Poeziyanın xarakteri

 

1

 

Yaxşı şeirdə söz, "Uliss"də olduğu kimi, sərhəd situasiyasında yerləşməlidir. Hiss, duyğu işartısını tapıb itirdiyin eyni anın içindən keçən sərhəd keçmişlə gələcəyin dəli sularını bir-birinə qatır, dəqiq tapılan şeyin üstüylə gedib onu sanki yer üzünün yaddaşından silir, bütün parametrləri görünməyən nəsnəni son dərəcə konkret əşya biçimində nümayiş etdirir, beləliklə Neklyudovun "güzgü" nümunəsində güzgünün hər iki tərəfi həmin sərhəd zolağında qarışıb çat verir, dünya bu çatın ən dərin yerinə gömülür, göy üzündəki ulduzlar, bir az öncə salavat çəkdiyim ay göz yaşıtək damcılayır...

Bunun mənası nədir? Bunun mənası yaradıcılığın xarakteri, təbiəti və unikallığı ilə bağlıdır, bu üç cəhətdən biri, xarakter şairin ömrü boyu olmasa da, həyatının sanki min il qabaq baş verib unudulmuş səciyyəsini bəlirləyən mifoloji qatdır, o qat şairin istənilən mətninə sirayət edir, mifoloji qat şeirdə mənaların haçalanmasına təkan verir, bəzən bir şeirin demədikləri dediklərindən qat-qat çox olur. Bəzi şeirlərdəsə deyilənlər son dayanacaq olur, son marş çalınır, bəstə unudulur. Fransız şairi Anri Mişonun hər bir şeirində belə deyək, mətnin ixtiyari yerində bütün qəliz gedişləri unutduran misra gəlir: "...Siz dolanbac bilməzsiz, keçib gedərsiz. Bizsə keçdiyimizə inanıb, gözümüzü son mənzildə açarıq. Görərik ki, qəlbimizin içindən keçən gələcək yoxdu, keçib, uçulub..." Yaxud "Aparın məni" şeirində olduğu kimi. "Aparın məni, köhnə bir yelkənli qayıqda... aparın, uzaqlarda itirin məni... İtirin məni, qarın aldadıcı məxmərində, it sürüsünün gizlənən nəfəsində, quru yarpaqların tükənmiş yığnağında..."

Yaradıcılığın xarakteri, təbiəti və unikallığı Musa Yaqub şeirində də böyük rol oynayır, onun Xaqaniyə həsr etdiyi şeirlərdə və poemada dövranın, zəmanənin özü şairin heç cürə qura bilmədiyi "dəyirman" obrazına dönür. Yaxud: "mən gərək yanımda bir ağac əkəm..." yaradıcılığın bu üç magistral keyfiyyəti dünya və gerçəkliyə münasibətdə filtr, yaxud süzgəc rolunu oynayır. "Ədəbiyyat qəzeti"ndə Əli Səmid Kürün şeirləri ilə bağlı oxucu rəyini oxudum. Yaşar Kamal: "Əlisəmidin şeirlərini oxuyanda, ağrılarını duyanda adam istəyir ki, öz ömrünün ən xoşbəxt günlərindən bir kiçik boğça düzəltsin və gecə ikən gedib şairin qapısı ağzında boğçanı ehmalca yerə qoyub, xəlvətcə qapını döyüb qaçsın..."

Bir də var, mənalarla oyun, hər şey minbir əziyyətlə, həm də bədahətən gələn, nəfəsdən (səndən xəbərsiz) axıb vərəqlərə tökülən şeir, yuxarıda deyildiyi kimi, sərhəd situasiyasında, bu şeir dünyanın bütün qaranlıq künclərini işıqlandırır, həm də son dəfə, müəllifin yerinə danışır, onun dilini qısdığı yerləri də uçurur. Xaqanidə olduğu kimi:

 

"Allah məni qaldırmışdır,

            könlüm göyü dolaşmışdır,

Mənim əzmim bu dünyanın

            o tayına yol açmışdır" -

 

Zəif nidaların ağrı və iztirabı nişan verməsi:

 

...Çünki xırmanda döyüm vaxtı həmişə

Ağır dənlər altda qalar,

            boş saman üstə çıxar.

 

Sonra:

 

Yerdəki yeddi kənddən

            baş alıb qaçıram mən,

Qaçıram, hətta göydə olan

            səkkiz şəhərdən.

 

2

 

Poeziyada səslə bağlı, o səsi fərqli tonlardan qəti şəkildə ayıran bir xətt var, qırmızı, narıncı, yaşıl... adına desəniz... Müəllifin səsi o rənglərə qədər duyulur, səni özünə çəkir, öz içində əridir, həm bu səs kadr arxasından gəldiyinə görə bəzən insanı ovsunlayır da (gözlərini yumub yol gedirsən), amma hədd aşılan kimi poeziya öz küncünə çəkilir, sığınmağa yer axtarır. Bizdə müasir poeziyada səs qırıqlığı müşahidə edilir, o qırıq yerlər ağrının, iztirabın ifadə oluna bilmədiyi yerlərdir...

Bəlkə , heç bir şairin şeirində müəllifin səsi Musa Yaqubun şeirində olduğu qədər aydın eşidilmir...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.19.