Hamını sevgiyə
səsləyən oğlan
Əzizim Vaqif Bayatlı Odərin
75 illiyinə
Daşları nur çeşməsi
olan dağların,
sirr dolu meyvələr eşqinə
çiçəkləyən
bağların,
ilahi nəğmələr deyən
bulaqların dünyasında
tək-tənha dolanan, uçan
oğlan,
üzən
oğlan...
telləri pəjmürdə, üz-gözündə
kainatın yaraşığı...
Qəlbində türk sevdası,
türk davası,
türk
havası gəzən
oğlan...
Sən gəzən aləmin nizam
verdiyi
yer üzünə sevginlə,
yer üzündən gələn
sevgilərə sevinən,
yer üzündən gələn
ağrılara
gülə-gülə
dözən oğlan...
yer üzünün dərdlərini
yarıgörünməz sözlərlə
yazan oğlan...
Hər misranda
uçduğun aləmlərin sədası....
Daşları nur saçan dağların bir cığırında,
suları,
gülləri
yer üzünün daş-qaşından
qiymətli bulaqların,
dərini
görünməz yarğanların
qırağında,
düşüncələr içində,
tərini
silən oğlan,
məlakələr dindirdikcə
qəmlənən, gülən oğlan...
Düşündükcə, ahəngə kökləndikcə
ucalardan
gələn sədalardan
qanad alıb qalxan oğlan...
Sənin
yanından baxanda
qırxlar vadisi nə aydın görünür,
nə gözəl görünür...
İşıq yağmurları şimşəklər
içində
sirli dumana bürünür...
Görkəmin yer üzündədi,
bir sevgi qayğıyla bürüyüb səni,
bir sevgi eşq ilə qoruyur səni,
gözlərində kainatın sevdaları,
sədaları...
İnsanlar elə bilir
onların
yanındasan,
onların halındasan, sevdalarındasan...
İnsanların özünün də
olduğu,
amma
gözlərinə görünməyən aləmdən
hər kəsi çağıran
oğlan...
Çiçək-çiçək, dəstə-dəstə
şəfəqləri
yer üzünə paylayan oğlan...
hamını bir-birini sevməyə,
sevindirməyə
səsləyən,
haylayan oğlan...
Türkiyə
Sübh
üzü,
günəş çıxmazdan əvvəl,
alaqaranlıqda,
böyük, yaşıl yarpaqlardan
ağappaq çiçəklərin üstünə
astaca tökülür
şeh damlaları...
Ey yer üzünün adamları!
Allah kömək eylədikcə
açılır
tarixin sirli,
daşlaşan varaqları...
...qədimlərin qədiminin
qədimində
Qafqazlardan, Urmiyadan,
Ağrı dağdan gələn
türklərin,
Asiyanı abad eyləyən,
sellər kimi kükrəyən
Anadolu ellərindən yer üzünə yayılıb,
həm də
Altaylarda
işıq olan, Alyaskaya aşiq olan,
yeni aləmlər yaradan türklərin övladları,
əllərində Baykal görkəmli qılıncları,
bayraqları,
qəlblərində ruhların sədası,
üz-gözlərində yer üzünün
ağayana ədası
Altaylardan
dönüblər...
Min illər onları gözləyən yurdu
Ana kimi qucaqlayıb öpüblər...
...bu, uzun bir
hekayə,
babaların ruhunun
yaratdığı
Türkiyə...
Göyçə əsir qala bilməz!
Tanrıya üz tutdu türklər,
Ucalara göy dedilər.
Tanrı
göydə, qüdrət
göydə,
Göyçə - göyə tay
dedilər.
Göyçənin gülləri ayrı,
Göyçənin gölləri ayrı,
Göyçənin elləri ayrı,
O yerləri öy - dedilər.
Göyçə əsir qala bilməz!
Dünya
belə ola bilməz,
Ürək qəmli, gülə
bilməz
Göz yaşına çay - dedilər.
Türk
eli boy verər, qalxar,
İldırım tək parlar, çaxar,
Yağı diksinər, qarıxar,
Qəlblərində: - vay! dedilər.
Kükrəyir haqqın dənizi,
Göyçəyə dayaq göy üzü,
Hər övladı - oğlu, qızı:
- Rədd ol, murdar
hay! - dedilər.
Dolanır Ələsgər ruhu,
Aləmi
tutubdu ahı,
Yer-göy görür bu günahı,
O Allahdan pay - dedilər.
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Ta ayları say - dedilər.
Həbsxana
Allah! Ömrüm nə gündədi?!.
arzularım
ağrıyır...
Özüm özümdə deyiləm,
elə gözlərim önündə,
ağrıların əlindəyəm,
ağrılarım
ağrıyır...
Həbsxanalar təkcə
qalın
divarlı, dar pəncərəli,
hasarları tikanlı məftillərə
bürünmüş
qapalı
binalar olmurmuş, həm də
ömrünün kövrələn çağında,
öz gözlərinin qabağında,
uzaqlardan
uzaqlarda,
dərinlərdən dərinlərdə
asta-asta
ağlayan işıqlardan
asılı,
işıqlarnan qapalı
bir kəcavə kimi, tabut kimi
fırlanırmış, üzürmüş
havada...
Gözlərini açsan da, yumsan
da,
özünü görürmüşsən orda...
Arzularım ağlayır, Allah!
ağrılarım ağlayır, Allah!
İşıqların xəbəri yox
Türkiyədə zəlzələnin baş
verdiyi vədə,
mənim
zəlzələdən xəbərim
olmadan,
öz-özünə yazılan şeir.
Aləmi
köməyə çağır,
Allahı
köməyə çağır!
İşıqlara kölgə yağır.
İşıqların xəbəri yox,
Durub baxma fağır-fağır.
***
İşıqlar öz növrağında,
Güllər şux - öz budağında,
İlan
var yar yatağında.
Yarın
bundan xəbəri yox,
Şur içində bu çağında.
***
Sən
ki, görürsən olanı,
Gizli gələn bu talanı,
Göz yumub demə yalanı.
Eşit,
gör, nədən danışır
Mələklərin ağlayanı.
***
Gör bu işıq hansı işıq?
Ömrün adına yaraşıq!
Olsa bir azca qarışıq
Dünya
qopar məhvərindən,
Xeyir-şər düşər dolaşıq.
***
Aləmi
köməyə çağır,
Allahı
köməyə çağır!
İşıqlara kölgə yağır.
06.02.23
Şəfəqlər içində ümid
Dəniz
kənarında qalmışam
tənha,
Ömrüm kökdən düşmüş,
xəyalım küskün,
Bu işıq yağışı
qəfil başladı,
Damlalar dilavər, damlalar gülgün.
Damlalar bir səhra nağılı deyir,
Küləklər əlində qalan
bir səhra...
İllərlə qovrulan, cadar torpaqda
Çiçəklər bitirmiş yağışın sehri...
Təskinlik gətirir dənizin
səsi,
Hər dalğa özüylə ümid gətirir,
Uçqunlar altında qalmış
ömrümün
Elə bil üstündən bir daş götürür...
Qəlbin
də özünün
duman, çiskindən
Yenidən boy verən sübh
üzü varmış,
"Əlvida" deyərkən
insan ömrünə,
Şəfəqlər içindən ümid doğarmış...
Ülvi dünya
Çiçəkdən istədiyimi
istəsəm səndən,
məni
çiçəkdən də
incə
dindirərmisən?
Günəşdən istədiyimi
istəsəm səndən,
ömrümə günəştək
nur yayarmısan?
Anamdan istədiyimi
istəsəm səndən,
ruhumu anamtək
oxşayarmısan?
Taledən istədiyimi
istəsəm səndən,
qoşulub taleyimə,
üzümə
gülərmisən?
Göy üzündən
yağan
işıqdan istədiyimi
istəsəm səndən,
eşidərmisən?
Tənha
darıxıram
bu yer üzündə...
Hayana
üz tutum?
sən deyərmisən?
Gedirdim,
yoldan qaytardın
Sonsuz sualların soyuğu,
ömrümün ögeyliyi, ağrısı,
əzrayılın xofu içində
çırpınırkən,
dünyadan getməyə razılaşırkən,
birdən,
qəfildən
canlandın
xəyalımda
gülərüz, şən...
həsrətində olduğum bir səslə,
dindirdin
məni...
duruxdu əzrayıl, gülümsədi,
vaxtsız gəldiyinə
üzr dilədi...
Əhməd Qəşəmoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 16 sentyabr.- S.14.