Əbədi gənc Abdulla Tukay

 

Ədəbi tənqid

 

"Söz dünyası"nın beşinci cildini çapa hazırlayıram. Bu cildə Türkiyə və Türk dünyasının bir çox məşhur yazarları haqqında yeni yazdığım yazılar da daxildir, onlardan birini oxuculara təqdim edirəm.

ANAR

 

Möhtəşəm Türk dünyasının zəngin ədəbi xəzinəsində - Yunus İmrədən Mikayıl Müşfiqəcən parlaq simalar arasında ən gənci Abdulla (Qabdulla) Tukaydır (1886-1913). Tukay ömrü 28 yaşında amansızcasna qırılmış Mikayıl Müşfiqdən də bir yaş cavandır.

Türk xalqlarının ədəbi sərvətinin Azərbaycan oxucularına çatdırmaqda böyük xidmətləri olan Ramiz Əsgər Abdulla Tukayın kitabını da tərtib etmiş və dilimizə çevirmişdir. Kitaba Ön sözdə Ramiz Əsgər yazır:

"Tatar ədəbiyyatında Abdulla Tukayın tutduğu mövqe barədə bir cümləylə bunu demək olar: O, tatarların Bayronu, Puşkini, Dantesi, Məxdumqulusu və Sabiridir".

Tukay özü ədəbiyyatda yerini və dəyərini bilirdi.

 

Lermontovun və Puşkinin

Şeiri ulu saf dənizdir

Həzrəti Puşkin, Lermontov

Bir Tukay üç ulduzdur.

 

     (Çevirən: Ramiz Əsgər)

 

Tukay çox qısa iztirablarla dolu bir ömür yaşamışdır. Amma bu qısa sürən ömrün həm əzabları, həm bədii bəhrələri haqqında düşünəndə 27 yaşlı gəncin mütaliə dairəsi, düşüncəsinin üfüq genişliyi, fəaliyyətinin müxtəlif yönləri haqqında fikirləşəndə heyran qalırsan. Gənc bir insan bu qədər keşməkeşli ömür sürərkən bu qədər mühüm işləri necə görə bilib?

Həyatın məşəqqətlərinə rəğmən onun poeziyası işıqla, ümidlə, həyat eşqiylə dopdoludur.

Ağrı-acıları Abdullanın körpə yaşlarından başlayıb.

"İçimdə katqanlar" ("Yadımda qalanlar") adlı xatirələrində ömrünün uşaqlıq illərini qələmə alır:

"Atam Mühəmmədarif Mühəmmədalim oğlu mollaydı. Mən beş yaşında olanda atam qısa sürən xəstəlikdən sonra vəfat edib. Bir müddət dul qalmış anamla yaşadıqdan sonra o, məni bizim kəndin Şərifə adlı yaşlı kasıb bir qadına müvəqqəti saxlamaq üçün vermiş, özü isə Sasqa kəndinin imamına ərə getmişdi. O vaxt atamın valideynləri çoxdan ölmüşdülər, kənddə başqa qohumlarım da yox idi. Bu arvadın ailəsində mən artıq adam və heç kimə lazım olmayan bir uşaq idim. O qadın nəinki mənim qayğıma qalmırdı, üstəlik mənə qarşı çox əzazil idi. O vaxt mənim iki yaşım olardı. Bir gecə mən ayaqyalın, bir köynəkdə həyətə çıxmışdım, sonra qapıya gəldim ki, evə girim. Mən təbii ki, ağır qapını aça bilmirdim və ayaqlarım buza yapışana qədər bayırda qaldım. "Qorxmayın, yetimə bir şey olmaz" deyə ögey uşaq barədə düşünən qarı məni xeyli vaxt qapının arxasında saxlayır, kefi gələndə söyə-söyə içəri buraxırdı. İndi o ölüb. Allah rəhmət eləsin".

Doğma anası axır insafa gəlib balaca Abdullanı yanına gətirir.

"At belində gedəndə uşaq olsam da, elə bil gözlərim açılmışdı. O vaxtdan bəri mənə elə gəlir ki, mən özümü geniş və işıqlı bir aləmdə hiss eləyirdim və yol boyu gözlərim qarşısında parlaq şüaların bərq vurduğunu görürdüm".

İztirablar içindən şair doğulurdu balaca Abdullanın qəlbində.

Anasının yanında keçən xoş günləri də çox çəkmədi. Anası xəstələnib ölür.

"Mərhum anamı evdən aparıldığını başa düşəndə ayaqyalın başıaçıq hönkürə-hönkürə darvazadan çıxdım və "anamı aparmayın, anamı verin" - deyə qışqıraraq cənazənin dalınca ağlaya-ağlaya qaçdım".

İztirablardan, mübarizələrdən, həyatın çətin yollarından keçərək qeyri-adi fitri istedadıyla qısa bir zamanda Abdulla Tukay yalnız böyük şair kimi deyil, həm də böyük vətəndaş kimi, xalqının ağır taleyini dərindən duyan, xilas yollarını dərk edən millət fədaisi kimi tanınır. "Tuqan tel" ("Doğma dil") A.Tukayın proqram şeirlərindən olmaqla bərabər tatar xalqının milli mənliyinin ən parlaq ifasıdır. Vaxtilə tərtib etdiyim "Min beş yüz ilin oğuz şeiri" antologiyasına A.Tukayın bu şeirini dilimizə çevirərək daxil etmişdim.

 

Doğma dilim, ey gözəl dil

Atamın, anamın dili

Səndən çox şey öyrəndim

Mən bu dünyaya gələli

Sənin köməyinlə duydum

Ta uşaqlıq çağlarımdan

Sevincimi, kədərimi, 

Şadlığı, fərəhi, qəmi

 

Öz ana dilimdə idi

Mənim ilk oxuduğum duam

Qoru deyirəm dilimi

Atamı, anamı Xudam.

 

Doğma tatar diliylə yanaşı Tukay Şərq dillərini, rus dilini də mükəmməl bilirmiş - şeirlərində Puşkinin, Lermontovun, Tolstoyun, hətta Balmontın adlarıyla bərabər, Bayron və Heyne kimi Avropa sənətkarlarının da adları çəkilir.

Türkmən şairi Məxdumqulunun, qazax şari Abayın, özbək Çolpanın yaradıcılığıyla tanış imiş, Osmanlı və Azərbaycan ədəbiyyatının Tukay dünyasında özəl yeri var. Türkiyə şairləri Namiq Kamal, Tofiq Fikrət, Mahmud Əkrəm, Əbdülhaq Hamid Tukayın sevdiyi və təsirləndiyi söz ustalarıdır.

Türk şeiri vasitəsiylə Türkiyəyə bağlanan Tukayın bir şeiri bu cəhətdən səciyyəvidir. Rus dumasnın qatı millətçi, şovinist deputatlarından biri tatarlara məsləhət verir ki, çıxıb "Türkiyəyə getsinlər".

Çar şovinistləri Stalin rejimindən "insaflıymış" - tatarları Türkiyəyə getməyi məsləhət edirlərmiş. Stalin türk xalqlarını - Krım tatarlarnı, qaraçay-balkarları, məhsəti türklərini əks istiqamətdə - Sibirə sürgün etmişdi.

Şovinist deputatın həyasız tövsiyəsinə qarşı Abdulla Tukay ehtiraslı "Getməyəcəyik" şeirini yazır.

Şeirin sətri tərcüməsi belədi:

 

Burda azad olmayacaqsınız

gedin, sultanların yanında yaşayın deyirlər

Yox, getməyəcəyik.

Orda da qanunlardan

müdafiə olunmayacağıq

On nəfər bizdəndirsə

on beş nəfər casus bizi pusacaq

Kazaklar orda da var,

əllərində türk qamçıları

Yaxşı çıxıb gedirik,

amma əvvəlcə

bizim şəhərlərimiz, kəndlərimiz,

min illik irsimiz ora köçsün

Ümidlərimiz ora köçsün.

Biz burda doğulmuşuq, böyümüşük.

Burda da torpağa gömüləcəyik.

Başqa bir taleyimiz,

Başqa bir torpağımız yoxdur.

Cavabımız belədi:

köləlikdə yaşamaq bizə tanışdır

Özünüz gedin ora

biz burda öz evimizdəyik.

 

Böyük tatar şairi Azərbaycan ədəbiyyatıyla da sıx bağlıydı. Tədqiqatçı Nizami Tağısoy Tukayın Azərbaycan aydınlarıyla əlaqələri barədə maraqlı faktlar gətirir.

Yazır: Tatarların böyük şairi Tukay Sabirdən öyrənir, əsərlərini tərcümə edir və onun sənət mövqeyində dayanır. Tukayın satiraya meyillənməsində Sabir yaradıcılığının rolu son dərəcə böyükdür.

Tukay "Molla Nəsrəddin" jurnalını diqqətlə izləyirmiş. Böyük şairin əlində "Molla Nəsrəddin" jurnalının bir nömrəsinin tutduğu fotoda da əks olunub.

Qazana səfəri zamanı Nəriman Nərimanov Tukayla tanış olub, onun yaradıcılığını yüksək qiymətləndirib və hətta onu müalicə də edib.

Amansız xəstəlik Abdulla Tukayın parlaq və faydalı həyatına çox gənc yaşlarında son qoydu. Cəmi səkkiz il (1906-1913) sürən yaradıcılıq ömründə Tukay 400-dən artıq gözəl şeir yaratdı. 1903-cü ildə, son şeirlərində vaxtsız ölümündən bir neçə gün əvvəl yazırdı:

 

Məni təqib eləyir

Düşmənlərin sürüsü

Qismətim ağır oldu

Hakimi-mütləqlərə

Birdə ki varlılara

Heç vaxt xidmət etmədim

Həyatım belə soldu.

Qara günlərim üçün

qorumadım özümü

İşıqlı gün görmədim

Duymadılar sözümü

 

Tatar xalqı bir çox görkəmli insanlar yetişdirib.

Mərcanı kimi islam mütəfəkkiri, Sədri Məsudu, Ayaz İshakı kimi türkçülüyün görkəmli xadimləri, M.Sultanqaliyev, Q.Şərif, Q.İbrahimov  kimi Stalin rejiminin günahsız qurbanları, Musa Cəlil kimi qəhrəman şair - tatar xalqının iftixarlarıdırlar.

XX əsrə damğasını vurmuş neçə-neçə parlaq şəxsiyyətin adlarını çəkmək olar. Nə yazıq ki, onların çoxu başqa xalqların ədəbiyyatını, sənətini şöhrətləndiriblər. Sənət ömrünü Moskvada başlayıb Parisdə bitirən balet ulduzu Rudolf Nuriyev - tatardır. Çağdaş musiqidə yeni yol açanlardan Sofiya Qubaydulina - tatardır. Rusiyanın iki məşhur şairəsinin - Anna Axmatovanın və Bella Axmadulinanın damarlarında tatar qanı axırdı. Yeri gəlmişkən, Anna Axmatova Abdulla Tukayın bir neçə şeirini rus dilinə çevirib.

A.Tukayın Moskvada nəşr olunmuş kitabına Ön söz yazan Venera Valiyeva qeyd edir:

Tukayın dövründən bizim zamanı ayıran vaxt ərzində tatar oxucusu ikidilli oldu. Tukay bunu heç xəyal da edə bilməzdi. Öz xalqının alovlu maarifçisi, Tolstoyun pərəstişkarı, Puşkinə və Lermontova səcdə qılan Tukay rus dilini öz doğma dili kimi mükəmməl bilmək istəyirdi. O vaxtdan bəri tatar xalqının bir çox nəsilləri rus dilini elə kamil mənimsədilər ki, indi, çox təəssüf, Tukayı orijinalda, yazdığı dildə oxuya bilmirlər".

Acı ibrətamiz sözlərdir.

 

1 avqust 2023

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.5.