"Vətən
deyib susan ürəyindən öpürəm"
Tanınmış ədəbiyyat tənqidçisi,
publisist, tərcüməçi,
şair Bəsti Əlibəyli müsahibələrinin
birində deyir ki, "yazıçı
öz ədəbi bioqrafiyasına, tənqidçi
isə ümumi ədəbiyyata işləyir.
Çünki tənqidin
predmeti ədəbiyyat, vəzifəsi
isə ümumi prosesi və ayrı-ayrı mətnləri
izləməklə yaranan
əsərlərin dəyərini,
poetika və problematikasını, istiqamət
və meyillərinin nəzəri əsaslarını
müəyyənləşdirərək prosesin canlanmasında yaxından iştirak etməkdir. Bu vəzifələr yerinə
yetirildiyi təqdirdə
tənqid ədəbiyyat
üçün faydalı
ola bilər".
Bəsti Əlibəyli
illər boyu mətndən çıxış
edərək peşəkarlıqla
yazdığı, mətbuatda
çap etdirdiyi ədəbi-tənqidi icmalları,
məqalələri ilə
prosesin canlanmasına kömək edib. Onun görkəmli ədəbi simalar ? Anar, Yusif
Səmədoğlu, Sabir
Əhmədli, İsa
Muğanna, Elçin,
Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və digər yazarlarımız
barəsində təhlilləri
də bu qəbildəndir.
Bəsti xanımın
tənqiddə özünəxas
bir mövqeyi var. O, mətnə humanist mövqedən yanaşaraq
yazıçının tərəfində
dayanır, eyni zamanda tənqidi qeydlərini də aydın şəkildə
bildirir ki, bu da hazırki
tənqidimiz üçün
çox gərəkli
keyfiyyətlərdəndir. B.Əlibəyli imzasının
ədəbi mühitdə
xüsusi yer tutduğuna diqqət çəkən akademik Nizami Cəfərovun fikrincə, "onun istər kiçik məqaləsi, istərsə
də əhatəli monoqrafiyası tənqidçinin
geniş təhlil qabiliyyətindən, zəngin
dünyagörüşündən xəbər verir".
Ədəbi tənqidimizin ünlü simalarından olan, filologiya elmləri doktoru Vaqif Yusifli
də müsahibələrinin
birində bu gün Azərbaycanda yaradıcılığı
ilə fərqlənən
on-on iki peşəkar tənqidçinin adını çəkir ki, onlardan biri də Bəsti
Əlibəylidir.
Xalq yazıçısı
Anara görə, Bəsti xanımın yazılarının dili rəvan və sadədir. Bu sadəlik, lakoniklik məqalələrdəki fikrin
dərinliyinə mane olmur, əksinə, həmin yazıları daha oxunaqlı edir. Görkəmli şairimiz Ramiz Rövşənin fikrincə,
o, həm ciddi tənqidçi, həm də istedadlı bir şairdir.
Ədəbi prosesə çox ciddi yanaşan, əsərlərini təhlil
etdiyi müəllifləri
seçərkən obyektiv
davranan tənqidçinin
2017-ci ildə işığa
çıxan "İkinci
mətn" kitabı
Azərbaycan ədəbi
mühitində yüksək
dəyərləndirilib. Təsadüfi
deyil ki, bu kitabına görə müəllif Mədəniyyət və
Turizm Nazirliyinin "Qızıl kəlmə"
mükafatına layiq görülüb. B.Əlibəyli
daha əvvəl yazdığı "Onuncu
portret", "Bizim kimi olmayan adam",
"Durna çırağı",
"İncə "günahkarı"
adlı monoqrafiyalarından
sonra ərsəyə
gətirdiyi "İkinci
mətn" adlı kitabında təqdim etdiyi ədəbi-tənqidi
məqalələr və
icmallar vasitəsilə
müasir ədəbiyyatımızın
əhəmiyyətli bir
dövrünün ? 60-cı illərdən günümüzə qədərki
zaman kəsiyinin mənzərəsini əks
etdirir. Özünün də qeyd etdiyi kimi,
bu kitab onun tənqid fəaliyyətində mühüm
yer tutur.
Bəsti xanım
Almaniyada mühacir həyatı yaşayan, əslən Azərbaycan kökənli olub, Türkiyədə doğulmuş
Orxan Arasın qürbətdə ömür
sürən insanların
yaşantılarından bəhs
edən "Son cənnət" romanını,
eləcə də Cümhuriyyət dönəmi
Türkiyə şeirinin
tanınmış simalarının
şeirlərini öz
türkcəmizə məharətlə
çevirib. Ən əsası odur ki, yazar-mütərcim xanım dilimizə
çevirdiyi əsərlərdə
müəlliflərin dil-üslub
xüsusiyyətlərini və
mətnlərin poetikasını
qoruyub saxlamağa müvəffəq olub.
Çoxşaxəli ədəbi fəaliyyəti
ilə yanaşı, Bəsti xanım həm də gözəl poeziya nümunələrinin müəllifi
kimi maraqlı bir şairdir və mən bu yazımda daha çox onun şeir yaradıcılığı üzərində
dayanmaq istəyirəm.
Bəsti Əlibəylinin
şeirlərini oxuduqca
düşünürsən ki, bu nəzm
parçaları şairin
köksünə darlıq
edən yaşantılarından,
hiss-həyəcanından doğulub.
Həzin, kövrək
şeirlər qələm
sahibinin ürək çırpıntılarından, ruh halından xəbər verir. Qələmini daha çox ağrılı mövzularda işlədən
yazarın ovqatı isə həmişə yurdun, elin haləti
ilə həmahəng
olur.
Millətçi ermənilərin azğınlığı,
Topxanada törətdiyi
təxribatlardan sonra haqsızlığa dözməyən
yurddaşlarımızın qoşulduğu Meydan hərəkatı genişlənmişdi.
Az sonra bəşəriyyətin
qanlı faciələrindən
olan, bir gecədə nə qədər əliyalın,
günahsız insanın
həyatına son
qoyan 20 Yanvar
qətliamı baş
vermiş, paytaxtımızın
küçələri qana
boyanmışdı. Vətəndaşlıq
mövqeyi həmişə
öndə olan B.Əlibəyli o müdhiş
günlərdə yazırdı:
"Uşağa, qocaya
baxmadan hər kəsin gülləbaran edilməsi çox dərin bir psixoloji dəhşət yaratmışdı. Uzun müddət matəm havası çəkilmədi
ölkədən, elə
bil hamımızı
güllələmişdilər. İçimizdə çox
şeylər öldü
o qanlı müdaxilədən
sonra..."
Bu ağrılı
olaylar bizi addım-addım Birinci Qarabağ savaşıyla üz-üzə, göz-gözə
qoymuşdu. Yaradıcı
şəxslərdən gözləntilər
də çox idi. Kəsərli sözə, sövq edən, arxasınca aparan sağlam çağırışlara
ehtiyac vardı. Qələm adamları iç dünyasında püskürən hiddət
və qəzəbi çatdıran, düşmənlə
mübarizəyə səsləyən
əsərlər yazırdılar.
Bəsti xanımın
poetik nümunələri
də diqqət çəkirdi. Sızlayan,
qaysaq bağlamayan yaralarımız, başımıza
dolutək yağan ağrı-acılar, itirilmiş
yurd yerlərimizin ovunmayan göynəyi, füsunkar təbiətimizin,
zümrüd meşələrimizin,
səfalı yaylaqlarımızın
təcavüzə məruz
qalması yandırıb-yaxırdı
şair qəlbini:
Laləli
dağlar!
Gülə can verən arılar
Tərk
etmədi qoynunu.
Suvaşıb bal-pətək kimi
Ölüb qaldı çiçəyində.
Naləli
dağlar!
Bir arı mislində yoxam,
Hicran əlindədi yaxam.
Arxa olmadım sənə, kaş
Daş olaydım gədiyində...
Bəsti
xanımın "Belə
yaşamaq olmur" adlı şeiri də elin dərd-sərindən
qovrulan ürəyinin
döyüntüləri və
keçirdiyi hisslərin
tərcümanıdır:
Nə dinsiz ağrılar var,
Dözüb yaşamaq olmur,
Bu dağdan anrılar var,
Bilib yaşamaq olmur.
Hər bəla sənə gəlir,
Güdür, qəsdinə gəlir,
Yer-göy üstünə gəlir,
Belə
yaşamaq olmur...
Narahat dünyamızın dərd-ələmi,
qüssə-kədəri isə
nə çox! Namərd düşmən
əliylə tüstüsü
ərşə bülənd
olan kəndlərimiz,
qoru külləşmiş
ocaqlar, uçurulub, xarabazara çevrilmiş evlər, ot basmış cığırlar...
Şairin müharibədə
dağılıb növrağı
pozulan ata ocağını təsvir
etdiyi "Köhnə
ev" şeirində
olduğu kimi:
Köhnə xatirələr köhnə
bir evin
Aramsız mərmitək yağır
üstünə.
İti caynağıyla bir qoca bayquş
Qanlı
yaraların basır üstünə.
Yağı ərimiş ürəklərin,
övladlarını - "pir könüllü növcavanlarını" itirmiş
anaların ah-naləsi...
Müəllifin "Bir cüt
mələk çiynində"
adlı şeiri iki oğlunun dərd yüküylə beli əyilən, bu qüssə ilə də dünyadan köçən
ürəyi yaralı
ananın xatirəsinə
ünvanlanıb:
Uzun ömrün son anı
Uzun sürdü, anacan.
Şəkilləndi gözündə
İki balan, anacan.
Birinin yarı torpaq,
Biri yarı-yarımcan.
İki düşmən çəpəri,
İki pöhrə, anacan...
Gəlmiş fərağın sonu,
Baxtın
gülür, anacan.
Bir cüt mələk çiynində
Taxtın
yürür, anacan...
Anaların möhnəti, iztirabı
təkcə bu deyilmiş. "Vətən
sağ olsun!" deyib odun-alovun içinə atılan gənclərin həm də yar sevən, sevgilisinin saçlarına
çiçək taxan
vədəsi, məhəbbətlə
aşıb-daşan çağları
da yağı mərmilərinə
tuş gəlmişdi.
Bəsti Əlibəylinin
"Qürur, qübar
və sevgi nəğmələri" silsiləsindən
olan "Bir ülvi sevgi kimi" şeirində oxuyuruq:
Nur kimi süzüldülər,
Sutək
hopub getdilər
Qoç
igidlər torpağa...
Qayıdarlar bu səfər
Bir ülvi sevgi kimi
Ürəklərə dolmağa...
Bir kiçik təsəlliyə
Möhtac
qalan analar
Dilək
tutar hər cümə;
Oğlu
sevən gözəllə
Qəbir
üstə tanışmağa.
Fəqət şəhid analarının
da, sevgisi yarıda qalan, nakam məhəbbətini
heç vaxt unuda bilməyən gözəllərin də
bir təsəllisi
var:
Ürəklər yanğın yeri,
Söndürməz ulu göylər,
Damla salmaz buludlar.
Nə yaxşı ki, umud var
O dünyada buluşmağa...
"Giliz medalyon" adlı şeiri də həyəcansız
oxumaq olmur. Bir gəlinin röyasından ömür-gün yoldaşı keçər, odlu Qarabağ cəbhələrində
döyüşən əri
adının yazıldığı
bir giliz medalyon yollar ona. Amma düşmənlə
son nəfəsinədək çarpışan igid ərənlər geri dönməz, torpaq uğrunda şəhid olarlar:
Ağ atlı ordular keçər
Gəlinlərin yuxusundan,
Keçər Şuşadan, Laçından.
Bir medalyon yollar əri,
Adı çıxar içindən.
...Şəkil kimi atalar
Nağıla, dastana dönər.
Başı sığalsız balalar
Divardakı şəkillərə
Baxa-baxa
böyüyər...
Məğlubiyyət acısı, işğal altında qalan yurd yerlərimizin
harayı, son illərdə
düşmənin bitib-tükənməyən
təxribatları əsəblərimizi
tarıma çəkir,
"Ya Qələbə,
ya ölüm!" çağırışını ortaya atırdı. Bəsti xanım yazılarının birində
belə bir fikir söyləmişdi:
"Bir şeyə nə
qədər alışırsan,
o qədər də onun köləsinə çevrilirsən. Dərd
də belədir, onu sinəndə çox gəzdirdikcə yaxandan daha bərk
yapışır".
Deməli,
otuz ildən bəri bizə boyunduruq olan yurdsuzluq dərd-sərini,
heç vəchlə
qurtula bilmədiyimiz xəcalət sindromunu kökündən qoparıb
atmalıydıq. Doğrudan
da, yağıya "dur!" deməyin vaxtı çoxdan çatmışdı.
Azadlıqsevər xalqımızın,
onun müdrik Sərkərdəsinin istəyi,
əzmi, qətiyyəti,
nəhayət, həyata
keçməkdəydi. 44 günlük
Vətən müharibəsində
şücaət göstərən
oğullarımız son nəfəsinədək
mənfur erməni işğalçılarla pəncələşir,
yağılara qan uddururdu. Müzəffər
ordumuzun rəşadəti,
igid qazilərimizin hünəri, şəhidlərimizin
al qanıyla torpaqlarımız
əsarətdən qurtulur,
yaşayış məntəqələrimiz,
şəhər və
kəndlərimiz işğaldan
azad edilirdi. Qələm dostlarımız
da gənc ömürlərini
Vətənə fəda
edən şəhidlərimizin
hüznü, qübarıyla
yanaşı, qürur
nəğmələri yazırdılar.
Bəsti Əlibəylinin
Qarabağ şəhidlərinə
və qazilərinə
həsr etdiyi "Zəfər lalələri"
kimi:
Sən şimşəkdən doğulan
Sehrli göy qurşağı.
Al günəşlə yağmurun
Ən uca Zəfər tağı.
Ağ alnında parlayan
İlahidən bir işıq,
Mübarək şəhadətin
Ər adına yaraşıq!
Şair
Qarabağın Zəfər
savaşçılarına ithaf etdiyi birinci
nəğmədə doğma
yurd naminə canından keçən şəhidləri "səngərlərin
divarında qızaran
al lalələrə, Murovdağın
quşqonmaz zirvəsinə,
Şuşada bitən
Xarıbülbülə" bənzədir. Xilaskar Ordumuzun ön cərgələrində olan,
Zəfər savaşını
bir müqəddəs,
yenilməz sevgitək
türk ruhunda daşıyan Mübarizlər,
Poladlar, Cəbrayıllar
və Xudayarların öz hünəri, qüdrətiylə yeni tarix
yazdıqlarını fərəh
hissiylə dilə gətirir:
Mehrab, Yüksəl, Cəbrayıl,
Göy üzündə mehtabsan,
"Dumandan xeymə quran"
Nəğməkar Xudayarsan.
Sən ey şanlı Qəhrəman!
Mələklər səcdə qılan...
Gözlərinə ölürəm.
Sonda
"Vətən" deyib
susan
Ürəyindən öpürəm.
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.-
2023.- 16 sentyabr.- S.15.