isə mümkün deyildir.
Mehman Süleymanov
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.2-4.