Bu beşgünlük dünyada

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

arzu dediyin

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin

qərarı qətidi:

ən gözəl xətt -

su xəttidi;

Bəlkə xırda detaldı:

viran evləri işğaldan

uçuq daxmalar qutardı;

Qadınla qələbə hardasa əkizdi:

yoxsa heç biri belə şəstlə

sinəsin qabağa verməzdi;

...İlk sevgi şeirim

mənə dostluq yollayıb instaqramda

(şəklin çəkmişəm, telefonda durur),

görün yazır:

"ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

            özü vurulur..."

 

Qulu Ağsəs

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.7.