Kitab-insan...  

 

Onunla tanışlığımız elə həyatdan gedişi qədər qəfil gözlənilməz olmuşdu.

Kitab mağazasında idim. Bir tanışla rastlaşdım. Bir-iki kəlmə kəsmişdik ki, tuşumuzda sarışın bir oğlan dayandı. Tanışım onunla salamlaşan kimi mənə sarı çöndü təəccübünü gizlətmədən soruşdu: "Siz Nurəddini tanımırsınız?" Nurəddinlə bir-birimizə baxdıq. Sonra da üzünü Nurəddinə tutub eyni təəccüblə ondan soruşdu: "Bəs sən Svetlana xanımı tanımırsan?"

Nurəddin həmin andaca dedi: "Elcernon üçün güllər?"

Məlum oldu ki, mənim tərcüməmdə çapdan çıxmış bu möhtəşəm kitabın üz qabığının dizayneri Nurəddin Məmmədli imiş.

Qəribə nəzərlərlə süzürdüm qarşımda dayanmış bu uşağı. Mənə elə gəlmişdi ki, onun təxminən 15-16 yaşı var. Halbuki həmin vaxt 22-23 yaşı olardı. Çox sonralar özünə demişdim ki, bəxtəvər adamdır, heç vaxt qocalmayacaq, lap yaşlananda da cavan oğlana oxşayacaq. Deməz olaydım...

Mütaliə edən, kitabı satın alan hər kəs Nurəddini, mütləq ki, tanıyırdı. Çünki "Bakumoz"un dizayneri bir neçə il sonra nəşriyyatın sahibinə, sonra da kitab dünyasının ən tanınan simasına çevrilmişdi. Bütün dünyanı iflic edən koronavirus dalğası belə, Nurəddinin qarşısını ala bilmirdi; ismarış göndərməklə alınan iki saatlıq icazəni sifarişçilərə kitab paylamağa sərf edirdi. Həmin dövrdə "Bakumoz"a dəfələrlə kitab sifariş etdiyimə görə özüm bunun şahidi olmuşam.

Həmişə eyni yerdə görüşüb götürürdüm kitabları Nurəddindən. Az qala, hər gün həmin yerdən keçirəm. Az qala, hər dəfəsində həmin yer onu mənə xatırladır, bu qədər dəyərli bir insanın həyatdan vaxtsız gedişinə dönə-dönə kövrəlirəm.

Nurəddin kitabı sevir sevdirirdi. Hər zaman mütaliə etdiyinə görə oxuculara kitab tövsiyəsi verir, özünün oxuyub bəyəndiklərini başqalarına da oxutdurmağa çalışırdı.

Evimdə onlarla kitab var ki, onları mənə Nurəddin gətirib. Hansınısa təsadüfən əlimə alanda elə bilirəm, yenə eyni yerdə - Həzi Aslanov metrosunun çıxışında dayanmışıq Nurəddin təbəssümün özünə həmişəlik yer etdiyi üz ifadəsi ilə kitabı mənə uzadır.

Nurəddinin amansız qəzada bu dünyadan gedişindən düz bir il ötür. Ancaq mən əminəm ki, hər kəsin ağlında kitabla bütünləşmiş bu insan nəinki sevdiklərinin onu sevənlərin qəlbində, həmçinin payladığı minlərlə kitabda yaşamağa davam edəcək. Nurəddinin oxuculara çatdırdığı hər kitab indi ondan bir zərrəni özündə daşıyır. Cəmi 30 illik ömrə bu qədər oxucu sevgisi sığdırmağı da yalnız onun kimi qeyri-adi insan bacarardı. Ruhun şad olsun, Kitab-insan!

 

Svetlana Turan

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.9.