Azər Turanın "vizit kartı" - Azərturançılıq
Bir yubileyin
benefisinə -
Azər
Turanın 60 yaşı
tamam olur; rəsmən Azər İmamverdi oğlu Əbilov. Və yada salanda ki, ədəbiyyatda(n)
keçən şüurlu
ömrünün əksər
hissəsi (məhz Azər Turan dövrü!) müstəqilliyimizə
yaşıddır, elə
belə də deyə bilərik: Azər Turan müstəqilliyimizin yetirdiyi
parlaq ədəbi simalardan biri, ədib-publisist, ədəbiyyatşünas-tarixçi,
tənqidçi və
esseist, ümdəsi əqidə və fikir adamıdır.
Şöhrətinin bu çağında (60-ında!), ölkənin yeganə ədəbiyyat qəzeti olan "Ədəbiyyat qəzeti"nin baş yazarı, üstəlik, mənimcə, bugün ölkədə başlıca
fikir hərəkatlarından
olan "azərturançılığ"ın
təmsilçilərindən birisi üçün bütün bu ad-ünvanları yada gətirib
sadalamaq bəlkə də ziyadə bir şey. Neçə
ay öncə Azər
Turan "Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı" tamaşasına,
görünməmiş bir
iş, az qala ölkənin bütün ədəbiyyat
ictimaiyyətini yığa
bilmişdi, - bu incəlik barədə o
an düşündüm; həm
yenə də simvolik olaraq - Cavid (azərturançılıq!)
işığına.
O ədəbiyyat işini, ideya-fikir xəttini ki, Azər Turan müstəqilliyimiz boyu çalışmalarında durmadan
yeridir, sovet dönəmində şəksiz
ki mümkünsüz bir
şeydi. Və hətta bəzən heyrət edirsən, bu qədər aşırı türkçülük
həvəsi-ehtirası-enerjisini, turançılıq (öz
sözləri ilə:
"panturanizm") bazası-potensialı
və başlıcası
manifestasiyasını cavanlığından,
hələ ilk debüt
yazılarından başlayaraq
az bir zamanda
Azər necə qazana bilmişdir?! Axı ol zamanlar
türkçülüyə tam qapalı bir Azərbaycanda yaşayırdıq.
Doğrudur, bilirik ki, Azər Əbilov məşhur ədəbiyyat
adamı, ədəbiyyatşünas
İmamverdi Əbilovun
oğludur; necə deyərlər, ortada məşhur İmamverdi Əbilov evi/kitabxanası faktoru var. O
da doğru ki, Azərin
ədəbi şəxsiyyət
kimi yetişməsində
məşhur 60-cılar ədəbiyyatının
da öz rolu; bizim nəsil ədəbiyyat sevdalılarının
cəmisinin bir kumiri olmuş - Anar!, bir az o yana,
bir az bu
yana. (Bioqrafisi barədə daha təfsilatlı tədqiqatçıları
söz deyə bilər; məsələn,
bax: Elnarə Akimova, "Uzun, incə bir yolda".
Bakı, "Elm və
təhsil", 2021. 496 səh.)
Amma yenə də, yenə də... Azər Turan olmaq axı
başqa bir sevda!
O ad-ünvanları ki, bugün
Azər Turanın şöhrətinə yaraşdırırıq,
sadəcə yubiley qutlaması olmasın gərək; hər birisində Azərin öz payı-xidməti, halalca zəhmətləri
vardır. Mənimcə,
Azər Turan başlıcası missiya-əqidə
daşıyıcısı, fikir adamıdır; türkçü və Turançıdır, bütünlükdə
fəaliyyəti və
yaradıcılığının nüvəsi, generatoru da
bu. Seçdiyi təxəllüsə
və bu səmtdə əməliyyəyə
görə hər yerdə mən bunu Azər-turançılıq
adlandırıram. Türklüyün
tarixi minillərlə
ölçülür, azərbaycançılığın
yaşı yüzillərlə.
Azər Turanın öz tədqiqatlarına görə, bir fikir cərəyanı olaraq Turan ideyası
(panturanizm) cəmisi yüz əlli- yüz
il öncə panslavizmə
qarşılıq irəli
gəlmiş və
"türkçülüyün babası" da, bildiyimiz kimi, Əli bəy Hüseynzadə. Sovetin qürubunda Əli bəy Hüseynzadə ismi və irsi birdən-birə
həyatımıza, ədəbiyyatımıza
və əməl meydanına girəndə,
etiraf olunmalıdır
ki, yetmiş il ayrı
(yad) qaldığımız bu fikir nəhənginə
əvvəlcə şaşırmış,
vaqeən həm valeh olmuşduq; Əli bəy Hüseynzadə bizə nəinki yaşadığımız
günü (1990-lar və
s.-ini) ifadə və izah edirdi,
hakəza gedəcəyimiz,
gələcək yönü-səmti-konteksti
də nişan verir, diktə edirdi. Olsun ki (tədqiqatçılarına borc),
Azərin qəlbinə
bu sevda (Azər-turançılıq) ruhca
da, torpağı-sanı qədər
də ona daha yaxın Əli bəy Hüseynzadə sevgisindən
düşmüş, sonrakı
hadisələrdə, yaşadıqca
və yaşandıqca
böyümüş, böyümüş,
nəhayətdə bugün
olmuşdur...
Şəksiz olanı budur
ki, Azər Turan bugün bizdə Əli bəy Hüseynzadə irsinin ən sanballı, dərin, şəriksiz araşdırıcısıdır və bunu ardıcıl,
təkrar-təkrar təsbit
etməkdən yorulmur
da. Ol zamanlarda
(1990-larda) Əli bəy
Hüseynzadə adı
çox populyarlaşdı;
günün əzbəri
oldu, bayrağımızı
daşıyan üçlü
simvolun müəllifi
kimi sitatlardan sitatlara çox qanadlandı. Yaradıcılığı
tədqiqata cəlb olundu, dissertasiyalar yazıldı; tədqiqatçı
Ofelya Bayramlının
zəhmətləri sayəsində
əsərləri kitab şəklində
çap olundu, "Füyuzat"ın bütün
sayları toplu halında işıq üzü gördü. Hələ "Füyuzat"
adına imitasion bir dərgi də çıxmağa başladı (unutmayaq ki,
1920-ci illərdə sovetlər
də yeni əyyamlara
alternativ-imitasion "Yeni füyuzat"dan
başlamışdı)... Vəssalam. Sanki bəs elədi, sanki həzm olundu getdi. Yenidən
tarixə çəkildi;
Əli bəy Hüseynzadə adı getdikcə az yada düşdü, zamandan zamana, lüzum olanda. Amma "Sanki" deyirəm.
Çün Azər Turan dəfələrlə
yazılarında üzə
çıxarır, göstərir,
əyan edir: o böyük türkçüdən
özləyəsi-öyrənəsi-öyrəşəsi
hələ çox nəsnəmiz var.
O da heç təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin
latın qrafikalı nəşrlərin həyata
keçirilməsi ilə
bağlı sərəncamına
əsasən Əli bəy Hüseynzadənin
"Seçilmiş əsərləri"
(2007) məhz Azər Turanın ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş; Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Əli
bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi haqqında"
21 yanvar 2014-cü il tarixli
sərəncamının işığına
Azər Turanın
"Əli bəy Hüseynzadə. Həyatı,
mübarizəsi, yaradıcılığı,
şəcərəsi" (2014) monoqrafiyası işıq
üzü görmüşdür.
Bu ki, Azər Turan Əlibəy Hüseynzadə
barəsində sanballı
monoqrafiya müəllifidir
(Azər Turan, "Əli bəy Hüseynzadə. Həyatı,
mübarizəsi, yaradıcılığı,
şəcərəsi". Bakı, "Letterpress", 2014.- 544 s.), həyat və yaradıçılığını hərtərəfli araşdırdığı
doktorluq dissertasiyası
yazmışdır. "Sistemli
bir Turan, siyasi türk birliyi" düşüncəsi
(s. 39), "İttihad və Tərəqqi" Cəmiyyətinin
qurucularından biri
(s. 44), "Yunanıstan müharibəsi"
və "Məcidiyyə"
ordenləri ilə təltif (s. 56), "Azərbaycanda
ilk siyasi proqramın müəllifi" (s. 62), "Bütün
Rusiya islamlarının
ilk yövmi qəzetəsi
olmaq üzrə "Həyat" namilə bir qəzetin imtiyazı" (s. 76), "Azərbaycan
türkoloji elminin qurucusu" (s. 80), "Həyatın
mənayi-həqiqisi meyli-füyuzatdır"
(s. 102), "Türk qanlı,
müsəlman etiqadlı,
firəng fikirli - Avropa qiyafətli fədai!" - Türkləşmək,
islamlaşmaq, çağdaşlaşmaq
(s. 107), "Əli bəyin
təlqinləriylə, irşadları
ilə az zamanda gənclik pək bir istiqamət
aldı" (s. 122), "Şeyxülturan"
(s. 126), "Panislamist" Vətən
Məcnunu (s. 134), "Erməni
terror təşkilatının başçısı Şaan
Natali Əli bəy Hüseynzadə barədə,
yaxud Əli bəyə görə erməni məsələsi"
(s. 141), 1908-1910-cu illər. "Səadət" məktəbinin
müdiri Əli bəy Hüseynzadə (s.
144), "Siyasəti-fürusət" (s.
147)... - Əli bəy
Hüseynzadənin doğuşundan
(həm də bir hadisə olaraq) ölümünə
və əbədiyyətinəcən
əhatəli bir kontekstdə, maraqlı bir roman tərzində, zəngin arxiv materialları, bioqrafik faktlar, tarixi personajlar, müasirlərinin
şahidliyi, bədxahların
böhtanları, opponentləri
ilə, o cümlədən
70 illik saxta ittihamlarla açıq polemikada tarixi həqiqətləri bircə-bircə
dənələyib üzə
çıxaran irihəcmli,
çəkinmirəm deməkdən,
təkrarsız monoqrafiyanı,
əlbəttə, axıracan
da vərəqləmək olar;
doymadan. Amma xatırlatmaq
üçün bu da
kifayətdir məncə.
Azər
Turanın bu və bu kontekstdə
daha neçə kitabları: "Ölüm
süvarisi" (1999), "Hüsni-Xuda
şairi. Hüseyn Cavid" (1999), "Əbədi
Turan" (2001), "İrfan çobanı" (2003), "Cavid
əfəndi" (2004), "Tahir Rasizadə"
(2005), "Turan Cavidin
son söhbəti... Son yaşantıları...
Son günü..." (2005), "Əzəl-axır dünya
türkün dünyası"
(Bakı, 2007, Ankara, 2009), "Yorğun şəhərin
işığı" (türk,
ingilis, rus dillərində. İstanbul, 2007), "Hüseyn Cavid" (2007),
"Əli bəy Hüseynzadə" (Moskva, 2008), "1918-ci ilin 31 günü"
(2008), "Şəhid türkoloq
Xalid Səid Xocayev" (2009), "Əli
bəy Hüseynzadə
Turan" (Q.Paşayeva
ilə birgə, 2009),
"Cavidnamə" (2010), "Darülmöminin" (2012) və
b.-ları - bir sözdə deyildiyi kimi, "müəllifin yaradıcılığında müstəsna rol oynamaqla bərabər milli
ədəbiyyatşünaslığın
dəyərli tədqiqatlarından
hesab olunur" (Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı,
"Elm və təhsil", 2017, Nəşriyyat
sözü).
Amma bütün bu mononoqrafik işlərin tarixi və tarixən dəyərini qəti azaltmadan, öz payıma, Azər Turanın ədəbiyyatşünaslıq sahəsində və ümumən humanitaridə
daha böyük xidmətini başqa bir ali niyyətində
görürəm: Azər
Turanın təsbitinə
görə, Əli bəy Hüseynzadə türkolojidə və Vətən tarixində yalnız başlanğıc,
mənbə, məxəz,
"dünən" deyildir,
bütün yaradıcı
ideyaları və proyektləri ilə bugündür; ideya və fikirləri potensialını tam tükətməmiş,
kinetikasını içində
saxlamış, bugün
də gerçəkdır.
Məqsəd onu gəlişdirməkdən, günün
istifadəsinə verməkdən
ibarətdir. Həm də yalnız ideolojidə (Turan dünyası!) deyil, fəlsəfədə, sənətdə,
ədəbiyyatda, estetikada,
milli varlığın hər
bir sahəsində...
Azər
Turanın tənqidçi
və bir ədib olaraq günün ədəbiyyat
hərəkatında yeri
və rolu barəsində dəfələrlə,
yazılarımda söz
açmışam; hələ
22 il öncə "Yeni Azərbaycan"
qəzetində, qəzetin
"Ədəbiyyat" əlavəsinin
redaktoru olaraq başlatdığı Ədəbi
Turançılıq forpostundan...
Məsələn, bu:
"...yaxşıdır ki, Hacı Azər Ədəbiyyatın məqsədini
onun qarşısında
duran fəlsəfi məsələlərdən hesablayır
və bu məqamda, sanki qırıldığımız tarixi sınırlara - turançılıq-türkçülük
zamanlarına (həmən
Cavid dövrünə)
üz tutur; Qarabağda qalib olası Ədəbiyyatdan
Turan hərbinin romantiki Ənvər Paşa hünəri istəyir... Hacı Azər bu fikirdədir
ki, milli ədəbiyyatımız məhz həmin dönəmdən - "Şərqdən,
öz ruhumuzdan uzaqlaşıb Qərbə
üz tut"duğundan
və "Qərbə
doğru səfərində
rastına çıxan
bütün təriqətləri-izmləri
qanına hopdur"duğundandır
ki, biz hərbi uduzuruq..."
(Sadiq Vəli, Manifest, "Bizim
əsr" qəzeti,
14 noyabr 2001);
Son illərdə "Ədəbiyyat
qəzeti"ndə gerçəkləşdirdiyi
geniş tənqid platformalarına: "Azər
Turan günün ədəbiyyatında missiya
daşıyıcılığını
öhdəsinə götürmüş
şəxsdir... Azər
Turan tənqidinin
"məxrəc"i hələ
110 il öncədən, Əlibəy
Hüseynzadənin mədəni
turançılıq hərəkatından
gəlir... Eyni zamanda, təqribən iyirmi il əvvəl
"Yeni Azərbaycan" qəzetində
başlatdığı həmin
istiqaməti baş mühərriri olduğu
"Ədəbiyyat qəzeti"ndə
hərəkata çevirməyə
cəhd edir... Bütünlükdə Qərb
parametrləri ilə,
Azərbaycan miqyasında,
bu bir modernizm
hərəkatıdır... (T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri. "Ədəbiyyat
qəzeti", 29 iyun
2019);
Ta ki, Vətən müharibəsi,
Qarabağ savaşında
qalibiyyətimizəcən: "Turan qapısı" anısını Əlibəy
Hüseynzadənin 1915-ci ildə
Çanakkala döyüşünə
ithafən yazdığı
şeirdən günümüzə
Azər Turan iqtibas edir və
ardıcıl Qarabağ
esselərində ("Burası
Turan qapısı"
- ƏQ, 3 oktyabr 2020; "Salam Türkün Bayrağına
və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr
2020; "Tanrının evi
- Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020...) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə
Türkün ulu tarixindən
dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir (T.Əlişanoğlu, Ədəbiyyatda Ali Baş
Komandan. "Ədəbiyyat
qəzeti", 6 noyabr
2021)
Azər
Turanın yeni və əsaslı "milli modernizm"
konsepsiyası vardır;
maraqlıdır ki, Qərbin
inkarından başlanıb,
Qərb "izm"lərini
də həzm etmiş alternativinəcən
(modern Şərq, özümlü
Şərq!) yol gəlir. İndiyəcən
bizim ədəbiyyatşünaslar
lokal Azərbaycandan
("Rusiya Azərbaycanı"ndan)
çıxış edərək,
Əli bəy Hüseynzadədə "Həyat"
və "Füyuzat"
ilə başlanan böyük romantizm hərəkatının banisini
görmüş və
tədqiq etmişlər.
Azər Turan bir az da irəli
gedir; bütünlükdə
türk dünyası
və Şərqdən
baxaraq, konteksti böyüdür, üstəgəl
"Siyasəti-fürusət"də həm başqa bir güc, özgə
bir başlanğıc
da görür - modernizm!; və sistemli tədqiqinə girişir.
Əli bəy Hüseynzadənin
"Siyasəti-fürusət"inin
(1908) Ceyms Coysun "Uliss"i ilə (1914-1920)
birgə təhlil-təfsirə
cəlb edilməsi
("Ceyms Coys və Əli bəy Hüseynzadə"
// Azər Turan,
"XX əsr - Fəryadın
metafizikası", Bakı,
"Elm və təhsil", 2017, s. 17-24) az qala Azərbaycan modernizmini daha qabağa salır (Deyək, professor Qorxmaz Quliyevin "C.Məmmədquluzadə
və çağdaş
teatr" məqaləsində
C.Məmmədquluzadənin "Dəli yığıncağı"nı
Öjen İoneskonun
"Kərgədanlar" pyesi
ilə müqayisəsində
olduğu kimi // bax: Qorxmaz Quliyev,
Cəlil Məmmədquluzadə
və dünya dramaturgiyası. Bakı,
2012); bu ki, Azərin təsbitinə görə:
heç də "XX
yüzilin əvvəllərində
Azərbaycan ədəbiyyatı
Avropa ədəbiyyatından
geri qalmırdı..."
(Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı,
"Elm və təhsil", 2017, s. 24).
Əslində, modernizm konsepsiyasını
Azər əvvəlcə
elmi hipotez olaraq (Əli bəyin fikir dünyasında Şopenhauer,
İppolit Ten, Nitsşe
kimi filosofların yeri və rolundan
təkanlanaraq) irəli
sürür. Həməncə
Şopenhaueri, Gyöteni,
Nitsşeni, Hartmanı,
Bodleri, Merimeni, Verleni, Emil Zolyanı..., dekadansı, simvolizmi, Qərbin qürubunu eyni
qədər
Əli bəy Hüseynzadə də görür, qeydə alır (Azər Turanın tədqiqlərində
faktlar konkret, sitatlı-sübutludur), amma
təkcə çağdaş,
bugünlü Avropanı
bizə xəbər verməsi ilə bitmir ki; bu öz
yerində. Əli bəy çağdaş Şərqin özündə
dekadans və "yeni
tarix"i "görür",
ifadəsi və realizəsinə rəvac verir. Araşdırmalarında
perspektivlərini "görüb",
Azər Turan konsepsiyasını bütün
əsr boyu gəlişdirir: bir Əli bəydə yox, Məhəmməd Hadidə, Hüseyn Caviddə... və bugündə; modern türk
(Türkiyə) şeiri
və bütünlükdə
türk dünyası
paralellərində...
Etiraf olunmalıdır: bu cəsarətli baxış
tərzi bütünlükdə
XX yüzil ədəbiyyatını
(və ümumən
milli varlığımızı) yenidən görməyə
və çözələməyə
təklif və şanslar verir. Tədqiqatçısı Elnarə
Akimovanın təqdir
etdiyi kimi: "Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş
universal baxış sistemlərinin
düşüncə strukturumuza
gətirilməsi və
bunun sağlam müstəvidən realizəsini
tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk
proseslərini anlamağa,
onu bütün məzmun-mahiyyəti ilə
meydana qoymağa imkan verir. Azər
Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası
kimi simvolizə edir, ümumi əhval və üslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri
ilə əsrin məzmununa, onun psixoloji hal və
vəziyyətinə tam adekvat
anlayışdır" (Elnarə
Akimova, Azər Turanın modern dünya savaşı. // Azər Turan, "XX əsr - Fəryadın metafizikası",
Bakı, "Elm və
təhsil", 2017, s.3-11; s.4)
Deyim ki,
Azər Turanın XX əsr gəzişmələrində
tətbiq etdiyi effektiv tədqiq üsulu, geniş tipoloji müqayisələr
və paralellər metodolojisi mənə də çox doğmadır. Əyani olsun deyə, daha bir sitatdan
çəkinməyəcəm: "Belə ki, XX yüzilin astanasında milli-ictimai fikrin simasında Şərq Qərblə bir sırada əsr həqiqətlərini
çözələməyə, problemlər qoyub-həll etməyə hazırdır.
Əli bəy Hüseynzadənin, Əhməd
bəy Ağayevin yaradıcılığı bütünlükdə
bu ehtirasın təcəssümü kimi
təzahür edir...
Bu zaman Əlibəy Hüseynzadənin
ümum-Şərq, ümum-Türk,
ümumbəşər dəyərləri
sorağında fikir yönəmləri Mirzə
Cəlilin realiya axtarışları ilə
yanaşıdır... Qərb
və Şərq, Qərblə yanaşı,
bir sırada duran Şərq - indi məsələ bu şəkildə qoyulur. Qərb ölçüləri, Qərb
dəyərlərinə müqabil
müstəqil Şərq!
- ictimai fikirdə, ədəbiyyatda, sənətdə
istər romantik, istərsə də satirik-ironik planda problem indi bu tərzdə
aktuallanır..." (T.Əlişanoğlu, Əsrdən
doğan nəsr. Bakı, "Elm", 1999, s. 32-33) Amma bir var, T.Mustafayi sayaq, analoji və tipolojini "quru nəzəriyyə"
olaraq yürüdəsən
(bax: "Daha bir morfologiya", "Analoji və tipoloji", "Tipolojiyə
qeydlər", "...və
başqaları, həm
T.Mustafayi" və
s. // T.Mustafayi, Ədəbiyyat
söhbəti. "press-Fakt" qəzeti,
1995-1997); bir də var
zəhmətinə qatlaşıb,
Azər Turan sayağı, çiynini nəhəng filoloji yükün altına verməkdən qətiyyən
çəkinməyəsən, "XX əsr - Fəryadın metafizikası"nda olduğu
kimi.
Azər
Turanın 2017-ci ildə
işıq üzü
görmüş "XX əsr
- Fəryadın metafizikası"
kitabı (Azər Turan, "XX əsr - Fəryadın metafizikası",
Bakı, "Elm və
təhsil", 2017, 424 səh.)
konsepsiyasını hərtərəfli
açıqlayan və
ümumən ədəbiyyatda
modernizm estetikası üzərinə bizdə
ilk sistemli işdir. O
da maraqlıdır ki, Azərbaycan
ədəbiyyatında və
ümumən türk dünyasında modernizm epoxasını Əli bəy Hüseynzadə ilə başladan və dəfələrlə
bu məqamın üzərinə qayıdan
Azər Turan, amma kitabda "Modernizm dalğa"sını
başlıca olaraq
modern türk (Türkiyə)
şeiri və şairlərinin nümunəsində
izləməyi lazım
bilir (bax: Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı,
"Elm və təhsil", 2017, s.
13-90). Güman ona görə ki: türk şeiri hadisəni ("modernizm dalğası"nı)
müdaxilələrdən (ideolojidən) kənar, sırf poeziya, "sənət sənət üçündür" gəlişməsi
üzərinə, bütöv
bir axarda görməyə daha çox şans verir; və bəlkə bir də: Azərbaycan poeziyası üçün
də mühüm olan həmin (modern) konteksti daha da görükdürmək, aktuallandırmaq
üçün. Axı
Azər Turanın fikrincə: "Əfsus
ki, Azərbaycan poeziyası
özünün əlahiddə
bir "Sərvəti-Fünun"
dövrünü yaşamadı.
Yeniləşən ədəbiyyat
dünyasında Azərbaycan
poeziyası Avropadan
40-50 il geri qaldı.
Sonra da modernizmə qarşı
acıq və qıcıq dolu savaşını fasiləsiz
və amansızcasına
sürdürən yetmiş
illik sovet dönəmi..." (Azər
Turan, "XX əsr - Fəryadın metafizikası",
Bakı, "Elm və
təhsil", 2017, s. 68)
Modern türk şeirini bizə yaxından, sistemli, XX yüzil boyu bütün estetik təmayülləri,
poetik axtarışları
və kəşfləri,
şeirdə inqilabları
ilə, başlıcası
şair fərdləri,
bioqrafiləri, portretlərində
tanıdan "Modernizm
dalğası" silsiləsini
bu sahədə Azərbaycan oxucusu üçün mükəmməl
bir bələdçi,
müfəssəl yol
xəritəsi kimi qiymətləndirmək olar
(bu baxımdan bizdə bu, bəlkə bir Anarın "Türkün
sözü" silsiləsi
ilə müqayisəyə
gəlir - bax: Anar, Söz dünyası, I cild, Bakı, "Şərq-Qərb",
2018). Silsilədə Azər
Turan XX yüzil klassiklərinin hər birinin (Cənab Şəhabəddin, Əhməd
Haşim, Yahya Kamal Bayatlı,
Nazim Hikmət, Nəcib
Fazil Qısakürək,
Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansever, Cemal Süreya, Sürəyya Berfe...) çağdaş
türk şeirinə,
Vətən düşüncəsinə,
dünya poeziya tarixinə nələr verdiyini ayrıca, əsl poeziya bilicisi kimi üzə
çıxarır, incələyir,
təqdim edir.
Və bir də, silsiləni
izlədikcə, arzu edirsən: kaş Azərbaycan poeziyasını
da bir növ vərdiş olunmuş, qəlibləşmiş formatda,
yalnız adlar-siyahılar,
onilliklər, ədəbi
nəsillər, "döyülüb-döyülməmiş
qapılar" şəklində
deyil, beləcə ardıcıl: lirik rübab sahiblərinin,
"əsrin yükü"nü
çiyinlərinə götürmüş
poeziya nəhənglərinin
simasında, sırf sənət-şeir-həzziyyat müstəvisində "oxumaq",
tarixi poetikasına varmaq olaydı. Yalnız hardasa 1930-larda qıırılmış, 1980-lərdə yenidən dirçəlməyə
başlamış hadisə
kimi yox, eləcə də sovet əyyamlarının
içində(n) və
fövqündə, özünə
çəkilmiş, küncdə-hücrədə,
şeirlər sırası
və misralar arasında, incəlmiş-süzülmüş-üzülmüş,
"həqiqət incələr,
lakin qırılmaz"
tərzində. Son bir
sıra yazıları,
əslində, Azər
Turanın bu məqama da hazır olduğunu xəbər verir...
Azər
Turanın yazı üslubu - esseist tərzdədir. Esseizm yalnız onun tənqid yazılarına xas deyil, monoqrafiyalarına
da sirayət edibdir.
Bir qayda: dominantı fikir-düşüncə çırpınışı
üzərinə emosional-milliyyətçi
mövqe diktə edir; amma heç
də boşca bəlağət olmayıb,
bu, konseptual yüklənmiş, tədqiqatla,
arqument və fakt həqiqəti ilə möhkəmləndirilmiş,
təhlil və analitikaya bələnmiş
bir üslubdur. Azər Turanın monoqrafiyaları essevari gəlişdiyi kimi, esseləri də əksərən monoqrafik
oriyentirlidir. Bu ki, Azər
tənqid esselərini
çox vaxt silsilələr şəklində
qələmə alır;
tematik, aktual və bir qayda,
Turan dünyasına ünvanlayır. Azər Turanın esseləri problemlər üzərə
kitablaşmağa meyllidir.
Məxsusi qabartmasa da, Azər
Turan hər yerdə həm də geniş məlumatlı türkoloq
kimi əvəzsiz; fərqli və təkrarsızdır. Canlı,
ayaqda olan, qədimləri bugünlə,
tarixi keçmişi aktual gündəmlə bir nəfəsdə birikdirən türkologiya onu daha çox
cəzb və məşğul edir. Azər Turan müasir Azərbaycan varlığının, mədəniyyətinin,
ədəbiyyat və
sənətinin gəlişməsini
çağdaş dünya
və Turan kontekstində görür,
tərcih edir. Turan tarixini min illər qədimə və yüz sənə öncəyə
müfəssəl bilən
Azər tarixin və ideologiyanın cızdığı mənəvi
coğrafiyanı təkrar-təkrar
gündəmə gətirməklə
əməli olaraq addımlar atır. Zəngin türkoloji bilgiləri Azəri hər gün, hər həftə, hər dəm dindirməyə, yeni sıralar-silsilələr
çizməyə, vaxt
var ikən tarixi dəyərləri günə
çevirməyə ilhamlandırır,
vadar edir. Belə:
Mifoloji qədimlərdən ("Turanın
Troyaya dəxli varmı", "Alp Ər
Tonqa", "Alp Ər
Tonqa - Turanın qurucusu", "Oğul atanın sirridir"...), Ortaçağlara ("Hz. Yusifə
bənzədilən kitab", "Sultanın süd qardaşı şair. Nəvai və Sultan Hüseyn Bayqara", "İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı...",
"Tarix yazanlar:
Professor Fuad Körpülü barədə düçüncələr",
"Ruh dəyişmə,
birin ikiləşməsi.
İskəndər Palanın
"Şah və
Sultan" romanı barədə"...);
Türk
dünyasında dekadans,
modernizm çabaları
("Görmədim"dən başlayan estetik qürub", "Panislamizmin
qurucusu, türk milliyyətçi şeirinin
mürşidi, Renanın
İbn-Rüşdlə qiyaslandırdığı
Azərbaycan kökənli
Şeyx Cəmaləddin
Əfqani", "Qaspıralı
dalğası", "İsmayıl
bəy Qaspıralı
- "məfkurələr fabriki",
"Ulusu sevmək fənni. Əhməd Ağaoğlu", "Qafqazın
birinci adamı. Yaxud bir ailədə
iki Şeyxülislam",
"Hüseyn Cavid və modernizm dalğası", "Türkçülüyün
qurucularından Yusuf Akçura",
"Zəki Vəlidinin
təlqinləri", "Birinci
Türkoloji Qurultay"...);
və repressiya dalğası ("Bəkir
Çobanzadə - milli kədərdən
doğulan, 44 yaşında
güllələnən böyük
alim", "Müşfiq - Azərbaycan ədəbiyyatının
cavabsız sualı",
"Sirli" seyfin tilsimini kim qıracaq,
yaxud "Divanü Lüğat-it-Türk"ün
Azərbaycanda ilk tərcüməçisi
niyə üzə çıxarılmır? Xalid
Səid Xocayev"...);
Və bu ki, əzəl-axır dünya türkün dünyası: "Turan Heyəti", "Azərbaycanın
gücü", "Çingiz
Aytmatovun ağ buludu", "Abidə insan. Anar", "Ədəbiyyatdan Vətən
yaradanlar. Özbəkistan
qeydləri", "Sən
dəniz qoxuyursan, Çingiz Dağçı",
"Burası Turan qapısı", "Salam Türkün
Bayrağına və
yaxud dağılan erməni mifi", "Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə
- Əli bəy Hüseynzadə örnəyi",
"Fatehin Avnidəki
gizli ruhu və Selcuk Bayraktarın Kızılelma
PUA-ları", "Gelib
sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!", "Zəfər paradı və Nihal Atsız"...
Müasir
Turan ideyasının həm türk xalqlarının mədəni
birliyi və vahid müstəvidə çağdaş dünyaya
inteqrasiyası, həm
də ictimai-siyasi gerçəklər, geopolitika
baxımından zirvədə
olduğu günümüzdə
Azər Turanın bu yöndə durmadan, usanmadan publisist fəaliyyəti necə də vacib və önəmli
görünür!
Ulu Öndər Heydər Əliyevin Çağdaş
Azərbaycançılıq ideologiyası və çağdaş Azərbaycanın
lideri, Azərbaycan Prezidenti İlham Əliyevin
Azərbaycan və Türk dünyası konseptləri daxilində gəlişən, ilhamlanan
azərturançılıq bugün bütünlükdə
dövlətçilik, milliyyətçilik,
azərbaycançılıq məqsədlərinə səfərbər
olunmuş. Məxsusən,
II Qarabağ savaşı,
44 günlük Vətən
müharibəsi günlərində
və sonrası Azər Turanın bir an belə susmayan publisist qələmi, habelə redaktoru olduğu "Ədəbiyyat qəzeti"ndə
gedən yazılar həm bunu təsdiq
edir.
Qəzetin materialları əsasında
qələmə aldığım
"Ədəbiyyatda Ali Baş
Komandan" adlı yazıda ("Ədəbiyyat
qəzeti", 6 noyabr
2021) həmin faktları
təsbit etməyə
çalışmış, qeydə almışam:
"Üçrəngli bayrağımız
nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb.
Buna tarixi fürsətimiz
olmayıb. İndi o ilk dəfədir
ki, Qarabağ səmasında
dalğalanır. Bəlkə
də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi.
İlk dəfədir ki, Gövhər
Ağa məscidinin minarəsindən azan səsi
eşidilir..." (Azər
Turan, "Tanrının
evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər".
- ƏQ, 14 noyabr 2020) "Bu mənada İlham Əliyevi
yalnız Alparslan,
Fateh, Ənvər paşa
və Atatürklə
müqayisə etmək
olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə
düşür. Sakarya
müharibəsi zamanı
"Səddi-müdafiə yoxdur, səddi-vətən
vardır" deyən
Atatürk kimi, İlham Əliyev
də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" deyir" (Azər Turan, "Salam Türkün Bayrağına
və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr
2020)
Vətən müharibəsi və
Zəfər dönəmində
Azər Turanı bir ədib olaraq
daha bir fikir dərindən məşğul etməyə
başlayır. Azərbaycan
Ordusu və Siyasi liderimizin möhtəşəm qələbələri
fonunda ədəbiyyatımızın
uğurları necə
görünür: "...Ədəbiyyatımız
millətimizi dünyada
tanıda bilməsə
də, qırx dörd gündə ordumuz onu dünyaya
təqdim etdi. Kaş ki, müzəffər
Ali Baş Komandanımızın
yanında da Atatürkün
çevrəsində olduğu
kimi, azərbaycanlı
bir Mehmet Akif Ərsoy olaydı..." (Azər Turan, "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər".
- ƏQ, 14 noyabr 2020)
Son illərdə bizim yubilyarı Azərbaycan ədəbiyyatının son durumu,
çağdaşlıq problemləri,
ali ideallar naminə estetik qayğıları daha da çox düşündürür.
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun və Azərbaycan Yazıçılar
Birliyinin ədəbi tənqid kürsülərindən
etdiyi yüksək tələbkarlıqlı məruzələri
("Çağdaş Azərbaycan
şeirində modernist estetikalar",
"Publisistika. Janrın
sərhədlərinə sığan
və sığmayan mətnlər", "Berqsonun
zamanı, yaxud çağdaş poeziyamız"),
milli modernizm məcrasında
"təzə imza"
ehtirasları ("Sonuncu
Yeni - Şəhriyar del Gerani",
"Ayrılıqların sürreal
mənzərəsi. Ümid
Nəccari"...), bu yöndə "Ədəbiyyat
qəzeti"nin səhifələrini
gənc yazarların qələminə geninə-boluna
açması və
s. bu kimi işləri zatən belə deməyə əsas verir. Bu yazılarda, həm geniş fəaliyyət platformasında mən bəzən aşkar bir nostalji, az
qala yanımızdan ötüb-keçmiş bir
əsrin, "modern epoxa"nın
kədər və həsrətini də duyuram. Və doğrusu, Azər Turanın ədəbi-tənqidi
fədakarlığına böyük
önəm verməklə,
həmin nisgil və qayğıları çox da bölüşmürəm.
Qlobal çulğaşmaların
eninə-geninə üstümüzə
yeridiyi yeni dünya düzənində bəlkə
bir az da təbəssüm, qəzavü-qədərin
üzünə gülümsünmək
(necə deyərlər,
"postmodern ironiya") pis
olmazdı... - demək
istəyirəm, qardaşım!
Hərçənd hələ yeniSi
ilə "Yeni Azərbaycan"
zamanından Azərlə
aramızda "açıq-gizli"
bir polemika da var; yaradıcı-qurucu polemika
isə həmişə
gərəkdir, ələlxüsus
ortada Ədəbiyyat söhbəti varsa. Cürət edib, Mirzə Cəlil demiş, "dağarcığımızı
çuvalların yanına
çəksək", özlüyümdə
bunu belə yozuram ki: Ədəbiyyat düşüncələrimdə
mən başlıcası
M.F.Axundzadə-C.Məmmədquluzadə xəttinə amadəyəm,
Azər Turan - C.Əfqani-Ə.Hüseynzadə paradiqmasına... Ədəbiyyat-əbədiyyət
kontekstində ayrılıqları
çox da prinsipial olmasa belə. Olsa-olsa, mən daim "analitik Azərbaycan" modelinin yanlısı olmuşam, Azər Turan - "ideal Azərbaycan" xəyalının.
Bütün xəyallar
zor-xoş, ən nəhayət gerçəkləşir,
gerçək olur...
Bu yubiley dəmində, son dərəcə dəyər
verdiyim "opponentim"in
nəfinə, qeydlərimi
son yazılarımdan birindən
sitatla tamamlayıram:
"Belə. Əli bəydən yüz on,
"Yeni Azərbaycan"dan on il sonra axar suya
ayağı təkrar
salmaq Sevdası. Azər-turançılıq... "Sevdalar" yaxşı, artıq vaxtıdır ki,
söhbət "yeni konsepsiya"nın
ədəbi-tənqidi prosesə
nə qədər yansıması, yeriməsi
ətrafında getsin.
Məsələ burasındadır
ki, XX yüzil boyu
"axar sular"dan
biz ayağımızı heç
cəkmədik ki. Nə
qədər (ideoloji) yanıltmağa çalışsaq
da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik)
"mollanəsrəddinçiliy"in üstünlüyü, dominantlığı
üzərində gəlib-gəlişməmişmi?!
Elə hey Günün
qarşımıza çıxardığı
(ağır) gerçəklərə
aludə-pərçim olub,
İdeallar peşində
olmağı az qala yadırğamışıq
da... Məgər aşkar
görünmürmü ki, bütünlükdə XX yüzili
vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən
götürüb, Azərbaycan
həyatında əsri
bütöv əhatə
edən böyük Dekadansdan danışmağın
zamanı çatmışdır?!;
o ictimai-siyasi, tarixi-mədəni,
milli-mənəvi, qlobal-fəlsəfi
- dərin Azərbaycandan
ki, müstəqil (modern) Azərbaycanı
içindən doğmuşdur..."
(T.Əlişanoğlu, "Şuşa ili"ndə ədəbi tənqid.
"Ədəbiyyat qəzeti",
22 iyul 2023)
Bu işıqlı yolun uğuruna ömür xərcləmək, uzun-uzun
yaşamağa dəyər.
Müdrik yaşın
mübarək, Azər
Turan!
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.10-12.